Seymur Sönməz Paşayev (şeirlər) Ay-ulduzlu axşamlarda görüşək

Ədəbiyyat

İNAN, İNANMA…

 

Təptəzə, şipşirin arzuyam, kamam,

Sənət gülşənində közərən şamam.

Mən bir az qəribə, bir çür adamam,

Sözümə gah inan, gah da inanma.

 

Yarıda qoymasın qüssə-qəm səni,

Görüm ömrüm boyu hər vaxt cəm səni.

Desəm ki, ürəkdən sevirəm səni,

Sözümə gah inan, gah da inanma.

 

Əlim çatmasa da çox şeyə hələ,

Ömrü bilə-bilə vermərəm yelə.

Sənin güman yerin olsam da belə,

Sözümə gah inan, gah da inanma.

 

Al günəşin mən ki nuru deyiləm,

Əl çatmayan quzey qarı deyiləm.

Aydan arı, sudan duru deyiləm,

Sözümə gah inan, gah da inanma.

.

DƏLİNİN BİRİNƏ RAST GƏLMİŞƏM MƏN

 

Bu necə istəkdi, bitmir ki, bitmir,

Nə əlim, nə səsim, nə ünüm yetmir.

Xəyalımdan çıxmır, ağlımdan getmir —

Dəlinin birinə rast gəlmişəm mən.

 

Könlümdə salıbdır sevgisiylə iz,

Mən sakit sahiləm, o çılğın dəniz.

Bir az ərköyündü, bir az da qəliz —

Dəlinin birinə rast gəlmişəm mən.

 

Bilirəm, bu eşqim alınan deyil,

Mən ona bəs niyə salmışam meyil?

Nə yaş o yaş deyil, nə vədə, nə il —

Dəlinin birinə rast gəlmişəm mən.

 

Bir az gec çıxsa da qarşıma mənim,

Dönməyib şaxtalı qışıma mənim.

Oyun açasıdı başıma mənim —

Dəlinin birinə rast gəlmişəm mən.

 

Şeirdi gözləri, qəzəldi qaşı,

Heyif ki, bir azca kiçikdir yaşı.

Ancaq elə bilir naşıyam, naşı —

Dəlinin birinə rast gəlmişəm mən.

.

GÖRÜŞƏK

 

Zənn etmişəm saçlarımda dən səni,

Kimlər saldı görən məndən gen səni?

Heca-heca hərifləyim mən səni —

Varaq-varaq kitablarda görüşək.

 

Hələ də sönməyib qəlbimdən közün,

Yadımdadır hər addımın, hər izin.

Dil açıb nəğmətək biz həzin-həzin,

Şirin-şəkər dodaqlarda görüşək.

 

Taledən yan keçmək onsuz da hədər,

Tənhalıq hər kəsi gizlicə didər.

Sevək bir-birimizi lap sona qədər,

Xəyallarda, duyğularda görüşək.

 

Təzədən qayıt gəl, verək baş-başa,

Bəxtimiz bir daha dəyməsin daşa.

Həyatda həmişə yol gedək qoşa,

Gərəkdirsə, uzaqlarda görüşək.

 

Dözərəm, əhdinə sadiq ol barı,

Səni aldatmasın dünyanın varı…

Gündüz görən olar, gəl gecə yarı,

Ay-ulduzlu axşamlarda görüşək…

.

DARIXSAN ÖZÜN YAZARSAN…

 

Bilmirəm hardasan, nə düşünürsən,

Bəlkə də saçında ilmələnib dən.

Barı heç olmasa bircə dəfə sən,

Mənə hər nə varsa, düzün yazarsan.

 

Könlündən keçirsə ya məni səslə,

Ya da ünvanımı küləkdən istə…

Bir yol kənarında, sal daşın üstə,

“Tez qayıt, sevirəm” sözün yazarsan.

 

Yaxına qoymasan dumanı, çəni,

Eşqinin yanımdan düşəcək yönü.

Tənhalıq hardasa üşütsə səni,

Görsən ki, titrəyir dizin, yazarsan.

 

Sirrini heç kimə etmə etibar,

Deyirlər yerin də qulaqları var…

Ey könül mülkümdə yeri olan yar,

Mənsiz darıxanda özün yazarsan…

.

ÖLSƏM, MƏNİ AĞLAMA HA…

 

Hələ ağlım başımda cəm,

Gedəsiyəm gec-tez, nə qəm.

Əgər bir gün ölüb getsəm,

Leysan kimi çağlama haaa!

 

Hər kəs tanınar səsiylə,

Qəlb çırpınar həvəsiyə.

Məndən sonra özgəsiylə,

Əhdi-peyman bağlama haaa!..

 

Yaxın qoyma dərdi, qəmi,

Qoy, ruhum olsun həmdəmin…

Unudub ülvi eşqimi,

Ürəyimi dağlama haaa!..

 

Çək adımı, məni səslə,

Gül-çiçək dər dəstə-dəstə.

Hər gün gəlib qəbrim üstə,

Hönkür-hönkür ağlama haa!

 

Əcəlin əlində tacam,

Təkcə sevginə möhtacam…

Misra-misra yaşayacam,

Gəl, mənə yas saxlama haaa!

.

KİMSƏ MƏNDƏ MƏNDƏKİ SƏN DEYİL Kİ…

 

Qəm eləmə, istəyimdən dönmərəm,

Aramızdan yel ötsə də sönmərəm.

Suçum varsa, danla məni, dinmərəm,

Məhəbbətim özümdən gen deyil ki!

 

Gözləmişəm gəlişini hər vədə,

Arzularım boy göstərməz kölgədə…

Saçlarına hərdən sığal çəksə də,

Səhər mehi əssə də, çən deyil ki!

 

Ürəyimdə yan-yanadır izlərin,

Yaddaşımdan silinməyib sözlərin.

Təki məni soraqlasın gözlərin,

Baxışların saçımda dən deyil ki!

 

Ağzımda dönmüsən ən şirin dada,

Niyə verim saf eşqimi mən bada?

Təkcə sənsən bəxt ulduzum dünyada,

Kimsə məndə, məndəki sən deyil ki!..

.

DÖNÜŞÜ OLMAYIR BU SON MƏNZİLİN

 

Dünyaya son dəfə baxıb gedirsən,

Kiminsə qəlbini sıxıb gedirsən.

Gör, neçə çiyinə çıxıb dedirsən,

Dönüşü olmayan son mənzilə sən!

 

Daha ürək susub, əldən düşüb can,

Çatmır imdadına var-dövlət, ad-san

Özün də bilmirsən nə aparırsan,

Dönüşü olmayan son mənzilə sən!

 

Təkcə sənin deyil bu karvan, bu köç,

Peşiman olmağın bil ki, daha gec…

Əlacın olsaydı gedərdinmi heç,

Dönüşü olmayan son mənzilə sən!

 

Gəlhagəl günündə Haqqı unutdun,

Çoxunun yalanla başını qatdın.

Gördünmü axırda üzünü tutdun,

Dönüşü olmayan son mənzilə sən!

.

BİR SƏN ÇATIŞMIRDIN, HƏR ŞEY DÜZ İDİ

 

Sanki harayasa olmuşam sürgün,

Anlar ötüb-keçmir, donub qalıb gün.

Bu sabah yamanca könlümə düşdün —

Bir sən çatışmırdın, hər şey düz idi.

 

Gözlərim elə hey sənsiz yol çəkir,

Məni əldən salıb qəm-qüssə, fikir.

İstəsən, nə varsa sayım birbəbir —

Bir sən çatışmırdın, hər şey düz idi.

 

Salam qeyb olubdu, görünmür “sağol”,

Daha arzu-həvəs zülmət donlu yol…

Dərdi sağlığına içdim… xoşbəxt ol —

Bir sən çatışmırdın, hər şey düz idi.

 

Nə sən həminkisən, nə mən əzəlki,

Gör bizi nə hala saldı bu sevgi!

Gülüm, harda olsam, eşidib bil ki —

Bir sən çatışmırdın, hər şey düz idi.

 

Harda gəzim heç bilmirəm o vaxtı,

Dəli könlüm səniz hər an darıxdı…

Seymurun evini həsrətin yıxdı —

Bir  sən çatışmırdın hər şey düz idi…

.

MÖCÜZƏ GÖSTƏRƏ ALLAH …

 

Hər kəsi zülmətə öz suçu dartır,

Çoxları başını yalanla qatır.

Arabir özümə acığım tutur —

Adam bildiyimçün abırsızları.

 

Məni çox qovğaya çəkibdi qınaq,

Həyatın dolanbac yolları sınaq.

Üzümə güləni tanımayaraq —

Başda otuzdurdum insafsızları.

 

Ölümə məhkumdu açılmayan sirr,

Yamanlıq əbədi üz qarası, kir…

Əlacım olsaydı silərdim bir-bir —

Sevdalı qəlblərdən vəfasızları.

 

Hələ dumanlıdır  fikrimdə sabah,

Qalxır hər tərəfdən ərşə nalə-ah.

Kaş, bir gün möcüzə göstərib Allah —

Yox edə şərəfsiz vicdansızları.