ÜRƏKLƏRƏ QƏM GƏTİRƏN “QƏM YAĞIŞI”

ARZU HEYDƏROVA

Xaliq Azadinin “Qəm yağışı” romanı ilə tanışlıqdan sonra

 

İmzası ilə ilk dəfə tanış olduğum Xaliq Azadinin “Qəm yağışı” adlı romanını oxuduqdan sonra hələ də əsərdə baş verən hadisələrin təsiri altındayam. Romanı göz yaşlarıyla bitirdim. Bu, kiməsə qəribə görünə bilər, amma bir həqiqət var ki, onu müəllifin öz sözləri ilə anlatmaq istərdim: “Bəzən ürəkdə olan ən dərin və aramsız sızlayan yaranın da gücü yetmir həmin ürəyi tam ixtiyarında saxlamağa”.

Məncə bu mövzuda müəllifin nə qədər haqlı olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki insan heç də bütün hallarda hisslərinə qalib gəlməyi bacàrmır. Bu, aksiomadır… Beləcə ürəyimə hökm edə bilmədim mən də.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, “Məhəbbətin gözü kor deyil” və “Qəm yağışı” başlıqları altında nəşr olunmuş iki hissədən ibarət bu romanı ilə müəllif oxucunu kifayət qədər maraqlandıra bilmiş və sonda qəm yağışına qərq etməyi bacarmışdır.

 

Böyük Nizami Gəncəvinin:

 

Dumanla doldurub dünya üzünü,

Yatırtdım eşq ilə ağlın gücünü. – misraları ilə başlanan əsərdə müəllif Yaradanın bizə bəxş etdiyi ölçüyəgəlməz dəyərə malik olan sevgi mövzusuna müraciət etməklə, oxucusuna bu İlahi hissin nələrə qadir olduğunu anlatmaq niyyətində olduğunu bəyan edir.

Birinci hissə əsərin baş qəhrəmanlarından biri olan Azadın, ikinci hissə isə müəllifin dililə nəql edilir. Əvvəldən sona qədər oxucu əsərin sevimli qəhrəmanı olan İnqanın taleyinə görə narahat olur və buna görə də romanı fasiləsiz oxumaq, sonunun nə ilə bitəcəyini öyrənmək istəyi onu bir an belə tərk etmir.

Bəzən adama elə gəlir ki, bütün hekayələrin əvvəli gözəl başlanır və çox zaman beləcə davam edir. Sonu isə təbii ki, bəlli olmur. Romanda təsvir olunan azərbaycanlı Azadla özbək qızı İnqanın həyat hekayəsi də gözəl başlamışdı. Onlar ali təhsil aldıqları institutda, dekanatlığın qarşısında tanış olmuşdular. Milliyyətcə alman olan İnqa Özbəkistanda böyümüşdü və onun həyata baxışları yaşadığı ölkədə aldığı tərbiyə üzərində qurulmuşdu. O, özbək adət‐ənənələrinə əməl edən və bu xalqın milli‐mənəvi dəyərlərini xarakterində əks etdirən gözəl və ağıllı bir xanımdır. Özbəkistandan Krasnoyarsk şəhərinə ali təhsil almaq üçün gəlmişdi. Oxumaqla bərabər həm də ipək kombinatında çalışırdı. Eyni zamanda Azad da bu şəhərə Azərbaycandan gəlmiş, o da İnqa ilə birlikdə Politexnik İnstitutunda təhsil alır, eyni zamanda şəhərarası nəqliyyatda sürücü işləyirdi. Ümümiyyətlə, onlarla birlikdə bu qrupda doqquz millətin nümayəndəsi təhsil alırdı.

Hadisələr sovet dönəmində baş verir və hamımız bilirik ki, yaşadığımız zamandan fərqli olaraq o dövr internetin mövcud olmadığı dövr idi. Ayrı‐ayrı rayonlarda yaşayan insanlar bir‐birindən yalnız sahibinə bir həftə, yaxud on gün ərzində yetişən məktublar vasitəsilə xəbər tuturdular.

Aralarında əvvəlcə qrup yoldaşı, sonra dostluq, daha sonra isə sevgi münasibətləri başlayan Azad və İnqa dastanı, məhz belə bir dövrə təsadüf etmişdi. Orta məktəb məhəbbəti olan Solmazı bir daha görə bilməyəcəyinə əmin olan Azad onun şəkli və xəyalı ilə yaşayır, hadisələrin onun əleyhinə cərəyan etməsi ilə barışa bilmir və İnqaya qarşı ürəyində baş qaldıran sevgi hissini yaxına buraxmamaq üçün cəhdlər edirdisə də, bunları etməklə özünə və İnqaya qarşı nə qədər böyük haqsızlıq etdiyinin fərqində deyildi. İnqa isə onu saf və sonsuz bir məhəbbətlə sevirdi. Əsəri oxuduqca Azadın İnqaya qarşı etdikləri oxucuda qəzəb doğurur. Oxucu bütün qrup tələbələrinin qarşısında İnqaya gözəl sözlər söyləyib onu özünə bağlayan, onu dahi bir rəssamın bənzərsiz bir rəsm əsərinə bənzədən və bununla da aralarındakı sevgi münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə səbəb olan Azadın digər tərəfdən də təkəbbür və soyuqluq göstərərək məsum qızı özündən uzaqlaşdırdığına qəzəblənir. Eyni zamanda İnqanı da tələsik qərar qəbul etməsinə görə qınayan oxucu bütün bu anlaşılmazlıqların səbəbini çox sonralar anlayır. Çünki yazıçı əsərdə baş verən bəzi sualları ikinci hissədə açıqlayır.

Yalnız ikinci hissədə məlum olur ki, bütün varlığıyla Azada qəlbən bağlı olan və onu yüksək məhəbbətlə sevən İnqanın ailə qurmaq haqda tez qərar qəbul etməsinə məcbur edən səbəblər varmış və bu əsassız səbəblər ucbatından qəbul edilən qərar sonda onun məhvinə səbəb olur.

Azadın Qazaxıstanın Çimkənd vilayətindən gələn və onunla eyni yataqxanada qalan, digər bir institutda ‐ İnşaat İnstitutunda oxuyan Baysal adlı dostu hadisələrin üçüncü əsas iştirakçısıdır. Azadla Baysalın oxuduğu institutlar arasında cəmi 200‐300 metr məsafə olduğuna və dərslərinin tez başa çatmasına görə Baysal tez‐tez Azadın oxuduğu instituta gəlir, Azadı orada gözləyir və birlikdə yola çıxardılar. Bütün qrup tələbələri, o cümlədən İnqa da Baysalı artıq tanıyırdı, hətta Baysala qrup yoldaşları kimi baxırdılar. Azad Baysalı İnqa ilə tanış etməklə gələcək həyatını zərbə altında qoymasından xəbərsiz idi.

Bəzi insanlar üçün sevgi ötəri, keçici bir anlayışdır. Amma elə insanlar var ki, onlar ömründə yalnız bir dəfə sevirlər ‐ İnqa kimi. İnqa sevgisi yolunda hər cür fədakarlıq etməyə hazır olsa da, taleyin təklif etdiyi İnqa adlı gözəlliyi və səadəti qiymətləndirməyi bacarmayan, bu sevgi payında ona düşən imkandan istifadə edə bilməyən Azad bu məsələdə qətiyyətsizlik göstərir. Ən pisi o idi ki, baş verənlərin onun əleyhinə işlədiyini görən Azad bütün bunları qismətlə bağlayır, hadisələrə ehtimallar mövqeyindən yanaşır, bir tədbir görmək lazım olduğu barədə düşünmür. İnqa‐Baysal münasibətlərinin getdikcə finala doğru yüksəldiyinin şahidi olduğu gün o, onlardan qaçmaq, onların gözünə görünməmək fikri ilə şəhəri gəzib‐dolaşır, fikrini dağıtmaq üçün parka gəlir və parkda bir sərçənin quru çörəklə mücadilə etməsi və uduzması səhnəsinin şahidi olur. “Qabağımda bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdlər heç bir nəticə vermirdi. Az qala duracaqdım ayağa ki, götürüm sındırım çörək parçasını. Amma düşündüm ki, ayağa qalxsam, sərçə uçub gedə bilər. Təbiətin yaratdığı kiçikdən kiçik bir mübarizəyə qarışmaq ixtiyarım vardımı? Sərçə xeyli əlləşdi, bu quru çörək parçasını dimdiklədi, axırda başa düşdü ki, bu daşa dönmüş çörək parçası onun üçün deyil. Qisməti olmadğını bildiyi üçün uçub getdi”.

Rastlaşdığı bu mənzərədə özünü sərçə obrazında görən Azada şahidi olduğu bu məqamlar dərs olur, “faktı qəbul etmək lazımdır, artıq İnqa mövzusu bağlıdır mənim üçün”, deyə düşünərək, özlüyündə bir qərar qəbul edir və o gündən hər şeyə ‐ insanlara, hadisələrə, faktlara başqa nəzərlə baxmağa, “hər insan yolunu özü seçir, mən də özüm seçməliyəm” prinsipi ilə yaşamağa, İnqaya qarşı biganə olmağa başlayır. Əslində o, bu səhv qərarı qəbul etməklə, İnqanı öz əlləri ilə başqasına təslim etmiş kimiydi. Bu, əhəmiyyətli həyat məsələsi idi və bu məsələdə Azadın soyuqluğu, ondan uzaqlaşmaq istəyi, bu mövzuda etdiyi digər hərəkərlər İnqanın gözündən yayınmamışdı. O, Azadla son dəfə bu mövzuda danışmaq, onun qəti fikrini öyrənmək istəsə də, alınmamış, bütün bunlar İnqanın da ondan uzaqlaşmasına səbəb olmuşdu.

Azad İnqanı unudacağını, bu mövzuda güclü olacağını, sevgisinin üstündən xətt çəkmək kimi çətin bir işin öhdəsindən asanlıqla gələcəyini düşünmüşdüsə də, onun bu yöndə etdiyi cəhdlərin gücü yalnız bir, və ya iki aya zorla çatmışdı. Həyatının ən böyük səhvlərindən birini etdiyini düşündüyündə belə, qüruru onun başqa bir addım atmasına yol vermirdi.

Oxucu yalnız əsərin sonuna yaxın İnqanın səhv addım atmasının səbəbinin Azada acıq vermək, qısqandırmaq, ən çox da onu dilləndirmək, onun dilindən sevgi etirafını eşitmək məqsədilə edildiyini, həm də bütün bunlarda onun rəfiqəsi Loranın əsas rol oynadığını öyrənir.

Baysal ilə İnqa artıq nişanlı olsalar belə, İnqa Azadın ona sarı bir addım atacağını, sevgisini etiraf edəcəyini, hər şeyin dəyişəcəyini gözləyirdi. Amma bu gözlənti gerçəkləşmir. Azad İnqanın bu arzularının üstündən xətt çəkməklə özünün mənəvi, İnqanın isə hərtərəfli məhvinə imza atmış olur.

Baysalla İnqanın nişanlı olduğu vaxtda dəhşətli Çernobıl faciəsi baş verir. Bu, 1986-cı ilin 26 aprel tarixində Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş fəlakətli nüvə qəzası idi və əsrin böyük faciələrindən biri hesab olunurdu.

İnstitutdan Çernobıla kömək məqsədilə göndərilən iyirmi beş tələbə arasında Baysal da var idi. Vaxtilə Çernobılda hərbi xidmət keçmiş Baysal özünün qrupa daxil edilmə səbəbini bununla bağlayırdı.

Baysalın Çernobıla yola düşməsi ilə bağlı “bəlkə də fələyin bəxt yazan qələmi sabahdan başlayır bu iki gənc üçün taleyi qaralamağa” yazan müəllif nə qədər haqlıydı…

Bir ay müddətinə bir‐birindən ayrı qalan cütlük, Baysalın Çernobıldan qayıtdığı günün səhərisi VVAQ-a gedib nigah ərizəsi verdilər, otaq kirayələdilər, keçmiş qaydalara uyğun olaraq yalnız tələbə yoldaşlarının iştirak etdiyi komsomol toyu etdilər.

Lakin tale Baysalın üzünə gülmədi. Çernobıl qəzasının fəsadları ondan da yan keçməmiş, radiaktiv şüalanmanın güclü təsiri onun daxili orqanlarını sıradan çıxarmışdı. Toydan çox keçmədən o, ağır xəstəliyə mübtəla olmuşdu.

Romanın ilk səhifələrində biz Azadın dostu Baysal haqda fikirlərini oxumuşduq. Baysal xaricən yaraşıqlı olmasa da, gülər üzlü, mərd və nəcib, zarafatcıl və dürüst olması ilə dostlarının məhəbbətini qazanmış biriydi. Güclü və cəsur, hundürboylu, hədsiz böyük fiziki gücə malik olan pəhləvan cüssəli bir gənç idi. İdman onun ən sevimli xobbisi olduğundan, o, xəstə halda belə idmandan əl çəkmir, bu yolla sağalmağa çalışırdı. Xəstəliyin ondan bədəninin bütün enerjisini aldığını qəbul edə bilmirdi. Əvvəlki ağırlıqda ştanqları qaldıra bilmədiyinə görə məyus olur, əvvəlki həyatına qayıtmağa cəhd edirdi. Belə cəhdlərin biri ‐ ştanqa qaldıra biləcəyindən daha ağır yük qoyması onun belinin sınmasına səbəb oldu ki, bu halda radiaktiv şüalanmanın təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq şansını sıfıra endirir. Bütün bunlar çox keçmədən onun həyatla vidalaşmasına səbəb olur.

Birtərəfli məhəbbət əsasında qurulmuş bu ailədə xoşbəxt günlər yaşandımı? Bu sualın da cavabını əsərin ikinci hissəsində oxuyuruq. İnqanın Azada dediklərindən məlum olur ki, o, Baysaldan elə ilk günlərdən başlayaraq qısqanclıq və aqressiya görmüş, bütün bunlara rəğmən onu sevmədiyini heç vaxt hiss etdirməmiş, Baysalın həyatının son günlərinə qədər ondan qayğı və nəvazişini əsirgəməmişdi. Baysalın bu şəkildə ölümü, eyni zamanda yeganə ümid yeri sandığı bətnindəki körpənin də dünyaya gəlmədən tələf olması İnqanı çox sarsıdır, qəlbindəki bütün ümidləri məhv edir, gənc yaşda həyatdan aldığı ağır zərbələrə davam gətirə bilmir və bu faciələr onun psixologiyasının dəyişilməsinə, karyerasına, institut həyatına belə son qoyur. Bütün bu hadisələr zamanı Azad nə dostu Baysaldan, nə də İnqadan köməyini əsirgəmir, Baysalın ölümündən əvvəl də, sonra da İnqaya həmişə mənəvi dəstək olur.

“Qəm yağışı” romanının hər səhifəsini oxuduqca düşünürdüm ki, buradakı baş qəhrəman elə müəllifin özüdür. O, baş verən hadisələri düz otuz ildən sonra qələmə aldığını qeyd edir, hadisələrin içindəymiş kimi davranır, Azadın hisslərini təbii şəkildə çatdırır və nəticə etibarilə bir fikrə gəlir ki: “insan həyatda bir səhvə yol verdisə, bu səhvlərin davamı da gəlmiş kimi olur”.

Oxucu yazıçının bu fikrinin doğruluğuna ən çox İnqanın həyat hekayəsini oxuyarkən şahid olur. Onun başına gələn zəncirvari faciələrin baş verməsi də, etdiyi bir səhvin acı nəticələridir. Çox təəssüf ki, bu zəncirvari faciələrin əsas və sonuncu qurbanı da romanın sevimli qəhrəmanı, anoreksiya xəstəliyinə tutulmuş İnqanın özü olur. Anoreksiya xəstəliyinə qalib gəlmək əsərin qəhrəmanı üçün çox çətin olur. Sağalmaq üçün ilk növbədə İnqa özünün ruhi vəziyyətini dəyişməyə çalışmalıydı, lakin kədərinin sonsuzluğu gənc və çarəsiz İnqaya bu imkanı yaratmırdı. Bütün günü xəstə yatağında uzanan İnqa Azadın ona bağışladığı, Amerika yazıçısı Teodor Drayzerin “Kerri bacı” romanını təkrar‐təkrar oxumaqla gün keçirirdi.

“Qəm yağışı” nı oxumağa davam etdikcə oxucu İnqanın ömür‐gün məsələsini həll etmək yolunda verdiyi qərarlara nə qədər “qəzəblənirsə”, sonunda xəstəlik müddətində ona duaçı olur, əsərin pozitiv notlarla bitməsini arzulayır, eyni zamanda İnqanın sağalması üçün Azadın atdığı hər bir addımın, etdiyi misilsiz yaxşılıqların boşa getməsinə üzülür.

Hadisələrə tam giriş etməzdən əvvəl sevgisini vaxtında etiraf etməməklə, bu sevgini zarafata çevirməklə çox böyük səhvə yol verdiyini və bu səhvin ağır bir yük kimi son nəfəsinə qədər onun boynundan asılı qaldığını etiraf edən Azad, yalnız İnqanın ölümünə az zaman qaldığı bir məqamda onları əbədilik bir‐birindən ayıran səbəblərin nədən ibarət olduğunu öyrənib çox sarsılır… Zamanı geri qaytarmaq isə mümkünsüzdür.

İnqanın və Azadın həyat hekayəsi ağıllı oxucunu nəticə çıxarmağa vadar edir. Söhbət gənc oxuculardan gedirsə, onlar anlamalıdırlar ki, “Qəm yağışı” yalnız nakam bir sevgi hekayəti deyil, ibrətamiz bir əsərdir. Biz həmişə şahidi olmuşuq ki, bəlalar tək gəlmir. 19 yaşlı gənc bir qızın ‐ İnqanın ali təhsilini başa vurmadan nişanlanmasının, hər bir insan üçün həyati əhəmiyyət kəsb edən ailə qurmaq kimi böyük bir məsələdə tələsik və təkbaşına qərar qəbul etməsinin qarşısıalınmaz fəsadları və həyatının faciə ilə bitməsi onun doğru addım atmaması səbəbindən baş verir.

Romanın sonluğu ürək parçalayan səhnə ilə bitir… Azad Daşkəndə, ömrünün son günlərində vidalaşa bilmədiyi İnqanın məzarına gedir… Bu, dəhşətli bir səhnə idi. Saatlarla İnqanın məzarı üstə diz çöküb ürək sözlərini söyləyən Azad onun sağlığında dilinə gətirə bilmədiklərini söyləyirdi… Onun göz yaşları yağan qəm yağışına qarışmışdı. Sanki, yer də, göy də İnqa adlı nakam mələyin ölümünə ağlayırdı… və bu qəm yağışı kəsmək bilmir, aramsız yağırdı ‐ Azadın qəlbinə, arzularına, fikir və duyğularına, gələcək taleyinə, İnqanın isə hazırda Azad üçün dünyanın ən müqəddəs məkanı olan məzarına yağırdı… Bu qəm yağışının yaratdığı acı səhnənin təsvir etdiyi kədərin böyüklüyünü min kilometrlərlə məsafədən oxucu da hiss etməmiş deyildi. Sevimli qəhrəmanının nakam taleyinə üzülən oxucunun gözlərindən yağan qəm yağışı isə “Qəm yağışı” kitabının müəllifinin uğurudur!

 

MÜƏLLİF: ARZU HEYDƏROVA