Stalin və kinoçular

Tarix

Rəhbərin kefsiz vaxtı olub, Kremldə yeni çəkilmiş filmi Stalinə nümayiş etdiriblər. Filmin ilk süjetində qatarın hərəkəti əks olunub, qatar hərəkət edib, stansiyalarda saxlayıb, yenidən hərəkətini davam etdirib… Bu darıxdırıcı səhnələrdən Stalin bezib və rejissordan soruşub:

– Növbəti stansiya hansı olacaq?

– Yoldaş Stalin, Voloqda.

– Hə, bax, elə orada saxlayarsınız, mən düşərəm…

Beləliklə, rəhbər filmə sonacan baxmadan otağı tərk edib.

İosif Stalin ezamiyyətdə olarkən Kreml məmurları akademik Pavlov haqqında çəkilmiş filmin ekranlara buraxılmasına icazə veriblər. Rəhbər ezamiyyətdən sonra xidməti avtomobili ilə Kremlə gedərkən afişalara rast gəlib: “Yeni film – Akademik İvan Pavlov”.

İş otağına keçən kimi Stalin Siyasi Büronun üzvlərini təçili kabinetinə yığıb. Girişsiz-filansız birbaşa mətləbə keçib:

– Mən bir az əvvəl afişalarda Pavlov haqqında filmin nümayişi ilə bağlı elanlara rast gəldim. Filmin kütləvi nümayişinə kim icazə verib?

Ürək parçalayan qısamüddətli sükutu əvvəlcə Molotov pozub:

– Yoldaş Stalin, siz məzuniyyətdə olarkən görkəmli rus alimi, akademik Pavlovun yubileyi keçirilirdi. Belə bir fikir var idi ki…

Stalin Molotovun sözünü yarımçıq qoyub:

– Kim icazə verib?

Bu dəfə Voroşilov ayağa qalxıb:

– Yoldaş Stalin, Siz bilirsiniz ki, mən yalnız hərbi məsələlərlə məşğul oluram. Mən başqa adamların işinə müdaxilə etməyi xoşlamıram.

Növbə Lavrenti Beriyaya çatıb:

– Yoldaş Stalin, mənim, ümumiyyətlə, bu kino işindən anlayışım yoxdur. Kinosuz da başım kinogöstərən çarx kimi qarışıq olur. Elə dünən antisovet təbliğatı aparan…

Stalin Beriyanın da sözünü yarımçıq kəsib və daha ciddi şəkildə soruşub:

– Sualıma cavab verin, kim icazə verib?

Şerbakov ayağa qalxıb:

– Yoldaş Stalin, bu olduqca güclü bir vətənpərvərlik mövzusunda olan filmdir. Filmdə göstərilir ki, rus alimi öz vətənini tərk etmir, burjua sədəqəsinə ehtiyac duymur.

Voroşilov ikinci dəfə qalxaraq müdaxilə edib:

– Mən belə şeyləri anlamıram. Əmr, göstəriş olmadan bir işi özbaşına necə görmək olar? Mən ürəyimlə hiss edirəm ki, bu gün aramızda kimsə ən ağır cəzasını alacaq.

Jdanov ayağa qalxaraq münasibətini bildirməyə çalışıb:

– Yoldaş Stalin, bu film rus elmini, elm xadimlərimizi tərənnüm edir. Bu filmlə biz öz elmimimizi nümayiş etdiririk.

Səbri tükənən Stalin qəlyanını stolun üstünə ataraq bir daha əsəbi şəkildə soruşub:

– Mən sizdən bu filmin mahiyyətini soruşmuram. Sizdən soruşuram ki, filmin nümayişinə kim icazə verib?

Vəziyyətin gərginliyini görən Molotov, Jdanov və Şerbakov ayağa qalxıb bir ağızdan cavab veriblər:

– Biz icazə vermişik, yoldaş Stalin.

– Düz eləmisiniz, buna görə sizi mükafatlandırmaq lazımdır…

Kremldə növbəti dəfə Capayev haqqında film nümayiş etdirilib. Filmin nümayişində Stalinlə yanaşı filmləri ona təqdim edən Kino Yaradıcılığı Birliyinin sədri və filmin iki rejissoru iştirak edib. Vasilyev qardaşları kimi məşhur olan bu rejissorlar əslində qardaş olmayıblar. Soyadları eyni olduqlarından onları məhz belə adlandırıblar. Film sona çatdıqdan sonra Stalin rejissorlara öz fikrini söyləyib:

– İndi biz sizinlə möhtəşəm bir filmi izlədik. Çox gözəl filmdir. Ölkəmizin fəhlə və kəndliləri bu filmi ruh yüksəkliyi ilə qarşılayacaqlar. Bizim partiya belə sənət əsərlərini çoxdan gözləyir. Mübaliğəsiz demək olar ki, sovet xalqı “Çapayev” filminin nümayişini bayram kimi qəbul edəcəklər. Ancaq burada kiçik bir düzəlişə ehtiyac var. Polkovnik Kappelin komandasının qırmızı orduya hücumu səhnəsi. Bu səhnə filmdən çıxarılmalıdır.

Kremli tərk etdikdən sonra Kino Yaradıcılığı Birliyinin sədri ilə rejissorlar arasında mübahisə başlayıb. Rejissorlar sədri məcbur etmək istəyiblər ki, həmin səhnə çıxmadan film kütləvi nümayişə buraxılsın. Sədr isə bu mübahisəni qısa bir fikri ilə bitirib:

– Mənim ailəm və uşaqlarım var. Mən yaşamaq istəyirəm. Stalinlə görüşdən sonra siz başınızı itirmisiniz. Heç bilirsiniz Stalinin göstərişini yerinə yetirməmək nə ilə nəticələnir?..

Bir neçə müddət ötdükdən sonra rejissorlar yenidən sədrin yanına gəliblər. Uzun-uzadı izah ediblər ki, bu film həmin səhnəsiz heç bir maraq kəsb etmir. Nəhayət, sədri yola gətiriblər ki, Stalin bu filmə təkrar baxsın. Sədr razılaşıb. Daha bir müddət ötdükdən sonra Stalin yenidən filmə baxıb. Filmin nümayişində yenə də eyni adamlar iştirak ediblər. Vasilyev qardaşları elə düşünüb ki, Stalin fikrini dəyişə bilər. Ancaq yanılıblar. Filmdən sonra Stalin eyni sözləri təkrar edib:

– İndi biz sizinlə möhtəşəm bir filmi izlədik. Çox gözəl filmdir. Ölkəmizin fəhlə və kolxozçuları bu filmi ruh yüksəkliyi ilə qarşılayacaqlar. Bizim partiya belə sənət əsərlərini çoxdan gözləyir. Mübaliğəsiz demək olar ki, sovet xalqı “Çapayev” filminin nümayişini bayram kimi qəbul edəcəklər. Ancaq burda kiçik bir düzəlişə ehtiyac var. Polkovnik Kappelin komandasının qırmızı orduya hücumu səhnəsi. Bu səhnə filmdən çıxarılmalıdır.

Stalin fikrini qurtaran kimi rejissorlardan birinin ürəyi gedib və o nümayiş otağında, rəhbərin gözü qarşısında yerə yıxılıb.

Stalin qəlyanını tüstülədərək üzünü sədrə tutub:

– Bunun ürəyi polkovnik Kappelə görə getdi? Belədirsə, onda siz deyən olsun. Səhnəni filmdən çıxarmayın.

Stalin qapıdan Kino Yaradıcılığı Birliyinin sədrini və rejissorları yola salarkən sədrin qulağına pıçıldayıb:

– Növbəti dəfə filmləri tək gətir. Rejissorlarsız. Bunlar çox zəif adamlardır…

İlham Cəmiloğlu

musavat.com