Bir şah var imiş… Bu şahın məmləkətində çayı keçmək üçün bir körpü varmış. Amma körpüdən istifadə etmək, müasir dillə desək, ödənişliymiş: Körpüdən keçmək haqqı 2 manat! Əhali də 2 manatını verib körpüdən keçərmiş…
Bir gün şah vəziri öz yanına çağırıb deyir: “Bəlkə, körpüdən keçmək haqqını 2 manatdan 4 manata qaldıraq? Bununla camaatın maddi vəziyyətini də yoxlamış olarıq”. Vəzir razılaşır və bütün əhaliyə elan edirlər ki, bu gündən körpüdən keçmək 2 manatdan 4 manata qaldırılır!
Aradan bir müddət keçir… Şah yenə vəziri çağırıb soruşur: “Vəziyyət nətərdi? Qiymətin qalxmasına etiraz edən yoxdur ki?” Vəzir cavab verir: “Şah sağ olsun, heç bir etiraz-filan yoxdur. Hamı dinməzcə 4 manatını verib keçir”. Şah deyir: “Onda gəl qiyməti 4 manatdan 6 manata qaldıraq”. Vəzir razılaşır və bütün əhaliyə elan edirlər ki, bu gündən körpüdən keçmək 6 manat olur!
Aradan bir müddət də keçir… Şah yenə vəziri çağırıb soruşur: “Vəziyyət nətərdi? Qiymətin qalxmasına etiraz eləyən varmı?” Vəzir cavab verir: “Şah sağ olsun, heç bir etiraz-zad yoxdur. Hamı dinməz-söyləməz 6 manatını verib keçir”. Şah təəccüblənir və deyir: “Əgər qiymətin bu qədər qalxmasına etiraz edən yoxdursa, onda ya bu camaatın başı xarabdır, ya da o qədər varlanıblar ki, qiymətin 2 manatdan 6 manata qaldırılması əhaliyə təsir eləmir”. Şah üzünü vəzirə tutub deyir: “Ağlın nə kəsir, bəlkə, qiyməti 6 manatdan 8 manata qaldıraq?” Vəzir razılaşır və bütün əhaliyə elan edirlər ki, bu gündən körpüdən keçmək 6 manatdan 8 manata qaldırılır…
Yenə aradan bir müddət keçir… Şah vəziri çağırıb soruşur: “Vəziyyət nətərdi? Qiymətin qalxmasına etiraz eləyən yoxdur ki?” Vəzir cavab verir: “Şah sağ olsun, heç bir etiraz-filan yoxdur. Hamı dinməzcə 8 manatını verib keçir”. Şahı fikir aparır… Öz-özünə düşünür: “Yəni bu məmləkətdə bir nəfər ağıllı adam yoxdur ki, buna etiraz edə? Gərəsən bu camaat niyə dinmir?”. Şah bunu fikirləşir və vəzirə deyir: “Get camaata elan elə ki, bundan sonra körpüdən keçmək 8 manat və bir qapazdır – bundan sonra 8 manatdan əlavə, körpüdən keçən hər adamın başına bir qapaz vurulacaq”. Vəzir razılaşır və gedib əhaliyə elan edir ki, bu gündən körpüdən keçmək 8 manat və bir qapazdır!
Aradan bir müddət də keçir… Şah yenə vəziri çağırıb soruşur: “Vəziyyət nətərdi? Verdiyim sonuncu qərara etiraz eləyən yoxdur ki?” Vəzir cavab verir: “Şah sağ olsun, heç bir etiraz-filan yoxdur. Hamı dinməzcə 8 manatını verib, başına da bir qapaz vurdurub körpüdən keçir”. Şah əsəbləşir və öz-özünə deyir: “Bu camaata nə olub, niyə heç kim dillənmir? Niyə hamı susur? Yəni mənim məmləkətimdə bircə nəfər də olsun ağıllı adam yoxdur ki, durub etiraz edə?” Şah bunları fikirləşib vəzirə deyir: “Get camaatı yığ körpünün yanına, onlara sözüm var”.
Vəzir hamını yığır körpünün yanına… Şah gəlir… Və üzünü camaata tutub deyir: “Ay camaat, körpüdən keçməyi 2 manatdan 4-ə, 4-dən 6-ya, 6-dan da 8-ə qaldırdıq! Sonra qərara gəldik ki, 8 manatdan əlavə, körpüdən keçəndə hərənin başına bir qapaz da vurulsun! Buna etirazı-zadı olan yoxdur ki? Varsa, buyursun sözünü desin”.
Şah bunları deyib bir az gözləyir… Amma heç kimdən səs çıxmır! Hamı susur… Şah çox narahat olur ki, ay dadi-bidad, mənim elədiyim bu haqsızlığa etiraz edən yoxdursa, deməli, məmləkətdə bir nəfər də olsun ağıllı adam qalmayıb. Şah bunları düşünməkdə ikən qəfildən camaatın arasından bir nəfər dillənir: “Şah sağ olsun, mənim etirazım var”. Şah ürəyində çox sevinir, düşünür ki, Allaha çox şükür, heç olmasa bir nəfər ağıllı adam tapıldı…
Şah üzünü həmin adam tutub deyir: “Buyur, yaxına gəl! Çəkinib eləmə, de görüm nə sözün var, nəyə etiraz edirsən?”.
Adam bir-iki addım irəli gəlib deyir: “Şah sağ olsun, körpüdə başımıza qapaz vurulması məsələsi bizi çox narahat edir”. Şah soruşur: “Bu, sizi nəyə görə narahat edir ki?”
Adam deyir: “Şah sağ olsun, sizdən artıq dərəcədə xahiş edirəm ki, başımıza qapaz vurmaq üçün körpüyə 1 yox, 2 adam qoyasınız. Qapaz vuran 1 nəfər olduğuna görə körpüdən keçəndə “probka” yaranır”…