Onda Nəcməddinin üç yaşı olardı. Ermənilər onların yaşadığı kəndi işğal etdilər. Ailəliklə kənddən çıxıb Arazın qırağına gəldilər. Çayın sahili yurd-yuvalarını məcburi tərk etmiş adamlarla dolu idi. Orada maşınlar, traktorlar və heyvanlar da vardı. Ermənilər qonşu kəndləri də işğal etmişdilər. Hamı o taya adlamaq üçün çayın qırağına yığışmışdı. Gecəni yılğın kollarının arasında birtəhər keçirib səhər tezdən çayı İran tərəfə adladılar. Sonra kimin gümanı hara gəldisə oraya da üz tutdu. Odur ki, Nəcməddingilin ailəsi Bakıya, əmisi uşaqları Şirvana, bibisigil isə Göygöl şəhərinə getdilər. Bunları Nəcməddin xatırlamırdı. Amma anası dönə-dönə danışdığından, sanki bütün olub-keçənlər yuxu kimi də olsa onun gözünün qabağına gəlirdi. Hər dəfə də anası bunları danışanda o, hirslənir və deyirdi.
-Qoy bir böyüyüm, gedib erməniləri tutacam və soruşacam. “Ay erməni, biz sənə nə etmişdik ki, bizi kəndimizdən köçürdünüz?” İndi yay tətilində getməyə kəndimiz yoxdur.
Yaxın qohumlardan kimsə şəhərə gələndə onlara dönürdü deyə Nəcməddin yavaş-yavaş qohumlarını tanımağa başlayırdı. Amma bibisigildən heç kim şəhərə gəlməmişdi deyə onları görməmişdi.
-Bibimgil niyə gəlmirlər, onları görəm? – Nəcməddin tez-tez bu sualla anasına müraciət edirdi.
-Bibingil heyvan saxlayırlar. Ona görə də şəhərə gəlmirlər. Bəs onlar şəhərə gəlsə qoyunları kim otarar? Keçiləri kim sağar? Sən böyüyərsən, gedib onları da görərsən.
Nəcməddin bununla razılaşmış və böyüməyə tələsmişdi.
Nəhayət, dördüncü sinifi bitirib yay tətilinə çıxanda Göygölə getmək istədiyini bildirdi. Həmin vaxt onun on yaşı tamam olacaqdı. Dedi ki, daha mən böyümüşəm. Yay tətilini gedirəm Göygöldə keçirəm. Atası ilə anası çox düşünüb-daşındıqdan sonra qərara gəldilər ki, göndərsinlər. Özünü də yaxşıca başa saldılar. Atası Bahadur telefonla zəng vurub Məhərrəmi də xəbərdar etdi.
-Sən narahat olma. Qatarla yola sal, gəlsin. Özüm Gəncədə onu qarşılayaram. – Məhərrəm də onu belə arxayın etdi.
Bahadur Nəcməddini yola salanda vaqon bələdçisinə tapşırdı ki, uşağı gözdən qoymasın. Özü də arxasınca gələn olmasa yanından uzağa buraxmasın. Bələdçi də razılaşdı.
Amma səhər-səhər qatar Gəncəyə çatanda Nəcməddin qatardan düşdü. Gələnləri qarşılayanlara ha diqqət etdisə də Məhərrəmi ayırd edə bilmədi. Bir müddət vağzalın qabağında o tərəf-bu tərəfə gəzişdikdən sonra vaqona qayıtmaq istədi, axı atası onu bələdçiyə tapşırmışdı. Bələdçini isə harasa çağırmışdılar, vaqonda yox idi. Elə istəyirdi yaxınlaşıb minsin, vaqonları qoşub hara isə apardılar. Nəcməddin heç kimdən soruşmaq istəmirdi, qorxurdu ki, onun uşaq olduğunu görüb aldatsınlar. Hamı, hətta taksi sürücüləri vağzaldan dağılışıb gedəndən sonra Nəcməddin oturacaqlardan birində əyləşib gözləməyə başladı.
Bu vaxt bir kişi vağzalın içindən çıxıb qatar yoluna tərəf qaçaraq gəlirdi. Nəcməddin onu görən kimi oturacaqdan qalxıb qarşısına qaçmağa başladı.
-Məhərrəm dayı. – Ucadan dedi ki, eşitsin. Onlarda böyüklərə hörmət olaraq kişilərə “dayı”, qadınlara “xala” deyə müraciət edirdilər. Hər halda valideynləri Nəcməddini belə öyrətmişdilər. – Mən burdayam. Nəcməddin.
Məhərrəm əvvəlcə əlini ürəyinin üstünə qoyub dərindən nəfəs aldı. Sonra asta addımlarla yaxınlaşıb Nəcməddinə əl uzatdı. Əyilib onun üzündən öpdü.
-Mən də elə bilirdim, balaca uşaqdır. Sən daha böyük oğlansan. – deyə onun başını sığalladı. Nəcməddin gülümsədi. – Əvvəla, bağışla ki, gecikdim. Yolda maşının təkəri buraxdı. Dəyişməli oldum. Bunun üçün də damkrat axtarırdım, özümdə yox idi. İkinci də, sənə əhsən ki, heç yana getməmisən, burda durub məni gözləmisən. Görünür, təhlükəsizlik qaydalarını bilirsən.
Nəcməddin gülümsündü, baxmayaraq ki, bunu birinci dəfə idi eşidirdi. Amma o, şəhərdən gəlirdi. Kənddə yaşayan bibisinin ərinin yanında özünü elə göstərdi ki, guya bunların hamısını bilir.
-Üçüncüsü isə, sənə iradlarımı bildirirəm. – Məhərrəm dayı ciddi görkəm aldı. – Sən axı məni əvvəllər heç vaxt görməmisən, hardan bildin ki, mənəm sənin arxanca gələn? Bəlkə mən uşaq oğrusuyam, banditəm?
-Bəs mən neyləməliydim? – Nəcməddin çiyinlərini çəkib dodaqlarını büzərək soruşdu.
-Mən özüm sənə müraciət edənə kimi lazım idi gözləyəsən. Bu halda da bir qayda var. Əgər mən sənə öz adınla müraciət etsəydim, onda hər şey aydın olardı. Bilərdin ki, arxanca gələn mənəm. Heç bir aydın olmayan məsələ qalmazdı. Bir də əgər sən soruşsaydın ki, mənim adım nədir, burada qəribə heç nə olmazdı. Mən sənə sayıqlığına görə təşəkkür edərdim. Sən özün məni çağırdın. Həm də bu azmış kimi öz adını dedin. Mənim yerimə oğru, bandit olsaydı da, fürsətdən istifadə edib deyərdi hə, bu mənəm, gəl gedək. Baxmayaraq ki, onun adı da, məqsədi də başqa cür ola bilərdi.
-Bəlkə elə mən özüm də fırıldaqçıyam. – Qəflətən Nəcməddin əks sual verdi. – Siz bunu haradan və necə biləcəkdiniz?
-Çox düzgün sualdır. – Məhərrəm dayı gülümsündü. – Bu halda vəziyyət necədir? Daha çox təhlükə kimdən ola bilər, yaşca böyükdən kiçiyə, yoxsa kiçikdən böyüyə? Ona görə də sən məni mütləq yoxlamalıydın. Aydındırmı?
-Aydındır! – Nəcməddin sakitcə cavab verdi və başının işarəsi ilə dediyini təsdiqlədi.
Məhərrəm dayı bir əli ilə Nəcməddinin çantasını götürüb, digər əli ilə onun əlindən tutaraq vağzala tərəf getdilər. Qapıdan içəri keçəndə qəribə mənzərə ilə rastlaşdılar. Vağzalın binası adamla dolu idi.
-Bu nədir? – Nəcməddin soruşdu.
-Qatarların yola düşmə vaxtını dəyişiblər. İndi əlində bileti olan adamlar vağzalın binasında ən azından bir saat yarım gözləməli olacaqlar.
Məhərrəm bunu deyib Nəcməddini qabağa buraxdı. Qabaqda Nəcməddin, arxada isə Məhərrəm adamların arası ilə keçib getdilər. Nəcməddin kürəyinin arxasından ancaq: “düz, sağa, sola” sözlərini eşidirdi. Nəhayət onlar vağzalın ikinci qapısına yaxınlaşdılar. Küçəyə çıxan kimi Məhərrəm yenə də Nəcməddinin əlindən tutub onu saxladı.
-Belə vəziyyət üçün də bir qayda var. – dedi. – Kütlənin, izdihamın içindən necə keçmək lazımdır? Əlbəttə ki, kütlə sıx olsaydı, mən qabaqda gedib yol açmalı idim. Amma burada seyrəklik idi. Həm də mən sənin çantanı götürmüşdüm. Odur ki, səni qabağa buraxdım və böyrü üstə gələrək gözdən qoymamağa çalışdım.
Onlar həyətdə dayanan maşınlardan birinə yaxınlaşdılar. Məhərrəm dayı cibindən açar çıxardıb maşının qapısını açdı. Nəcməddinin çantasını arxa oturacağın üstünə qoydu. Sükan arxasına keçib mühərriki işə saldı. Nəcməddin də keçib arxa oturacaqda oturduqdan sonra yola düşdülər.
-Bax, sən düz elədin ki, arxa oturacaqda oturdun. – Mərkəzi küçəyə çıxmışdılar ki, Məhərrəm dayı dilləndi. – Bu da bir cür qaydadır. Yaxşı, Nəcməddin, de görüm, izdihamın içində bir-birimizi itirsəydik, sən nə edərdin?
-Bilmirəm. – Nəcməddin çiyinlərini çəkdi. – Çalışardım ki, dayanam durduğum yerdə. Bu mümkün olmadıqda qayıdardım qapının ağzına, yəni həmin yerə. Hansı ki, izdihamda hərəkətimizi başlamışdıq.
-Çox düzgündür. – Məhərrəm dayı əlinin birini sükandan ayırıb yuxarı qaldırdı. Baş barmağı ilə “əla” işarəsini verdi. – Alqışlar olsun sənə.
Yolboyu Məhərrəm dayı söhbətlər edir, Nəcməddin isə yalnız bir şey barədə düşünürdü: “Görəsən, Məhərrəm dayı rayonda təsərrüfat saxlamaqla, qoyun otarmaqla təhlükəsizlik qaydalarını hardan bilir?”
Göygöl şəhərinin yaxınlığında fərdi təsərrüfat saxlayan bibisi Narıngül oğlanları ilə onları qarşılamaq üçün məhəllənin qabağındakı yola çıxmışdılar.
-Gəlib çatdıq. – Məhərrəm dayı onların yanına çatıb maşını saxladı və dönüb hələ də fikir-xəyal aləmindən ayrılmayan Nəcməddinə baxdı. – İnanıram ki, burda çox gözəl bir yay tətili keçirəcəksən. Həm də yeni təhlükəsizlik qaydalarını öyrənəcəksən. Axı kəndin də öz təhlükəsizlik qaydaları var.