ŞAHLAR HACIYEV, şeirlər

 

VERMƏ ÇÖRƏK

Ağlın olsun a balam, vermə çörək ac adama.

Bəxti, taleyi dönük, yolu dolanbac adama.

 

Yetimin adətidir zəvzəyəcək qoğal üçün.

Yüz səbəb axtaracaq dəbdə olan bir hal üçün.

Göstəriş yoxdur əgər başına bir sığal üçün,

Qaldır o ələngəni, kimdir qoyan tac adama!?

Ağlın olsun a balam,vermə çörək ac adama.

 

Eləmə qarnını tox, hər sözü-sözə calasın,

Ya süzə gözlərini, ya da başını bulasın.

Ağlı başında olan heç vaxt qudurtmaz tulasın

Susmağı təlim edir çünki ehtiyac adama,

Ağlın olsun a balam, vermə çörək ac adama.

 

Verəcəksən, dəyişər, ibnəsi qalxar canında

Özünü bəd aparar çörək verənlər yanında.

Qoy dönsün müqəvvaya, dayansın öz ünvanında.

Yaraşsın köhnə libas, pırtlaşıq da saç adama,

Ağlın olsun a balam, vermə çörək ac adama.

 

Çox olsa dərdi-səri, onunla qatar başını.

Kəsilər nitqi bir az, ya da itirər huşunu.

Bilmək olmaz, çırpınar, çaşdırar şahlıq quşunu,

Dönər öz başın üçün Yusif Sərrac adama,

Ağlın olsun a balam, vermə çörək ac adama.

 

Gəlsə hərgah yanını çörəyə yer etməkçün,

Yolunu bilməlisən sən onu sirr etməkçün.

Hüququn xırdalasa- özünü Şir etməkçün,

Top kimi lərzəyə gəl, bomba kimi saç adama.

Ağlın olsun a balam,vermə çörək ac adama.

 

Car olub çıxsa əgər kəlləçarxa səs — sorağı,

Əmr ola, təliqəsi dolana üstdən aşağı,

Yazıla «Zəlil olub, qırılır arvad- uşağı»

Verginən bir kisə un, bir oxlov, bir sac adama.

Daha çəksin qəmişin, neyləyəsən ac adama.

 

Çörəyi hamı yeyir, belə qurulmuş bu həyat

Aca baxma, özünə yaxşı çörəkxana yarat.

Çoxdursa camışa ver, donquza ver, itinə at,

Vermə hər qəlbiqara, ürəyi qısqanc adama,

Ağlın olsun a balam, vermə çörək ac adama.

 

İLLÜZİYA

Mən heç vaxt qocalıb ölməyəcəyəm,

Varlığım sonadək cavan qalacaq.

Kökdən düşmək nədir, bilməyəcəyəm,

Hissim, duyğularım rəvan qalacaq.

 

Kama yetəcəyəm xəyallarımda,

Vaxtım olmayacaq yorulmaq üçün..

Günlərim keçəcək öz axarında,

Məqam  tapılacaq vurulmaq üçün.

 

Daim duyğuları ovsunlayacaq,

Eşqin talismanı, bir nazlı pəri,

Sevdalı, növrəstə cavanlarsayaq,

Gözum arayacaq xarüqələri.

 

Saçım bəyaz olar, qoy olsun, nə qəm!

Vücudum dəyişər bir az uzağı…

Yox, mən qocalaraq  ölməyəcəyəm,

Mənim heç gəncliyim olmayıb axı !

 

Heydən düşməyibsə ürək, ya beyin,

Dünya sevgi dolu, ruhum da ki ac..!

Yoxdur yaddaşımda o  xoş gəncliyim,

Onu oğurladı tale, ehtiyac.

 

Həyat eşqi ilə çırpınır ürək,

Eşqə tapınaram sevənlər kimi

Edə biləcəyəm, məqam gələcək,

Bir ömür bacarıb  etmədiyimi.

 

Könül oxşayacaq  ana təbiət

Gül- çiçək  nazlanıb güləndə üzə..

Duyğular çağlayıb  alacaq vüsət,

Ruhum arınacaq-  dupduru, təzə.

 

Alagöz , qaragöz fidan  görəndə  —

Gözləri səma tək,  gülüşü şaqraq,

Uşaqlıq çağıma dönəndə mən də,

Həyat gözlərimdə tilsim olacaq.

 

Ya da rast gələndə bir çiçək qıza,

Ayağım altında  yəqin  qaçar yer,

Ülvi duyğularım dil açar təzə;

İlahi, bu gülün  qismətini ver !

 

Ömrü süsləndirən yazı, baharı,

Sorub bənövşədən, novruzgülündən;

Nakam itirdiyim  xoş arzuları,

Necə əsir qoyum dərdin əlində!?

 

Xəyallar ruhumu məst eləyərkən,

Sanki səda gəlir , çırpınma hədər,

Bu , hansı mələkdir  gülür qeybdən,

Soruşur  nə qaldı məzara qədər ?

 

BİLMƏDİM

Dünyada çox dərdin biləni oldum,

Pünhan  qalanını  bilə bilmədim.

Əzabla bulandım, eşqlə  duruldum

Yükünü bəxtimə  şələ bilmədim.

 

Səadət umurdum xoş niyyətimdən;

Qurtaram kimsəni bəlkə çətindən.

Çıxartdı qasırğa öz orbitimdən,

O arzu kanıma  gələ bilmədim.

 

Gördüm  çoxlarının  dönükdü  baxtı,

Çökür xanimanı , yıxılır taxtı.

Gözündən tökülən  içinə yağdı,

Görüb, göz yaşını silə bilmədim.

 

Qanım şərab oldu , dəm görmədilər

Həm səxoş baxdılar, həm görmədilar.

Gizlətdim, üzümdə qəm görmədilər,

Ağladım içimdə , gülə bilmədim.

 

Mən bir eşq quluydum qadir Allahın. !

Dərdlər hücum çəkdi, hey, axın- axın..

Tülkü kölgəsinə  düşmədim yaxın,

Aslan dişində də ölə bilmədim.

 

Ömrümün savaşı amansız oldu.

Fironum, cəlladım nə qansız oldu.!

Mənim tək aşiqlər gümansız qaldı,

Verdim günlərimi yelə, bilmədim.

 

Şahlaram , bir müflis , bir quru bəyəm,

Kədərli bir tale  ağlayan neyəm.

Mən  belə bəxt ilə kimə gərəyəm,

Yaşadım bu qədər,  hələ bilmədim.

 

OLAR

Həyat  çox   aşiqi çəkər sınağa,

Dözərsən , sirdaşın, həmdəmin olar.

Çevirsən gününün  qarasın ağa,

Həm ömrün mənası , həm dəmin olar.

 

Nə kəsir ağacın, nə kəsir daşın,

Könül mülkün tikər hər bir sirdaşın.

Olma ki, nəfsinə heç əsir, daşın,

Sabaha ümidin  həm də min olar.

 

Yapış əzizindən,  ana- atandan.

Uzaq dur aldadıb sənə  atandan.

Muraddı,  düşmə heç  kəhər atından,

Həm bəslə, həm gözlə, həm də min, olar.

 

Ömrünə düz nizam quran, yaradan,

Qurtarar hər naşı vuran yaradan

Bu ağlı , imkanı verən  Yaradan,

Verib ki, bu tale bəndəmin  olar.

 

Haqq olsan doğmaya, düz olsan yada

Kim səndən  perikər, inciyər ya da,

Şahları sevəni atmaz  dünyada,

O Qadir  Allaha  həmd,  əmin olar.

 

Nəvələr üçün məzəli misralar

DİVİN  NAĞLI

— Kim yatıb , kim oyaq ?

—  Hamı  yatıb,  Cırtdan  oyaq !

Bir  talesiz  tənha divəm.

Ömür yeyirəm  acanda.

Yeri — göyü titrədirəm,

Günlər əlimdən qaçanda.

 

Boynumda dəyirman daşı

Eləyirəm can savaşı.

Görüb  bəni-adəm qardaşı,

Gizlənmişəm mən haçandan.

 

Tilsim,sehir tərs düşəli..

Qalmışam , yerə döşənib.

Qırıb atacam şüşənə,

Ta  canlıq qalmayıb canda.

 

Görəndə qalam dağılır,

Cırtdan aparıb ağılı.

Bitirirəm bu  nağılı,

Almanı atın bacamdan.

 

BALACANI

Fərəhdir nəvələr nənə — babaya.

Necə də şirinmiş bu bala canı !

Baba  şükr eləyər Haqq verən paya,

Nənə də and içər; » Bu bala canı! »

 

Balaca eşidər böyük qardaşı

Çağırsa, yüyürər,gəl tez qar daşı!

Gah yığar çınqılı, gah yığar  daşı,

Əcəb təlim edir bu balacanı.

 

Nə gözəl nemətdir, bala bal dadır!

Nənələr, babalar bu amaldadır.

Baba deyər qüvvət daha baldadır,

Yesin, güclü edir bu bal acanı.

Qiymət