ŞAHLAR HACIYEV — Qalanır içimdə odu dünyanın — şeirlər

Oyanmaram

 

Qalada yatmışam mən, top atsalar oyanmararam,

Röyyanın yox qədəri, ləzzətindən doyammaram.

 

Yatmağın nəşəsini  bir belə qanmır  çoxusu,

Yumuram gözlərimi başlanır qəflət yuxusu.

Bu da bir qaidədir eyləməyə ömrü uzun.

Ləhni — Davud sayağı yüzü dürüb » Şur» oxusun,

Mən əgər uyğudayam, əhli- hala uyammaram.

Saz ilə söhbət ilə , şeir ilə oyanmaram.

 

Bu sayaq məqsədimə həsr edərək mən özümü

Gecə bəs eyləmədi, həm qatıram gündüzümü

Tarixi- Nadir oxu, qəflətimin yox çözümü.

Saz ilə , söhbət ilə , kafərəm,açsam gözümü,

Bu sayaq uyğuların nəşəsini sayammaram,

Saz ilə, söhbət ilə dünya qopa, oyanmaram.

 

Kim yatıbdır qalada yatmağı qəşəng oldu,

Xorhaxornan yarışıb, axırda həmrəng oldu.

Oyanan oldusa da  dərdi- sərdən dəng oldu

Düşdü boş sevdalara, vəslinə pərsəng oldu.

Belədir rəngi- ruhum, özgə rəngə boyanmaram,

Saz ilə , söhbət ilə dünya qopa , oyanmaram.

 

Baxıram, çünki oyandıqda həmən neçə fağır,

Ürəyi,  başı ağır, ruzigarı ondan da ağır.

Hər görüb qandığı da məngənədə canı sıxır

Çox ürəklər daş olub, lap qranitləşdi axır.

Yatmışam , halətinə  zərrəcə göz qoyammaram.

Saz ilə , söhbət ilə  dünya qopa , oyanmaram.

 

Bu qala sirli qala, tilsimi də bizlərə bab.

Kim yatıb, kimdi oyaq- yoxdu hələ haqq- hesab.

Zurna çal, nəğmə oxu, şerini yaz taphatarap.

Bu mənə kar eləməz, get bir atom bombası tap.

Adətim çünki büdur,heç uyğudan doyammaram

Saz ilə söhbət ilə dünya qopa, oyanmaram.

 

Yuxu tutmuş gözümü, həm də yaman pisi tutub

Top atırlar elə hey,  hər tərəfi hisi tutub.

Bəsirət gözlərimin yerin umu -küsü tutub.

Neçə şair yığılıb,   sazəndələr sazı tutub,

Can qoyurlar oyanam,mən yatıram,dayanmaram,

Saz ilə , söhbət ilə dünya qopa, oyanmaram.

 

Görən

 

Bir gözəl ətirli çiçək istəyir

Axtarım, arayım, dərimmi, görən…

Çatdıram ünvana ərməgan kimi,

Yoxsa qədəminə sərimmi, görən?

 

Ətirli çiçəklər dağın başında ,

Bitir yamacların üzük qaşında.

Çıxa bilərəmmi mən bu yaşımda,

Cığırlar, gədiklər yerimmi, görən?

 

Xəzana tapşırdım güllü baharı

Bəyazlıq saçımın olubdur yarı.

Əlvan çiçəklərin vəsli- nübarı,

Elə əvvəlkitək şirinmi, görən…

 

Donmuş vücudumdan çəkilib sazaq,

Sevda pöhrələnir ətir saçaraq.

Mirvari axtaran qəvvaslar sayaq,

Çırpınan dənizə girimmi, görən…

 

Bu necə işıqdır qəlb çırağımda..!

Ümid pərvanədir təmtərağından.

Parlaq günəşimin qürub çağında,

Sərxoş röyaları görümmü, görən…

 

Ürəyim naqisdir,  yoxlamışdım mən.

Sıxıb qismətimə bağlamışdım mən.

Sevgili torpaqçün saxlamışdım mən,

Bir şəhlagözlüyə verimmi, görən..?

 

Qulu müəllimin əziz xatirəsinə

 

Yenə qayıtmışam uşaqlığıma,

Sənə müsafirdir xatirələrim.

Odlu sevdalarla keçən çağıma

Ziynət bağışladın Qulu müəllim.

 

Sən ey  qəlbidünya, sevgişi bahar,

Ruhu dağ çayıtək hey aşıb- daşan !

Əziz müəllimim, sənə sevgim var!

Səni bu yaşda da unutmamışam.

 

Gözümdə ən tüfah bir surət idin..

Daim nur yağardı solğun üzündən.

Haçan Füzulidən şeir deyərdin,

Sanardım o Məcnun, Qeys özünsən!

 

Biz ki uşaq idik- sənə bir zəmi,

Sən isə əkinçi- əkən varını;

Səpdin ruhumuza saf toxum kimi,

Sevgini, nurunu, etibarını.

 

İlk şeiri o zaman yazmadımmı mən ..

Dinlədin , sirdaşım , ustadım oldun.

Söz açıb yüz dürlü nümunələrdən,

Pərvaz etmək üçün qanadım oldun.

 

Səni namərd ölüm qəfil apardı,

Ah , ölmək olarmı heç qırx yaşında !?

Niyə aşiqlərə bu dünya dardır…!

Tapmıram bu sirri altmışımda…

 

Cismın solub getdi çiçəklər kimi..

Sevənlər sevgidə  yaşayır demə.

Səndən aldığımı , əxz etdiyımı,

Can verib ötürdüm şagirdlərimə.

 

Dünyanın

 

Bu payız ömrümün qəm havasına,

Köklənər kamanı, udu dünyanın.

Düşsəm həqiqətin təmənnasına,

Qalanır içimdə odu dünyanın.

 

Hər itən gününün çəkib ahını,

Gəzirsən  ruhumun şahənşahını.

Çıxıb  pişvazına hər sabahının,

Aldandım dilinə tuti dünyanın.

 

O qəvi, riyakar, sən qəlbikövrək

Çəkilmir zilməti — çırpın sübhədək.

Yetməsən  murada, barışmaq gərək,

Ümdə əzəməti  budu dünyanın.

 

Tanrını xilqətlə  əlbir görəndə,

Heyrətdim, lal olub dayandım mən də.

Nəfs ilə korladı , batırdı bəndə,

Allah çirkabını yudu dünyanın.

 

İnsan zalım imiş ,   tamaha  yarsa,

Nəfs adlı əzazil  bütə  uyarsa..

Yerdə əsir edər , sürüyür Marsa,

Dönər cəlladına müti dünyanın.

 

Niyə sevdalıdır aşiqləri bəs,

Yox olmur ümidi, azalmır həvəs.

Sorğusu -sualı bitməz, tükənməz,

Bilinməz mənası nədi dünyanın.

 

Şahlar, ömür sənə  əbədi deyil,

Vədinə, halına salmısan  meyil.

Yorulsan, sevgili torpağa əyil,

Çəkmə dərdlərini gidi dünyanın.

………………………………….

.

ELŞAD HACIYEV. NAKAM ÖMRÜN NƏĞMƏLƏRİ.(2009)

UĞURSUZ  SEVGİM.

Açdım  ürəyimi yol ayırıcında,

Dilimi elədim şəkərdən şirin.

Düşdü təlatümə bilmirəm nədən,

Zülfünü bəzəyən təbəssümlərın.

 

Yandırdı sözlərin acı bibərtək,

Saldın fırfınaya bütün aləmi.

Nədir mükafatı bu qəddarlığın,

Günah qazanırsan cəlladlar kimi.

 

Sən getdin , utandım xəcalətimdən,

Bu yolu keçənlər bizə baxdımı?!

Baxtın açılmasın mənsiz ay gözəl.

Sən qara dəftərə yazdın baxtımı.