Onunla şəhərin mərkəzində Nəsimi bazarının yaxınlığında sırf təsadüfdən rastlaşdım. Şirniyyat dükanının qarşısında səkiyə döşənmiş səkkizguşəli qırmızı daşları sökürdü. Daşlardan bir neçəsi, doğrudan da qırılıb yararsız vəziyyətə düşmüşdü, dəyişilməliydi, amma o, böyük bir sahəni sökməyə çalışırdı.
Mən küçəni keçmək üçün işıqforun yaşıl işığının yanacağı anı gözləyirdim ki, birdən onu gördüm. Əvvəlcə tanımadım, fikirləşdim ki, tanıdıqlarımdan kiməsə oxşatmışam. Dedim hər kimdirsə, işini görür. Amma çox tanış gəldiyindən məcbur olub diqqətlə baxdım və gördüm ki, bəli, o, özüdür.
Mağazadan çıxan ucaboy, dolu bədənli, müdirlərə məxsus yaxşı geyimli birisi ona yaxınlaşdı, deyəsən mağazanın müdiri, ya da icarədarı idi.
-Vilayət, bunları niyə sökürsən? Sənə dedim axı, ancaq qırılıb, çatlamış daşları çıxart.
-Siz heç narahat olmayın. – Vilayət asta tonla dilləndi. – Mən öz işimi bilirəm. Sizdən də artıq pul almayacağam. Necə danışmışıq, eləcə də olacaq. Nə artıq iş görsəm, mənim boynumadır.
Səsini eşidən kimi daha heç bir şəkki-şübhəm qalmadı. Xasiyyətini heç dəyişməmişdi, necə vardısa, eləcə də qalmışdı. Yüz faiz əmin oldum ki, səki daşlarını sökən Tülkü Vilayətdir. Mağaza müdirinə yazığım gəlsə də heç nə deyə bilməzdim. Mənə öz işimi həll etmək lazım idi. Gözlədim, o, dükana qayıdan kimi yolu keçib Vilayətə yaxınlaşdım.
-Salam, köhnə dost. – Onu hürküdə bilməzdim, havayı yerə şurabadlılar ona “Tülkü” ləqəbi verməmişdilər.
-Salam.
Başını qaldırmadan gözucu mənə baxıb salamımı cavablandırdı, deyəsən gəlişim onun heç ürəyincə deyildi, daha doğrusu mənimlə rastlaşacağını ağlına sığışdıra bilmirdi. Ya da məni başından etmək üçün nə isə fikirləşirdi.
-Necəsən? – Səsimin tonunu bir az qaldırdım. – Deyəsən tanımadın?
-Yaxşıyam, çox sağ ol. Səni tanımamaq olar? – Heç ayağa qalxıb mənimlə görüşmədi də, eləcə oturduğu vəziyyətdə sağ əlində tutduğu iri çəkiclə zubili döyəcləyərək daşları sökməyinə davam etdi, sadəcə astadan mızıldana-mızıldana dilləndi. – Həmişə mənə əl tutmusan.
Bir az hal-əhval tutdum. Yerini-yurdunu, uşaqlarını xəbər aldım. Sonra mətləbin üstünə gəldim.
-Şükür Allaha, ay Vilayət, görürəm, əlində işin də var. Yəqin ki, pulun da olmamış deyil. Gəl, mənim borcumu qaytar.
-İnan inandığına, bir aydır iş tuta bilmirdim. Evimdə qara qəpiyim də yoxdur. Olub-qalan pulumun hamısını xərcləmişəm. Məhlədəki ərzaq dükanına bir ətək borcum var, yediklərimizi nisyə götürmüşəm. Elə birinci işdir, bu gün qismətimə çıxıb. Hələ beh də almamışam. Heç bilmirəm necə olacaq. Səhərdən dilimə bir tikə çörək də dəyməyib. Acından başım gicəllənir. Evə qayıtmağa bir “məmməd”im də yoxdur.
“Ay səni öləsən! Sən dedin, mən də inandım. O ləqəbi sənə elə-belə qoymayıblar!”
-İnsafın olsun, ay Vilayət. Gör neçə aydır gözləyirəm. On şirvan nə mənə şeydir ki, sən onu qaytara bilmirsən?
-İnsafsız sən özünsən, vəziyyətimi bilə-bilə niyə belə danışırsan? Mən axı sənə dedim, əlimdə bütöv on şirvan olan kimi gətirib qaytaracağam.
-Sən məni haradan tapacaqdın? Telefon nömrəmi götürməmisən. Evimin yerini bilmirsən. Qohumlarımdan kimsəni tanımırsan.
-Sənə elə gəlir. Bakı balaca şəhərdir, soraqlaşıb tapacaqdım.
Həmin vaxtlar (2003-cü ilə qədərki dövr) camaat pulu üstündəki şəkillərə görə belə adlandırırdı; yüz manatı “qız qalası”, beş yüz manatı “nizami”, min manatı “məmməd”, on min manatı “şirvan”. Sonra beş şirvanlıq da çıxdı. Sözün düzü, ölkə azadlığa çıxandan sonra o qədər infilyasiya, devolvasiyalar, yəni pul dəyişmələr və pulun dəyərinin ölməsi prosesləri baş verdi ki, indi hansı pulun hansı pula nisbətində bir “nizami”lərin, bir “məmməd”lərin, bir “şirvan”ların el arasında işlədilməsini izah etmək çətindir. Amma onu demək istəyirəm ki, bir “nizami” deyilən pulun üstündə Nizami Gəncəvinin şəkili var idi və köhnə, Sovetlər dönəminin beş yüz manatına bərabər tutulurdu, mağazadan bu pula bir çörək almaq olurdu. “Məmməd” deyilən pul əskinasının üstündə Məmməd Əmin Rəsulzadənin, sonra onun şəkili olmadan da bu meyarda, yəni iki “nizami”yə — min manata bərabər tutulan yeni çap olunmuş əskinasa da “məmməd” deyilirdi. “Şirvan” deyilən əskinasın üstündə isə Şirvanşahlar sarayının şəkili vardı və həmin əskinas on məmmədə bərabər tutulurdu.
-Vilayət, on “şirvan” nədir ki, sən onu problemə çevirirsən?
Biz mübahisə edərkən artıq Vilayət ayağa qalxıb mənimlə üzbəüz dayanmışdı. Bayaqkı şəxs, mənim mağaza müdiri zənn etdiyim adam da içəridən, böyük şüşəli pəncərədən bizim mübahisəmizi müşahidə edirdi. Mənə elə gəlirdi ki, onun bizim mübahisəmizi müşahidə etməsi lap yerinə düşdü. Ya insafa gəlib Vilayətə beh verər ki, borcunu qaytarsın, ya da Vilayət özü işini əldən buraxmamaq üçün borcunu qaytarıb məni yola salar, gedərəm.
-Vilayət, bax, axırıncı sözümdür, indi gedib müdirə hər şeyi danışacağam. – Baxdım ki, belə etməsəm iş düzələn deyil. Amma bununla baltanı dibdən vurmuş oluram. Pulun geri qaytarılacağı son ümidi də itirirəm. Bununla mən heç nə qazanmıram. Uzaqbaşı müdir də bu işi Vilayətə deyil, bir başqasına gördürəcək. Odur ki, vəziyyəti düzəltməyə çalışdım. – Müdir bizim mübahisə etdiyimizi gördü. Get, ona de ki, qonşudur, borcunu istəməyə gəlib.
-Olmaz. İndi o, məni başa düşməz. Mən hələ işin yarısını da görməmişəm.
Mən bilirdim ki, Vilayət iş görən deyil. Uzaq başı daşları sökəcək, sonra palçıq qatıb buraları bulayacaq və mümkün qədər işi qaranlıq düşənədək uzadıb bir şeyi bəhanə gətirərək aradan çıxacaqdır. Əlbəttə ki, ona qədər görəcəyi işin ən azından iki misli pulu alıb cibinə qoyacaq. Nəyimə gərəkdi onların münasibətini tənzimləmək, mənə batmaqda olan pulumu geri almaq lazımdı. Bir də Vilayəti hardan tapacaqdım? Yerini, yurdunu tanımırdım, telefonunu bilmirdim. Tanıyıb, bilsəydim nə olacaqdı ki? Məgər telefon dəyişmək, qaçıb gizlənmək çətin məsələydi Tülkü Vilayət üçün?
-Nə olsun ki! İş qaçmır, sən qaçmırsan. Yavaş-yavaş işini görəcəksən. İşini qurtaranda qalığını hesablaşarsınız.
-Yaxşı, sən o tində gözlə, girim müdirin yanına, görüm nə edə bilirəm.
İstədim deyəm ki, ay Vilayət, lap bir-iki şirvanını da keçirəm. Təki yerdə qalanını qaytar, amma demədim. Tamah güc gəldi. Fikirləşdim ki, bəlkə insafa gələ. Düz bir il yarımdan artıq idi ki, gözləyirdim.
Vilayət mağazaya girdi, ancaq mən tinə getmədim. Qorxdum ki, onu gözdən itirərəm, aradan çıxar. Bir gözüm qapıda, bir gözüm də böyük şüşəli pəncərədən içəri baxmaqda oldu. Vilayət tozlu əllərini yelləyərək müdirlə xeyli danışdı. Sonra onlar dükanın içindəki arxa otağa keçdilər. Bir müddət onları görə bilmədim. Hər halda razılığa gəldiklərini zənn edib sakitləşdim. Düşündüm ki, heç olmasa pulumun yarısını qaytarar, yarısını da sabah, işin sonunda gəlib başının üstünü kəsdirib alaram. İşi yarımçıq qoyub qaçası deyildir ki?
Bir də gördüm Vilayət dükandan çıxdı və mənə tərəf gəlir. Amma elə gəlir ki, elə bil Keçəl Həmzədir, Koroğlunun Qıratını minib, gəlir. Sifətində elə bir razılıq əlaməti gördüm ki, elə bildim İrandan, qaçaqmalçılıqdan qayıdan Hacı Qaradır, Araz qırağında dostlarını tərgidib evə gedir.
-Gəl, görüm. – Yaxınlaşan kimi məni binanın tininə çəkdi.
-Nə oldu? Müdirdən bir şey ala bildin?
-Darqursaq olma, hövsələni bas. Müdiri razı salmışam. Axşam saat yeddidə avans verəcək.
-Nə qədər? – Özümü saxlaya bilməyib dərhal soruşdum və tez də peşman olub özümü danlamağa başladım. – “Sənə lazımdır müdir nə qədər avans verəcək? Müdaxilə etməklə Vilayətin yalanını təsdiqləmiş oldun. Bir söz lazım idi ki, deyəsən, o, da gerisini düzüb-qoşa.”
-Nə qədərini bilmirəm. – Vilayət yayın cırhacırına baxmayaraq burnunu çəkdi. Bu onun adətiydi, tərgidə bilmirdi. – Nə versə bir şirvanını özümə yol, siqaret pulu saxlayacam, qalanını sənə verəcəm. Borcumdan nə qalsa sabah işin sonunda gəlib alarsan.
Saata baxdım, hələ on ikiydi. Mən gedib işə dəyməliydim. Ordan nahara çıxmalıydıq, nahardan sonra bir saat konfransda iştirak etməliydim. Vaxt işləri tamamlamağa bəs edirdi. Uzaq başı konfrans uzana bilərdi. Kim idi konfransın sonunda adamları yoxlayan? Əsas başlanğıcda qeydiyyatdan keçib gözə görünmək lazımdı. Sonra konfrans uzansaydı aradan çıxmaq da olardı.
Nə isə…
Vilayətdən aralanıb yoluma davam etdikdə tanışlığımızın tarixçəsi yadıma düşdü, kaş o günə də bir qara daş düşəydi..
Dədəbəy bölgəsinin dədə-babadan Şurabad adlandırılan obanın Canbiz kəndindəydik. Canbiz kəndi əhalinin məskunlaşmasına görə üç hissədən ibarətdi; Baş Canbiz, Təzə Canbiz və Paz Canbiz. Əsas Canbizə, hansı ki, əhalinin ən çoxu yerləşirdi, nümayəndəlik, poçt, polis məntəqəsi, məktəb də burada fəaliyyət göstərirdi, ona görə Baş Canbiz deyirdilər. İlk dəfə Tiflisdən gətirilən malakanları burada məskunlaşdırmışdılar. Təzə Canbiz deyilən əraziyə ikinci dəfə gələnlər, Paz Canbizə isə üçüncü partiya gətirilənlər yerləşdirilmişdi. Üç kiçik dərənin suyunun qovuşanında salınan bu kənd bölgənin mərkəzi rolunu oynayırdı.
Orada ekspedisiya işi aparırdıq. Ərazidə qızıl yataqlarını müəyyənləşdirməliydik. Ölkənin əsas qızıl yataqları olan əraziləri ermənilər işğal etdikdən sonra nazirlikdə yaman əl-ayağa düşmüşdülər. Hər yerdə axtarışlar təşkil etmişdilər. Dağlıq bölgələr bir yana şoran düzənliklərdə də axtarış aparmaq üçün geoloji kəşfiyyat dəstələri yaratmışdılar.
Ekspedisiyanın rəhbəri Məndulla kişi təklif etdi ki, ərazinin ən qocaman sakini olan Ləzim kişinin yanına gedək. UAZa yığışıb getdik. Ləzim kişi Canbizlə Başkənd ərazilərinin tən ortasında, “spornıy”, yəni “mübahisəli yer” deyilən düzəngah zəmi yerində bina olub məskən salmışdı. Bura niyə “spornıy” deyirdilər, aydın məsələydi. Ermənilər Başkənddə yerləşdiriləndən sonra öz ərazilərində balıq saxlamaq üçün göl tikdirmiş və gölün əhatə etdiyi sahə qədər Canbiz kəndinin ərazisinə iddialı çıxmışdılar. Rəhbərlik ermənilərin xətrinə dəyməmək üçün hər iki kəndin camaatına mübahisə həll edilənədək bu ərazilərdə heyvan otarmamağı tapşırmışdı. Ləzim kişini də elə o vaxtdan əraziyə gözətçi qoymuşdular. Burada yalnız onun mal-heyvanları otlaya bilərdi.
Ermənilər Başkənddən köçürüləndən sonra əraziyə hərbçilər nəzarət etdiyindən onların komandirini də dəvət etdik ki, sonraya heç bir problemimiz qalmasın. Söhbətin şirin yerində kimsə dedi:
-Axı Ləzim kişi nədən bilsin ki, qızıl yataqları hardadır. Geoloq deyil, xəritəsi yoxdur, kəndçi babadır, qoyun-quzusunu saxlayıb birtəhər başını dolandırır.
-Mənə də Ləzim deyərlər. – Bu söz səksən dörd yaşlı qocanın xətrinə dəydiyindən o, coşdu. – Mən Ləzimliyi elə-belə qazanmamışam.
-Bu Ləzimlik nədir axı? Generallıqdır, marşallıqdır, nədir? – Hərbçilərin böyüyü Zülfüqar komandir soruşdu.
-Ləzimlik generallıqdan da, marşallıqdan da yuxarıdır. – deyə Ləzim kişi döşünə döydü. – Hələ bir mənə de görüm, sənin hansı generalının adına dərə var? Bilmirsən. Əlbəttə ki, heç birinin. Ancaq mənim adıma dərə var – Ləzim dərəsi. İnanmırsınızsa, xəritənizi açıb baxa bilərsiniz.
Zülfüqar komandir xəritəni açıb baxdı, doğrudan da hərbi xəritədə göldən üzü Canbizə tərəf uzanan dərə Ləzim dərəsi kimi qeyd olunmuşdu.
-Halaldır sənə, Ləzim baba. – dedim. – Bizi bir başa sal görək, bu uğura necə nail olmusan? Bu ləqəbi necə qazanmısan?
-Bu ləqəb deyil, Ləzim mənim adımdır. əlli beş ildir ki, buraları mənə tapşırıblar. “Spornı”nı göz bəbəyi kimi qorumuşam. Əlli beş ildə bu ərazidə imkan verməmişəm ki, nə bir erməninin, nə də azərbaycanlının burnu qanasın. Mən burda ad-san qazanmışam. Heç ləqəb qazanmaq da asan iş deyil, ləqəbi adama camaat verir. Onu da öyrənmək istəyirsənsə düş Canbizə, Tülkü Vilayəti tap. O, sənə ləqəb qazanmağı əyani şəkildə başa salar.
İşimizi yekunlaşdırıb Canbizə qayıtdıq. Nahardan sonra küçəyə çıxdım. Orada camaat, əsasən də səhər-səhər, bir də günortadan sonra Göyçə dükanının qabağına toplaşırdılar. Səhərlər Bakıdan gələn avtobusları qarşılamağa, günortadan sonra isə yola salmağa yığışardılar. Tülkü Vilayətlə də orda tanış oldum.
-Nərimanı axtarıram, – dedi, – avtobus şoferini. Dünən gələndə məni Bakıdan o, gətirib.
-Nədir? Nə olub? Avtobusda əşyan qalıb?
-Yox!
-Bəs onda Nərimanı neynirsən axtarıb?
-O, məni nisyə gətirib. Görüm bir də nə vaxt gələcək, tapıb onun pulunu verərdim.
Həmin gün Bakıya reysə çıxanlar nə qədər etdilər ki, ay Vilayət, sən pulu ver, biz onu yolda görəcəyik, mütləq çatdırarıq. Amma Vilayət inadkarlıq göstərdi.
-Pulu gərək əlbəəl qaytarasan. İndiki zamanada heç kimə etibar yoxdur. Əlimlə pulu verəm sizə, sonra da ayağımla düşəm axtaram. Keçəl suya getməz. Əlbət bir vaxt özüm rastlaşacam, onda da pulu özünə verərəm.
Sonra Vilayətlə “dost”laşdıq. Onun evində “kirayə”də qalmalı oldum. Hətta istirahət etmələri üçün şəhərdən ailəmi də gətirdim. “Qoy gəlib bir az istirahət etsinlər, dağ havası alsınlar” deyə düşündüm. Vilayət otağın birini bizə ayırdı.
-Aylıq kirayə haqqı nə olacaq? – deyə soruşduqda o, üzünü turşutdu.
-Biz artıq dostuq, – dedi. – Mənim evimi öz evin kimi bil. Uşaqların ürəkləri nə qədər istəyir, qoy, qalsınlar. Bizim üçün heç bir problem olmaz.
Həmin vaxt qonşularda da şəhərdən gələn kirayənişinlər vardı. Onların kirayə haqları yaşayış yerinə müvafiq olaraq altı – on şirvan arasıydı. Mən də fikirləşdim ki, ayın sonunda on şirvan verərəm. Ertəsi gün Vilayət mənə yaxınlaşdı.
-Aşağı mərkəzə düşəsi olsan, poçta gir. De, qoy telefonumuzu açsınlar. Qışı Bakıda olmuşuq deyə bağlayıblar. Bəlkə uşaqların ürəyi istədi şəhərlə, qohumlarla danışdılar. Bir də əziyyət çəkib aşağı düşüb yuxarı çıxmasınlar. Elə evdən rahat-rahat danışsınlar, – dedi.
Ağlıma batdı. Evdə telefonun olması, özü də kənd yerində çox yaxşı idi. “Sağ ol, ay Vilayət” deyə ürəyimdə ona təşəkkür edə-edə mərkəzə düşdüm. Poçtda yekəpər bir arvad oturmuşdu.
-Zəhmət olmasa, Vilayətin telefonunu açın, – deyə müraciət etdim.
-Siz onun nəyisiniz?
-Dostuyam.
-Mən ona dəfələrlə xatırlatmışam. Özü bəlkə on dəfə burda olub. Telefon borca görə bağlanıb. Gərək borc ödənə ki, telefon da açıla. Düz bir ildir ki, telefon bağlıdır. Sadəcə istəyən olmayıb. İstəyən olsaydı nömrəni çoxdan başqasına satmışdıq.
-Nə qədər borcu var?
-Dəftərə baxım, indi deyərəm. – Yekəpər arvad siyirmədən dəftər çıxardıb vərəqlədi. – Vilayət Talıbov, dörd şirvan iki məmməd.
-Olar ki, yarısını indi ödəyim, açasınız, danışaq. Yarısını da ayın axırında, maaşı alanda ödəyərəm.
-Olar, ancaq yarısını yox, heç olmasa üç şirvan ödəyin.
Cibimdən üç şirvan çıxardıb ödədim.
-İndi tapşıraram, açarlar.
Evə qayıdanda öyrəndim ki, telefon yenə işləmir. Bu dəfə nasazlıq xəttdən idi. Yenidən poçta qayıdıb montyor çağırtdım. Bir şirvan da ona ödəyib xətti bərpa etdirdim.
-Xətlər çox köhnədir. Təzələməsəniz, alınmayacaq. – deyə montyor bildirdi. – Həm də telefon aparatı özü xarabdır. Yenisini almasanız danışa bilməyəcəksiniz.
Daha evdə oturub şəhərlə, yaxud digər yerlərlə danışmaqdan vaz keçdim. Yaxşısı poçta gedib danışıq sifariş vermək idi. O da hər gün danışmayacaqdıq ki! Lazım olandan olana danışacaqdıq.
Həftə sonu Vilayət gözümə dəymədi. Arvadı Narıngül bacı da çox qaşqabaqlı görünürdü. Başına da çalma bağlamışdı. Çox hirsli idi. O tərəfə gedib hirsini pişiyin üstünə tökürdü, bu tərəfə qayıdıb söylənirdi.
-Vilayət qardaş hardadır? – deyə soruşdum.
-İçəridə yatır.
-Xəstə-zad deyil ki? – Narahatçılığımı bildirdim.
-Xəstə olsaydı nə dərd idi ki. Bir stəkan moruq mürəbbəsi ilə çay içirdəcəydim, durub gedəcəkdi işinə-gücünə.
-Bəs dərdi nədir?
-Bu gün qonşu Mahirin oğlunun toyudur. Pulu yoxdur ki, toya getsin. Hirsindən yorğan-döşəyə girib. Deyirəm, bəlkə siz əlborcu ona beş şirvan verəsiniz, qonşulardan ayıbdır, gedə toya, sonra qaytarar.
-Hə, nə olar. – Heç düşünmədən cibimdən beş şirvan çıxardıb ona verdim. O dəqiqə də qaşqabağı açıldı.
Bir saatdan sonra Vilayət fıştırıq çala-çala kostyumunu geyinib o biri məhlədə yaşayan Mahirin böyük oğlunun zurnası çalınan toyuna getdi.
Ayın tamamında Narıngül arvad yenə də özündə-sözündə deyildi. Qaşqabağı yer süpürürdü.
-Yenə nə olub, ay Narıngül? – Bu dəfə yoldaşım soruşdu.
-Qara yel olub, əsib üstümə. Odey Kamal gəlib, qapını kəsib. Vilayət də çölə çıxa bilmir. Çıxsa dalaşacaqlar. Şərikli iş götürüblər. Sonra işin yarısında Kamalın başqa işi çıxıb, ora gedib. Vilayət də zəhmətinin haqqın alıb, gəlib evə. İndi gərəkdir ki, Kamal gedib başladıqları işi qurtarsın ki, pulunu da ev yiyəsindən ala bilsin.
-Kamal nə qədər pul istəyir?
-Mən nə bilim? Vilayət ev yiyəsindən iyirmi beş şirvan pul alıb. İndi Kamal da dirənib ki, pulun yarısı mənə çatmalıdır. Ən azından, heç olmasa on şirvan verməliyik ki, əl çəkib çıxıb getsin.
Həyətə düşüb Kamalla görüşəsi oldum. Kamal Arıqıran kəndindəndi, şifer ustasıydı. Sən demə, Vilayət Paz Canbizdə yaşayan Qəzənfər kişinin evinin üstünü şiferləməyi yüz şirvana danışıbmış. İşi başlayıblar, çardağı qaldırıblar ki, Kamala evlərindən nə xəbər gəlibsə, o, iki günlüyə kəndə qayıtmalı olub. Vilayət də Qəzənfər kişidən əlli şirvan pul alıb ki, Kamala pul lazımdır. İndi də gedib işin gerisinə kömək eləmir. Deyir, çardağı mən qaldırmışam, əlli şirvanımı almışam. Kamal da gedib şiferi vursun ki, pulun qalığını alsın.
Əlqərəz, iyirmi gün ərzində iki aylıq kirayənin pulu məndən çıxarılandan sonra oradan təcili uzaqlaşdım ki, özümü sonrakı xərclərdən qoruya bilim, atalar “ziyanın yarısından qaç” deyiblər. Amma talenin yazısından, Vilayətin torundan qaça bilmədim. Qızıl yatağı aşkar etdiyimizdən geoloji kəşfiyyat aparacaq dəstənin qalması üçün paraxlar tikdirməli oldum. Artıq payız düşmüşdü. Vilayətin də ailəsi, mənim də ailəm daxil olmaqla istirahətə gələnlərin hamısı şəhərə qayıtmışdılar. Kənddə adam seyrəlmişdi. Usta axtarırdım ki, yenə də Vilayətlə rastlaşdım. Onun “köməkliyi” ilə bir neçə usta tapdım və işə başladıq.
-Başqa yerdə qalma. Axşam evə gəl. Onsuzda mən də tək qalıram. Arvad-uşağı şəhərə yola salmışam, – deyə təkidlə təklif etdi və mən də əlacsız qalıb razılaşdım.
Axşam saqqızımı oğurlaya bildi, ertəsi gündən Vilayəti də işə cəlb etdim. İkimiz işə bir yerdə gedir, bir yerdə qayıdırdıq. Paraxları tikdirdiyimiz yer çox da uzaqda deyildi. Odur ki, piyada gedib, piyada gəlirdik. Yolüstü maşın düşəndə bizi götürən də olurdu, götürməyən də.
Bir gün işdən qayıdanda gördüm ki, Vilayət bir ovuc mismar götürüb qoydu cibinə. Özümü görməməzliyə vurdum. Növbəti gün eyni hadisə təkrarlananda dilləndim.
-Vilayət, belə iş görmə. Sənə mismar lazımdırsa, mənə de. Maşınımız gələndə bir yeşik verərəm, aparıb qoyarsan zirzəmiyə.
-Yox, yox, bir yeşik mismar mənim nəyimə gərəkdir? Bir-iki yeşik var, taxtaları çıxıb, onları mismarlamaq üçün beş-on dənə götürdüm, – dedi.
Aradan bir müddət keçdikdən sonra nə iş üçünsə zirzəmiyə girdim. Vilayət də orada idi. Cibindəki mismarları üçüncü yeşiyə doldururdu. Hər gün bir cib mismar gətirməklə artıq iki yeşiyi doldurmuş, üçüncüyə yığmağa başlamışdı.
-Vilayət, bu nə hərəkətdir? – Mən hirsləndim, aradan pərdə götürülmüşdü deyə ağzıma gələni ona dedim. – Mən sənə dedim axı. Mismar lazımdır, bir yeşik verim, apar.
-O mənə sərf eləməzdi. – Gülə-gülə, heç nə olmayıbmış kimi cavab verdi. – Bir yeşik mismar mənim harama çatacaqdı?
Vilayətin çox əməllərini gördüm. Ancaq bir gün…
Arvadı şəhərdən qayıdıb gəlmişdi.
-Xeyir ola, arvad nə yaxşı qayıdıb? – deyə soruşdum.
-Üç gündən sonra anamın il mərasimidir. Evdə yır-yığış etmək lazımdır. Həm də hazırlıq görməliyik. – deyə çox məyus halda cavab verdi. – Ehsan vermək lazımdır, pul da yoxdur. Heç bilmirəm, neyləyim.
-Az adam çağır.
-Nə qədər az çağırsam, yenə də iyirmi-otuz nəfər olacaq.
-Mən sənə on şirvan verirəm, halal xoşun olsun, ananın ehsanına xərclə. Allah anana rəhmət eləsin, goru nurunan dolsun. Axırıncı qəminiz olsun.
-Çox sağ ol. Sən mənə həmişə dayaq olmusan. Allah səndən razı olsun. – deyə məyus-məyus dilləndi. – Yaxşılıq eləmisən, gəl axıradək elə. On şirvan da borc ver, onu mütləq qaytaracam.
Anasının ilindən iki gün sonra işdən qayıdanda Vilayətin qapısını bağlı gördüm. Qonşusu Fatma xala dedi ki, nə iş olmuşdusa təcili çıxıb Bakıya getdilər. Bir də yazağzı, əkin vaxtı gələcəklərini dedi.
Çox keçmədi ki, mən də işimi yekunlaşdırıb şəhərə gəldim. Elə o vaxtdan Vilayətin sorağındaydım. Gözüm hər yerdə onu axtarırdı. Nəhayət tapmışdım. Odur ki, buraxmaq istəmirdim. Söhbət itirəcəyim on şirvanda deyildi, sadəcə aldadıldığımı qəbul edə bilmirdim.
…Konfransdan çıxan kimi birbaşa ora gəldim. Gözləmək istəmədim, bir az da tez gəldim ki, yanında olum. Ondan nə desən çıxardı. Mən ora çatanda saat altıya qalmışdı. Vilayət isə görünmürdü. Səki daşları sökülüb hər tərəfə yayılmışdı. Mağaza müdiri də ora-bura vurnuxur, deyəsən onu axtarırdı. Məni görən kimi üstümə gəldi.
-Usta necoldu?
-Mən hardan bilim necoldu? – Mən də nə baş verdiyini anlamadan suala-sualla cavab verdim.
-Sən onun qonşusu deyilsən?
-Yox.
-Bəs günorta onunla danışan sən deyildin?
-Mən idim.
-Usta səninlə danışandan sonra mənim yanıma gəldi. Dedi ki, uşaq yıxılıb, nə isə olub. Sağ olsun qonşum ki, onu həkimə aparıb. On şirvan pul ver, verim ona gedib dava-dərman alsın. Mən də qalım sənin işini yekunlaşdırım. Sonra çölə çıxdı, səninlə binanın tininə getdi və yoxa çıxdınız.
-Mən getdim, o, isə işini görmək üçün qaldı.
Mən gedəndə geriyə də baxmamışdım ki, görüm, o, işinə qayıtdı, ya yox. Görünür, məni yola salan kimi özü də aradan çıxıb. Hər ikimizi aldatmağı bacarıb. Deyirəm axı, camaat ona elə-belədən ad qoymazdı. Sən demə, dünya görmüş Ləzim kişi də məni adi ləqəb qazanan kişinin yanına göndərməyibmiş. Tülkü ləqəbini hər oğul qazana bilməz.