Hikmət Məlikzadə, Şeirlər

Hikmət Məlikzadə 1993-cü ildən mətbuat sahəsində çalışır.

Beş şeir, onbir monoqrafiyanın, on bir elmi-publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur. Bir sıra mükafatlara, təşəkkür və diplomlara layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident mükafatçısıdır. «Yeni Təfəkkür» qəzetinin və Respublika Xatirə Kitabının əməkdaşıdır.

 

Hicran yanğısı

Hicran yanğısı var hər adi sözdə,

Söz, ilham gələndə, hamilə olur.

Kim bilir, bu həyat limandı bəlkə?!

Pərvanə onunçun şam ilə olur.

 

Əcəl öz ovunu dustaq eləmir,

Ürkək duyğuların çoxusu itib.

Əzrayıl südəmər uşaq kimidi,

Ruhun canımdakı qoxusu itib.

 

Yazıq kölgəmin də bəxt damı çöküb,

Sən də günahını yu, yerə gəlim.

Mən ki, milyon ildi göy adamıyam,

Mən kimin üzünə bu yerə gəlim?!

 

Yenə köç səsi var məndən uzaqda,

Eşq külək kimidi, qov, udum onu.

Min cür əzab çəkib sevdiyim qadın,

İndi öz qəmimlə ovudum onu?

 

Şeytana şükr elədik

 

Şeytana çox şükr elədik, – zənd ilə,

Yıxdıq axır sonda, qəfil fənd ilə.

 

Dindən, imandan çıxırıq, ey fələk,

Fərqi yox onsuz, şəhərin kənd ilə.

 

Get dua yazdır, sora poz, xəlvəti

Tanrıya göndər bir-iki bənd ilə.

 

Gör, neçə vaxtdır ki, oruc tutmuram, –

Çünki hər il açdım onu qənd ilə.

 

Ta hədəf olmaz sənə, fövqəldir o,

Süzmə daha Hikməti rişxənd ilə.

 

Səbəb

 

Çöllər ilk anda səbəbdir yuna, bir karlı səbəb…

Guya bir karlı səbəb var buna, bir karlı səbəb.

 

Buğda ya köklü günahdır, ya da əslində, əzab,

Hər dəyirman tapa bilməz una bir karlı səbəb.

 

Lütfü yoxdursa əgər Allahın, imdad eləmə,

Sən nə vaxt qanlı görünsən, cuna bir karlı səbəb.

 

İnsan eyhamdı, əməldir təpədən-dırnağadək,

Əbcəd elmində əlif, ləm nun*a bir karlı səbəb.

 

Hikmət, israr elə, çarmıx ağacından yerə düş,

Tarixin fövqü gətirmir Huna bir karlı səbəb.

 

 

Gəlir

 

İblis ağ donda gecə ilə hazır payə gəlir…

O, dua etdi, ya heç etmədi, bol mayə gəlir.

 

Onu, yol üstdəki köçlər qara bir kölgə sanır,

O, susuz atları şövq ilə çəkib çayə gəlir.

 

Qarşı dağlarda namaz üstə qəfil dava düşür,

Guya kimsə eşidir, tez-tələsik hayə gəlir.

 

Xalxa, pəjmürdə halında dəli-divanə gözəl,

Mənə də, çöldə gülürlər ki, qoca dayə gəlir.

 

Hikmət Allahda təməl qurmağı vacib bilir, eh,

Şeytanı vəsf eləməkçün təzə bir ayə gəlir.

 

 

17 yaşımın şeiri

 

Ruhum göyə gedib günaha görə,

Günahın zavalı qadına düşmür…

Çaşıb – get, – demişəm, elə getmisən,

Geriyə qayıtmaq yadına düşmür.

 

Mən çox aldanmışam özüm deyənə,

Çətin, bu gedişlə sözümə baxım.

Tez-tez yuxu tutur ürkək gözümü,

İndi sənə baxım, özümə baxım?

 

…Taleyə yalvarmaq əbəsmiş, demə,

…Ömür kitabında varaq az olur.

Hər adam öləndə bir qəbir artır,

Sonra da həyata maraq az olur.

 

Könül oxşamağa vaxtım yox nəsə,

Sənin də elə bil həvəsin ölüb.

Yüz ildi qapında dayanan adam

Satıb, pul eləyib dəvəsin, ölüb…

 

Gözlərimi yordular

 

Gözlərimi yordular gendən sevdiyim qızlar,

Qarşıdakı qaraltı təpədi, yoxsa bulud?

Qayıqları tufanda yelkən açıb rüzgarın,

Sahili dəli edən ləpədi, yoxsa bulud?

 

Bir səs gəlir uzaqdan – sur səsidi bəlkə də,

Eh, məni də Nuh kimi lağa bükür adamlar.

Tabut ki, dar qapıdır…, edam kötüyü deyil,

Onda nədən ölünü ağa bükür adamlar?

 

Çölə atıblar məni bircə anın içində,

Bir udum ah çəkirəm, qəhərə çıxır o da.

Ürəyimi verdiyim qadına bax, İlahi,

Gün çıxantək dalımca şəhərə çıxır o da.

 

Göyün acığı tutub yerdəki ilğımlara,

Yenə görüş yerini nəm eləyib yağışlar.

Yağış bəhanə deyil, gəlmirsənsə, de, bilim,

Sonra durub demə ki, Hikmətdi də, bağışlar…

 

Çox dedin, üç alma düşəcək…

 

Çox dedin, üç alma düşəcək göydən,

Başımı aldatdın nağılla, şeytan.

Sən məni nə üçün yoldan elədin;

Hansı ümid ilə, ağılla, şeytan?!

 

İndi nə Tanrı var içimdə, nə sən,

Özüm özüm ilə cəngə qalxmışam.

Ömrün bu yaşında gözdə yuxu yox,

Qəfil səndən gələn zəngə qalxmışam.

 

Sən belə əclafsan, sən belə alçaq,

Məndən götürdüyün imanı qaytar.

Gör, neçə gəmiyə qəm yükləmisən,

Mənə həsrət qalan limanı qaytar.

 

Allaha baxmağım zinadı yoxsa?

Üzümün üstünə taxmağa üz yox.

Bəlkə Allah desəm, rəhm edər, bəlkə…

Məndə də yuxarı baxmağa üz yox.

 

Çoxdandı üstümə it hürür elə,

Məni it gününə salırlar, Allah.

…Bir dama sığmışdı Hikmət min ildi,

Onu da əlimdən alırlar, Allah.

 

Ögey atlar bu axşam qayıdacaq döyüşdən

 

Ögey atlar bu axşam qayıdacaq döyüşdən,

Qabağına atmağa bir axurluq saman yox.

Allah sözü yazılıb ürək adlı kitaba,

Nə üçünsə oturub oxumağa zaman yox.

 

Torpağın lənətini insan götürə bilmir,

Cəhənnəm əzabıdı həyat, uzağa getmə.

O gün yağan doluda elçi daşları sınıb,

Küçənin o başında tin yox, tuzağa getmə.

 

Başımın altındakı duanı kif bağlayıb,

Haqqı sevən adamda bir az qorxu-hürkü var.

Heç kim bilmir hicranı dağıdan hansı sözdür,

Eşq dağının altında gör, necə də bürkü var.

 

Çoxuna maraqlıdır, özünə gül deyən qız

Xatirə dəftərində adını necə yazıb?!

Eh, nədən soruşmursan, Tanrı mənim bəxtimə

Hələ də sevmədiyim qadını necə yazıb?

 

Yuxuma gəlmə

 

Əzan oxunanda yuxuma gəlmə,

Axı, it səsindən eynim açılmır…

Şər vaxtı üzümə çırpdığın qapı

Elə bağlı qalıb, neynim, açılmır.

 

Təsbeh daşlarında kəramət gəzmə,

Dualar mənimçün sınaqdı sanki.

İndi küçələrdə elçi daşı yox,

Qoca xatirələr qınaqdı sanki.

 

Sən, gecə düşəndə uzağa baxma,

Hikmətdi könlünün həbibi, gözəl.

Get, ver ürəyini, “edam” eləsin,

Qovma onun kimi təbibi, gözəl.

 

Bəri gəl

 

Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl,

Orda, qəm sarmış o pak qəlbə qıfıl vur, bəri gəl.

 

Eh, bu dağ çayları çox gurdu, könül bağlama ki,

Bəlkə heç axmayacaq ömrü boyu gur, bəri gəl.

 

Gəl, dua eylə, günah vəsf eləyər çöhrəni, gəl,

Bir də gördün ki, qəfil kimsə çalır sur, bəri gəl.

 

Tanrı ərk ilə bizə urzu verir bir-iki gün…

Ya da göydən yerə minnətlə düşür nur, bəri gəl.

 

Hikmət aylardı dava əmri verir şeytana, eh…

Çünki çoxdan onu şövq ilə tutub şur, bəri gəl.

 

İndi

 

Haram kif bağlamış boz daş kimidi,

Qələm günah çəkir kağıza indi.

Mənə daş atırlar ta, söz atanlar,

Mən də söz atıram ağıza indi…

 

Sənə də, mənə də daş atan bilmir

Daşdan ya büt olur, ya qəbir daşı.

…Bu qız Tanrıya yox, şeytana çəkib,

Onu daşa döndər, a qəbir daşı!

 

Hər ölən adamın Əzrayıl xofu,

Hər uçan komanın daşı görünür…

Kimsə çıraq tutur kölgəm yazığa,

O da gözlərimə naşı görünür.

 

…Adamı adamdan quru çıxardıb,

Əcəlin altına yaş oturdurlar…

…Eh, nədən həmişə ölən adamın

Canının üstünə daş oturdurlar?

 

Biz namaz qılırıq, günaha çıxır,

Nədən güvə tutmur dişimiz, Allah?

Bu qədər doğmaykən bu qədər yadıq,

Bəlkə daş olmaqdı işimiz, Allah?!

 

Gözlər hər baxışçun sədəqə verməz

 

Gözlər hər baxışçun sədəqə verməz,

İman aynasında zədə ki, ələm…

Bu həyat dərsindən “beş” almaq üçün,

Nə təsbeh lazımdı, nə də ki, ələm…

 

Könül tufan qopmuş dərədi, quzum,

Orda doğma yeri, yad yeri yoxdu…

Mən bu boz tabuta sığmadım bəlkə,

Nədən başdaşımda ad yeri yoxdu?

 

İnanma, su bassın bu yeri bir də,

Sən, ta küyə düşüb gəmi düzəltmə.

Bəsdir, adam kimi yaşamaq öyrən,

Günahdan özünə zəmi düzəltmə.

 

Çox vaxt quru qalır dualar elə,

Məncə, hər arzunun döl vaxtı olmur.

Gör, necə saralıb kənddəki qızlar,

Bəlkə o qızların çöl vaxtı olmur?!

 

Nimdaş xatirələr ürəyə yükdü…

Bəzən sərvət olur xəzəldən, vallah.

Ömür bir kinodu; ya bax, ya baxma,

Hərə bir roldadı əzəldən, vallah.

 

Sənə bir eşq verdim – Quran qədər pak,

Gözünü o eşqə yumma ölüncə.

Sən mənə halallıq vermədin ki, heç,

Məndən də halallıq umma ölüncə.