İstəməyinə dayısı onu istəyir. Ancaq həm də ona ümidləri başqadır. Bacısının tək balası qarımaq qorxusu altında olan üç ölmüşündən birinə yiyə durmalıdır, di qurtardı getdi. Dayısına sevgiləri həqiqidirsə, Qiyas bunu əməlli sübuta yetirməlidir. Uşaqlıqdan adı dilindən düşməz, ancaq hanı bə? Hamısı yalandan. Gop. Ciddi bir hərəkət yoxsa, sözə nə verərlər? Söz boş şeydi, üfürürsən, sabun köpüyü kimi uçur havaya, yox olub gedir. Axı, bu avaranın dayısına nə əcəb yazığı gəlməsin? Vicdanı varsa, onun üç kəsik balasının qanqal kimi qartımasına gərək özü dözməyə. Yox, düz fikirləşmir o. Adam dayıqızılarına heç də bacı kimi baxmaz. Həm də dayıqızını kef üçün almırsan ki. Bədbəxt olmamağa alırsan. Birgə dərd çəkməyə. Bu hələ də yad-yad ailələrdən yapışır; arvad alıb-boşamaqla məşğuldu. Ancaq istər yüzüncünü ala, hər dəfə boşanmanın yek səbəbi dayıqızılardan birinin göydə onun adına yazılmasıdır. Qismətdən qaça bilməz. Necə ki bilmir də. Mağıl qızlardan biri onunla bismillahını eləsəydi, inşallah, qalanlarına da yol açılardı. Ya bir cığır.
Hə, Qiyas birinci arvadla bir, ikinciylə iki, üçüncüyləsə üç il yaşamışdı. Hər arvadda ailə təcrübəsi bir il artırdı. Birincidən bir, ikincidən iki, üçüncüdənsə üç övladı var. İndi boş oturub. Ömürdən keçən hər boş il həm də bir övlad itkisidir.
Qiyas evlənəndə dayısı məyus olur, ayrılandasa eyni açılır.
Qiyas onuncuya gəlib çıxsa, yəqin arvadla bir on il də birgə yaşayacaq.
Neynək, qızlardan biri qoy elə axırdaca onun olsun.
Bacoğluna qocalıqda hayan durar. Ancaq ölməlilər yaman arıqdılar; sümükləri sananır. Yançaqlarda bir-iki çimdik əti Allah onlara çox görüb. Bəlkə qurdları var? Ürəklərində olmasa da, qarınlarında. Gərək onları analizə apara. Həm də qurdları qoymur onları gözəlləşməyə. Xoşbəxtliyə əngəl törədirlər. Artıq əxlaq-namusları da başlarında qaxınca çevrilib. Qız qarıyırsa, onun əxlaq-namusu gülünc-gülməli bir şeyə çevrilir.
Qiyas dördüncü arvada əl atanda, dayısının beli qırıldı. Süfrə başında hey bıçaqla stolu deşməkdə idi. Hirsindən dişləri kilidlənir, xırçıldayırdı. Çırtma vursan, qanı damardı. «Sarsağın biri! – ürəyində də Qiyasın dalınca deyinir.
– Sən görərsən!» Təlatümlər yalnız ürəyində baş verirdi.
Təlatümlər uzaq başı beyninə qan sızmaqla üzə çıxa bilərdi.
Allaha şükür, bu hələ yoxdu.
Buyur, qızlar indi də gərək ən azı dörd il gözləyələr.
Qırdı-qaçdı bibioğlunun gərək dörd uşağı da ola, sonra bu bədbəxtlərə xoşbəxtlik qapısı açıla. Görükməz-möcüz bir işdi, kim də ona toxunur, uşağa qalır. «Biz ona toxunmağa qorxuruq, – məktəb yoldaşları zarafatla deyir. – Olmadı elə, oldu belə».
Amma dayısı qızlarından biri gec-tez ocağının qara daşı olacaq. Onacan səkkiz-doqquzunu alarsa da, alsın. Onsuz bu yetim hələlik arvadları ailə qurmağa yox, kef çəkməyə alır. Özü dilindən qaçırıb: arvad – dünya nemətləri sırasındadır. Arvad – ləzzətlər içərisində əvəzedilməzdir. Onun üçün uşaq-muşaq ikinci dərəcəli şeydi. Ondan olsa, göyçək arvadları ilə, onları boşayandan sonra da, «kef çəkməyə» hazırdı. Bircə xasiyyətləri işi korlayır. Əcəb yatacağın arvad heç vaxt heç nə danışmaya, dilsiz-ağızsız bir heyvancığaz ola. Eləsi var, dişini çıxar, təpəsinə vur – ifritə ondan min pay yaxşıdır. Nə olsun, Allah döş-başı ifritəyə də verir. Yox, hərlənib-fırlanıb dayıqızılardan birinin üstünə gələcək. Özü də mələyə-mələyə. Vallah, bunun geci-tezi var.
Həm də artıq onu boşayası deyil. Onuncusu olmuş olarsa, onunla ən azı on il ömür sürəcək. Əslində Qiyas da qocalığı on ildən artıq istəmir. Dayısı qızı yalnız xidmətçisi olacaq.
Axıracan da ona qardaş gözüylə baxacaq.
Dayısı onacan ölər.
Qiyas hələ birinci arvadı alanda, birinci dayıqızı özözünə sıradan çıxmışdı. Demək, onu bəyənməyib. Növbə ikincinindi. İkinci arvada keçəndə, ikinci dayıqızı da getdi işinin dalınca. Onu da bəyənmədi. Üçdə – üçüncü getdi. Bu yetim doğmaca dayıqızılarını bəyənmir, bəyəndiyi arvadlarlasa uzun yaşamırdı. Hər evliliyində bir dayıqızı, bir də bir arvadı paymal olur, heçə-puça çıxırdı. Üçüncünü boşayanda artıq bəyənəcəyi dayıqızıları da qurtarmışdı.
Bibilərinin madar balasına qızların ürəyi yanar, yazığı gələrdi. Axı, hər dəfə subay qalanda, quruca yeməklərdən, konservdən-zaddan mədəsi deşilə bilər. Anası, bu hələ əsgərliyə getməmiş, vəfat edib. Ata da gedib Rusyətdə öldü.
Orda iki-üç yol evlənib-ayrılandan, xoşbəxtliyi dişinə vurandan sonra ölməli bir «bomj»a çevrilibmiş. Deyilənlərə görə, skeleti şəhər anatomiya muzeylərindən birinə – tələbələrin istifadəsinə verilib.
Qiyas dayısıgilə az-az gedərdi. Qızlardan birinə vurulmaq qorxusuna görə. Sevgi bəzən ayıb olur. Hər hansı dayıqızına başqa gözlə baxmağı şit bir hərəkət bilərdi. Dayıqızıları uşaqlıqda onlara süd-qatıq gətirərdi. İri-iri kasaları əllərində güclə saxlayırdılar. Üzlərini onda gördüyü idi.
İndiyə böyüyüb-dəyişmiş olarlar. Məktəbdən sonra görməyib. Düzdü, bir gün anası öz sağlığında təsadüfən üçü də birdən onlara qonaq gəlmiş qardaşı balalarına: «Köpək qızları, bizə tez-tez gəlin ki, – demişdi, – böyüyəndə biriniz bizə gəlsin». Onlar tap-tapmacaya bənzər bu müəmmalı sözlərdən bir şey başa düşməyib – «Elə gəlmişik də-ə, hamımız burdayıq», – demişdilər.
Qiyas arvadlar əlində girinc-giriftar qaldı. Çoxları bunu böyüksüzlüyə-başsızlığa yozdu. Ömründə xeyir-dua görməmişdi. «Xoruz toyuğu alan kimi alır Qiyas arvadı», – məktəb yoldaşları ona lağ edərdi. Dördüncü arvadı qapazlayıb-qoltuğuna vurub – haydı, Türkmənistana! Camaat orda ona dörd il ailəlik kəsdi.
Dayıqızıları – «Allah eləməsin, – deyirdilər. – Qoy ailəsi ömürbillah dağılmasın».
Qiyas Marıda get-gedə qəribsəyir, dayıqızılarına da hədiyyə almaq fikrinə düşürdü. Ancaq hər məzuniyyətində bunu sonraya saxlayır. Özü, tənbəllikdəndi, deyir, ancaq həm də bir az simiclikdən. İlbəil də uşaqları artır. Birinci yay bir, ikincidə iki, üçüncüdə üç uşaqla gəlmişdi. Onlar kənddəki üç arvaddan altı uşağına əlavə idi. «Qiyasın uşaqlarına ayrıca bir bağça lazımdı», – itoynadan məktəb yoldaşları ona gülərdilər.
Axı, dayıqızılarına nə alsın? Batmışları yaman istəməyə başlayıb. Onlar, ölsə üstündə ağlayası «zapas» insanlardı.
Qiyas hər yay da gəlib bir keçmiş arvadının «bəd xəbər»ini eşidir: onlar pərakəndə şəkildə, bala-bala ərə gedirdilər. Axırıncı boşanan birinci atlanıb getmişdi. Sikl elə bil arxadan önə tənzimlənirdi. Cavandan yaşlıya. İkinci yay ikinci, üçüncü yay birinci arvadının «xəbər»ini aldı.
Hələ stansiyadaca – qatardan düşən kimi dayıdostusunun öldüsünü ona çatdırdılar. Sadəcə, qışdan çıxmayıb.
«Qış bu yerlər üçün ölüm fəslidir», – bu da həmin xəbəri çatdıranın fəlsəfi əlavəsi.
Stansiyadan kəndə quruyub çat-çat olmuş torpaq yolla gedirdilər. Ərini izləyirmiş kimi qarabaqara onun dalınca gələn, «Türkmən»dəki bacısının cubbulularını da özüylə götürmüş arvadı hərdənbir oynaqlaşa-oynaqlaşa, hoppanahoppana yeriyən uşaqlara acıqlanır: – Dinc olun! Bax, qıçınız çata düşsə, mənlik deyil.
– Özümüz çıxardarıq.
– Sınandan sonra? – Sın-maz! Sın-maz! – Mənim sınıqçıya-zada getmək halım yoxdu.
– Sınıqçı nədi? Dünya ancaq onlarındı.
Qiyas dayıqızılarının üz-gözünü tamam unudub. Görsə, tanımaz. Bircəciyinin adı yadında qalıb – Bənövşə. Qalan adları heç cür xatırlamır; bir o yadında qalıb ki, qəşəng adlardı. Kim demiş, o hər dəfə «həyasızka»ları onlardan üstün tutdu.
Türkmənistan Qiyası da, arvad-uşağı da kömür kimi qaraltmışdı. Deyirdin, kəndə qaraçı köçü yaxınlaşır. Qarşıdan gələn kosara bir arvad onlarla yanbayan olan kimi tezcənə salam verib keçdi. Nə Qiyas ona, nə də o, Qiyasa baxdı. Bu kənddə qadınla kişinin baxışması qəbahətdir. Bir də gördü arvadı cır səsiylə arxadan onu çağırır: – Ədə, bir ayaq saxla! Hara qaçırsan? Geri çöndü. Bay, bu iki qadın gah həsrətlilər kimi bir-birinin üzünə baxır, gah da lapdan-lapdan qucaqlaşıb-öpüşürdülər. Qiyas onlara sarı gəldi. Uşaqlar dırnaqlarını dişləyədişləyə həyəcan keçirir, bu gonbulçanın onları da öpməsini gözləyirdilər. Onlar anaları və elə bu xalalarının «Türkmən»dəki rəfiqələrinin öpüşlərinə vərdişkardılar. Sonradan gonbul, həqiqətən, qızları qucaqladı da, öpdü də. Şar kimi yüngül və toppuşlarınısa yuxarı qaldırdı da.
– Ay qardaş, ay Qiyas, bu sənsən? – Yox, mən deyiləm, – guya gülümsünür, ancaq həm də düşünür – «Ay Allah, bu kim ola?…» Sanki təndirə salınıb-çıxarılmış, sifəti qara-qırmızı arvadağası çürük dişlərinə taxdığı hırıltıyla ona baxır, keçinirdi gülməkdən. Araz aşığındandı, Kür topuğundan. Bu dünyada bir yanını gərək elə boş buraxasan. Arsızlıq yaxşı şeydir.
– Bə tanımadın məni? – Rəhmətliyin qızı, de, söylə, tanıyaq da-a, – Qiyas axır cin atına mindi. – Mən nə bilim kimsən? Marıda səbirsiz və sərt olmuşdu.
Gonbul onun boynuna sarıldı: – Belə başına dönərəm…
– Yaxşı, yaxşı.
– Kiməm mən? – Kilimçi.
– Adım nədir? – Adıbilinməz.
Arvadı gendən şaqqanaq çəkdi – kor-kor, gor-gör, əri çaş-baş qalmışdı.
– Bənövşəsən! – Qiyas sanki qəflət yuxusundan ayıldı.
Qəfildən də mum kimi yumşaldı.
– Yox bir, Nərgizgülü, Novruzgülü, – od parçası olan bu dördüncü arvad hələ öz kefində-zarafatındaydı. «Vaxtı» qurtarırdısa da, Qiyasdan ayrılana-zada oxşamırdı.
– Bənövşə – mənim ortancıl bacımdır.
– Bənövşə, bəndə düşə…
– Mən – Lətifəyəm. Birinci qız.
– Hə, yadıma düşür.
– Gördün? Adı gül adından deyil.
– Sən sus! Arvad duruxdu. Dayıqızı da alındı. Deyən, onun zarafatlıq halı yoxdu. Əslində Lətifə də zarafat eləmirdi ki: üzü gülür, içi ağlayırdı. Ancaq əlinə girəvə düşdü – tamam keçdi ağlamağa.
– Artıq anam da dünyada yox, ay biboğlu-u! – Hə, elə indicə, vağzalda eşitdim. Vay-vay.
– Barı dilindən bir rəhmət eşidək, – arvadı pıçıltıyla ərinə göstəriş verdi.
«Qoy bir sağ-salamat Marıya dönək, səni təpik altına salmaq mənə borc olsun», – Qiyas baxışlarıyla ona bu sərt sözləri dedi.
– Əlbəttə ki, Allah rəhmət eləsin.Lətifənin, bir tək anasını deməyindən, atası hələ durur.
Ona görə də Qiyas inamla soruşdu: – Dayım necədir? – Əşi, necə olacaq? Ölən ölməsin…
– Noolub ki? – Anamın qırxını gözləmədi.
– Yoxsa kişi də rəhmətə gedib? – Kişi – arvad aldı.
Bu yerdə Qiyas bilmədi dayısını öysün-tərif etsin, yoxsa qınağa tutsun. Özü dalbadal arvad alanda, elə bilərdi yaxşı iş görür, indi görürdü yox. Nə xarab işdi, ə, bu! Özü də barı arvadın qırxınısa gözləməyib! Yox, yüngül imiş dayısı! Qızları evdə çürüyür, bu, ayğırlıq edir.
«Qaraçı köçü» körpüyə yan alanda, Qiyas artıq ürəyində qərara gəlmişdi: günü bu gün bir qoç alıb kəsdirməli.
Dayıqızılarını başına yığıb mübarək üz-gözlərini görməyin məhz bu gün vaxtıdır. Onların uşaqlıq üzlərini yaddaşından silmək, «təzə üz»ləri onların yerinə qoymaq. Sonbeşiyin adını da öyrənər.
Arvadı Lətifəylə bir-iki ağız da danışmaq üçün yubanmışdı. Körpünün ortasındaca onları haqladı.
– Ey-y, qaçın qabağa, ayağa dolaşmayın, – çatan kimi də uşaqlara təpindi. – Ay sənin də gözün aydın…
– Öz-özünə danışırsan, ya yuxu görürsən? – Qiyas ona qıyğacı baxdı.
– Dayın sənin birinci arvadınla çaşqa-loşqa imiş. Görüb biabır olacaq, alıb onu.
– Nə? Bir də de! – Lap iki dəfə deyərəm.
– Yatdın, yuxuda gördün? – Bə niyə dala qamışdım? Yox, qoç – qaldı. Birdən Qiyasa elə gəldi ki, beynini başı içində saat kimi burub, yerini dəyişdilər, ayrı cür qurdular. Qarşıda dedi-qodularla ləbələb, şayiə ilə ağzınacan dolu kənd onu gözləyirdi. Qızlarını almadığına görə, acıqca, dayısı onun keçmiş arvadını alıb: öz fərziyyəsinə görə, şayiələr bu cür intiqam məzmunlu ola bilərdi.
Qiyas evə çataçatda, həyatında ilk dəfə olaraq, qeyrətin tamını duydu.
Gecə yerini eyvanda saldırdı. Tək. Göydə ulduzlar işıqlı yağışlar kimi görsənirdi.
Sübh tezdən hadisələr təzədən geriyə – gecənin ortasına doğru sürətlə çözülməyə başladı. Əvvəl Qiyas yerində tapılmadı, sonra onun dayısıyla keçmiş arvadı baltalanmış halda yataqlarındaca tapıldılar.
Qiyas tez qaçıb Türkmənistana getmişdi ki, tutulmağa gecikməsin – tez də qayıdıb tutulsun. Ona Marıdakı borclarıyla üzülüşmək, qəlb rahatlığı vacib olmuşdu. Qoy orda onu həmişə yaxşı oğlan kimi yada salsınlar.
Dekabr, 1996-19 noyabr 2003-cü il