VERMƏ ÇÖRƏK
Ağlın olsun a balam, vermə çörək ac adama.
Bəxti, taleyi dönük, yolu dolanbac adama.
Yetimin adətidir zəvzəyəcək qoğal üçün.
Yüz səbəb axtaracaq dəbdə olan bir hal üçün.
Göstəriş yoxdur əgər başına bir sığal üçün,
Qaldır o ələngəni, kimdir qoyan tac adama!?
Ağlın olsun a balam,vermə çörək ac adama.
Eləmə qarnını tox, hər sözü-sözə calasın,
Ya süzə gözlərini, ya da başını bulasın.
Ağlı başında olan heç vaxt qudurtmaz tulasın
Susmağı təlim edir çünki ehtiyac adama,
Ağlın olsun a balam, vermə çörək ac adama.
Verəcəksən, dəyişər, ibnəsi qalxar canında
Özünü bəd aparar çörək verənlər yanında.
Qoy dönsün müqəvvaya, dayansın öz ünvanında.
Yaraşsın köhnə libas, pırtlaşıq da saç adama,
Ağlın olsun a balam, vermə çörək ac adama.
Çox olsa dərdi-səri, onunla qatar başını.
Kəsilər nitqi bir az, ya da itirər huşunu.
Bilmək olmaz, çırpınar, çaşdırar şahlıq quşunu,
Dönər öz başın üçün Yusif Sərrac adama,
Ağlın olsun a balam, vermə çörək ac adama.
Gəlsə hərgah yanını çörəyə yer etməkçün,
Yolunu bilməlisən sən onu sirr etməkçün.
Hüququn xırdalasa- özünü Şir etməkçün,
Top kimi lərzəyə gəl, bomba kimi saç adama.
Ağlın olsun a balam,vermə çörək ac adama.
Car olub çıxsa əgər kəlləçarxa səs — sorağı,
Əmr ola, təliqəsi dolana üstdən aşağı,
Yazıla «Zəlil olub, qırılır arvad- uşağı»
Verginən bir kisə un, bir oxlov, bir sac adama.
Daha çəksin qəmişin, neyləyəsən ac adama.
Çörəyi hamı yeyir, belə qurulmuş bu həyat
Aca baxma, özünə yaxşı çörəkxana yarat.
Çoxdursa camışa ver, donquza ver, itinə at,
Vermə hər qəlbiqara, ürəyi qısqanc adama,
Ağlın olsun a balam, vermə çörək ac adama.
İLLÜZİYA
Mən heç vaxt qocalıb ölməyəcəyəm,
Varlığım sonadək cavan qalacaq.
Kökdən düşmək nədir, bilməyəcəyəm,
Hissim, duyğularım rəvan qalacaq.
Kama yetəcəyəm xəyallarımda,
Vaxtım olmayacaq yorulmaq üçün..
Günlərim keçəcək öz axarında,
Məqam tapılacaq vurulmaq üçün.
Daim duyğuları ovsunlayacaq,
Eşqin talismanı, bir nazlı pəri,
Sevdalı, növrəstə cavanlarsayaq,
Gözum arayacaq xarüqələri.
Saçım bəyaz olar, qoy olsun, nə qəm!
Vücudum dəyişər bir az uzağı…
Yox, mən qocalaraq ölməyəcəyəm,
Mənim heç gəncliyim olmayıb axı !
Heydən düşməyibsə ürək, ya beyin,
Dünya sevgi dolu, ruhum da ki ac..!
Yoxdur yaddaşımda o xoş gəncliyim,
Onu oğurladı tale, ehtiyac.
Həyat eşqi ilə çırpınır ürək,
Eşqə tapınaram sevənlər kimi
Edə biləcəyəm, məqam gələcək,
Bir ömür bacarıb etmədiyimi.
Könül oxşayacaq ana təbiət
Gül- çiçək nazlanıb güləndə üzə..
Duyğular çağlayıb alacaq vüsət,
Ruhum arınacaq- dupduru, təzə.
Alagöz , qaragöz fidan görəndə —
Gözləri səma tək, gülüşü şaqraq,
Uşaqlıq çağıma dönəndə mən də,
Həyat gözlərimdə tilsim olacaq.
Ya da rast gələndə bir çiçək qıza,
Ayağım altında yəqin qaçar yer,
Ülvi duyğularım dil açar təzə;
İlahi, bu gülün qismətini ver !
Ömrü süsləndirən yazı, baharı,
Sorub bənövşədən, novruzgülündən;
Nakam itirdiyim xoş arzuları,
Necə əsir qoyum dərdin əlində!?
Xəyallar ruhumu məst eləyərkən,
Sanki səda gəlir , çırpınma hədər,
Bu , hansı mələkdir gülür qeybdən,
Soruşur nə qaldı məzara qədər ?
BİLMƏDİM
Dünyada çox dərdin biləni oldum,
Pünhan qalanını bilə bilmədim.
Əzabla bulandım, eşqlə duruldum
Yükünü bəxtimə şələ bilmədim.
Səadət umurdum xoş niyyətimdən;
Qurtaram kimsəni bəlkə çətindən.
Çıxartdı qasırğa öz orbitimdən,
O arzu kanıma gələ bilmədim.
Gördüm çoxlarının dönükdü baxtı,
Çökür xanimanı , yıxılır taxtı.
Gözündən tökülən içinə yağdı,
Görüb, göz yaşını silə bilmədim.
Qanım şərab oldu , dəm görmədilər
Həm səxoş baxdılar, həm görmədilar.
Gizlətdim, üzümdə qəm görmədilər,
Ağladım içimdə , gülə bilmədim.
Mən bir eşq quluydum qadir Allahın. !
Dərdlər hücum çəkdi, hey, axın- axın..
Tülkü kölgəsinə düşmədim yaxın,
Aslan dişində də ölə bilmədim.
Ömrümün savaşı amansız oldu.
Fironum, cəlladım nə qansız oldu.!
Mənim tək aşiqlər gümansız qaldı,
Verdim günlərimi yelə, bilmədim.
Şahlaram , bir müflis , bir quru bəyəm,
Kədərli bir tale ağlayan neyəm.
Mən belə bəxt ilə kimə gərəyəm,
Yaşadım bu qədər, hələ bilmədim.
OLAR
Həyat çox aşiqi çəkər sınağa,
Dözərsən , sirdaşın, həmdəmin olar.
Çevirsən gününün qarasın ağa,
Həm ömrün mənası , həm dəmin olar.
Nə kəsir ağacın, nə kəsir daşın,
Könül mülkün tikər hər bir sirdaşın.
Olma ki, nəfsinə heç əsir, daşın,
Sabaha ümidin həm də min olar.
Yapış əzizindən, ana- atandan.
Uzaq dur aldadıb sənə atandan.
Muraddı, düşmə heç kəhər atından,
Həm bəslə, həm gözlə, həm də min, olar.
Ömrünə düz nizam quran, yaradan,
Qurtarar hər naşı vuran yaradan
Bu ağlı , imkanı verən Yaradan,
Verib ki, bu tale bəndəmin olar.
Haqq olsan doğmaya, düz olsan yada
Kim səndən perikər, inciyər ya da,
Şahları sevəni atmaz dünyada,
O Qadir Allaha həmd, əmin olar.
Nəvələr üçün məzəli misralar
DİVİN NAĞLI
— Kim yatıb , kim oyaq ?
— Hamı yatıb, Cırtdan oyaq !
Bir talesiz tənha divəm.
Ömür yeyirəm acanda.
Yeri — göyü titrədirəm,
Günlər əlimdən qaçanda.
Boynumda dəyirman daşı
Eləyirəm can savaşı.
Görüb bəni-adəm qardaşı,
Gizlənmişəm mən haçandan.
Tilsim,sehir tərs düşəli..
Qalmışam , yerə döşənib.
Qırıb atacam şüşənə,
Ta canlıq qalmayıb canda.
Görəndə qalam dağılır,
Cırtdan aparıb ağılı.
Bitirirəm bu nağılı,
Almanı atın bacamdan.
BALACANI
Fərəhdir nəvələr nənə — babaya.
Necə də şirinmiş bu bala canı !
Baba şükr eləyər Haqq verən paya,
Nənə də and içər; » Bu bala canı! »
Balaca eşidər böyük qardaşı
Çağırsa, yüyürər,gəl tez qar daşı!
Gah yığar çınqılı, gah yığar daşı,
Əcəb təlim edir bu balacanı.
Nə gözəl nemətdir, bala bal dadır!
Nənələr, babalar bu amaldadır.
Baba deyər qüvvət daha baldadır,
Yesin, güclü edir bu bal acanı.