TARİXƏ SIĞIŞMAYAN BİR MÜDHİŞ GECƏ — VAQİF OSMANLI

Tarix

VAQİF  OSMANLInın l Qarabağ savaşının qəhrəmanları, «Başkənd» əməliyyatının fəal iştirakçıları olmuş igidlər, onların keçdikləri həyat yolları barədə, o cümlədən, igid döyüşçü və şair Cavanşirin yaradıcılığı barədə yazısını təqdim edirik.

Onların amalı azadlıqdır. Azadliq mücahidi Şeyx Şamilə görə, Vətənin xilası və istiqlalı yolunda cəhd göstərmək və vuruşmaq lazmdır. Onlar da bu yolu ömürlərinə “yol xəritəsi” seçiblər. “Cavanlığı, gəncliyi tufandan, çovğundan”, ölüm qoxulu səngərdən, qan-qadadan keçən iki cəbhədaşın, arxadaşın, səngərdaşın, qandaşın — üç dəfə Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli ada təqdim olunan, “necə ki, torpaqlarımız işğal altındadır” — deyib, bu addan imtina edən Əmrah Cabbarlının və həm silaha, həm də sözə sarılan, duyğularını poetikləşdirməyə bacaran Cavanşir Qənbərin döyüş yolunu qazi şair özü Şınıxdakı bir müdhiş gecənin olayları timsalında işıqlandırır, söz-söz, sətir-sətir incələyir, “sözü qızıl kimi xırdalayır”. O, tarixə sığışmayan bir müşhiş gecəni kiçik bir poemaya sığışdırmağa çalışıb.

Birinci Qababağ savaşının nankor qonşularımızla mücadiləsinin bir gecəsində cərəyan edənləri — tarixi həqiqətləri cəsarətlə təsvir edir qazi-şair. Barıt qoxulu bu təsvirlər canlıdır, inandırıcıdır, qəlbgöynədəndir, təsiredicidir. Bunları ancaq həmin o gecənin canlı şahidləri, bir az da obrazlı desək, bu gün bizə örnək olan canlı “şəhid”ləri görə, duya, yaza bilər, “yaddaşında xəzinə yatanlar, ömrünü səngərdəki qum torbalarına bənzədənlər (uğurlu bənzətmədir — V.O.), yaxası dəmir-dəmir əllərdən keçənlər”, gəncliyini Vətən, el, yurd üçün  şam kimi əridib azadlığa yol açanlar, bütövlük, müstəqillik üçün xərcləyənlər, “saf arzuları Arazı adlayıb keçənlər, gözündə həsrət yaşı” saxlayanlar belə inandırıcı təsvir edə bilər.

Cavanşir Qənbərə görə, Əmrah Cabbarlı kimdir? “Düşmənin önündə Bozqurddu, ağılda, qüdrətdə Qorquddu, Ər dağının ərənidi, toplar ilə “Cəngi” çalan, Türkün düşmənindən qisas alan” Vətən oğludu. Əmrahın — “o qurdun dağlar üstəki yuvasına — Türk  yurduna” tamah salmışdı düşmən. O quduz tamahı dibindən kəsdi Əmrah və döyüş dostları. O nankor bədbəxtlər — xaricdəki havadarlarına aldanılıb üstümüzə qısqırdılanlar bilmirdilərmi ki, Oğuz yurduna gözünün ucuyla belə baxanlar nəinki üfunətli arzularından, canından, gözündən də məhrum olacaqlar.

Cavanşir Qənbər “ömründən-günündən keçən illərin bir müdhiş gecəsini hərb tariximizə elə həkk edib ki, həmin gecənin bir qəhrəmanının nərəsini mən indi də eşidirəm, qürurlanıram, özümə dönürəm, cəsarətlənirəm, qoluma qüvvət, gözlərimə işıq, dizlərimə təpər gəlir, qəlbim düşmənə nifrət alovu ilə silahlanır.

Bəli, axarlı-baxarlı Şınığın bir müdhiş avqust gecəsində Ay da qızarıb “qan çanağı”na dönmüşdü. Gəncliyi nəmli səngərlərdə, cəbhədaşların “mini metro”su blindajlarda keçən Vətən oğulları “öndəki çaqqal gözlü qorxaq düşmənlə üz-üzə, nəfəs-nəfəsəydi.

Yanan güllələrin alov dilləri,

Qaranlıq havada çiçək açırdı.

Həmin gün Şınığın məşhər günüydü,

Ayaqlar altından torpaq qaçırdı.

Xroniki “böyük Ermənistan” azarının anlaqsız daşıyıcıları “silah-sursat sarıdan qat-qat güclü olsalar da, igidlərimizə geri çəkilmək əmri verilsə də”, Vətən eşqi, el qeyrəti, düşmənə nifrət, intiqam hissi onları düşmənin üzərinə şığıyan dağ qartallarına, cəsarətli pələngə çevirmişdi. Ancaq kimlərsə fürsətdən yararlanmağa macal tapmışdı:

Allah igidləri sınağa çəkib,

O gün qaçanlara fürsət vermişdi.

Bu da müharibənin sərt və eybəcər üzüdür. Qaçmaq həmişə igidlikdən deyil axı. Od-alov içində, güllə yağışında döyüşçü dostlarını darda qoyub qaçmaq həmişə lənətlənib.  “Lənətə gələsən!”dən ağır qarğış varmı? Ancaq nə yaxşı ki, Allahın alqışına layiq oğullar da varmış:

Faiq Mahmudovun sağ cinahından,

Bir sel adlamışdı Başkəndə sarı.

Əlbəttə, belə coşqun selin qabağında çör-çöp necə dayana bilərdi? Düşmən qorxu içindəydi. Ancaq arada hüznlü xəbərlər də gəlirdi: “Motudərədə Məzahir (Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov — V.O.) Vətənə qurban getmişdi”.

Müharibə insan xislətinin, xüsusilə Vətən sevgisinin, hünərinin, şücaətinin ən dəqiq indikatorudu. İgidlər irəli gedəndə qorxaqlar geriyə qaçırdı. Kim kimdir sualına çətin anlarda cavab tapmaq daha asan olur:

Döşünə döyənlər can hayındaydı,

Tovuza qaçsalar bir dərd yarıydı,

Bəlkə də lap Kürün o tayındaydı…

… O günü dovşantək qaçan gədələr,

Sən demə sonradan qurd olasıymış…

Cavanşir Qənbər dağların başında — “zirvədə Vətən qardaşını, söykəndiyi dağlara tən qardaşını, ürəyində yurd yeri, saçında dən qardaşını tək qoymadı, iki aslan bir-birinə dayaq oldu, çiyin-çiyinə, kürək-kürəyə dayanıb düşmənin üstünə yeridi. Əmrah-Cavanşir tandeminin və digər Vətən oğullarının cəsarəti düşməni lərzəyə saldı, çaqqal xislətli yağı pərən-pərən düşdü.

Dağların başında bir qurd görürdüm,

Düşmənin bağrına od qalayırdı.

Bütün postlarımız sussa da yenə,

Qaradağ postunda qurd ulayırdı…

Dağlara sığınmış bir Vətən oğlu,

Türkün düşmənindən qisas alırdı.

Babək yuxusunu qatmışdı yəqin,

Cavadxan ordaydı həmin o gecə.

Səttarın, Bağırın ruhu Şınıxda,

Türk yurdu dardaydı həmin o gecə…

… Yerlər də, göylər də Haqqa can verir,

Qorxaqlar yaşayır… ölürlər, dostum.

İgidlər yaşamır, imtahan verir,

İmtahan anıydı həmin o gecə.

Elə bil gəlirdi dağ dağın üstə,

Mərmilər adamı peşman edirdi,

Bir az gec uzansan torpağın üstə...

Bu misraları oxuyanda sanki savaş filminə baxdım. Elə yazılıb, elə çəkilib ki, saxtalıq, sünilik, pafos ona yaddır, “rejissor”u, ssenari müəllifi təcrübəlidir. Çünki gözünün gördüyünü, ürəyinin duyduğunu qazi şairin vicdanlı qələmi yazıb. Cavanşir Qənbər sözünün ağasıdır, tankın topu, xain düşmənin kor gülləsi qorxutmayanların həqiqəti söyləmək cəsarətini kim əlindən ala bilər ki? Həqiqət çılpaqlığı ilı gözəl və əbədiyaşardı, yalan min bir bəzəkli donda olsa da, həmişə gözü kölgəlidir, müəllifini də başıaşağı edir. Cavanşirlərin, Əmrahların və onların məsləkdaşlarının həmişə başı uca, üzü ağdı. Buna səbəb onların həqiqətə aşiqliyidi.

Torpağı, Vətəni satan kişilər,

Bərk-bərk yapışmışdı bir baş tacından.

Torpağın üstündə oyun gedirdi,

Vətən dilim-dilim parçalanırdı.

Təkcə adamlara güllə dəymirdi,

Vicdanlar, mənliklər yaralanırdı…

Birinci misradakı “kişilər” sözündəki kinayəni anlamaq çətin deyil. “Rusların Qarabağ hədiyyəsindən” “qeyrət”ə gələn ermənilər eyforiyadaydı. Qeyrət kimi qürurverici əxlaq dəyərimizi xain düşmənə aid edəndə ona görə dırnaq arasında yazıram ki, bu ülvi duyğu, əxlaq kriteriyası düşmənlərimizə yad məfhumdur. Onların lüğətində bu sözə yer yoxdur, xislətlərinə qeyrət, namus hissi yaddır. Eləcə də sapı özümüzdən olan satqınlarda, qorxaqlarda, fərarilərdə, tamahının qulu olanlarda da. Nə yaxşı ki, xalqımızın satqınları tək-tük, Vətənə canını fəda etməyə hazır olanları, cəsarətliləri minlərlə, milyonlarladı. “Şınığı çiynində saxlayan başçı Sənan Quliyev, əyinlərinə kəfən geyib” döyüş meydanına atılan  Sabir Məmmədlinin (Könüllü Tələbələr Dəstəsinin komandiri) döyüşçüləri — Vətən ağrılarını canında gəzdirən şirin gülüşlü Həsən (qazi zabit — V.O.), KTD-nin döyüşçüləri Məhər, Şayəddin, Eyvaz kimi oğullar hər gün doğulur ki, Vətən yaşasın. Bizə Zəfər şirinliyini belə oğulların oğulları, qohum-əqrəbası, Vətən eşqi ilə böyüyən Azərbaycan igidləri daddırdı, yaşatdı, qazi şair Rəfail Tağızadənin təbiriylə desək, ərənlər məğlub adımızı üstümüzdən götürdülər, biz qalib ölkənin vətəndaşı olduq.

Hələ açılmamış sirli qapılar,

Tarix yavaş-yavaş işıq saçacaq.

Bu gün mən gördüyüm o qapıları,

Bilirəm, haçansa balam açacaq…

Nə olsun ki, bu gün də sifarişlə tarix yozan var. Ancaq unutmayaq ki, həqiqətin üstünü heç vaxt toz basmır. Həmişə həqiqətdən qorxanları, qaçanları parıltısı ilə kor edir. Qazi-şair də

Bir qarın çörəyə, beş manat pula,

Saray kölgəsində tarix yazan var —

deyəndə belə tarixbazların az qalır heyrətdən gözləri hədəqəsindən çıxa və fikirləşirlər ki, yəqin məni deyir, görəsən bunu hardan bilir. Gözüyumuq tarixçi hardan bilsin ki, eşqi, qeyrəti, cəsarəti olanların üçüncü gözü də var.

Kimsə unutsa da, dağ-daş unutmur,

Unutmur Əmrahtək qəhrəmanları!

Bəli, unutqandan, manqurtdan fərqli olaraq dağların dağ yaddaşı var, elə Vətən savaşının qəhrəmanlarının da.

Tarix öz gərdişindədir, nə qədər insan övladı var, qəhrəmanı da, qorxağı da, satqını da var. Nə yaxşı ki, Oğuz-Türk yurdunun anaları — Babəkləri, Cavad xanları, Çingizləri, Natiqləri, Mübarizləri, Poladları, Əmrahları daha çox doğub, satqınları qələmi ilə qamçılayan Cavanşirləri də. Qazi şair, doğru deyirsiniz: “Millətin haqqıyla oynamaq olmaz!” Həmişə:

Dar gün meydanda igidlər qalır,

Qaçanlar sonradan qəhrəman olur…

… Əmrah dayanmışdı topla, tüfənglə,

Önündə bir bölük düşmən dəstəsi.

Gurladı o gecə səhərə kimi,

Nə topu susmadı, nə də ki, səsi.

O gün haqq səsinə kor-kar olanlar,

Əmrah sədasına şəkləndi yenə.

Düşmənin önündə tək qalan igid,

Bu gün də meydanda təkləndi yenə…

Qəhrəmanların, elin-obanın, Ana Vətənin dar günündə ulu Tanrı xilaskarlar göndərir. Onlar Simurğun lələyi kimidir, haraya çağırış sədası eşidəndə həqiqətin dadına çatırlar. Belələrindən biri də Mehman Səlimovdur (Müdafiə Nazirliyinin keçmiş işçisi).

Arxivdən çıxartdı təqdimatları,

Yenə mərd dayandı həmin bu oğlan…

O qədər işığa hürüyən var ki,

O qədər döşündə Vətən gəzdirən,

O qədər torpaqda çürüyən var ki...

Hürə-hürə quyruq bulayanlar, başqalarının yal qabında yal axtaranlar, hələ də öz ampluasındadırlar. Ancaq qızılı gizlətmək çətin işdi, hər an saflığını, işığını, parlaqlığını göstərib, həqiqətə xor baxan kor yapalaqların gözlərini işığa həsrət qoya bilirlər. Belə qızıllardan biriydi Əmrah — “elin dərdini çəkə-çəkə Örükdaşdan, Başkənddən keçən, Qarabağı qarış-qarış gəzən, sinəsində orden yerinə çeşidli-çeşidli qəlpələr gəzdirən” Şınıx əfsanəsi.

Orden də dəmirdi, qəlpə də dəmir,

Biri pencəkdədir, biri ətdədir.

Vətəni sevənə heç fərq eləmir,

Tanrının hesabı qiyamətdədir.

Hələ 2500 il əvvəl qədim yunan müdriklərindən biri Demokrit “igidlik taleyin zərbələrini heçə endirir” — deyirdi. Düşünürəm… Tanrının hesabının vaxtı çatmayıbmı? Yoxsa, məmur bəndələr Tanrının səsini eşitmək istəmirlər? Üç dəfə Azərbaycanın Milli Qəhrəmanı adına təqdimatı verilən bir Vətən oğlunun haqqının verilmə vaxtı çatmayıbmı? Qəhrəman oğul təvəzökar olanda haqqı yeyilməlidirmi? İgid təvəzökar olar da. Axı müzəffər Ali Baş Komandanın, qalib Azərbaycan ordusunun, dövlət və xalq həmrəyliyinin bizim başımıza uca edən Zəfər günümüzdən, qürrurverici anlarımızdan az qala dörd il keçir. İndi Əmrah da qaliblər qalibidir, halal haqqına qovuşmalıdır. O, xalq qəhrəmanıdır, qalıb rəsmi təsdiqi. İnanırıq ki, o gün uzaqda deyil. Onun sinəsi orden, medal, qəhrəman ulduzu üçün göynəməsə də, halalıdır axı…

Əmrah kimilər əbədi yaşamağa layiq olduqlarını çoxdan təsdiq ediblər. Yaşayacaqlar da…

 

VAQİF OSMANLI

                                                                                                                      13.08.2024

Qiymət