Qəhrəman qazilərimizə ithaf
Sağ ayağını irəli atdı, sol ayağını da atanda sanki ayağına bir neçə yerdən mil sancıldı.
* * *
Döyüşlərin birində Mərdanın sol ayağının əsgər çəkməsinə bir neçə yerdən mərmi qəlpəsi dəyərək çəkməsini deşmiş, ayağını yüngül yaralamışdı. Yaraları tibbi sanitar qovşağında müalicə etmişdilər. Amma hələ də qəlpələrin yeri onu incidirdi. Taborları hər gün yeni-yeni qələbələrlə hücuma keçdiyindən, yeni çəkmə almaq fürsəti əldə edə bilməmişdi. Çəkmənin deşiklərindən hərdənbir dolan daş-kəsək də bir başqa cür əziyyət verirdi. Bunu onun əsgər yoldaşları da görür, amma təsəlli verəcək bir söz də tapmırdılar. Müharibədə hər gün ermənilər üzərində qazandıqları qələbələr Mərdanın sol ayağında olan əziyyəti azaldırdı.
* * *
Növbəti qələbədən sonra tabor səngərdə dincəlirdi. Gecə qəfildən düşmən ağır artilleriyadan atəş açmağa başladı. Qızğın döyüş başladı. Erməni hiyləgərliyinə bələd olan döyüşçülərimiz şübhəsiz ki, belə vəziyyətlərə hazır idi.
* * *
Şəmsi sol ayağında dizdən aşağı ağrı hiss etdi. Bir qədər aralıda düşən mərmi partlayışından ayağının yaralandığını başa düşdü. Ayağını tərpətmək istədi, amma tərpədə bilmədi. Əlini qaranlıqda ayağına aparanda dəhşətə gəldi. Sol ayağı topuqdan bir az yuxarı yox idi. Ağrı isə get-gedə artırdı. Qışqırıb yoldaşlarına sanitar çağırmağı xahiş etdi. Mərmi qəlpəsinin qopardığı ayağı bir qədər aralıda tapıldı. Şəmsini xərəyə qoyanda ağrıdan qıvrılsa da ani olaraq qopmuş ayağından çəkməni çıxarıb Mərdana tərəf tulladı. Ayağını isə sanitardan aldığı əksiyə bükdü.
-Mərdan, ayağımızın razmeri eyni olar, götür, gey, — dedi
-Nə danışırsan, Şəmsi, elə şeymi olar?
-Yekəxanalıq etmə, götür, dedim, — ağrıdan qıvrılsa da zarafatından qalmadı.
***
Səhər açıldı. Döyüş səngimiş, düşmən susdurulmuşdu. Amma Mərdan hələ də çəkməyə gözünün ucu ilə də baxmırdı.
Düşmən əsgərlərimizin əks-hücumuna tab gətirməyib səngərlərini qoyub qaçmışdı. Ordumuzun gücü və müasir texnikamız öz işini görmüşdü.
Komandirləri gedib düşmən səngərinə yerləşmələri baradə əmr verdi. Mərdan ayağa qalxdı, səngərdən çıxmaq istəyəndə sol ayağındakı kəskin ağrı onu dayandırdı. Geriyə baxdı, Şəmsinin çəkmələrini gördü. Qayıtdı, utana-utana, xəcalət çəkə-çəkə ayağını incidən cırıq deşik çəkmələri çıxardıb Şəmsinin çəkməsini ayağına geyindi. Mənəvi əzabı can rahatlığı əvəz etdi. Amma ürəyindən bir ayaq asılıb qaldı — Şəmsinin sol ayağı
***
Hadisədən 16 gün sonra 44günlük müharibə Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatdı. Sağ-salamat evlərinə qayıdanların sırasında Mərdan da vardı.
* * *
Mərdan Şəmsinin dəqiq adresini bilməsə də hansı rayondan olduğunu bilirdi. Doğma evlərində bir ay qalıb istirahət etdikdən sonra Şəmsinin olduğu rayonun hərbi komissarlığına gedib döyüşçü yoldaşının dəqiq adresini öyrəndi. Sol ayaq çəkməsini sellofan torbaya qoyub onlara yollandı. Darvazaları bağlı idi. Qonşulardan soruşdu. Harasa qohumlarının yasına getdiklərini söylədilər. Şəmsinin isə ayağı tam sağalmadığından evdə qoyub darvazanı bağlayıb getmişdilər.
* * *
Bir qədər tərəddüd içində dayandı. Mərdan sellofan torbaya qoyduğu sol ayaq çəkməsini ordan çıxardıb darvazanın ağzına qoydu və sürətli addımlarla oradan uzaqlaşdı.