Süleyman Abdulla, şeirlər

Ədəbiyyat

Qoca dənizçinin nağılı

 

Daha «dəniz-ada» oynamır qoca,

Könlünü oxşamır ləpələr daha.

Gümüş xırdalamır ay işığında,

Günəş şüasında,- qızıl zər daha.

 

Qum üstə uyuyub qoca köpəyi,

Ovçu iştahası küsüb itin də.

Yorulub həyatın keşməkeşindən,

Qayığı bir küncdə, evi bir tində.

 

Ömrüdü divarda hisə verilmiş,

Nərə tilovunda illərin pası.

Ünvan soruşası olsanız, deyim,

Qısılıb özünə yosun koması…

 

Balıq qoxulu tor düşüb bir küncə,

Avarlar güc gəlib yormur qolları.

Nə balıq yem sanır, nə də balıqçı,

O dalğa dağları, o su yolları.

 

Yağmır uğuruna qağayı səsi,

Açmır kirpiyində ağ tülü dəniz.

Susamış sabaha qoca dənizçi,

Susmuş gecələrə mürgülü dəniz.

 

Qarışıb dumana rəngi suların,

Sübhü qürub kimi hey sarı çəkir.

Üfüqə dikilən gözləri yol yox,

Əlləri üstdəki damarı çəkir.

 

Sönmüş baxışında göz qırpan mayak,

Saya yol nə gedə, nə gələ qalmış.

Əkdiyi söyüdün tumurcuqları,

Baharın ilk ayı xəzələ qalmış.

 

Dənizə açılmaq həvəsi boş qəlb,

İt kimi darıxır itiylə, gah tək…

Qolları açılmır avar çəkməyə,

Çəkir sinəsinə xəzrini ah tək.

 

…Külək uçurmada köhnə komanı,

Mamır kirəmiti su damır daha.

Fırtına qopsa da, coşsa da sular,

Qoca «dəniz-ada» oynamır daha.

 

Qırmızı şeir

 

Dünya dəyişmişdi rəngini o gün,

Pəncərə geymişdi tülü qırmızı.

Butası ağ idi qızılgüllərin,

Süsənlər açmışdı gülü qırmızı.

 

Hər şey dəyişmişdi yerini birdən,

Necə hali olum axı bu sirdən?.

Albalı yığırdı külək əncirdən,

Söyüd budağında hülü qırmızı.

 

O gün dünya özü gözümdə tozdu,

Çoxları ağlımı az yerə yozdu.

Bir tonqal yanırdı, alovu bozdu,

Bir ocaq sönürdü külü qırmızı.

 

Üzü dağlaradır yol

 

Üzü dağlaradır səmti gedişin,

Ən gözəl yerlərə çatmaz qır yolu…

Yol çəkər gözləri adamın, dostum,

Arada kökünü acıdır yolu.

 

Qürub tək saralır dağların altı,

Gedək, çatanacan ən uzaqlara.

Üfüqlər söykəyib öz kürəyini,

Silsilə dağlara, sıra dağlara.

 

Bəyaz zirvələrin qarı sopsoyuq,

Hovxurur üzünə nəfəsini çay.

Dəli bir uğultu qulaqlarında,

Hardasa yavaşca ötür torağay.

 

Susqun dərələrin yeri uçurum,

Dişini qıcayıb baxır qayalar.

Axır üzərinə məcra boyu yol,

Öndə keçilməli neçə Sirat var.

 

Yoxdur ayaq yeri yıxılmağa da,

Əl yeri heç deyil ağac kölgəsi.

Düşüb daşlıqlara ulayır nəsə,

Dağın dibinəcən inilti səsi…

 

Olmur hər cığıra yol adı vermək,

Harda qırılacaq, bilsən, dur,- qəfil.

Arada siqnala toxunur əlin,

Sərçələr hürküşüb uçuşur qəfil…

 

Bir az udmalısan ödünü, qorxma,

Deyil kəkliklərin hürküsü hədər.

Təmiz ayaqqabın batar palçığa,

İslanar balağın dizinə qədər.

 

Boz duman bürüyür yamacı, yalı,

Düşər də, çıxar da ən çətinə yol.

Sənin ki könlündü bahar havalı,

Çatdırar ruhunun cənnətinə yol.

 

Tutar qızdırması xəstə adam tək,

Fınxırar, çımxırar motor, səs eylər.

Yox ey, zirvələrə çıxmaz bu maşın,

Dağın dibinəcən varsaq bəs eylər.

 

Gübrəli tale

 

Bizimki ürəkdi şırımlamağa,

Şum deyib, tum deyib əkiləsi dərd.

Peyin də gübrədir, olsun taleyin,

Lap elə içinə çəkiləsi dərd.

 

Ümid dediyin də ilğımdı, uysan,

Keçdi nə fikirlər qafa tasından.

Suları qurudan qismət adamın,

Arx açar alnının tən ortasından.

 

İt günü yaxşıymış adam günündən,

Ada nə düşüb ki, öz buyruğuyla.

Deyil oynamaqlıq bu sovxa bəxtlə,

O kimdir oynayır öz quyruğuyla?

 

Bu bağa, bostana keşiyi boş ver,

Payıza qalmayıb axta barınkı.

Köpəyin hürməyi qalır özünə,

Bol məhsul gətirir qancıqlarınkı.

 

Daha deyiləsi bir söz qalmadı,

Gülür, qürrələnir o bəxti yeyin.

Mən deyən gübrənin yoxdur xeyiri,

Olsun bu taleyin içinə peyin.