Söyüdlüdə qızıl çıxaran şirkətə 3 yatağın verilmə qərarı 8 dəqiqəyə qəbul olunub

Şirkətlə imzalanan sazişdə Azərbaycan hökumətinin “təminatı və öhdəlikləri”nə dəyişiklik edilib, amma hansı dəyişikliyin edildiyi bəlli deyil

Milli Məclis Gədəbəyin Söyüdlü kəndində qızıl istehsalı ilə məşğul olan ““Azerbaijan İnternational Mining Company” şirkətinə daha 3 yataq verən sazişi 8 dəqiqəyə qəbul edib.

Bu barədə məlumatı iqtisadçı ekspert Toğrul Vəliyev öz Telegram kanalında paylaşıb.

İqtisadçı deyir ki, yataqlarla və sazişlə bağlı məlumatlar heç də əlçatan deyil.

İqtisadçı bildirir ki, 1998-ci ildə təsdiq edilmiş “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl, filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının «Azərqızıl» Dövlət Şirkəti ilə R.V. INVESTMENT GROUP SERVICES, LLC USA arasında saziş”ə 2022-ci ildə dəyişikliklər edilib. Dəyişikliklərlə şirkət ümumi sahəsi 882 kvadrat kilometr olan Qaradağ, Xarxar və Dəmirli yataqlarını da müqavilə sahəsinə daxil edib.

İqtisadçı bildirib ki, rəsmi mənbələrdə dəyişiklik mətni ilə bağlı məlumat yoxdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin hüquqi aktların vahid elektron bazasında da yataqlarla bağlı məlumat yerləşdirilməyib.

Onun sözlərinə görə, yataqlar müvafiq sazişə dəyişiklik edilməklə şirkətə verilib.