SƏRGİ, YARMARKA, yoxsa KİTAB BAZARI? — Əli Bəy Azərinin yeni yazısı

Əli Bəy Azəri

Füzulinin şəninə təşkil olunan sərgiyə şairin “DİVAN”ı çıxarılmamışdı.

Ədəbi mühit xeyli vaxtdır ki, məişət qayğılarının burulğanında çabalayır. Ədəbi hadisələrə, yüksək mükafatlara yönəlmiş əsərlərin yaranması haqda nəinki cəhd göstərmirlər, bu barədə heç düşünmürlər. Çörəyi qələmin ucundan çıxanlar hər fürsətdə məhsullarının satılacağı, qazanc gətirəcəyi qayğısı ilə vaxtlarını keçirirlər. Ara-sıra keçirilən kitab təqdimatlarının da əsas meyarı elə ədəbi məhsulun satışının təşkilidir.

Oktyabr ayı bir əlamətdar hadisə ilə yadda qaldı. Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspro Mərkəzində 2-8 oktyabr 2024-cü il tarixində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgi barədə müxtəlif söz adamları fərqli mülahizələr irəli sürdülər. Tək-tək irad bildirənlər, nöqsan tutanlar da oldu. Hər halda bu, birinci sərgi deyildi ki, nazirlik rəsmləri nə etdiyini bilməsin. Yəqin, xarici təcrübələrdən detalları götürülüb. Xarici deyəndə bizimkilər ən çox Türkiyəyə üz tuturlar. İqtisadi çətinliklər içərisində boğulan Türkiyədən hər hansı inkişaf modeli götürə bilməyəcəyimizə yüz faiz əmin olsaq da, yenə oraya üz tuturuq.

Əlbəttə ki, Azərbaycan kitab bazarında Türkiyə ilə müqayisə olunmamalıdır. 85 milyonluq Türkiyənin məhdud sayda yazıçısı, şairi olduğu halda on milyonluq Azərbaycanda bu siyahı birinci yüzlüyü çoxdan geridə qoyub. Fərasətli Azərbaycan yazıçıları da fürsətdən yararlanaraq Türkiyə kitab bazarına çıxa biliblər.

Kitab sərgisinin keçirilməsi barədə adamlar az məlumatlıydılar. Sərginin reklamı ümumiyyətlə getməmişdi. Bunu kim aparmalıydı, bəlli deyildi.

Düzdür, “Elçlər Akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyanın qarşısından sərnişinləri pulsuz daşımaq üçün avtobuslar ayrılmışdı, lakin ərazidə heç bir göstərici işarə olmadığından adamlar avtobusların yerini tapmaqda çətinlik çəkirdilər. Xüsusən də təmir işləri ilə əlaqədar hasarlanan “28 may” metrosu ərazisində. Avtobus az qala bir kilometrlik məsafədə — Səməd Vurğun parkının qurtaracağında dayanırdı. Avtobuslar nizamlı qaydada hər yarım saatdan bir yola düşürdülər. Məktəblərə də tapşırıq verilmişdi, müəllimələr qrup şəklində şagirdləri sərgiyə gətirirdilər. Əvvəlcədən xəbərdar deyildilər deyə məktəblilər kitab almaq üçün evdən pul götürməmişdilər. Ondan çox məktəbli ilə apardığım söhbətin nəticəsi belə oldu.

Yer nəşriyyatlara çox baha qiymətə icarəyə verilmişdi. Kvadratı 120-130 manat civarında hesablanmışdı. Odur ki, nəşriyyatların çoxu küncə sıxılmış, 6-8 kvadratlıq guşə ilə kifayətlənmişdilər. Girişdə böyük ərazini Azərbaycan Yazıçılar Birliyi götürsə də, orda yalnız Çingiz Abdullayevin və Elçin Hüseynbəylinin kitabları yerləşdirilmişdi. Ayrı-seçkilik yolverilməzdir. Həmin guşəyə az sayda maraq göstərən oxucu nəzərə çarpırdı.

Daha çox yer götürmüş və daha çox xarici yazıçıların əsərləri ilə göz qamaşdıran “Qanun” nəşriyyatı girişdə gələnləri ilk olaraq qarşılamaqda idi. Ondan sonra ikinci, üçüncü və dördüncü yerləri öz aralarında “TEAS PRESS”, “MİAT” yayınları və “PARLAQ İMZALAR” bölüşürdülər. Kitab almağa gələn oxucu kütləsi bu dörd nəşriyyatın ərazisində toplaşırdılar. Elmlər Akademiyasının institutları, kiçik nəşriyyatlar, demək olar ki, sərgidən zərərlə uzaqlaşmalı oldular.

Sərgidə Qazaxıstan və Türkiyə təmsilçiləri də vardı. Onlara maraq naminə yaxınlaşanlar olurdusa da çox az idi. Rəsm, digər bəzəkli əşyalar da nümayiş etdirilirdi.

Bütün bunlar öz yerində. Necə deyərlər, pis-yaxşı təşkil olunmuşdu. Lazım idi ki, hər kəs fürsətdən bəhrələnib öz məharətini göstərə bilsin.

Yeri gəlmişkən, sərgidə cəmi bir kitab mağazası təmsil olunurdi. “Novella” kitab mağazası nəşriyyatlar arasına necə düşmüşdü? Niyə “Kitabevim.az”, “Kitabevim”, “Qlobus”, “Rebus” və sair kitab mağazaları, o cümlədən Mədəniyyət nazirliyinin balansında fəaliyyət göstərən “Gənclik”, “Maarif” nəşriyyatları gözə dəymirdilər?

Bir sözlə, ölkədə onuncu Beynəlxalq Kitab Sərgisi keçirilməsinə baxmayaraq bu sahədə çoxlu qüsurların aşkarlandığı bəlli oldu. Kitabsatan mağazaların sərgiyə çıxmaması da məqsədyönlüdür. İndi kitab bazarında nəşriyyatlarla kitab mağazaları arasında soyuq “müharibə” gedir. Bunun obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Düzdür, hər iki halda yazıçı kənarda qalır, qazanan nəşriyyat və kitab mağazaları olur. Ən çox zərər çəkən də oxuculardır.

Maya dəyəri üç manata başa gələn kitab satışa on manat qiymətlə çıxarılır. 35-40 faiz nəşriyyatlar, 35-40 faiz də mağazalar qiymət müəyyənləşdirirlər. Yazıçı bütün kitabları satılmış olsa belə hər kitabdan bir manat qazanar, ya qazanmaz. Odur ki, bəziləri elə kitab təqdimatlarında satışını təşkil edirlər ki, heç olmasa çəkdikləri xərcin üçdə birini götürə bilsinlər. Nəşriyyatlar daha çox qazanc əldə etsinlər deyə birbaşa nəşriyyatın anbarından satış həyata keçirirlər. Bəzi nəşriyyatlar kirayələdikləri ofislərdə kitab satışı mağazası yaradıblar.

Kitab bazarının tələbatı budurmu?

Ən sonda bunu mütləq qeyd etməliyəm. 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə təşkil olunmuşdu. Bütün nəşriyyatlarda axtarsam da tapa bilmədim, Füzulinin “Divan”ı sərgiyə çıxarılmamışdı.

Çox təəssüf!

Əli BƏY AZƏRİ 

Azərbaycan Yazıçılar Birliyinin üzvü