MƏN HƏQİQƏT DEYİRƏM
Dünyanı dərk elədim, daha dərdim yoxdu mənim,
Mən həqiqət deyirəm, özümə sərf eyləyəni.
Kimsə lap adətimi əfkara zidd sansa əgər,
Deyərəm, səhv eləyir, mən hərifəm bunca məgər?!
Hər düzü haqq demərəm, barmaq ilə göstərələr.
Mən qəbul eyləmərəm hər başımı piyləyəni,
Çün həqiqət deyirəm, özümə sərf eyləyəni.
Ağasından kərəmi ummalıdır, kim quldur.
O səbəbdən qatığa qara demək məqbuldur.
Mənsəbə can atanın istəyi sərvət, puldur.
Eyləməz, çünki qəbul özgə sayaq söyləyəni,
Mən həqiqət deyirəm, özümə sərf eyləyəni.
Dünyanı tutsa yalan, qərq ola millət, mənə nə!
Eyləyə əhli-kamal İblisə xidmət, mənə nə!
Ya ayaq altda qala, sönə həqiqət, mənə nə!
Düz sözün urvatı yox, hamı sevir küyləyəni,
Mən həqiqət deyirəm, özümə sərf eyləyəni.
Etdi kim haqqa haray, günü qeylü-qal oldu,
Əriyib qaldı mövüc, dili batıb lal oldu.
Birinin yeri Sibir, birinin tonqal oldu.
Dərisin soymadılarmı «Ənəlhəqq!» — deyənın?!
Mən həqiqət deyirəm, özümə sərf eyləyənı.
Meydanım çox böyüyüb, mən də basıb-bağlayıram.
Avvamı dişə vurub, nəbzini tez yoxlayıram.
Göstərib xalqı nişan, özümə gün ağlayıram.
Bir sürü ağlıdayaz alim edir çünki məni.
Mən həqiqət deyirəm, özümə sərf eyləyəni.
Azalıb, yoxa çıxır kim demədi qaranı ağ,
Çün düşür zövqü-səfa birdəfəlik ondan uzaq.
Belə vəzz eyləyirəm, indi görüm kim qanacaq,
Nə ətəm, nə də balıq — beylə malın yox yeyəni.
Mən həqiqət deyirəm, özümə sərf eyləyəni.
DÜNYANIN
Dərdi bitməz, çəksən ömür boyunca,
Çoxdur sirri bu əbədi dünyanın.
Sevinc umsan, kədər verər doyunca,
Bir belədir səxavəti dünyanın.
Cilvəsini göz açana yar edər.
Ürəyində min bir sevda var edər
Gəl ki elə aşiqini xar edər,
Çıxar üzə xəyanəti dünyanın.
Yükün tutur kim keçirsə yolundan
Biri sevgi, biri sərvət, malından.
Hərə bir söz deyər fani halından,
Olar uzun hekayəti dünyanın.
Umur hamı bir işıqlı sabahı,
Birinin var, birinin yox pənahı.
Gözlərdəki nisgilə bax, ilahi!
Tükənibmi səadəti dünyanın?!
Şahlar üçün o, qismətdir bir ömür,
Günəş kimi nə azalır, nə sönür.
Vətən, ana timsalında görünür,
Ürəyində məhəbbəti dünyanın.
DƏRD QALASI
Bu gün müsafirsən könül dünyama,
Qazancın nə olar səyahət üçün?
Heç zövqə, səfaya ümid bağlama,
O, dərd qalasıdır nakam ömrümün.
Tilsim içindədir sərvəti, varı,
Görüb-götürməyi düşünmə asan.
Ömür qənimidir əjdahaları,
Gərək döyüşməyə hazır olasan.
Zülmətdə görməsən Dan ulduzunu,
Tapmazsan, axtarma onu boş yerə.
Əsir eləyərsən, çünki özünü,
Bətnində dərd yatan gözəlliklərə.
Çəkilən dağlarçün olma sehirbaz,
Necə qovacaqsan dumanı, çəni?!
Sönmüş vulkanlarla oynamaq olmaz,
Oyanar, atəşi yandırar səni.
Səyyahım, incisən, demərəm dayan,
Qoy səni tutmasın burda qar, yağış.
Möcüzə sorsalar dərd qalasından,
De ki, çölü yazdır, içərisi qış.
İNCİMƏK OLMAZ
Cavanlıq şeirlərimdən
Məndən üz çevirmə, günah qazanıb,
Ürəyi kövrəkdən incimək olmaz.
Qəm, kədər əlində qalar varlığım
Ümidsizdən, təkdən incimək olmaz.
Arayıb tapdığım nursan, incisən
Ümid xəzinəmdə ən birincisən.
Taparam dilini üzdən incisən,
Amma ki, ürəkdən incimək olmaz
Mən yaz ürəklinəm, taleyi qışam,
Mehrini duyandan sanki sərxoşam.
Günahım nə olub, ülfət ummuşam,
Arzudan, diləkdən incimək olmaz.
Düşüb hisslərinin iddiasına,
Qoyma ürəyimi həsrət yazına.
Kökləyib aləmi qış havasına,
Sonra gül-çiçəkdən incimək olmaz.
Əgər sültanımsan, bir düş o taxtdan,
Od vurub canıma, baxma qıraqdan.
Bizi qovuşduran taledən, baxtdan,
Bir də o fələkdən incimək olmaz.
AĞZIGÖYÇƏKDİR, AMAN
Məclisə şeytan gəlir, şər-xətada təkdir qaçın!
Dəyişib libasını,sanmayın mələkdir, qaçın!
Ağzıgöyçəkdir, aman!
Başı üstündə gəzir hər zaman ilham pərisi.
Hərzə- hədyan becərir, başdan aşır müştərisi
Sözünün əvvəli yox, gözləmə olsun gerisi.
Çənəsi olsa da boş, dişləri çox bərkdir, qaçın!
Ağzıgöyçəkdir, aman!
Hər kimə düşsə yaxın, əvvəl onu dişə vurar.
Başlasa hədyanını, gözləmə ki, başa vurar
Dostu düşmən eləyər, qardaşı qardaşa vurar.
Haramın aşiqidir, nəfsinə pərsəngdir, qaçın!
Ağzıgöyçəkdir, aman!
Zəhəri tünddü yaman,gəl ki şirindil görünür.
Ağzından quş buraxır, quş da dönüb Fil görünür
Kimə bir çınqı çəkə, tüstü çıxır, kül görünür.
Ay aman, Fil olacaq, görəndə milçəkdir, qaçın!
Ağzıgöyçəkdir, aman!
Şər dəyirmanıdı bu, gündə elə söz üyüdür.
Bazarı yaxşı gedir, heç ələmir, tez üyüdür.
Hər düşən qovğasına, deyir barıt çəlləyidir
Açılar, dili giliz, ağzı da tüfəngdir, qaçın!
Ağzıgöyçəkdir, aman!
Nə qədər düz söz üçün əyyarı yox məmləkətin
Çoxalır müştərisi, şakəri hər bir qələtin
Hər ağız bağlamağa bir qıfıl tapmaq da çətin,
Səs-səsə verməyi var, sanmayın ki, təkdir, qaçın!
Ağzıgöyçəkdir, aman!
Dərisi nə bərkdir, aman!
Qulaqları şəkdir, aman!
Söz. desən şıllaq atar,
Elə bil …………… aman!
Ağzıgöyçəkdir, qaçın!
QƏZƏL
Ğözəlim, tacidarımsan, xəbərin yox hələ bəlkə,
Çıxıram yoluna hər gün, nazlı yarım gələ bəlkə.
İçimdə sökülür qəmlər, üzünə qonsa təbəssüm,
İnsaf et, acıqlı baxma, ürəyim bir gülə bəlkə.
Həyatım dönür zülmətə ötəndə hər etinasız,
Sübhəcən məlal içində, yol tapam müşkülə bəlkə.
Nərgizi, qönçəni görcək, gözümdə canlanır əksin.
Sanıram hüsnü, camalın nəqş edibsən gülə bəlkə.
Ruhumu qəhr elədikcə gözlərin mavi dəniztək
Vəslinə çatır gümanım- qaytara sahilə bəlkə.
Kimsədən ummadım rəhmi,sormadım taxt-tacını,
Bu eşqin sultanı sənsən, mənə rəhmin gələ bəlkə.
Mübtəla olunca dərdə sevginin odu bilinməz,
Yandırar məşhər içində, döndərər lap külə bəlkə.
Ümidin üzmədi Şahlar çəkəndə dərdi, əzabı,
Ömürdən sordu mənanı, məna eşqdir elə bəlkə.
BƏRƏKALLAH
Bəh, bəh nə yaman oyandı millət, bərəkallah!
Keyf etmək üçün tapıldı fürsət, bərəkallah!
Çoxdursa pulun, olmayacaq dərd, bərəkallah!
Məqsudə çatır kim etdi niyyət, bərəkallah!
Asudə olub çox şeyə cürət, bərəkallah!
Çox bəd əməli təmizə çıxartdı zəmanə,
Çirkin olanın yaxşı çəkir telinə şanə.
Haram yeməyin küfrü yapışmır ta imanə.
At, eşşək əti satsa biri söylədi — dana,
Yox yolkəsənə, quldura şiddət, bərəkallah!
Məşguldu hamı hiylə üçün olmağa huşyar
Təlim eləyir, təlimi də yaxşı verir bar.
Lap alim isə, nəfsini heç eyləməz inkar.
Hər söylədiyi ayə kimi hamıya aşkar,
Gəl, etdiyini eylədi xəlvət, bərəkallah!
Diplomu güdür meyl eləyən elmə, kitaba,
Aldıqda sanır, kimsə alar onu hesaba.
Düşməz sənətin dalına ki, iş yeri tapa,
Açmaz üzünə kimsə qapı, düşsə əzaba,
Axırda açar qapını rüşvət, bərəkallah!
Çox sadələşib indi daha niyyətə çatmaq;
Qanun adına kimisə soymaq, kimə atmaq…
Bir mənzili beş müştəriyə üç dəfə satmaq
İş düşsə əgər məhkəməyə, beş il uzatmaq.
Arxivdə yata xeyli cinayət, bərəkəllah!
Yoxsa cavanın işi, evi, çəkməyə dərd-qəm,
Leyla gəzəcək etmək üçün səhrada həmdəm.
Toy çaldıracaq, dost-tanışı eyləyəcək cəm,
Toydan sonrası lap belə bərbad ola, ola aləm,
Tək qayəsidir eşqi-məhəbbət, bərəkallah!
Hərgah çoxunun dərdi-vərəm canını almış.
Artdıqca maaş-pensiyası, taqət azalmış.
Fərara düşür canı üç ay bayrama qalmış.
Artım xəbəri, ya da ki, bayram da macalmış,
Kim satsa nəyi, artırır qiymət, bərəkəllah!
Keyf eyləyənin hər nə qədər çoxsa marağı,
Gəl, qalmadadır səksəkədə, sönər çırağı;
Bir vaxt var idi zülm elədi millətə yağı
Yumruğa donüb xalq xilas etdi Qarabağı.
Əncam çəkəcək müşkülə dövlət bərəkəllah!
BİR QIZA
Ay kövrək qəlbimə od salan gözəl,
Gizlət məhəbbətə ac baxışları.
Göz açıb dünyadan eşq uman gözəl,
Gülüm,vədəsində gözlə baharı.
Unudub qayğısız ötən günləri,
Sehirli dünyaya qədəm qoymusan.
Üzündə uşaqlıq təbəssümləri,
Bu sərxoş röyaya necə uymusan?!
Sevgi yollarında dolaşma erkən,
Nə çoxdur dünyada xəbis qərblilər.
Sənə, o eşqi ki,həyat deyirsən,
Bir ürək əzab tək verə bilərlər.
Bir az ağır otur, bir az asta gəz.
Gül tikanlı olur — deyiblər axı.
Dağlara vurulsa, dağlar götürməz,
Məsum ürəklərə çəkilən dağı.
Qoy naşı hüsnünə biganə qalsın,
Gör hələ nə qədər il var, ömür var.
Demirəm istəyin, eşqin azalsın,
Əgər sevilməsən, dözməyi bacar.
Toxu ürəklərdə sevgi çələngi,
Sevdalı başlarda dönərkən taca…
Bir gün də qapını açar astaca,
Bir ülvi məhəbbət, bir odlu sevgi.
Sən könül oxşayan gülsən, çiçəksən,
Sil qara gözlərdən kədəri, qəmi.
Şaxtada, küləkdə üşüyəcəksən,
Əgər bilsən vaxtsız bənövşə kimi.
ÜMİD VAR
Könül, baxıb itən günə,
Uyma kədərə, ümid var!
Bir qaydasız oyun oldu,
İnanma zərə, ümid var!
Təslim olma hələ qışa,
Bu dərd-qəmdən olmaz peşə.
Göydəki parlaq Günəşə,
Torpağa, yerə ümid var!
Əlimi qoymaram dincə,
Qəlbim, ruhum kiriyincə.
Zülmətini udsun gecə,
Hələ səhərə ümid var!
Dan yeridir, bəyazdı dağ,
Çək köhləni, belinə qalx.
Üzəngiyə keçsə ayaq,
Qalxsan yəhərə, ümid var!
Var könlümün güvənc yeri,
Həm mürşidi, həm də piri.
Əzizdən əzizdir biri,
O bir nəfərə ümid var.
İŞIQ NƏĞMƏSİ
Sən ki, bir belə işıq
Mən də belə işıqsız.
Sən belə bir yaraşıq,
Mən necə yaraşıqsız.
İşığım ol, günəş tək,
Sil gözümdən zülməti.
Yaraşığınla ömrüm
Çıxsın qışdan bahara,
bəzənsin təbiəti.
Yoxdursa əgər meylin,
Neynim, canım, neynim.
Məcnunam, sənsən Leylim.
Çıraq olarsan yəqin
Çilçıraqlar içində
Bəzək olarsan, hayıf,
Şah saraylar küncündə
Necə cismi, bədəni
Canla doyurur Allah.
Mən zülmətəm, boşluğam,
Səni buyurur Allah.
Neynim canım, neynim
Neynim, gülüm, neynim
Sən gör necə bir işıq,
Mən də zülmət, işıqsız.
Sən ilahi yaraşıq,
Mən necə yaraşıqsız.
VAR
Daha qəmdən çəkərim yox
Dərdlərimə ortağım var.
Dar günümdə dada çatan,
Yaxşıca yar-yarağım var.
Haçan ruzgarın sərt olsa,
Dayanarsan — həmdərd olsa.
Fikirlərim zülmət olsa,
Bir nur saçan çırağım var.
Karvanımın köçündəyəm,
Yollar bitməz, seçimdəyəm.
Səhraların içindəyəm,
Sanıram bağça, bağım var.
Günüm belə, gecəm belə
Əcəb ömrü verdim yelə.
Qınamasınlar qoy hələ,
Ülfət üçün marağım var.
Can verəndə ruha xəyal,
Acılar olur şəkər, bal.
Eh, nə şirinmiş istiqlal,
Sevgi adlı bayrağım var.
GƏL, BAHARIM
Gəl bahar, munisəm qədəmlərinə!
Aç göstər şövq ilə bütün varını.
Bu fani dünyaya, dönük zamana,
Görk elə sarsılmaz etibarını.
Ana təbiətin vüsət dəmidir,
Torpaq öz eşqiylə kama yetəcək.
Mənim də ürəyim torpaq kimidir,
Bir ümid əkilsə, arzu bitəcək.
Qocalıram, gəlir yaşım yaş üstə,
Özüm qızınıram öz ocağımda.
Qoya bilməsəm də daşı daş üstə,
Sevgi cücərdirəm könül bağımda.
Bir az ümid gətir növrağın ilə,
Sən ki yaranışdan əliaçıqsan;
Kədərlə, möhnətlə müştaqam hələ.
İncimə, pişvaza beləcə çıxsam.
Ram edə bilmədim içimdə qışı,
Ruhuma hakimdir hələ sazaq, qar
Gərək ətəyimdən töküm bu daşı,
Səltənət taxtına ucalsın bahar.
Gəl, çölə,çəmənə libas geyindir,
Yaşıla bürünüb nazlansın meşə.
Kədərli anımda pənah yerimdir,
Hakimim, loğmanım olub həmişə.
Hələ təbiətlə bitmir ülfətim,
Bağımda pöhrələr açdıqda çiçək;
Əkinçi babayam — budur qismətim,
Elşadım, Muradım barın yeyəcək.
Gəl bahar, dünyanın dərdi sovuşsun,
Ərit ürəklərdən şaxtanı, qarı!
Bülbül avazında sülhə qovuşsun,
Bağlansın dünyanın hərb meydanları!
BELƏ DIRMANMA YUXARI
Hər kimin nəfsi fənadır,can atar hündürə sarı,
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
Dəyərmi kimsəyə xeyrin, sarmaşıb yüksəyə qalxsan?!
Bizi nə boyda görərsən, əyilib aşağı baxsan.
Sən belə özünə vurğun, kimə gün ağlayacaqsan.
Toxunub daşa, çamura,yumalatma bizə sarı,
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
Bu necə dərdi-bəladır, ruhunu tam əsir etmiş,
Amma ki, xeyli ədəbdən və hünərdən kəsir etmiş,
Belə bir cəngi-cidala məramını da sirr etmiş,
Qovaraq dağə çıxardır içinin odu, fərari
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
Sələfin eylədi əhdi- oğlu yüksəkdə dayana.
Qanadı uçmağa yetməz — qaldırıbdı nərdivana.
Amma ki təlimi bərbad, zövqü, ərkanı miyanə
Ruhi- azadəliyin yox, tuta bilməkdə qərarı,
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
Başa çıxmaq da hünərdir, əməlin haqq ola hərgah,
Tutasan yolu halala, qanunu eyləyərək şah.
Zirvələr fəth elədikcə sevinə özgələri — Qalx!
Bəxtini abad edərsən könlünə tapsan açarı,
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
Düz əməl zirvəsi vardır, fəth edir ona qoyan can
Ucalar fəth elədikcə, qazanar özünə ad-san.
Sən isə müftə-müsəlləm arayırsan buna imkan
Sarılıb oxa-kamanə gözləyirsən o şikarı,
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
Görünən hala nə hacət, söyləsəm, söləməsəm də.
Yaxşıya dönərmi tərzi, mən ona yaxşı desəm də.
Mənsəbə özgə seçim qoy, qurtara hamı sitəmdən.
Hərə öz haqqına çatsın, harama bağla bazarı,
Amanın günüdür oğlan, belə dırmanma yuxarı!
ÜRƏK SÖHBƏTİ
Ay ürək, bir yerdə tutmadın qərar
Səni arxasınca çəkdi arzular.
Dedin sevgi adlı bir yarağım var,
Arzular dalınca vuruşaq, gedək.
Razı ol ürəyim, insafın olsun.
Odla oynamağa verdin qərarı
Halına bir yanan oldumu barı?
Daha üzmək çətin axına sarı
Sellərə, sulara qarışıq gedək.
Razı ol ürəyim, insafın olsun.
Yağsa da başına ildırım, dolu
Dünya sevda dolu, məhəbbət dolu.
Buz tutub umduğun həqiqət yolu,
Yerimək çətindir, sürüşək gedək.
Razı ol ürəyim, insafın olsun.
Mirvari gəzirsən dərya içində.
Zərgər nə libasda, zər nə biçimdə…
Sərrafı Maçində, bazarı Çində
Haqqı, təmənnanı soruşaq, gedək.
Razı ol ürəyim, insafın olsun.
Əmanət veribsə Allah bu canı,
Niyə yaranmısan canıma cani?!
Bu insan köçəri, bu həyat fani.
Arzular qoy qalsın, görüşək gedək.
Razı olsun ürəyim, insafın olsun
Ərköyün elədim bu qədər səni.
Qoruyub saxladım təzə, tər səni
Vallah, yandıracaq bu kədər səni!
Taleyilə, qiymətlə barışaq gedək.
Razı ol ürəyim, insafın olsun.
TƏCNİS 1
Dedilər zaval yox əsla halala,
Üzülməz olmasa haram, incələr.
Haram hallanarkən, halı hal ala,
Halal baxdı hala, haram incələr!?
İzzəti görkəmə, boya çəkdilər,
Adını dastana, boya çəkdilər.
Qaramat ərkana boya çəkdilər,
Yarandı şövkətli haram incələr.
Zamanın urvatı ələyə qaldı,
Ələk də ələyə-ələyə qaldı.
Bir nakəs min oldu — Fələyə qaldı
İxtisar olacaq hara mincələr?!
Yolçusan, xəyalın gedirkən ara,
Hər yolu, ərkanı gedərkən ara!
Yolun tərsə dönər, gedər kənara,
Üstünə quldurun, haramin gələr.
Harda rifah quldur, dərd-qəm, yas, ağa,
Yol varmı getməyə sola, ya sağa?!
Şahların mehrini salan yasağa,
Halından suç arar, haram incələr.
TƏCNİS 2
Könül qəm eləmə, qabaqda yazdır,
Bahara nəğmə qoş, ya da yaz, qala.
Ürəyi yananlar qabaq da yazdı,
İndi çək çınqını, ya da yaz qala.
İlham şahə qalxsa əgər, — Sür məni!
Saxla varlığında bir ünsür «mən»i.
Qafiyə göz açsa, kəsmə sürməni,
Şeir çirkin çıxa, ya dayaz qala.
Sözü ruha sanan yar, aşıq olsun!
Əlvan libas biçsin yara, «şıq»olsun.
Hüsnündə təravət, yaraşıq olsun,
Qəlbə toxu çələng, ya da yaz Qala.
Çəkinmə qızmardan, qorxma sərindən,
Eşqin qədəminə nəmər sər indən.
Nagüman olsalar bir əsərindən,
Ya bəxtə müncər et, ya da yaz qala.
Hələ gümandadır çox əsər payım,
İlham sirdaşımdır, həvəs sərpayım.
Bəxtimi yatırtsa qismət çarpayım,
Şahlara qış yetər, yada yaz qala.
MƏNİM DAN ULDUZUM
Könül ovlanmağı etmədim adət,
Saxtalıq düşməndir təbiətimə.
Ürəyim dil açar dilimdən qabaq,
Elçilik eləyər məhəbbətimə.
Mənim çiçəklərlə olub ülfətim,
Ətri saxlayıbdır təzə, tər məni.
Əgər hər yetənə «sevirəm» desəm,
Sonra ürəyimcə kim sevər məni.
Yalan məhəbbətlər, saxta duyğular,
Meydan oxuyarkən bütün varlığa.
Mən təmiz eşqimlə, düz ilqarımla
Etiraz edirəm saxtakarlığa.
Sevgidə tapmışam Dan ulduzumu,
Belə olacağam ömrüm uzunu.
TƏMSİLLƏR
Deyirlər Yəcic ilə Məcuc qarpışacaqlar
Yuva salmışdı Ayı
Qaya-qapçaq içində.
Gəzib meşəni, dağı,
Ora dönürdü gündə.
Kimsə pusurdu onu;
Bundan düşərək duyuq,
İzləyib gördü, aha,
Dolaşır Şələquyruq.
Yerindən tərpənmədi,
Gözlədi yaxın gələ,
Kəsib qabağın, dedi:
-Xoş gördük, Tülkü lələ!
Sənin ki heç buralar,
Olmamışdı oylağın,
Təşrif buyurmusansa,
Söylə, nədir marağın?
Tülkü qəfil görüşdən
İtirərək özünü,
Çənəsi əsə-əsə
Dedi sözün düzünü:
-Eşitdim… canavarlar,
Yeyəcəklər Ayını.
… gəldim ki….imkan düşsə.
… qırtdayım öz payımı.
Bulayaraq başını,
Ayı dedi: — İşə bax!
Birini gəbərdirsən,
Qeyrisi açır ayaq!
Boş başlara döyməkdən,
Pəncəm olubdur mazol.
— … Sən də eşqə düşmüsən?..
Onda, buralarda ol!
İTİN SEVİMLİ ADƏTİ
Gərəksiz bir sümüyü
Qapdı it ağzından it.
Dedilər ki, ayıbdır,
Bu pis adəti tərgit.
It dedi bacarmaram,
Necə etməyim bunu?!
Sonra hardan bilsinlər,
Mənim it olduğumu.
TÜLKÜNÜN AKTYORLUĞU
Diplom alıb öyrəndi
Tülkü aktyorluğu.
«Roldayam» deyə-deyə
Oğurladı toyuğu.
SEÇİM
Vəkil seçilən zaman
Heyvanxana seyminə,
Tutuquşu yalvardı.
-Seçin, səs verin mənə.
Bir neçə dil bilirəm,
Durum, basım, bağlayım.
Həm özümə, həm sizə
Əməlli gün ağlayım.
Təəssüflə ah çəkib
Dilləndi yorğun öküz.
Bizi elə hər dəfə,
Aldadır bir dələduz.
Hər seçilən vəd edir
Bizə cənnət, gülüstan.
Elə ki, çıxır başa,
Vədi də çıxır yaddan.
Bir neçə dil bilməyin
Əlbət ki, xeyri çoxdur.
Halımıza yanmağa
İçində istək yoxdur.