Səməd Mənsurun şeirlərindən

Səməd Mənsur

Səməd Mənsur (Kazımov) 1879-cu il yanvarın 31-də Bakının Əmircan qəsəbəsində anadan olmuşdur.

Tanınmış şairin ədəbi fəaliyyəti iki xətt üzrə davam etmişdir. Birincisi, satira, ikincisi, romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır.

Şəməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. O, qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbeh və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır.

1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.

 

Söyüşün

 

Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

 

Söyüşün, görsənə şücaətiniz,

Söyüşün, vazeh ola qeyrətiniz,

Söyüşün, kəşf ola nəcabətiniz,

Söyüşün, artıq ola hörmətiniz!

Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

 

Çünki yoxdur bir özgə sənətiniz,

Həcv satmaq olub ticarətiniz,

Pul qazanmaq olarsa niyyətiniz,

Gərək hökman ola rəqabətiniz.

Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

 

Yazılar aləmin bazar eləyin,

Ərsəni bir-birinə dar eləyin,

Bir-birin səbnədən kənar eləyin,

Nə xəcalət çəkin, nə ar eləyin.

Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

 

Hər kimin xılt olursa xununda,

Şübhə yoxdur onun cünunda,

Nə ola kuzəni dərununda,

Əsəri görsənir birununda.

Yəni siz ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

 

Bizdə də var, sizdə də var

 

Bir qaç ərbabi-həya sizdə də var, bizdə de var.

Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.

 

Nəfsi-mənhusi üçün müttəsil hər cildə girən

Aşiqi-zövqü-səfa sizdə də var, bizdə də var.

 

Sanma biganə məni xoş görünən halınıza,

Toqi-zənciri-bəla sizdə də var, bizdə də var.

 

Bigünah kəsləri mührumi-səadət eləyen

Qəlbsiz əhli-cəfa sizdə də var, bizdə de var.

 

Mərifət qanmayan erbabi-rəyasət min-min

Qan udan əhli-ziya sizdə də var, bizdə də var.

 

Sanma səhvən özünü mehri-məhəbbət kanı,

Ədəmi mehri vəfa sizdə də var, bizdə də var.

 

Vətənin satmayan, əhbabinə təqdim eləyən

Şanlı ərbabi-səxa sizdə də var, bizdə də var.

 

Gərçi bizlər elədik qibleyi-aləm tərkin

Təzədən xan, bəy, ağa sizdə də var, bizdə də var.

 

Müstəbidlik bəşərin mayeyi-zatində imiş,

Qan içən Şümri-dəğa sizdə də var, bizdə də var.

 

Derler ərzi-bəşər axır olacaqdır cənnət

Boylə bir zənni-xəta sizdə də var, bizdə də var.

 

Ey həkim

 

Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!

Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!

 

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!

Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!

 

Ət yemək pəhrizini əmr etmə kim bazardə,

Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.