ŞƏRQİYYƏ BALACANLI – şeirlər

Ədəbiyyat

Təvazökar adam

 

Sən məni çatdırdın çox arzulara,

Yoluma nur saçdı xeyirxahlığın.

Əlinlə qol çəkdim çox uğurlara,

Təriflər eşitdim hey yığın-yığın.

 

Gözünlə baxıram gələn sabaha,

Uğura aparır göstərdiyin yol.

Səninçün qiymətli, çox şeydən baha,

Ürəkdən deyilən adi “Çoxsağol”.

 

Təvazökar adam, gözütox adam,

Tanrı hifz eləsin, yaxşı ki varsan.

Sənin varlığınla rahatam, şadam,

Təmiz, saf adınla sən bəxtiyarsan.

 

Bilmirəm

 

Qeyrət enən yerdə ucaldı ayaq,

Mən bu acı dərdə dözə bilmirəm.

Vətənin daşına heyifim gəlir,

Namussuz başını əzə bilmirəm.

 

Bu gün eləsi var girir min dona,

Gəlmir öhdəsindən ata, ya ana.

Biri canan bilir, o biri sona,

Nədən atır özün közə, bilmirəm?

 

Daha seçmək olmur qızı, qarını,

Bilmirsən kim dərdi kimin barını.

Hətta eləsi var namus, arını,

Mən necə gətirim sözə, bilmirəm.

 

Ağlayır, inləyir könlümün simi,

Şərqiyyə, günahkar tutum mən kimi?

Ürəyə sığmayan sonsuz dərdimi

Mən necə ərz edim sizə, bilmirəm.

 

Zəfər qazanan şəhidlərə

 

Həsrət köynəyimiz Vətən bayrağı,

Geyinib üz tutaq biz Qarabağa.

Bu yurdu, torpağı çox sevdik deyə,

Təmiz arzularla büküldük ağa.

 

Tapdaqda qalmadı Şuşa şəhəri,

Onu geri aldıq qan bahasına.

Gətirdik qəlblərə şanlı zəfəri,

Xalq bir də güvəndi öz dühasına.

 

Can verdik, ölmədik, biz şəhid olduq,

Əbədi ölməzlik nə gözəl addır.

Əbədi eşq olub qəlblərə dolduq,

İndi ruhumuztək torpaq azaddır.

 

Dünyanın

 

Nədənsə dünyadan hamı gileyli,

Bu qədər ağırmı daşı dünyanın?

Mənim yaşım əlli, səninki altmış,

Kim bilir neçədir yaşı dünyanın?

 

Tanrı necə qurub gör bu qurğunu,

Mən həyat aşiqi, düzlük vurğunu.

Ovuda bilməyir məntək yorğunu,

Gör nəyə qarışıb başı dünyanın?

 

Yol gedirəm əlli ildi yar ilə,

Şərqiyyəyəm, canım əkiz ar ilə.

Bəxtiyaram sevgi adlı var ilə,

Süfrəmdə çörəyi, aşı dünyanın.

 

Tələbəlik illəri

 

Ötən əsrin yetmişinci illəri –

Unudulmur, tələbəydim onda mən.

Bakı yeli öpür qara telləri,

Bəxtəvərdim güllü, sətin donda mən.

 

İndikindən geniş idi küçələr,

Ali duyğuları sayırdıq sərvət.

İmtahana hazırlaşıb gecələr,

Fərəhdən uçardım, alanda qiymət.

 

Universitet, müəllimlər, dost-tanış,

Yada düşür, kövrəlirəm arada.

Əlli ildir ötür bahar, gəlir qış,

O xoş günlər ötdü, qaldı harada?

 

Ömrün kövrək illəriymiş o illər,

Qazanmışdıq neçə uğur, qələbə.

Xatirəylə dil açanda könüllər,

Sanki yenə tələbəyəm, tələbə.

 

Vətən

 

Bizimçün hər zaman səcdəgah olub,

Sevimli, müqəddəs torpağın, Vətən!

Şükür, ildən-ilə artıq nur saçır,

Düşməni kor edən çırağın, Vətən!

 

Oğlun da, qızın da igid, hünərvər,

Hər bir vətəndaşın ayıq bir əsgər.

Ali Baş Komandan – qüdrətli rəhbər,

Onunla gülməkdə növrağın, Vətən!

 

Kükrəyib coşmaqda çayın, dənizin,

Həzi vüqarlıdır mərd Mübarizin.

Yamanca qatladın düşmənin dizin,

Gəlir dost ellərdən sorağın, Vətən!

 

Gülür, çiçəklənir yamacın, dağın,

Ağ günün görürük biz Qarabağın.

Şərqiyyə gəl deyib açır qucağın,

Əlində üçrəngli bayrağın, Vətən!

 

Sərkərdə oldun

 

Atan – od, anan – su, özün – ildırım,

Nur saçdın Vətənin səmalarında.

Sən böyük xilaskar, budur şüarım,

Yer aldın qəlblərin dualarında.

 

Üzü gülüş gördü qaçqın köçkünün,

Sığmadı tərifə, dillərə adın.

Yalaq ağızları yerinfə hər gün

Kəsərli sözlərlə cırdın, qapadın.

 

Matdır idrakına dünyada hamı,

Sülhə tərəfdarsan, döyüşdə mətin.

Nə qədər şirinmiş Qələbə tamı,

Bunu çətin dadsın düşmənlər, çətin.

 

Azad nəfəs alır indi Qarabağ,

Məqsəd Zəngəzura, Göyçəyə yetmək.

Əlimizdə şanlı, üçrəngli bayraq.

Dərbəndi, Təbrizi ziyarət edək.

 

Sən sərkərdə oldun, biz əsgərlərin,

Əmrinlə gedirik ancaq irəli.

Sərkərdə hünərin, düşüncən dərin,

Daim çiynimizdə ədalət əli.

 

Ali Baş Komandan, sərkərdə oldun,

Bir yerdə gedirik nurlu sabaha.

Daim qalib olsun müzəffər ordun,

Səni tapşırırıq qadir Allaha!

 

Nəvələrimə

 

Babam Sabirdən dərs aldım,

Sevdim insanı pir kimi.

Daim bir sifətdə oldum,

Qəzəbdə, gücdə şir kimi.

 

Şəhidləri mən böyütdüm,

Mənim balamdı qazilər.

Düşmənləri odda ütdüm,

Təmizləndi ərazilər.

 

Savad aldı balalarım,

Cəhalətdən oldu uzaq.

Şair oldu dostum, yarım,

Qalib oldu oğul-uşaq.

 

Azərbaycan bizə ana,

Anasını sevər övlad.

Yağı gəlsə batar qana,

Vətənimdə yer, göy azad.

 

Şərqiyyənin məqsədi bir,

Eldə qalsın sözü, adı.

Özü qədər elin sevir,

Qəlbi geniş bir dünyadı.

 

Məhəbbətim

 

Çağladıqca heç doymadım,

Döndü selə məhəbbətim.

Dara düşməyə qoymadım,

Taydı gülə məhəbbətim.

 

Saldım Haqqa, düzə meyli,

Olmadım əsir, tüfeyli.

Nə o Məcnun, nə mən Leyli,

Başdan belə məhəbbətim.

 

Bəxt yeridi önümüzə,

Quşlar susdu ünümüzə.

Min şükür bu günümüzə,

Gülür hələ məhəbbətim.

 

Hamı kama yetə bilməz,

Gün ağrısız ötə bilməz.

Hər ürəkdə bitə bilməz,

Düşməz ələ məhəbbətim.

 

Şərqiyyəyəm, taleyim ağ,

Gecə boyu eşqim çıraq.

Xoşdur, yetsə məndən qabaq,

Xalqa, elə məhəbbətim.

 

Qələbə sevinci

 

Otuz il həsrət çəkib,

Daddıq Qələbə dadın.

Gül balalar and içib,

Daşlara yazdı adın.

 

İndi Şuşa mənimdir,

Burda rahat gəzirəm.

Qarabağ vətənimdir,

Güllərini üzürəm.

 

Göyçə o yandan baxır,

Deyir: Oğullar, gəlin!

Təbrizdə şimşək çaxır,

Dərbənd uzadır əlin.

 

Nə qədər dərdi varmış,

Anam Azərbaycanın.

Haqq özü haqqa yarmış,

Sözü var İrəvanın.

 

Kəlbəcərim, Ağdamım

İndi öz əlimdədir.

Səhərlərim, axşamım,

Düzgün əməlimdədir.

 

Düşmən itirib başın,

Əl atmaqda hiyləyə.

Görüb türkün savaşın,

Dönüb qorxaq gədəyə.

 

Qələbə sevincini

Yaşamaqda el-oba.

Dostlar almır dincini,

Deyir bizə: Mərhəba!

 

Sərkərdəmi, ordumu

Vəsf edirəm sözümdə.

Bir övladtək yurdumu

Qoruyuram ozüm də.

 

Yaşasın qalib ordum,

Yaşasın Azərbaycan!

İçimdə bir taxt qurdum,

Sahibi şaddır hər an!

 

Azərbaycan şəhidləri

 

Ana qədri bilən oldu,

Son nəfəsdə gülən oldu,

Düşmən qəlbin dələn oldu

Azərbaycan şəhidləri!

 

Hərəsi ölməz can kimi,

Can verdilər qurban kimi.

Döyüşlərdə aslan kimi,

Azərbaycan şəhidləri!

 

Qarabağı nur etdilər,

Adların məşhur etdilər.

Milləti məğrur etdilər,

Azərbaycan şəhidləri!

 

Laçın, Şuşa qalasıdır

Daim uca olasıdır.

Şərqiyyənin balasıdır

Azərbaycan şəhidləri!