Qayığın sükanı arxasında özünü «köklü Sibir tatarı» adlandıran iri gövdəli ən köhnə dostlarımdan olan Rüstem (Hörmətli oxucularımıza asan olsun deyə, bu sibir tatarları dialektinə uyğun olan “Rüstem”-i “azərbaycanlaşdıraraq, “Rüsdəm” kimi səsləndirək.) dayanmışdı. Sol qaşından başlayaraq çənəsinə qədər enən çapıq yeri onun üzünə çox ağır kobudluq versə də, Rüsdəm gözəl, mülayim təbiətli, xoş ürək bir insandır. Üzündəki bu çapığın tarixi də bizim dostluğumuz tək keçən əsrin 80-ci illərinə gedir.
İndi səfərə çıxmağımıza isə səbəb bu oldu ki, bir neçə gün qabaq zəng etdi:
— Gəlirəm siz tərəfə, gedək meşəyə bir neçə günlüyə. Həm dincələlk, həm də virusdan uzaq olaq, — dedi.
Yolumuzun bir hissəsini maşınla getməliydik. Rüsdəm qayığını Müslümka adlı kənddə saxlayırdı. Düzünü desəm, qayıqla harasa üzmək istəmirdim. Dostumu başa salmağa çalışdım, xeyri olmadı, razılaşmalı idim. Söhbətin sonunda əlavə etdi:
— Ov edərik, balıq tutarıq, taiganı gəzərik. Səfərdən çox məmnun qalacaqsan …
Müslümkaya girəndə Rüsdəm, ilk əvvəl burada yaşayan köhnə bir dostuna baş çəkməyi təklif etdi. Çoxsaylı pəncərələri olan brusdan tikilmiş bir evə yaxınlaşdıq. Qapının çölündə, əlində bir metrlik taxta parçasını rəndələyən, 50-55 yaşlı, ayağının biri protezli çolaq bir kişi oturmuşdu.
Salamlaşdıq. “Hə, gəldin yenə? Otura bilmirsən evində!”-dedi Rüsdəmə tatarca. Başladı sorğu-suala.
— Həyətə buraxsaydın bizi, orada danışardıq!- Rüsdəm söz vurdu.
— Həyətə, hə, keçin!- səsində soyuqluq hiss olunurdu.
Yarım saat idi oturmuşduq, axır çay gətirdilər. Bərk susamışdım, çay gəldiyinə sevinərək, içməyə hazırlaşırdım ki, Rüsdəm ev sahibinə sual verdi:
— Görürəm, çarmıxa dəri çəkmisən. Sən ki, iki ildir ova getmirsən, o nə dəridir, elə?
— Yaxınlaş, bax. Görüm tanıyarsan?
Rüsdəm yaxınlaşıb dəriyə diqqət yetirdi, 2-3 dəqiqə dayandı. Qəfil qayıdıb kişinin qabağında dayandı:
— Sən, yəni Taranı?.. Nədən öldü, gözəl it idi.
— Nədən öləcək, mən çolağam, ova getmirəm. Nə xeyri onu saxlamağımın. Özüm öldürdüm, papaqsızam, özümə papaq tikəcəm!
Otuz illik tanışlığımda Rüsdəmin gözlərində bu qədər qəzəb görməmişdim! O, gözlənilmədən, əyilib çolağın yaxasından yapışdı, qaldırıb elə silkələdiki, ev sahibinin sağ ayağındakı protez açılıb taqqılyı ilə yerə dəydi. Çolaq tatarca nəsə mızıldadı. Rüsdəm onu arxası üstündə həyətdə otlağa tulladı.
— İt oğlu it (Сукин сын!) Xain, qaraçı əclaf! O sənin həyatını xilas etmişdi!
Çayı içə bilmədik, çıxdıq həyətdən. Rüsdəmin sifəti elə gündə idi ki, mən hansısa sualı verməyə ərk edə bilmədim.
… İki saata yaxın olardı ki, bizim yüngülvari yüklənmiş qayığımız dalğaların üstündə sanki, qanadlı quş idi, uçurdu. Oturacağın kürəyinə söykənərək mühərrikin hündür, eyni zamanda bir ahəngli səsinə qulaq asırdım. Kino kadrları tək tez-tez dəyişən sahil mənzərələrinə baxmaq məni axır ki, yormuşdu. Baxışlarım qayığın arxasınca uzanan, qayıqdan heç cür aralanmaq istəməyən köpüklü izə zillənmişdi. Fikrim bayaqkı söhbətə, Rüsdəmin çolağa dediyi sözlərə qayıtdı. Dostum boş yerə hirslənən, kimə isə əl qaldıran adam deyildi. Demək, səbəb var. Danışacaq nə varsa. Gözləmək lazım idi.
Nəhayət, gölə çevrilmiş bir qol göründü, üz tutduq bu qola. Qayığın sürəti nəzərə çarpacaq dərəcədə yavaşıdı, sahil boyu görükən mənzərələr artıq o qədər sürətlə dəyişmirdi, yalnız çoxsaylı döngələr görkəmi ciddi dəyişirdi.
Burada sahillər yüksək idi. Gölün hər iki tərəfində, qumlu yamacların arxasında olduqca sıx, keçilməz tayqa vardı.
Budur, qayığımız sahilə yan aldı, burnu ilə otlu bir yamaca dirəndi. Mühərriyin haray səsinə son qoyuldu. Biz yerindəyik!
Qayığı çəkib sahildə gözəlcə bərkitdik.
— Qardaşım yəqin ki, yoruldu, — Rüsdəm axır ki, dilləndi.
— Düzdür, sənin tək adətkar ovçu deyiləm. Ancaq elə də bərk yorulmamışam, — cavab verdim.
— Necə düşünürsən, bir az dincələcək əvvəlcə, yoxsa dərhal köçümüzü daxmaya daşıyaq, qurtaraq? — deyə Rüsdəm soruşdu.
— Şübhəsiz ki, köçü başa vursaq daha yaxşı olar. Sonra dincələrik. Mən düşünmürəm ki, çox yorulmuşuq.
Qayıqda nəyimiz vardı düşürdük. Rüsdəmin ovçu daxması sahildən iki yüz metr aralı açıqlıqda qoyulmuşdu. Bütün yükümüzü daşıyıb yığdıq daxmanın qabağına. Qərara gəldik: əvvəlcə daxmada səliqə-səhman yaradaq, sonra içəri köçək.
Küncdə odunla doldurulmuş kiçik bir soba qurulmuşdu, onun yanında od yandırmaq üçün bir yığın ağcaqayın qabığı vardı. Pəncərənin yanında divara söykənən sarı cilalanmış stol, hər iki tərəfində isə taxtalardan düzəlmiş çarpayılar (“nar”lar) var idi. Divar boyu bərkidilmiş rəflərə qab-qacaq, kibrit, sabun, siqaret, qəzetlərdən ibarət müxtəlif məişət əşyaları yığılmışdı. Divarda küncdən bir neçə qalın ködəkcə asılmışdı.
Sobanı yandırmamaq qərarına gəldik. 20-ci il təkcə virus karantinləri ilə deyil, həm də isti hava ilə seçilirdi.
Daxmada səliqə-səhman yaratdıq, hər şeyi qaydasına salaraq, təmizlik işlərinə yekun verdik. Kiçik elektrik stansiyası benzinlə dolduruldu, yoxlamadan keçdi. Nəhayət, küçədə ocaq yandırdıq. Süfrəmizə gözəl bir nahar yeməyi hazırrladıq. Yeməyimizi təzəcə qurtarmışdıq, dostum nəhayət məni əzabdan qurtara biləcək söhbətinə başladı:
— Neçə illər idi, bu əclafla ovçuluq edirdik. Həmişə də Taran bizimlə idi. Sanki adam idi, dil bilirdi. Nə desən başa düşür, yerinə yetirirdi. Əsl dost idi. İki il bundaq qabaq, yenə ovdaydıq. Gecəni ovçu daxmamızda yatdıq. Səhər açılanda, harada görüşməyimizi şərtləşərək, hərəmiz bir tərəfə yollandıq. 5-6 saat gəzdim, lazım olan tələləri düzüb çıxdım görüş yerimizə. Gecikmişdim, düşünürdüm ki, bu əclaf artıq oradadır. Amma, görüş yerimiz boş idi. Heç bir nişan da qoyulmamışdı. Demək, o bura hələ gəməyib. Üç saatdan çox gözlədim. Axşam düşürdü deyə ayağa qalxdım, şərti işarəmiz tək, budağı sındırıb bağladım şam ağacına, komamız olan istiqamətə: yəni, mən getdim daxmaya tərəf.
Komamıza şatdım, qapısı bağlı idi, demək o gəlməyib. Qapını açmaq istəyəndə, soyuqdan qorunmaq üçün qapının üstünə çəkilmiş örtükdə, cəftənin bərabərində iki-üç caynaq izi gördüm. Yüz faiz Taranın işi idi. Bizi oyatmaq istəyəndə bir-iki dəfə etmişdi belə.
Demək, it tək gəlib, qapını açmaq, məni çağırmaq istəyib. Bilib ki, yoxdur heç kim, qayıdıb gedib. Qapının qabağında oturdum. Ola bilərdimi ki, it təsadüfən sahibindən ayrılıb? İt çox sadiq heyvan idi, dediyim kim, hər şeyi də insan kimi başa düşürdü. Qaranlıq düşmüşdü, bir belə vaxta o gəlib çıxmalıydı. Çox təcrübəli ovçu, tayqanı (meşəni) qarış-qarış gəzib tanıyan aza bilməzdi. “Səhərəcən gələr”- düşündüm.
Girib çırağı yandırdım, yemək hazırlayıb nahar etdim. Uzanıb yatmaq istəyirdim. Nədənsə, ağlıma fikir gəldi, çıxdım çölə, havaya iki güllə atdım, dinlədim, cavab gəlmədi. Girdim içəri, uzandım taxta. Yorğun idim deyə, yuxu tutdu məni. Çox keçməmiş səsə oyandım. Taran qapının ağzında hürür, caynaqları ilə qapını cırmaqlayırdı. Məni çağırırdı. Cəld durub çəkmələrimi geyindim, tüfəngi götürüb çölə çıxdım. Taran tək idi. Üzünü mənə tərəf tutub bir neçə dəfə hürdü, çevrilib qaranlığa üz tutdu, yox oldu. Ürəyimdə söydüm itə: “Axmaq heyvan, qaranlıqda nə bilim sən hansı tərəfə cəhənnəm oldun?” Gərək, tutub ip bağlayaydım boğazına. Gündüz bəlkə də getdiyi yolu tapardım. Qaranlıqda nə edə bilərdim? Xeyli dayanıb, ucadan “Taran!”, “Taran!” qışqırdım. Çox gözlədim. Sakitlik idi, it getmişdi. Demək, it sahibsiz idi, nəsə olmuşdu.
Yenidən havaya iki güllə atıb girdim içəri. İt yenidən gələ bilərdi. Hər ehtimala qarşı, itin boğaz kəmərini hazırladım. Yenidən gəlsə tutacaqdım. Qapını içəridən bağlamayıb uzandım taxtın üstünə. İtin xasiyyətini bilirdim. Gəlsə, qapını açıb girəcək içəri, duracaq taxtın yanında.
Elə də oldu. İki saatdan çox idi yatmışdım. Qulağımın dibində itin saldığı səsdən oyandım. Cəld tutdum iti. Kəməri keçirdim boğazına. Kisəmi kürəyimə keçirib, tüfəng əlimdə itlə çıxdım çölə. Taran məni arxasınca dartaraq, meşəyə üz tutdu.
Artıq hava işıqlaşırdı. Başımda yüz fikir fırlanırdı. Bilirdim ki, vaxtilə bu yerlərdə giləmeyvə yığan bir kişini ayı parçalamışdı. Buralarda tayqaya biganəlik göstərərək diqqətsizlik edənlərin ölümü ilə nəticələnən başqa hallar da çox olub. Amma, bu insanın böyük ovçuluq təcrübəsi, tayqanı tanımağı nənə tanış idi.
Az qala qaçaraq yerişlə, iki saata yaxın yol getdik. Axır gəlib, vaxtilə çayın qolu olmuş, indi isə qurumuş bir yerə çıxdıq. İt məni köhnə çay yatağının qırağında bitmiş hündür və yoğun bir şam ağacının yanına gətirib çıxartdı. Beş-altı metr aralı yerdə kürək çantası gördüm. Onun çantası idi. Ətrafa göz gəzdirməyə başlayan kimi, kolun dibində hərəsi iki kilo ola biləcək üç Teterev quş cəsədi gördüm. Demək, bu quşları o vurub, yükü də buradadır. Dibində bel çantası olan ağaca yaxınlaşdım. Ağacın bir tərəfi köhnə çay yatağına enən 6-7 metrlik uçurum idi. Aşağı daşqınlar vaxtı suyun buraya topladığı ağaç kökləri, budaqları ilə dolmuşdu. Bu it oğlunu çağırmaqla səs salıb aşağı baxdım, həmin dəqiqə bu axmağı gördüm. Üstən baxanda elə göründü ki, elə bil yumru ayaqlı bağ oturacağında oturub, başı və dizinin biri yuxarıda, orta gövdəsi isə sıxılaraq ağacların arasına dürtülmüşdü.
Səsimə tərpənmədi, cavab vermədi. Fikrimdən keçən bu oldu ki, ölüb. Ehtiyatla düşdüm aşağı. Yaxınlaşanda, ağır nəfəs aldığını, iniltisini eşitdim. Çağırdım, ehniyatla başını silkələdim. Gözlərini açıb nəsə xırıldadı. Bir onu bildimki, “içmək” sözünü işlətdi. Yuxarı, qab dalınca çıxmaq istəmədim. Həmişə qurşağımdan asılı olan iri, xəncərə oxşayan bıçağımın qabı yarım litr su tutduğunu bilirəm, çox istifadə etmişəm. Qaçdım çaya tərəf, suyla doldurub qayıtdım. İçirtdim suyu. İkinci dəfə qaçdım su dalınca. Mən qayıdanda bir az özünə gəlmişdi.
— Mən ölürəm, belim və qıçım sınıb, — dedi.
Qıçlarına baxanda, iki yoğun ağac gövdəsinin arasına girmiş sağ ayağının şişdiyini və göy-qara rəngə düşdüyünü gördüm.
— Qorxma, hər şey yaxşı olar, — dedim inamsızlıqla.
Sözün kəsəsi, onu minbir zülümlə düşdüyu tələdən xilas etdim. Ayağını iki ağacın arasından çıxaranda qışqırmaq istədi, gücü çatmadı. Huşunu itirdi. Düşünüb götür-qoy elədim vəziyyətimizi. Yeganə yol bu əclafı çayın qırağına aparmaq, orada qoyub qayığın dalınca getmək idi. Qucağımda çayın qırağına gətirdim. Getməliydim komamıza, tibbi ləvazimatımızı, nə bilim nələri qayığa yığmalıydım ki, gəlim bunun dalınca. Mən yola düşəndə it tərpənmək istəyəndə təpindim ona.
“- Qal sahibinlə, indi gəlirəm”–dedim. Sahibindən ağıllı və etibarlı olan Allahın heyvanı hər şeyi başa düşdü. Yanaşı uzandı sahibiylə.
Hardasa, 8-10 km olardı daxmamıza qədər. Gedə-gedə Taran haqqda düşündüm. Demək, sahibinin dara düşdüyünü, ölüm ayağında olduğunu görən heyvan bu yolu üç dəfə gedib. Məni çağırmaq üçün. Bir dəfə heç kim olmayıb daxmada, sahibini tək qoymayıb, qayıdıb arxaya. İkinci dəfə məndən qabaq qaçıb sahibinə tərəf. Üçüncü dəfə mənimlə. O anlardan bu it mənim gözümdə ən dəyərli bir canlıya çevrildi.
O it gəlib məni aparmasaydı, tayqada onu nəingi mən, heç fövqalədə də tapa bilməyəcəkdi. Sonralar, həkimlərin deməyincə, 5-6 saat xəstəxanaya gec çatdırılsaydı, ölüm labüd idi…
Qayığı sürüb gəldim, onu yükləyib yola düşdüm. Dedim, öləcək. …Ölmədi əclaf. Kənd xəstəxanasından təcili şəhərə göndərdilər. Ayağını, dizindən aşağı kəsdilər, qanqren olmuşdu, belini müalicə etdilər.
— Bəs necə olub, düşüb o dərəyə, demədimi sənə?
— Xəstəxanada, ağlı üstünə gələndə danışdı: “Günorta idi, qayıtmaq fikrim vardı. Üç dənə də quş vurmuşdum yeməyimizə. Son anda nəzərimə yerə enən bir quş dəydi. Balaca idi, görünür, yenicə qanad açmışdı. İstədim vaz keçəm. Nəsə, bacarmadım. Quşu vurmaq üçün yaxınlaşmaq, əlverişli mövqe tutmaq lazım idi. Tənha şam ağacını gördüm. Quşla mənim aramda dayanmışdı. Gizlincə yaxınlaşıb ağacın sol tərəfində, yarrağanın üstündə çömdüm yerə. Təzə nişan alırdım ki, torpaq getdi ayağımın altında. Su yüyübmüş altdan oranı… Özümə gələndə ilk gördüyüm şey bu ağac yığımı, onların iti ucları oldu. Bura nə vaxt düşdüyümü və orada nə qədər qaldığımı heç bir şəkildə başa düşə bilmədim. Od tutub yanırdım. İnanmışdım ki, təkcə ağrı yox, bu dözülməz hərarət və dəhşətli susuzluq məni öldürəcək. Çox çalışdım ki, qıçımı azad edə bilim. Bacarmadım, belim və sağ qıçım mənim deyildilər. Ona görə də cəhdim huşumu itirməklə yekunlaşdı. Eh, mənim nəyimə lazım idi iki yüz qramlıq o balaca quş… Budur, tamahkarlığın cəzası!”
Taran o əclafı ölümdən qurtardı! Bu insan nə ilə cavab verdi itin sədaqətinə! “Ova getmirəm, it nəyimə lazımdır.” …Dərisindən papaq düzəldəcək! Lənətə gələsən!
Rüsdəm hirsini yatıra bilmirdi. Əhvalat mənə də təsir etmişdi…
***
— Balıq tutmağa da, ovçuluğa da, maraqlı söhbətlər etməyə də hələ vaxtımız olacaq. Gəl, bir az dincələk,- dedi Rüsdəm.
Şübhəm yox idi onun maraqlı həmsöhbət olduğuna. Bəlkə də, onunla tayqanın cəngəlliklərinə 200 km yol getməyimin əsas səbəbi ovçuluq-balıqçılıq yox, Rüsdəmin yaxşı hekayətçi olmağı idi…
Yataq kisələrimizi taxtların üstünə sərərək uzandıq…