Mübarizləşən Vətən – hekayə, Əli Bəy Azəru

…Yer – göy sanki od tutub yanırdı. Düşmən var qüvvəsi ilə Gülüstan yamacları boyunca hücuma keçmişdi. Təyyarələrin səsindən qulaq tutulurdu. Şarik bombaların partlayışından yaranan vahiməli, tükürpədici siqnal tankların, topların, qumbaraatanların səsini batırmış, eşitməz etmişdi. Minomyotların spesifik fışıltısı, katyuşaların (qrad mərmilərinin) uçuşu hamının sinir sistemini, sanki həyəcan siqnalı ilə oyatmışdı. O, özünü sakit saxlamağa çalışsa da bacarmırdı. Hərdənbir başını qaldırıb yaxınlaşmaqda olan düşmənə pulemyotdan sürəkli atəş açır, onları müvəqqəti olsa da yerə uzanmağa vadar edirdi. Amma tez bir zamanda yerini dəyişib atəşi davam etdirənə qədər düşmən əsgərləri uzandıqları yerdən qalxıb sürətlə onlara tərəf qaçırdılar. Özünü qan-tər içində hiss etsə də soyuq bir üşütmə onu lap karıxdırmışdı.
Səngərdə cəmi ikicə nəfər qalmışdılar. O, səngərlərinə tərəf sürətlə irəliləyən düşmən əsgərlərini pulemyot atəşi ilə müvəqqəti olsa belə yerə uzanmağa vadar etməklə snayperçi silahdaşına onları dənləməyə imkan yaradırdı. Ancaq düşmən əsgərləri heç azalmırdılar. Sanki hər ölən əsgərin yerində yenisi peyda olurdu, elə bil torpaqdan çıxırdılar.
Qəflətən lap yaxında partlayan top mərmisindən toz-torpaq ətrafı bürüdü.
-Həmid, üstündəki qumbaraları və pulemyotu mənə saxla. Özün isə arxaya çəkil. – Döyüşçü silahdaşını qəflətən onu səngərdən çıxartmağa cəhdi canındakı üşütməni yox etdi.
-Yox, mən səngərdən çıxa bilmərəm, qalıb axıradək vuruşacağam. Ölsəm də hamı kimi elə burada öləcəyəm.
-Axı sənin ölməyin kimə lazımdır, Həmid?! Mən qalıb müdafiə olunacağam, ermənilərin səngərimizi tutmasına imkan verməyəcəyəm. Sən isə sağ-salamat geriyə çıxmalısan. Nə durub baxırsan? Dünən sənə qərargahdan teleqrama gətirməmişdilərmi? Bu gün məzuniyyətə getməlisən. Nə olsun ki, müharibədir, döyüşlər səngimir. Üç gündür ki, həyat yoldaşını doğum evinə aparıblar. Sən indi onun yanında olmalısan. Qadının dünyaya oğlan uşağı gətirməlidir, vətənin əsgərə ehtiyacı var. Sən onu qəhrəman olaraq böyütməlisən! Bax, – bu yerdə snayperçi kövrəldi. Onun göz yaşı bıldır – bıldır axıb sifətini islatdı. – mənim və elə bu səngərdə şəhid olan əsgər yoldaşlarının hamısının qisasını almaq naminə… sən getməlisən. – Həmid yaxınlaşıb silahdaşını qucaqlamaq, bağrına basmaq istədi. Amma qəfildən şaqqıldayan güllə səsləri altında səngərdən çıxıb yavaş-yavaş arxaya tərəf enməkdə idi ki, həmin əsgər yoldaşının səsini eşitdi: – Ölüm xəbərimi eşitsən, oğluna mənim adımı qoymağı unutma, Həmid!
Bir də baxdı ki, ayılıb, gördüklərinin hamısı yuxu imiş. “İlahi, bu nə yuxu idi? Olmaya dava başlayır? Niyə də başlamasın. Ermənilər sülh yolu ilə torpaqlarımızı istəmirlər. Bir gün gec, bir gün tez elliklə ayağa qalxıb torpaqlarımızı azad etmək üçün son, həlledici davaya yollanmayacağıqmı?.. Yoxsa, həyat yoldaşının başında bir xəta var? Elə isə niyə onu yuxudan qaldırmayıblar?” Gecəni xəstəxanada qalmadığı üçün özünü o ki var danladı. Bir də doğum evində necə qala bilərdi? Bəs, canından çox sevdiyi həyat yoldaşına bir şey olsaydı o, nə edərdi?
Ani saniyələr içində yatağından qalxdı, geyinib mətbəxə keçdi. Anası Qərənfil oğlunu gözləyirdi. Çayı yenicə dəmləyib süfrəyə səhər yeməyi düzmüşdü. Masanın üstündə yağ, pendir, kəsmik, əncir mürəbbəsi də vardı. Oğlu Həmidin təlaş içində yaxınlaşdığını görüb həyəcanlanmasın deyə onun başını əlləri arasına alaraq alnından öpdü:
-Oğlum, təbrik edirəm! Bacın Nargilə elə indicə zəng vurmuşdu. Şirin-şirin yatmışdın deyə oyatmaq istəmədim. Deyir Həmidin qaradıbırıx bir oğlu olub. Süsənin də vəziyyəti pis deyil.
Həmid başını anasının əlləri arasından azad edib asılqana yaxınlaşdı. Pencəyini götürüb ayaqqabılarını geyərək az qala ildırım sürəti ilə qapıdan çıxdı.
-Həmid, hələ getmə, tezdir. Onsuzda saat ondan tez görüş verməyəcəklər. Həkimlər gələ, andıra qalmış pitiminutkanı keçələr, xəstələri obxod eliyələr, bəlkə ondan sonra görüşə biləsən. Bir qismət çörək ye, sonra gedərsən.
Kimə deyirsən bu sözləri? Həmid artıq darvaza qapısını da çırpıb getməkdəydi. Yolun avtobus dayanacağınadək olan hissəsini demək olar ki, qaça-qaça, birnəfəsə keçdi. Avtobus gözləməyə hövsələsi çatmadığından “7 fevral” metro stansiyasına tərəf şütüyən taksilərdən birinə əl elədi. Sarı “Topaş” taksi saxladı. Arxada iki qadın əyləşmişdi. Həmid qabaq oturacaqda əyləşən kimi taksi yerindən tərpəndi. Maşının radioqəbuledicisi işləyirdi. “Ölkə Vətən CSM” radioqəbuledicidən artıq hamının tanıdığı Elnarənin təqdimatında son xəbərlər səsləndirilirdi:
-Dünən ölkə başçısının imzaladığı sərəncama əsasən Gərgər bölgəsində növbəti dəfə atəşkəs rejimini pozub hücuma keçən ermənilərin qarşısını alan zaman misilsiz şücaətlər, rəşadət və igidlik göstərdiyinə görə N saylı hərbi hissənin döyüşçüsü gizir Mübariz Ağakərim oğlu İbrahimova Milli Qəhrəman adı verilib(ölümündən sonra).
-Anası ölsün yazığın, – deyə arxada oturan qadınlardan biri dilləndi. – Görəsən, haralıdır?
-Niyə elə deyirsən, ay xala? – deyərək ikinci, yaşca nisbətən cavan qadın onun sözünü kəsərək müdaxilə etdi. – Bəxtəvər anasının başına! Oğlu Milli Qəhrəman oldu! Bununla o, fəxr edib başına qırmızı xına qoymalıdır. Belə oğulla təkcə o, yox, bütün ölkə fəxr edəcək. Axşam eşitmədinmi, dedilər, neçə erməni dığasını o dünyaya göndərib, gəbərdib, cəhənnəmlik edib? Pəhləvan kimi oğul imiş.
-Ay qızım, sən nə danışırsan. Övlad ananın ciyərparasıdır. Heç bir ana övladını gözündən qırağa buraxmaq istəməz. Ana razı olmaz ki, övladının dırnağına da daş dəysin. Erməninin ciyəri yansın. Neçə-neçə igid oğullarımızı zəlil edib. İkisi də bizim ocaqdandır. Qardaşımın oğlu Kərkicahanda şəhid olub. Əminəvəsi də Cəbrayılda itkin düşüb. Nə öldüsündən xəbər var, nə qaldısından. O, da pəhləvan cüssəli cəngavər idi. On yeddi ildir gözümüz yoldan yığışmır. Ağlamaqdan gözlərimizin yaşı da quruyub.
Söhbət qızışdığından Həmid vaxtın necə keçdiyini hiss eləmədi. Bir də baxdı ki, metroya çatıblar. Sürücünün pulunu verib maşından düşdü. İki-üç addım atmamışdı ki, telefonuna zəng gəldi. Təlaşlı-təlaşlı “yenə nə xəbər var” deyə telefonu cibindən çıxarıb baxdı. İlk dəfə idi ki, belə hal ilə rastlaşırdı. Telefonun ekranında nömrə yazılmamışdı. Həmid cib telefonu gəzdirdiyi bu neçə ildə birinci dəfə idi ki, belə zəng qəbul edirdi. Düzdür, bağlı nömrələrdən, beynəlxalq çıxışlardan. Ev telefonlarından və digər aparatlardan zəng olsa da abonentin nömrəsinin göstərilmədiyi birinci dəfə idi deyə Həmid ilk öncə çaş-baş qaldı. Əvvəl-axır cavab verəcəyini qərarlaşdırıb telefonun yaşıl düyməsini basaraq qulağına yaxınlaşdırdı.
-Eşidirəm.
-Həmiddir danışan?
-Bəli, bəli, kim lazımdır sizə?
-Həmid lazımdır.
-Deyirəm Həmid özüdür danışan. Siz kimsiniz? Haradan danışırsınız? – Telefonun o başından gələn səs Həmidə xoş təsir bağışlasa da danışanın kim olduğunu ayırd edə bilmirdi. Gecə gördüyü yuxunun aurasından ayrıla bilməmişdi deyə qəfildən eşitdiyi hər səsi səngərdə ayrıldığı, amma adını xatırlaya bilmədiyi pəhləvan cüssəli silahdaşının səsinə oxşadırdı.
-Həmid, mənəm, Səyavuşdur.
-Nə Səyavuş, hansı Səyavuş?
-Nə tez unutdun, tələbə yoldaşın, gənzəli Səyavuş!
– Oho, on ildir səssiz – səmirsiz yoxa çıxan Səyavuş. Xəbərin hərdənbir Rusiyadan gələrdi, İndi haradan zəng vurursan?
-Bakıdan zəng vururam. Bir həftədir buradayam, daha Rusiyada deyiləm. Beş ildir ki, Norvegiyadayam, Diaspora fəaliyyəti ilə məşğulam. Nüşabə xanımın yanındayam. Telefon nömrəni Gündüzdən öyrəndim – yadından çıxartmamısan, buxalter Bəyməmmədin oğlu Gündüzdən. Səninlə vacib görüşmək istəyirəm.
-Səyavuş, mən indi doğum evinə gedirəm. Oradan çıxan kimi əlaqə saxlayarıq. – Bir az fikirləşib əlavə etdi: – Soruşmaq ayıb olmasın, hansı cihazla zəng vurursan ki, nömrən düşməyib?
-Eybi yox, mən özüm sonra zəng vuraram. Görüşərik. Doğum evinə xeyir ola?
-Oğlum olub!
-Ura, təbriklər! Yəqin ki, adını… Mübariz qoymusan.
-Xeyir ola Bakıya gəlməkdə? Olmaya tələbə dostların üçün darıxmısan?
-Həm elə, həm də Beynəlxalq Konfransa gəlmişəm. Mehriban xanımın təşkilatçılığı ilə keçirilən konfranslara, adətən, Nüşabə xanımın özü gələrdi. Bu dəfə mənim gəlməyim məsləhət oldu. Həm də məqsədim Milli Qəhrəman Mübariz İbrahimovun həyatı, mülki fəaliyyəti və döyüş şücaətləri barədə ətraflı məlumat toplamaqdır. Norvegiya xalqına, camaatına tanıtdıracağam qəhrəmanımızı. Qoy, bilsinlər ki, biz azərbaycanlılar ermənilərin əlində aciz qalmamışıq. Mübariz kimi pəhləvan cüssəli, 50-60 erməninin qabağına pulemyot əlində dik çıxan sayseçmə oğullarımız çoxdur. Amma bir millət olaraq sülhsevərik. Bəs necə? Böyük, ağsaqqal sözündən heç zaman çıxmamışıq. İndi də gözləyirik ki, bəlkə beynəlxalq ictimaiyyətin qınağı qarşısında ermənilər olmayan ağıllarını başına yığıb işğal etdikləri ərazilərimizi sülh yolu ilə özümüzə qaytarsınlar. Yoxsa… vay onların halına.
Həmid xəstəxanaya çatanda ona elə gəldi ki, hamı “Mübarizin atasıdır” deyib onu barmaqla göstərir. Nədənsə elə hey taksidəki qadının səsi qulaqlarında cingildəyirdi: “Analar fəxr eləsin ki, yeni doğulan oğlanlarına bundan sonra Mübariz adını qoyacaqlar.”
Axşam xəbərlər proqramında mövqelərimizə hücuma keçmiş ermənilərə divan tutan Mübarizin sifəti yenə də canlandı gözləri önündə. Necə də gecə yuxuda səngərdə qoyub çıxdığı əsgər yoldaşına oxşayırdı.
…Gecədən xeyli keçənədək sığınacağın bir küncündə ağac oduncaqlarından düzəltdikləri, üstünə fanarka vurduqları masanın arxasında oturub qaldı. Lampa işığında dəftərçəsini dönə-dönə vərəqlədi. Dostlarından, atasından və qardaşlarından müxtəlif vaxtlarda aldığı köhnə məktubları təkrar-təkrar oxudu. Təskinlik tapa bilmədi. Bir sual onu yaman narahat edirdi. İndiyədək atasına qarşı haqsızlıq etmişdimi, görəsən, onun sözündən bir kərə də olsa çıxmışdımı?
Bəli, “çıxmışdı”, özü də necə. Mübarizin yenidən hərbi xidmətə qayıtmasını atası Ağakərim istəməmişdi. Daha doğrusu, əvvəlcə razılıq verməmişdi. Amma sonra oğlunun inadkarlığını qırmağı özünə rəva bilməmişdi. Axı Ağakərim kişi də elə-belə kişilərdən deyildi, yüz yol düşünüb bir dəfə qərar qəbul edənlərdən biriydi. “Əxlaqi-Nasir” tərbiyəsi keçmişdi, “Kəlilə və Dimnə”ni oxumuşdu, “Gülüstani-İrəm”i əzbər bilirdi, danışanda “Qabusnamə”dən ibrətamiz məsləhətlər işlədərdi.
Odur ki, oğlunun yenidən hərbi xidmətə qayıdacağı xəbərini eşidəndə razı olmasa da onun qərarında inadkar olduğunu görüb belə düşünmüşdü. Axı “Qabusnamə”də bu barədə bir hikmət var. “Ata oğlunu ilk əvvəl şərab içməkdən çəkindirmək istəyir. Şərabın mənfi, ziyanlı, eybəcər, insanı cəmiyyətdə hörmətdən salan tərəflərini söyləyir. Amma bunların yetərli qədər faydalı olub oğluna müsbət təsir edə bilməyəcəyini görüb başqa variant seçir. “Desəm ki, oğlum, şərab içmə, birdən oğlum məni eşitməz, şərab içər. Deyərlər, filankəsin oğlu atasını eşitmədi, üzünə ağ oldu. Odur ki, gəl, mən sənə şərab içməyin qaydalarını öyrədim”. – deyə onu fikrindən çəkindirməkdənsə bəzi məsləhətlər verməyi üstün tutmuşdu”.
Mübarizin yenidən hərbi xidmətə qayıtmasının onlarca səbəbi vardı. Ancaq o, istər ailədə, istərsə də cəmiyyətdə özünə qapılaraq spesifik həyat tərzi keçirdiyindən heç kim bu barədə bir şey bilmir, onun arzu, istək və planlarından hamı; dostları, yaxınları, hətta doğmaları belə xəbərsizdi. O, çox nadir hallarda kiminləsə dərdləşər, fikirlərini bölüşərdi. Ətrafdakılara qaradinməz adam təsiri bağışlardı.
Onun yaddaşından hərbi xidmətdə olarkən fiziki hazırlıqdan imtahan verdikləri nəinki silinmir, hətta hər dəqiqə bu mənzərə gözləri önündə canlanırdı.
Bakıdan, Daxili Qoşunların idarə heyətindən gəlmiş bir mayor və kapitan fiziki hazırlığı yoxlamaq üçün onların bölüyünə yaxınlaşanda bölük komandiri kapitan Həmzəyev “farağat” komandası verib bölüyün hazırlığı barədə məruzə etdi. Mayor hərbi qayda-qanuna müvafiq olaraq “azad” komandası vermək əvəzinə:
-Deyirsiniz bölük hazırdır? – deyə sual etdi.
-Bəli, hazırdır. – deyən bölük komandirindən cavab aldıqda:
-Hazırsınızsa, başlayaq. – dedi. – Sizin tabor komandiri dostumdur, qərargah rəisiniz isə müdavim yoldaşımdır. İki əsgər onların, bir nəfər də bölük komandirinin xətrinə – cəmisi üç nəfər yoxlanmadan qiymət ala bilər. Qalanlarınız, – üzünü əsgərlərə tutdu. – özünüz normativləri yerinə yetirməlisiniz, sosiskalar!
Bölük komandiri də daxil olmaqla hamının bir-birinə qarışıb pakkapakla gülüşdüyü bir zamanda Mübarizin heç dodağı da qaçmamışdı o zaman. Bakıdan gəlmiş mayorun sonuncu sözünü başa düşməmişdi. Bir də hərbidə nə güzəşt?! Məgər böyük sərkərdələrdən biri hərbidə güzəşti vətənə xəyanətə bərabər tutmayıbmı? Bu gün atəşkəs rejimində əsgərə edilən güzəşt sabah torpaqlarımızı işğaldan azad etmək yolunda töküləcək qanlar bahasına ödənilməyəcəkmi?
Bundan sonra bölük komandiri “idman duruşu al” komandası verib əsgərləri sağdan bir-bir fiziki tapşırığı yerinə yetirməyə çağırdı. Birinci əsgər nizami addımlarla turnikin üç addımlığına gəldi. Məruzə edib turnikə yaxınlaşdı. Tullanıb turnikdən tutdu. Nə qədər cəhd elədisə də dartına bilmədi. Əllərinin ağrısından ufuldaya-ufuldaya yerə tullandı. İkinci əsgər isə iki dəfə dartına bildi. Üçüncü dəfə dartınmaq üçün nə qədər cəhd elədisə də alınmadı.
-Baxın! – deyə mayor eyham vurdu. – Onun gözlərinə baxın! Sanki Allahın cəhənnəm əzabı onun gözlərindən yağır. – Başını bulaya-bulaya əsgərdən soruşdu: – Haralısan?
-Füzulidənəm, komandir. – deyərək turnikdə dartınmaqda çətinlik çəkən əsgər qoçaqcasına cavab verdi.
-Heç Füzulidə turnik görmüşdünmü?
-Komandir, mən Füzulidə anadan olmuşam. Amma iki yaşım olanda ermənilər rayonumuzu işğal ediblər. Heç Füzuli yadımdadırmı ki, orada da turnikin olub-olmadığını bilim.
-Yaxşı, harada məskunlaşmışsınız?
-Binəqədidə, ikinci mədən deyilən yerdə, Neft buruqlarının arasında, neftçilər üçün tikilişi yarımçıq qalmış ikimərtəbəli binada. Elə orada da məktəb oxumuşam.
-Turnik yox idi, neft buruğundan asılıb dartınardın. – deyə mayor hirsləndi. – Füzulini azad etməyə elə bu gücləmi gedəcəksən? Yoxsa erməni ilə də söz güləşdirib dil pəhləvanlığı edəcəksən? – Sonra üzünü bölük komandirinə tutdu: – Mənim sözüm zabit sözüdür, Sovet zabitinin sözü, sizin kimi əldəqayırma bakinskiy kooperativ deyiləm. Söz verdim, qurtardı. Artıq iki nəfər imtahandan keçib. Daha bir nəfər güzəştlə qiymət ala bilər, vəssalam. Qalan əsgərlər qoy, özləri tapşırığı yerinə yetirsin. Hər kəs öz halal qiymətini alsın.
Bu mənzərə heç yadından çıxmazdı Mübarizin.O vaxt növbə ona çatanda düz iyirmi bir dəfə dartınıb üzünü mayora tutmuşdu:
-Mən də Azərbaycanın Milli Ordusunun əsgəriyəm, cənab mayor. Mənim iyirmi bir dəfəmi də məndən başqa daha iki əsgərə bölün. Bölüyümüz iki almasın, ayıbdır. Torpaqlarımızı azad etməyə isə mən qabaqda gedəcəyəm. Təki o gün tez gəlsin. Bircə Ali Baş Komandanımız o əmri tez verərdi.
-Cəsarətinə alqış! Bu gün dildən yaman cəsarətli olmusunuz, kaş erməni qabağında da həm dildən, həm qoldan belə pərgar olardınız, Amma əsgər mayor qarşısında yekəbaş-yekəbaş danışmaz. Sizin kimi dil pəhləvanlarından Drambonda, Fərruxda, Ömərdə erməninin qabağında ağırlıq etməsin deyə silahını da tullayıb saatda yüz iyirmi ilə qaçanları çox görmüşəm. – Bir az fikrə dalıb: – Yaxşı, bu təklif də qəbul olunur. – dedi.
Sonra mayor ağzını bölük komandirinin qulağına yaxınlaşdırıb uzun-uzadı nə isə pıçıldamışdı. Kapitan Həmzəyev isə öz növbəsində pıçıltını unudubmuş kimi hamının eşidəcəyi tərzdə “baş üstə” demişdi. Elə həmin axşamı bölüyü düzüb Mübarizi manqa komandiri olaraq şəxsi heyətə təqdim etmişdi:
-Əsgər İbrahimov! – deyə müraciət etmişdi. – İnanırıq ki, bir ay müddətində manqanızdakı əsgərlərin hamısı turnikdə ən azı yeddi dəfə dartına biləcəklər.
Əsgəri xidmətdən sonra Mübariz bir müddət kəndlərində dincəlsə də iş tapa bilmədiyindən valideynlərinə yük olmaq istəməmişdi. Odur ki, baş götürüb dünyanı bürüyən böhranın əlindən zamanın sıxıntısı olan işsizlik, dolanışıq ucbatından şəhərə, paytaxta üz tutan insanlara qoşulmuşdu. Paytaxtda o yaşda gənclər üçün şadlıq saraylarında ofisiant, yağışdan sonra göbələk kimi çoxalan müğənnilərə şəxsi cangüdən, kompüter operatoru, nə bilim bir sıra işlər olsa da Mübariz onları qəbul edə bilməmişdi. Müvəqqəti də olsa özəl mühafizə şirkətlərindən birində cüzi məvaciblə kifayətlənib təskinlik tapmışdı. Amma bunun da uzun sürməyəcəyində yəqindi.
Mühafizə şirkətində işləyərkən rəisləri onun qaraqabaq olduğunu görüb eynini açmaq istəmişdi.
-Deyirlər, qız istəyirsən, ay Mübariz! Bizi toya nə vaxt dəvət edirsən? Sən burada, valideynlərin rayonda, qızı gedib kimdən istəyəcəyik? Şirin çayı nə vaxt içəcəyik?
-Rəis, mən istədiyim qız heç kimin təsəvvür edə bilməyəcəyi qədər qəribədir. Adı Vətəndir. Onlarda elçilik qayda-qanunları da bizimki kimi deyil. Odur ki, onu istəməyə atam-anam yox, özüm gedəcəyəm. – Mübariz bu sözləri o qədər ciddi demişdi ki, mühafizə bosunun əlavə etməsinə cəsarəti çatmamışdı. Daha qanqaraçılıq olmasın deyə başını aşağı salıb, sanki bu söhbət heç olmayıbmış kimi kompüterinin arxasında qurdalanmağına davam etmişdi.
Mübariz isə ertəsi gün növbədə olmadığından avtobusla eşitdiyinə görə gizir hazırlığı kursları keçirilən Qaraheybət deyilən hərbi poliqona gəlmişdi. Onun suallarını elə Nəzarət-Buraxılış Məntəqəsində cavablandırıb Təlim-Tədris Mərkəzinin şəhərdə yerləşən ofisinə ünvanlamışdılar. Bakıya qayıtdıqdan sonra çətinliklə də olsa baş ofisi tapıb, növbəti gizirlik kursunun vaxtını və lazım olan sənədləri müəyyənləşdirib geriyə qayıtmışdı. Vaxta az qaldığından mühafizə xidmətində işini yekunlaşdırıb kəndə qayıtmışdı. Özlüyündə götür-qoy edib ata-anası, qardaşları ilə məsləhətləşməyin vacib olduğunu düşünsə də onların razı olmayacağını əvvəlcədən təxmin etdiyindən qərarını özü elə bu başdan qəbul etmişdi.
-Azərbaycanda çox az ata tapılar ki, övladını uzun müddətli hərbi xidmətə yollasın. Bu məhrumiyyəti heç bir azərbaycanlı valideyn istəməz. Hətta oğlanlarını yaxına, bu mümkün olmadıqda heç olmazsa ön cəbhədə səngərdən kənarda xidmətə düzəltmək üçün dəridən-qabıqdan çıxırlar. Mənim atam da onlardan biri. Ancaq o, vətən mənafeyinin ailəmizin istəyindən üstün olduğunu dərk edəcəkmi? Mən bu vəziyyətdə atamın sözündən çıxmaram. Gərəkdir ki, atam özü bu sınağı qəbul etsin.
Odur ki, Mübariz birbaşa hərbi komissarlığa yollandı. Komissarın müavini gizirlik kursuna göndərilmək üçün mütləq valideynlərindən heç olmasa birinin razılıq kağızını gətirməyin vacib olduğunu israrla bildirdikdə Mübariz hirsləndi:
-Məni on səkkiz yaşımda ikən əsgəri xidmətə göndərəndə valideynlərimin razılığınımı almışdınız?
-O başqa məsələ, bu başqa. – deyə komissarın müavini cavab vermişdi. – Əsgəri xidmət kişi cinsindən olan Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün vacibdir. Qanunla belə nəzərdə tutulub. Amma zabit olmaqdan ötrü Ali Hərbi Məktəbə və gizir olmaq məqsədi ilə isə kursa göndərilmək üçün mütləq valideynlərindən birinin razılığı alınmalıdır. Bu məsələ də qanunla belə nəzərdə tutulub.
Qısa mübahisədən sonra əlacı kəsilən, lakin ümidini üzməyən Mübariz kəndə qayıtdı. Xeyli düşünüb xəyalında dönə-dönə dağı arana, aranı dağa daşıdıqdan sonra atasına üz tutdu.
-Atacan, mən indiyədək siz valideynlərimin heç bir sözündən çıxmamışam. Əlbəttə ki, indi də çıxmaram. Siz də, mən də, bizdən sonra gələnlər də ulu babalarımızın qoruyub bizə çatdırdığı vətənimiz üçün əllərindən gələni etməlidirlər. Yaxşı bilirsən ki, ermənilər torpaqlarımızın bir hissəsini işğal ediblər. Xeyli müddətdir atəşkəs rejimində yaşayırıq. Siyasilər torpaqlarımızı sülh yolu ilə almağa çalışsalar da biz vətən oğulları ermənilərin ağzını ovub haqq-hesabı çürüdə bilmədiyimizdən qalib gələ bilmirik, müharibə bizim ziyanımıza davam edir. Hər gün olmasa da demək olar ki, hər həftə ermənilər ya bir əsgərimizi snayperlə vurub öldürür, ya da yaralayıb şikəst edirlər. Beləliklə, ermənilər yüzlərlə oğlanlarımızı sıradan çıxarıblar. Mən vətən qarşısında öz övladlıq borcumdan layiqincə çıxmaq, ailəmizin, nəslimizin adını uca tutacaq səviyyədə vətənə xidmət göstərmək üçün cəbhə bölgəsinə hərbi xidmətə qayıtmaq istəyirəm. Gizirlik kursuna yazılmağa hazırlaşıram. Xeyir-duanı məndən əsirgəmə.
Ağakərim kişi oğlunun bu müraciətindən xeyli narahat olmuşdu. Hətta bir an elə bil nitqi tutulmuşdu, o boyda kişi nə deyəcəyini yəqinləşdirə bilməmişdi. Haçandan-haçana özünü cəmləşdirib demişdi:
-Bu çox çətin işdir, oğlum. Hərbi xidmət kişilik məktəbi, şərəfli iş sayılsa belə həm də insanın uzunmüddətli ailə səadətindən məhrum olması, yaxınlarından bir müddət ayrı düşməsi deməkdir. Valideynlərini və doğmalarını narahatçılıq içində yaşamağa məcbur etmə. Bu məsələdə məni də tələsdirmə. Qoy, bir az düşünüm, anan Şamama ilə də məsləhətləşim, Sonra bir şey fikirləşərik. Həm də tək əldən səs çıxmaz, deyiblər. Sən od olub haraları, kimləri yandırıb-yaxa bilərsən, ancaq özünü və yaxınlarını. Amma üzülmə. Tanrı insana hər dolaşıq vəziyyətdə bir çıxış yolu qoyur. Çox güman ki, bu işdə də o, öz böyüklüyünü göstərər, kəramətini, nəsihətini, mərhəmətini bizim ailədən əsirgəməz.
O vaxt atası düz üç gün bu söhbətin üstünə qayıtmamışdı. Sanki aralarında heç belə bir söhbət olmayıb. Adi məişət qayğıları ilə günlərini başa vurmuşdular. Amma üç gündən sonra Mübarizin istəyinin elə-belə keçməyəcəyini yəqin edib Ağakərim kişi onu evlərinin arxa tərəfinə – bostan yerinə çağırıb demişdi:
-Oğlum, bax, bu bostan yerini hər il öz əllərimlə qazıb dirrik əkmişəm. Yenə də nə qədər ki, canım suludur, əkəcəyəm. Ailənin dolanışığı üçün gücümü heç vaxt əsirgəməmişəm. Heç kim də gəlib bizim bu dirrik yerimizin müəyyən hissəsini bizdən ala bilməz. Biz, azərbaycanlılar fərd olaraq çox güclüyük. Amma kütlə olaraq zəifik. Çünki özümüzdən, ailəmizdən uzağı görüb, düşünüb, dərk edə bilmirik. Gərəkdir ki, biz özümüzü, evimizi, ailəmizi düşündüyümüz kimi kəndimizi, rayonumuzu, bütövlükdə vətənimizi də düşünək. – Bir az fikrə gedib gözlərini yerə zillədi. – Əlbəttə bir valideyn kimi mən də istəmərəm ki, oğlum həyatını hərbi xidmətə bağlayıb uzunmüddətli məhrumiyyətlərə düçar olsun. Ancaq nə etmək olar. Seçim sənindir. Biz də məcburuq razılaşaq. Mən sənə sadəcə, oğlum, uğurun olsun, get, deyə bilmirəm, bacarmıram. Mən sənə hamı kimi ortabab xidmət keçəcəksənsə, heç getməyinə dəyməz, deyirəm. Əgər gedirsənsə, nəslimizin adını parladacaq şəkildə xidmət et, deyirəm. Elə qulluq keç ki, afərin desinlər, barmaqla göstərsinlər. Sən bunu bacararsan. Tanrı səndən heç nəyi əsirgəməyib. Pəhləvan kimi cüssən, xan çinar kimi qamətin, aslan kimi biləyin var. Lap rəhmətlik baban Cəfərquluya oxşayırsan. Barmağına tikan batanda qanı çıxmazdı. Amma yenə də deyirəm, tələsmə, bir daha düşün. Sən həmişə belə gənc, subay qalmayacaqsan. Vaxt gələcək hamı kimi sən də evlənib ailə quracaqsan. Sən cəbhədə, səngərdə olanda ailən, uşağın burada necə olacaq? Bax, onlar barədə də düşün!
…Bu düşüncələr içərisində Mübariz çox sıxıldı. Odur ki, fikri yayınsın deyə çıxıb ərazini gəzdi. Gecə patrulları müəyyən olunmuş marşrut üzrə hərəkətdə idilər. Gecə növbəsində olmayan əsgərlər isə zirzəmi-sığınacaqda yatışmışdılar. Növbətçi əsgər qapının ağzında durub əlindəki kiçik radioqəbuledicini qulağına dayayıb gecə yarısına olan son xəbərləri dinləyirdi. Aparıcı-diktor Qazax rayonunda, cəbhə bölgəsində xidmət keçən bir əsgərimizin ağır yaralandığını, Füzuli və Sədərək cəbhələrində yenə də ermənilər tərəfdən atəşkəsin pozulduğunu dinləyicilərin diqqətinə çatdırırdı. Sonra həmin gün ölkə başçısının Ağdam cəbhə bölgəsinə səfərindən reportaj efirdə səsləndirildi.
Ali Baş Komandan münaqişənin sülh yolu ilə başa çatdırılmayacağı təqdirdə Azərbaycanın hərb yolu ilə işğal altında olan torpaqlarını azad edəcəyi haqqından başqa çıxış yolu qalmadığını xüsusilə vurğuladı.
“Maraqlıdır. – deyə Mübariz öz-özünə düşünüb götür-qoy etməyə başladı. – Ölkə başçısı ilk öncə Ali Baş Komandan olmaqdan əvvəl diplomatdır, siyasətçidir. Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini – Siyasi rəhbərin dediyi kimi o, sərkərdə, komandan olaraq hərbi dildə deyil, siyasi xadim kimi diplomat dilində danışmalıdır. Çünki çoxüzlü insanların böyük siyasətləri yönəltdiyi Yeni Dünya Düzənində zaman belə tələb edir və bütün dünya onun çıxışlarını dinləyir. Nəyi isə məsləhət olmayan tərzdə desə uzun müddətdir tənzimləməyə çalışdıqları Ermənistan – Qarabağ – Azərbaycan münaqişəsi həll olunmaq əvəzinə iflasa uğrayar və bizi günahkar çıxardarlar. Amma nədənsə o, bu dəfə həmişə təkrarladığı “lazım gələrsə” ifadəsini işlətmədi. Deməli, ya nə isə var, ya da gözlənilir. Hərçənd bu kəlmədən mənim elə əzəldən zəhləm gedirdi. Necə yəni lazım gələrsə… Gözləyək görək, nə vaxt gələcək bu lazım. Ermənilər rahatca gəlib oturublar bizim dədə-baba torpaqlarında. Əsgərlərimiz sosiska kimi asılıb qalıblar turnikdə. Biz isə “lazım gələrsə…” deyib hansısa məlum olmayan vaxtı gözləyirik”.
Ərazini bir az dolaşıb Mübariz sığınacağa qayıtdı. Qalın və enli cib dəftərçəsindən vərəq cırıb nə isə yazmaq istədi. Alınmadı. Fikri dağınıq olduğundan heç nə yaza bilmədi. Əlindəki vərəqi parça-parça edib zibil qutusuna atdı. Paltarını soyunmadan yataq kisəsinin üstünə uzandı. Gözünü yumub mürgüləməyə çalışdı. Nə qədər çalışdısa yuxuya gedə bilmədi.
Beyni gərgin olduğundan ertəsi gün Mübariz tağım komandiri ilə bölüşmək istədi. Odur ki, səhər yeməyindən sonra baş leytenant Yusifov tağımın yatacaq yerindən bir az uzaqlaşan kimi ona yaxınlaşdı.
-Yoldaş baş leytenant, İsfəndiyar məni lap təngə gətirib. O günü məni elə əsəbiləşdirdi ki, güclə özümü saxladım. Az qaldı ki, onun cüllüt boğazından yapışıb başını ərzaq anbarının dirəyinə çırparaq para-para edəm.
-Nə baş verib? Hansı İsfəndiyar?
-Asabisti deyirəm. Hər dəfə ərzaq dalınca briqadanın anbarlarına düşəndə gəlib dəng eləyir adamı. Deyir, sən filan vaxtı belə demisən. Ölkə başçısının sözlərində əmma tapmağa çalışırsan. Nə bilim, özündən gic-gic şeylər uydurur. Guya canıyanan olub. Vətənpərvər oğulsan, gəl, bircə gecəliyə mənimlə bərabər çiyin-çiyinə səngərdə keşik çək. Gedib oturmusan kənddə, səngərdən iyirmi-otuz kilometr arxada, Səngərdə oturanları da bəyənmirsən.
-Yaxşı, narahat olma. Mən tabor komandirindən xahiş edərəm, onların rəisinə çatdırar.
-Bir də, cənab baş leytenant, ermənilərin ali baş komandanları məgər əmr veribmi ki, onlar da hər gün bizimkiləri snayperlə vururlar?
-Erməni əsgərlərinə əmr verilib-verilmədiyini deyə bilmərəm. Amma biz Ali Baş Komandanımızın əmri olmadan heç bir taktiki döyüş hərəkəti etməyəcəyik.
-Ona görə ki, bizdə olan nizam-intizam erməni ordusunda yoxdur və həm də biz ermənilərdən daha sülhsevər xalqıq?
-Təkcə bu yox. Həm də ona görə ki, bizim ölkədə əmin-amanlıq, stabillik var. Dünyanın hər yerindən gəlib bizimlə işbirliyi qurmağa çalışırlar. Ermənilərdə isə özbaşınalıqdır. Özün tezliklə şahidi olacaqsan. Əgər ermənilər ağıllarını başlarına yığıb sülhə gəlməsələr, biz mütəşəkkil ordu olaraq hərb yolla torpaqlarımızı işğaldan azad edəcəyik.
-Bu məsələ nə isə mənim ağlıma batmır. Mən indi tağımın snayperini götürüb gedib erməni ovlasam, məni tutarlar?
-İcazəsiz belə hərəkət etmək olmaz.
-Onda siz icazə verin.
-Mənim belə bir hərəkətə icazə verməyə ixtiyarım yoxdur. İstənilən halda, Mübariz, sən bunu etməməlisən. Özbaşınalıq etsən, mütləq cəzalandırılacaqsan. Biz əmr gözləyirik.
-Axı nə qədər gözləməliyik bu əmri? – deyib gizir Mübariz İbrahimov tağım komandiri baş leytenantdan aralandı. – Mən gedim, səngərləri yoxlayım.
-Tələsmə! – deyə baş leytenant Yusifov Mübarizin fikrini başqa istiqamətə yönəltmək istədi. – Dünən əsgərlərlə hansı mövzuda söhbət apardın?
-Bayraq və gerbimiz barədə.
-Məni başa sal, görüm, gerbimizdəki alov hansı rəngdədir və necə məna verir?
-Cənab baş leytenant! – deyə gizir Mübariz İbrahimov: ”Görəsən, mənimi yoxlayır, yoxsa nə isə deyəcəyi var?” düşünsə də emosiyalarını boğub cavab verdi. – Alov qırmızıdır. Yanardağın, Odlar Yurdu Azərbaycanın simvolik rəmzidir. Axı bütün dünyadan turistlər təbii yanan alova tamaşa etmək üçün Azərbaycana, Yanardağa axışıb gəlirlər.
-Yaxşı, bəs, səkkizguşəli ulduz nəyin mənasını bildirir? Bütün dünya, hətta türklər də ulduzu beşguşəli olaraq qəbul etməyiblərmi?
-Orası elədir. Amma bizim ulduzun səkkizguşəli olması barədə iki fərziyyə mövcuddur. Birincisi, İslamdan Azərbaycana aid olan rəmzi işarəni söyləyirlər. Daha doğrusu, ərəb əlifbası ilə Azərbaycan sözü səkkiz hərfdən ibarətdir. İkincisi isə Qüdrətli Azərbaycan dövlətinin təşəkkül tapmasında misilsiz xidmətlər göstərmiş Xətai babamız ilk olaraq bu məqsədlə yol başlayanda onun ətrafında Azərbaycanın səkkiz məşhur qəbiləsindən igidlər, müridlər toplaşmışdılar. Elə bu məqsədlə gerbi hazırlayanda ulduz səkkizguşəli nəzərdə tutulub.
-Bəs, buna nə deyə bilərsən, nəyə görə, ulduz qırmızı rənglə boyanmalı olduğu halda ağ rənglənib? Ağ ulduz – qəribə deyilmi? Gerbimizi təsəvvür elə, bir anlıq gözlərin qarşısında canlandır. Ağ rəngi başqa istənilən rənglə, heç olmasa hər hansı bir çalarla əvəz etmək olarmı?
-Nə bilim, təsəvvür edə bilmirəm. Hər halda, ağ rəng bizim… yəqin ki, sülhsevərliyimizin rəmzidir. – Mübariz sonuncu sözləri dişlərini xırçıldada – xırçıldada dedi. – Amma yaman sülhsevər olmuşuq ha!.. Bircə onu demirəm ki, bizi məcburən sülhsevər ediblər, yoxsa özümüz elə öz xoşumuza sülhsevər olmuşuq. – Zəndlə baş leytenant Yusifovun gözlərinin içinə baxdı. – Mən getdim.
Tağımdan özü ilə daha bir əsgər götürüb silahlanaraq səngərləri yoxlamağa getdilər. Yolda ikən fikir-xəyal yenə də onu çulğaladı.
…Birdən yadına babası düşdü – üzünü görmədiyi, özünün dünyaya gəlişindən otuz üç il əvvəl haqq dünyasına qovuşmuş Savalan babası. Onun sifətini, quruluşca, xaraktercə necəliyini heç vaxt təsəvvürünə gətirmək haqqında düşünməmişdi. Atası bir dəfə də olsun babası haqqında danışmamışdı. Amma gecə Savalan baba yuxusuna girmişdi. Mübariz yuxuda görmüşdü ki, baş leytenant Yusifovun əvəzinə qalıb komandirlik etdiyi tağımın əsgərlərinin hamısı cəngavərə dönüb. Düşmənə atdıqları güllələrdən biri də boşa keçmir. Fiziki cəhətdən idmançı kimi sağlamdırlar. On altı kiloqramlıq giri çeçələ barmaqlarında oynadırlar. Silahı nişan almadan elə yuxarıdan aşağı endirən kimi gözəyarı tuşlayıb atəş açaraq hədəfi vura bilirlər.
Nəhayət ki, Mübariz həmin o gözlənilən vaxtın yetişdiyini zənn edib tağımla hücuma keçir. Düşmənləri kalış kimi biçirlər. Çox qızğın döyüş keçirirlər. Sərkərdə Mübariz bir də baxıb görür ki, tağımın döyüşçülərinin hamısı həlak olub. Düzdür, erməniləri də qırıb qurtarıblar. Təkcə özü sağ qalıb. Yumru bir daşın üzərində oturub fikrə dalıb.
“Mən indi bu günahsızların valideynlərinə nə cavab verəcəyəm? Heç şübhəsiz, bu özbaşınalığa görə komandanlıq da məni ciddi cəzalandıracaq. Hərbi tribunala verməsələr yaxşıdır”.
“Təki vətən yaşasın! – deyə haradansa, çox doğma, sanki tanış bir səs gəldi. – Qəm yemə, oğul nəvəsi, qəhrəmanları tribunala vermirlər. Dostların da ölməyib. Onlar vətən uğrunda şəhid olublar. Həm camaatın, həm də böyük yaradanın qarşısında öz mərtəbələrinə çatıblar”.
“Sən kimsən?” – deyə elə bağırmışdı ki, dərhal da özü öz səsinə yuxudan ayılmışdı. O, kim idi, haradan gəlmişdi, haraya qeyb oldu? Niyə mənə “oğul nəvəm” deyə müraciət edirdi? Bəlkə elə Savalan babamın ruhu imiş? Onun ruhu Qarabağ dağlarında niyə dolaşır? Savalan babam axı Muğan torpağında doğulub, yaşayıb və axirətə qovuşub. Ömrü boyu Qarabağ torpağına ayağı dəyməyib.
Səngərdəki əsgərlər elə hey şikayətləndilər:
-Ermənilər baş qaldırmağa imkan vermirlər.
-Snayperlə gecə-gündüz ara vermədən atırlar.
-Müşahidə aparmaq olmur.
-…
-Heç darıxmayın, qoçularım! Onların vaxtı çatıb. Lap ağ eləyiblər. Hər gün bir əsgərimizi vururlar. Tezliklə cavablarını almasalar, ağılları başlarına gəlməyəcək. Siz ayıq-sayıq olun. Diqqətinizi zəiflətməyin. Patrondan qənaətlə istifadə edin. Ermənilər on güllə atanda siz birini atın. Şıdırğı atanda cavab verməyin, müşahidəni gücləndirin. Unutmayın ki, bu mövqe döyüşü yox, sadəcə atışmadır. Bizim isə o qədər problemlərimiz var ki, boş-boşuna patron atmağa dəyməz. İmkan verin, ermənilər boş-boşuna o qədər urus patronu atsınlar ki, özlərinə gəlsinlər. Amma unutmayın ki, onlar fəndgir və hiyləgərdirlər, şıdırğı güllə yağışı ilə izi azdırmaq, qoşun böyüklərinin diqqətini bu istiqamətə cəlb etmək məqsədi güdə bilər, eyni zamanda başqa yerlərdə təxribatlar, digər taktiki xarakterli hərəkətlər törədərlər.
Mübariz hər üç səngərdə oldu. Əsgərlərlə bir-bir söhbətləşdi. Onların silah, sursat, döyüş və digər məişət avadanlıqlarını yoxladı. Çatışmazlıqlara qarşı iradlarını bildirib təcili olaraq aradan qaldırmaq üçün tövsiyyələr verdi. Ərzaqları necə istifadə etdikləri ilə maraqlandı. Nəhayət günorta üstü geriyə döndülər.
Tağımın dayaq məntəqəsində adi günlərdən biri də belə başa vurulmuşdu. Əsgərlər axşam yeməyini yeyib, yatmağa hazırlaşırdılar. Əlbəttə ki, patrul nəfərlərinin qrafiki müəyyənləşdirilmiş, döyüş mühafizəsi təyin olunmuşdu. Elə bu dəm ermənilər əldə olan bütün növ silahlarından şıdırğı atəş yağdırmağa başladılar. Hətta AQS və minomyotdan da tək-tək atır, nəinki döyüş mühafizəsinin keşik çəkdiyi səngər və sığınacaqları, həm də tağımın dayaq məntəqəsini şahmatvari vəziyyətdə güllə-baran edirdilər. Bu azmış kimi yaxınlıqdakı kəndə, hətta qəbiristanlığa da güllə səpələyirdilər.
Tağım komandiri baş leytenant Yusifov “həyəcan, döyüş hazırlığı bir” komandası verib özü ilə üç silahlı əsgər götürərək səngərlərə tərəf qaçdılar.
-Daha yetər, mən də gəlirəm! – deyə gizir Mübariz İbrahimov onların arxasınca səsləndi.
-Yox, Mübariz sən burada qal! Müşahidəni gücləndirin! Lazım olsa ratsiya ilə əlaqə saxlayarıq. Vəziyyət barədə bölüyə məlumat ver.
Mübariz heç nə eşitmirmiş kimi “yenə də lazım olsa” deyib öz-özünə danışa-danışa sığınacağa girdi. Tağımın əl pulemyotunu götürdü. Əvvəlcədən bir-birinə göy izalentlə bağlanmış iki patron darağını silahın üzərinə bərkitdi. Döyüş libasını üstdən bağladı. Yeşikdən iki ədəd F-1 və iki ədəd RQD-42 qumbarasını döyüş libasının ciblərinə qoydu. Botinkalarının qaytanlarını açıb bir az da bərkitdi. “Səbr etdiyimiz yetər! – deyib ayağa qalxdı. – Ağzımızın yavalığından dığalar başımıza her-per oyunu açırlar. Gündə bir əsgərimizi öldürür, yaralayır, başımıza od ələyirlər. Anaların, bacıların şivəni hər gün ərşə qalxır. Biz isə humanist, sülhsevər olmuşuq. Kafirlərin başı əzilməyincə onlar dinc oturmayacaqlar”.
Sığınacaqdan çıxıb üzüyuxarı səngərlərə tərəf qalxmaqda ikən ərazidə marşrut üzrə patrulluq yolu ilə mühafizə aparan əsgərlərdən hamının Qara deyə çağırdığı bərdəli Telman dilləndi:
-Cənab gizir, mən də gəlimmi?
-Siz burada qalın. Xidmətinizdə diqqətli olun. Mən onların cavabın verib qayıdıram. Tezliklə görəcəksiniz.
…Həmidin oğlu olduğundan artıq dörd gün keçirdi. O, həyat yoldaşını xəstəxanadan çıxarıb evə gətirmişdi. Qohumlar, dostlar, tanışlar hal-əhval tutub gözaydınlığı verirdilər deyə telefonlar onu lap “dilxor” etmişdi, bir an belə dil-qəfəsə qoymurdular. Axşamüstü elə yenicə telefonların əlindən imkan tapıb oturmuşdu ki, daha bir zəng oldu. Nömrəsiz zəngdən Həmid sevincək oldu, onun eyni açıldı, çöhrəsində təbəssüm yarandı. Zənn etdi ki, dostudur.
-Səyavuş, nə yaxşı zəng vurdun? Yəqin konfransınız gec qurtarıb?
-Yox, konfrans bir günlük idi. Mən sənə dedim axı. Norvegiyada yaymaq, onu orada tanıtdırmaq üçün Mübariz haqqında məlumat toplamalı idim.
-Bir şey alındımı?
-Əlbəttə alındı. Heç bilsən nə qədər məlumat toplamışam. Bütün Dünya Azərbaycanlıları onun kimi oğulla fəxr edə bilər. – Səyavuş bir az fasilə edib soruşdu: – Mübariz necədir? Balacanı deyirəm. Xəstəxanadadır, yoxsa evə gətirmisən?
-Dünən çıxardıb gətirmişəm evə. Yaman kürlük edir. Çox nadincdir. Gəlsənə, görüşək.
-Yox, Həmid, vaxt yoxdur. Bilet almışam. Bir saatdan sonra uçuruq. Əvvəl Moskvaya, oradan Norvegiyaya.
-Heç yaxşı olmadı. – Həmid də fasilə verdi danışığında. – Sizdə nə var, nə yox?
-Salamatlıqdır! Ailə, uşaq Norvegiyadadır.
-Gərək ailəni də gətirərdin. Heç olmasa qohum-əqrəba onları görərdi.
-Konfrans üçün tək gəlmişəm. Mənim də bir oğlum var.
-Neçə yaşı var oğlunun? Adı nədir? Yəqin müasir, norvegiyalıların dilinə yatan dəbdəbəli ad qoymusan.
-Yox… Elə… onun da adı… Mübarizdir… Qoy, vətənin Mübariz adlı oğulları çox olsun, hamısı da Qəhrəman Mübariz İbrahimova oxşamağa çalışsın. Nə qədər ki, Azərbaycanın düşmənləri çoxdur, Mübarizlərə də ehtiyac böyükdür. Vətənimiz Azərbaycan Mübarizlərlə mübarizləşsin!