“Səy göstərən adi adam səy göstərməyən istedadlı adamdan çox şeyə nail olur”. (El deyimi)
Sərhəd zastavasına yeni gəlmişdim – iki həftəm tamam olardı, ya olmazdı. “Baş leytenant” hərbi rütbəsini almağım xəbərini də elə yeni xidmət yerində eşitdim. Sevincimin həddi-hüdudu yox idi. Sərhədçi kimi ilk zabit rütbəsinin sevinci ayrıydı, buna oxşamırdı; “baş leytenant” hərbi rütbəsinin sevinci isə bambaşqadı, sözlə ifadə etmək çox çətindi, hisslərini büruzə verməyə çalışsan da, yenə ürəyinin füsunkar guşələrində məskən salmış şadlığını əyan edə bilməzsən. Bir sözlə: bu fərəhi yaşamaq lazımdır!
Elə həmin ərəfədə zastava rəisi kapitan Babək Kərimov ailə vəziyyəti ilə əlaqədar ongünlük məzuniyyətə çıxdı. “Sən burdasan də, özü də baş leytenantsan daha” deyib məni bir az da məsuliyyətləndirdi. Onun belə tez məzuniyyətə getməsi heç ürəyimcə olmadı, elə bil mənim gəlişimi gözləyirmiş. Mən hələ öz vəzifəmin icrasını tam miqyasda həyata keçirməyə öyrəşməmişdim, zastavanın mühafizəsi altında olan çox geniş ərazi və şəxsi heyət barədə dolğun məlumatlara yiyələnməmiş, zabit paqonu daşıyan kövrək çiyinlərim üzərinə daha böyük bir vəzifənin məsuliyyəti yüklənmiş olurdu. Eybi yoxdu, işimin öhdəsindən layiqincə gəlmək üçün çalışacağam, gərəkdirsə, günün iyirmi dörd saatının iyirmi dördünü də göz qırpmadan işləyəcəyəm.
Zastavada rəis heyətində bir gizir də vardı – İslam Həsənov. Xaraktercə çox mülayim insan idi, başıaşağıydı, amma iradəsindən dönməzdi, fiziki cəhətdən də güclüydü. Bəs necə?! Hər ikimiz əsl sərhədçi necə olmalıydısa, eləydik. Rəis də öz yerində.., onu xarakterizə eləmək vacib deyil.
Əsgər və çavuşlarımız da yaxşı hazırlıqlıydılar, vətən naminə gözlərini qırpmadan div boyda düşmənin üstünə cumardılar. Zastavada intizam da yüksək səviyyədəydi. Sərhəd Qoşunları Akademiyasında, sonra da Dəstə qərargahında gördüyüm intizamın, ucqar bir zastavada da eynisinin şahidi olduğumdan xidmətimdən çox razıydım. Sözəbaxmayan, intizamsız, tənbəl əsgər “tərbiyə eləməyə” vaxtım sərf olunmayacaqdı, ən əsası da indiki halda əsəblərim korlanmayacaqdı. Düşdüyüm vəziyyətdən, türklər demişkən, məmnundum. Bircə zastava rəisinin belə tez, mən yeni xidmət yerində uyğunlaşmamış məzuniyyətə getmək məsələsi olmasaydı…
Zastava, əlbəttə ki, dövlət sərhəddində yerləşirdi, amma hansı dövlətlə və hansı ərazidə, məncə, bunun bir o qədər də əhəmiyyəti yoxdur. Müdafiə elədiyimiz ərazi həm qurudan, həm də sudan ibarət idi. Maşınlarımızla, atlarımızla bərabər motorlu qayıqlarımız da vardı. Elə bir yerdəydik ki, meşə də vardı, dəniz də, bataqlıq da. Özü də bəzən meşə dənizin içinə uzanırdı, bəzən də dəniz meşənin… Bəli! Çox qəribə bir yer idi. İlin bəzi vaxtlarında dənizin suyu qalxır, sahilə yaxın qamışlı bataqlıqları basaraq meşənin içərilərinə girirdi. Elə vaxtlar da olurdu ki, su çəkilirdi, meşə öz yerində qalırdı, dənizin yerində də boy vermiş qamışlı bataqlıqlar erkək qurbağaların qurultusuna züy tuturdu. Bu zaman ərazidə xidmət təşkil eləmək çətinləşirdi. Çünki bataqlıq ərazini nə atla, nə də piyada mühafizə etmək mümkün deyildi. Gücümüzü mümkün qədər yaxında qaldırılmış sərhədçi qüllələrindən müşahidəyə yönəldirdik. Gecə və gündüz, bir an da olsa ərazini müşahidəsiz buraxmırdıq.
Zastavanın yaxınlığında bir kənd vardı – adına Zoroba deyirdilər. Kapitan Kərimov məzuniyyətə getməzdən əvvəl məni hərtərəfli məlumatlandırmışdı. Zastava ilə bərabər kənd camaatı haqqında da nə lazımdırsa, söyləmişdi.
Zoroba kəndi üç kəndin camaatının “tör-töküntüsü”ndən təşkil edilmiş bir yaşayış məntəqəsiydi, Sovetlər dövründə kolxoz quruculuğu ərəfəsində yaradılmışdı. Əsasən, xırda ticarətlə məşğul olanları, hökumət üçün əhəmiyyətli maneə törətməyənləri “kulak” damğası vuraraq Sibirə sürgünə göndərməyib, həmin kəndlərdən ayırıb bura yerləşdirmişdilər. Təsərrüfatı olmayan, mal-heyvan saxlamağı bacarmayan, əkin-biçin işlərini xoşlamayan insanları kollektiv təsərrüfatlarda çalışmağa cəlb etməyi mənasız bilmişdilər o vaxtın başbilənləri. Nə də yaxşı var-dövlətləri yox imiş ki, əllərindən alıb türməyə bassınlar. “Bic-bicəngədilər” deyib zorla gözdən-könüldən iraq bu yerə toplamışdılar. Elə zorla topladıqlarına görə də obanın adını Zoroba qoymuşdular. Kim çətin şəraitə duruş gətirə bilmişdi, ev olmuşdu, kim duruş gətirə bilməmişdi, köçüb getmişdi. Kapitan Kərimovun dediyinə görə, o vaxtkı cığal-cüvəllağa camaatdan indi əsər-əlamət qalmamışdı. Camaat əməklə dolanırdı, bir-iki nəfər də balıqçılıqla məşğuldu. Onlardan da elə bir pis əməl gözləmirdilər. Bircə Nailə adlı yekəpər qoca arvaddan gözləri su içmirdi.
Nailə arvadın babası Nəriman kişi o vaxt burda duruş gətirməmiş, yuxarıdakı kəndlərinə qayıtmışdı. Kolxoz sədri onu zorla kənddən qovmaq istəyəndə elə kolxoz tövləsinin qabağında günün günorta çağı qəməni çıxardıb sədrin qarnına soxmuş:
-Adam bu qədər nankor olmaz. Nəsilliklə babamın qapısında yallanıb ağ günə çıxmısınız. İndi də onun mal-heyvanı hesabına kolxoz qurub dolanırsınız. Məni öz kəndimdə sakitcə yaşamağa qoymayacaqsınız? – demişdi.
Ağsaqqallar yığışıb Nərimanı başa sala bilmişdilər ki, daha bunun o tərəfi yoxdur, hökumət gəlib qandallamamış aradan çıxsa yaxşıdır.
-Çıxım hara gedim? – Nəriman kefsiz-kefsiz soruşmuş, elindən, obasından ayrılmağın necə əzablı olduğunu bildirmişdi, papağını yerə çırparaq zırın-zırın ağlamışdı. – Ay camaat, mənim sizdən başqa kimim var axı?!..
-Çarən yoxdur. O taya adla. Ora da bizim vətənimizdir, millətimizin yarıdan çoxu o tayda yaşayır. Sonralar ara sakitləşər, imkan olar, qayıdarsan, olmaz da orda evlənər, ailə-uşaq sahibi olarsan. Biz də imkan daxilində burdakı ailənə həyan durarıq. İndi neyləyək ki, belə bir quruluşa ürcah olmuşuq… – demiş, təskinlik verməyə çalışmışdılar.
Nəriman qəməsini qanlı-qanlı qınına qoyub elə o gedən getmişdi, heç dönüb gözünün ucu ilə də dala baxmamışdı. Yalnız Sovet hökuməti dağılhadağılda ondan xəbər tutmuşdular. Sən demə, Nəriman o tərəfə keçəndən sonra lap uzaqlara basıb gedibmiş. Heç kim xəbər tutmasın deyə bir müddət Culfa tacirlərinə qoşulub. Sonra Kəleybər bölgəsində dükan açıb, Tüəli kəndindən Sona adında əri ölüb dul qalmış sona kimi gözəl bir gəlinlə evlənibmiş. İki oğlu, bir qızı olub Nərimanın. Onlardan da biri hürriyyətçilik dövrü gəlib axtarıb və Nərimanın bu tayda qalan nəvəsi Nailə ilə Seymuru tapıb.
Nailə əri öləndən sonra tək yaşayırdı. Oğlanları Qarabağ müharibəsi təzə-təzə qızışan vaxtlarda çıxıb Rusiyaya gediblər və bir daha geri qayıtmayıblar. Aybaay analarına pul göndəriblər, pulunu heç vaxt əskik eləməyiblər. Nailə arvad da oğlanlarının hesabına bəy balası kimi dolanıb, bu neçə illərdə heç nədən korluğu olmayıb. Nailənin dələduz qardaşı Seymurun da Rusiyaya getdiyini deyirdilər. Amma hərdən orada-burada görənlər onun Rusiyaya getdiyinin yalan olduğunu yaymışdılar. Görənlər onun orda-burda gizləndiyini, qara-qura işlərlə məşğul olduğunu bilsə də, çox şeyi açıb-ağartmırdı.
Babək məzuniyyətə gedəndə bəzi olanlar barədə mənə danışdı. Əslində, kənddə olan qara-qura işlər mənim vecimə də deyildi, bunun üçün polis, sahə müvəkkili məsuliyyət daşıyırdı. Biz ölkənin sərhəddini möhkəm qorumalıydıq ki, qaçaqmalçılar sərhəddi pozub ağ ölüm-qara ölüm deyilən zibillərdən gətirərək xalxın gül kimi balalarını zəhərləməsinlər. Bu barədə son vaxtlar hər yerdə həyəcan təbili döyəclənirdi, efirlərdən də daha çox danışılırdı, nəhayət, mən də ehtiyatlanmağa başlamışdım.
Ertəsi gün mərkəzdən gələn teleqram məni özümdən çıxartdı. Teleqramda yazılmışdı:
“Xeyli müddətdir qonşu ölkənin vətəndaşı ilə əlaqədə olub ölkəyə qaçaqmalçılıq yoluyla narkotik maddələr daşıyan bir nəfər tərəfimizdən izlənilir. Həmin adamın sizin rəhbərlik etdiyiniz zastava ərazisindən keçdiyi, yaxud da əraziyə yaxın yerlərdə fəaliyyət göstərdiyi müəyyənləşdirilməlidir. Məsələnin tam olaraq araşdırılması üçün komissiya tezliklə bölgəyə yollanacaq. Qarşılamağa və hərtərəfli kömək göstərməyə hazırlaşın”.
Məsələ göründüyündən də ciddi və maraqlı idi. Obyektin mövcudluğundan, hətta qonşu ölkədə hansısa obyektlə görüşdüyündən, qaçaqmalçılıq yoluyla ölkəyə narkotik maddələr daşınmasından xəbərdar olan mərkəz nədən onun haradan keçdiyindən xəbərsizdir və dərhal yerindəcə, iş başında tutub qandallamırlar? Bəlkə…
Şübhələr və gümanlar çox idi, amma onların heç birinin əhəmiyyəti yox idi. Qoy, bununla axıradək mərkəz məşğul olsun. Biz isə öz vəzifə borclarımızı yerinə yetirməliyik – özü də ləyaqətlə. Odur ki, Nailə arvadı zastavaya gətirmək və dərhal əməliyyata başlamaq haqqında qərar verdim. Bu barədə Dəstə qərargahını məlumatlandırmaq istədim. Başqa cür ola da bilməzdi. Amma nə deməliydim? Deməliydim ki, zastava yaxınlığında yerləşən kənddə şübhəli adam var? Özü də qoca arvad – yaşı yetmişi çoxdan adlamış qoca arvad… İcazə verin, gedim onu zastavaya gətirim, danışdırım… Mənə gülməzdilərmi? Mən özüm Dəstə qərargahında növbətçi olsaydım və hansısa zastavadan belə bir məlumat alsaydım, qəşş eləyib gülməzdimmi? Yox, bu cür yanaşma işə yaramazdı. Dəstə qərargahında mənim qərarımı heç kim dəstəkləməyəcəkdi, mən də gülünc vəziyyətə düşəcəkdim. Uzaq başı başlarından atacaqdılar. Deyəcəkdilər ki, kəndin sahə müvəkkili var, onun nəzərinə çatdır, qoy, o, öz işi ilə məşğul olsun. Sahə müvəkkili heç yerində tapılırdı ki, öz işi ilə də məşğul olsun… Bəlkə belə çox da böyük olmayan kəndin heç yerli-dibli sahə müvəkkili olmayıb?! Nə isə… Məsələ uzanacaqdı və mərkəzdən əməliyyat – istintaq qrupu gələnə kimi heç bir nəticə əldə edə bilməyəcəkdik.
Bütün günü əməliyyat planlaşdırdım, edəcəyimiz hərəkətlərin bütün detallarını incələdim, dönə-dönə götür-qoy elədim. Bu, mənim üçün Sərhəd Qoşunları Akademiyasının sonuncu kursundakı dövlət imtahanlarına hazırlıq deyildi, döyüş əməliyyatına atılmaqdı. Həm də mənim üçün hərbi döyüş yetkinliyinə ilk imtahan idi. Lovğalanmaq istəmirəm, sadəcə özümə çox arxayındım, əməliyyatın öhdəsindən gələcəyimə inanırdım.
Dəqiq mənbədən məlumat əldə etmişdik ki, Seymur bacısı Nailənin evinə məhz bu gecə gələcək. Amma hansı saatda, haradan gələcəyi bəlli deyildi. O, axşamdan da gələ bilərdi, gecə yarısı da, səhərə yaxın da… Güdmək, səbrlə oturub onu gözləmək lazımdı.
Həmin axşam şər qarışan kimi Nailəni zastavaya gətirtdim. Onun evi kəndin qırağında yerləşirdi, odur ki, qonşulardan heç kim bundan xəbər tutmadı. Əvvəlcə onunla adi söhbətlər apardıq, başını qatmaq, vaxt udmaq lazımdı. Bu müddət ərzində göndərdiyim adamlar onun evində axtarış həyata keçirdilər. “Xoşbəxtlikdən” evdən şübhəli heç nə; nə patron, nə silah, nə də narkotik maddə çıxdı. Bircə Nailənin döşəyinin altından onminlik İran pulunun – özləri Xomeyni deyirlər – bir parçası tapıldı. Orada da adi bir adamın adı yazılmışdı, görünür Seymur o tərəfdə bu adla tanınır, ya da görüşdüyü adamın adı belədir.
Elə ki, bu, kara gələsi lap kiçik məlumatı aldıq, Nailəni sıxışdırmağa başladıq, başqa çarəmiz yox idi. O, hər şeyi açıb özü deməliydi. Nailə isə yenə də müqavimət göstərməkdə davam edirdi.
-Görərsiniz… siz hələ məni yaxşı tanımırsınız… oğlanlarım qubernatorun müavini ilə şərikdilər… onlar bilsələr… bir zəng ilə kitabınızı bağlatdıracaqlar… – deyib bizə hədə-qorxu gəlirdi.
Artıq geriyə yol yoxdu, əməliyyat başlanmışdı və axıra qədər aparılmalıydı. Pusquya özüm gedəsiydim. Hər ehtimala qarşı zəng vurub qonşu zastavanın rəisi ilə əlaqə saxladım:
-Sizdə nə var, nə yox? Təzədən… köhnədən…
Öyrəndim ki, onlar da mühafizəni ciddi rejimdə təşkil ediblər. Mərkəzdən bizə gələn teleqramdan biri də onlara gəlib, özü də eyni məzmunda… Barmağımı dişlədim, deməli mərkəz bizi hədəfə götürüb. Bəlkə də haradan narkotik maddələr keçirildiyini dəqiq bilmirlər. Hardansa eşidiblər, şübhələnirlər. Komissiya adı altında əməliyyat qrupu bu işi araşdırmağa gəlir. Qoy, gəlsin. Onlar gəlib öz işini görənə kimi mən də başladığım əməliyyatı yekunlaşdıracağam.
-İnşallah! – deyib qalxdım.
Çavuş Əlixanovu da özümlə götürdüm. Zastavanın ən mükəmməl manqa komandiriydi. Babəkin dediyinə görə, Əlixanov bir neçə dəfə sərhəd pozucusunun tutulmasında iştirak etmişdi. Əlbəyaxa döyüş qaydalarını yaxşı bilirdi, məşq zamanı tətbiq etmək məharətini göstərirdi, bu isə sərhədçi üçün çox vacibdi.
Biz Nailə arvadın evinə çatanda kənddə çoxu yuxuya getmişdi. Evlərdə işıqların sönməsindən bunu müəyyənləşdirmək olurdu. Evə çathaçatda narın yağış yağmağa başladı. Bu işin xeyrinəydimi, ziyanınaydımı, deyə bilmərəm. Yağışlı hava sərhədçi üçün arzuolunmazdı, çünki yağış bütün izləri yuyub aparırdı. Amma bizim üçün bunun əhəmiyyəti olmamalıydı. Axı biz “sərhəd pozucusu”nu meşədə, təbiətin qoynunda deyil, evdə tutmağa hazırlaşırdıq. Deyəsən, yağışın yağması əməliyyatın xeyrinə olacaqdı. “Sərhəd pozucusu” təbiətin qoynunda çox yubanmayacaqdı. İslanmamaqdan ötrü tez özünü evə yetirəcəkdi.
Nailə arvadın qara-qura işlərdə əlinin olması mənim diqqətimi necə çəkmişdi?
Zastavaya gəldiyim ilk günlər ərazini gəzib qayıdırdıq. Kəndin qırağı ilə keçəndə su içmək istədik. Yaxınlıqdakı həyətə boylandıq. Həyətində nə bulaq, nə də quyu gözə dəyirdi. Qoca qarı bostanda işləyirdi.
-İçməyə su verərsənmi? – Mən səsləndim.
Arvad bir söz demədən divarın dibində qoyulmuş çəlləyə yaxınlaşdı. Biz də qapalağı açıb həyətə keçdik. O, sarımtıl stəkana su doldurub mənə uzatdı:
-Al, iç, – dedi.
Qeyri-adi stəkan yerli istehsal deyildi – bu, mənə maraqlı gəldi. Suyu içib stəkanı arvada qaytaranda çəlləyin yanındakı qəzet parçası diqqətimi çəkdi. Ərəb hərfləri ilə yazılmışdı, şəkil isə Tehranda çəkilmişdi. Bu qəzet qoca arvadın evinə hardan gəlib çıxa bilərdi? Özümü saxlaya bilmədim, soruşdum:
-Bu qəzet sizdə hardandır?
-Yadımda deyil, – Qoca arvad təmkinini pozmadan dərhal cavab verdi, – Gərək ki, meşədə xəzəz yığanda tapmışdım.
Onun hazırcavablığı və mənim diqqətimi yayındırmağı şübhələrimi bir az da artırdı. Babəklə bu barədə söhbət zamanı o da mənə aydın oldu ki, qardaşı Seymurun qara-qura işlərlə məşğul olması və tez-tez Nailə arvadla əlaqə saxlaması onlara çoxdan bəllidi. Amma gedib kənddə adam güdməyəcəkdilər ki? Sərhəd zolağına yaxın məsafədə isə Seymuru, ya da Nailəni heç vaxt görməmişdilər.
…Evdə hər ehtimala qarşı qapını açıq qoyduq ki, Seymur gələndə onu görə bilək. Mən Nailə arvadın çarpayısının altına adyal salıb üstünə uzandım. Buradan qapını müşahidə etmək daha asan idi. Əlixanov isə qapıya yaxın küncdəki çarpayının altına girdi. O, mənim işarəmlə hərəkət edəcəkdi.
Nailə arvadın çarpayısı sobanın yanındaydı. Otağın ortasında da stol qoyulmuşdu. Stolun üstündəki lampanı da yandırdıq ki, Seymur birdən evdə işıq olmadığını görüb şübhələnər, gəlməz.
İndi sakitcə marıqda oturub ovçü ovu gözləyən kimi onu gözləməliydik. Seymur nə vaxt gələcəkdi, onu özündən başqa heç kim bilməzdi.
Beləcə, bir saat keçdi. Hələ ki sakitlikdi. Necə lazımdır, eləcə də uzanmışdıq. Silahı üzü qapıya tərəf hazır vəziyyətdə tutmuşduq. Ev şəraitində mümkün olan qədər gizlənmişdik və müşahidəmizi aparırdıq. Belə hallarda necə olmaq lazımdır – sakitcə uzanmaq, imkan daxilində çalışıb tərpənməmək, o üz-bu üzə çevrilməmək, öskürüb, asqırıb səs çıxarmamaq, lap astadan nəfəs almaq, sözsüz ki, siqaret çəkməmək… Bütün bunlara əməl etmək, əlbəttə ki, ağırdı. Amma nə etməli? Əməliyyatın şərtləri belə tələb edirdi. Odur ki, cınqırımızı çıxartmadan uzanıb gözləyirdik.
Daha bir saat keçdi. Əlixanov siqaret çəkmək üçün icazə istədi.
-Daha dözə bilmirəm, lap ciyərim yanır, – dedi.
İcazə verdim. O, çarpayının altından çıxmadan siqaret yandırıb yanıqlı-yanıqlı sümürdü. “Viceroy”un tüstüsü otağı bürüdü. Sanki indi hiss etdim ki, bu otaqda heç vaxt siqaret çəkilməyib. Birdən yadıma düşdü ki, bu kəndin adamları ümumiyyətlə siqaret çəkmirlər. Ölkədə görünməmiş işdi. Babək deyirdi ki, Baharlının Sobu, Xudafərinin Şamlı, bir də Borodigahın Zoroba kənd camaatı siqaret çəkməz. Doğrusu, bunu mən ilk dəfəydi eşidirdim.
Əlixanova siqareti söndürməyi tapşırdım. O, dərhal siqareti söndürdü. Ancaq bunun heç bir əhəmiyyəti yox idi. Siqaretin tüstüsü aclıq çəkən divarlara elə hopmuşdu ki, tezliklə çəkilib getməyəcəkdi. Kənardan gələn bunu mütləq hiss edəcəkdi, o da ola ki, ömründə siqaret çəkməyə…
Məni nə vaxt yuxu tutubsa, bir də xoruzların banlamasına oyandım. Otaq qapqaranlıq idi. Qapıdan çölə baxdım, elə çöl də zülmət qaranlıqdı. Lampa da yanmırdı, yəqin ki, kerosini qurtarıbmış. Diqqətlə dinşədim – heç bir səs-səmir gəlmirdi. Əlixanov böyrü üstə uzanıb mənə baxırdı, gözüm qaranlığa öyrəşən kimi onu gördüm. Deməli, hər şey qaydasındaydı, “ov” hələ gəlməyib.
Diqqətlə dinşədim, kənddə lap qulaq quqquldayırdı, ətrafdan heç bir səs-səmir gəlmirdi, hətta divarın dibi ilə hərəkət edən cücülərin də tıqqıltısını eşidirdik. Çarpayının altından çıxdım. Lampanı odlamaq üçün alışqanı yandırdım.
-Yoldaş baş leytenant, saxlayarsınız. – Əlixanovun pıçıltısına gülməyim gəldi, yazıq elə bilib ki, siqaret yandırıram, lap ürəyi gedirmiş.
Lampa yandı, tez də söndü, həqiqətən kerosini qurtarıbmış, şüşənin qaralmasından da bunu hiss etmək olurdu. Siqaret yandırıb yerimə qayıtdım. Şinelin üstündə arxası üstə, ya üzüqoylu yerdə uzanmaq, özü də bir neçə saat hərəkətsiz qalmaq Allahın əzabı imiş, bütün əzalarım sızıldayırdı. Siqareti yarıya qədər çəkib Əlixanova tərəf tulladım. O, çarpayının altından əlini uzadıb göydə tutdu, yerə düşməyə imkan vermədi. Zalım oğlu siqareti elə sümürürdü ki, közü az qalırdı otağı işıqlandırsın. Yazığın, doğrudan da ciyəri yanırmış. Siqareti bir anın içində çəkib qurtardı.
Yenidən qapıya boylandım. Səma aydınlaşmaq istəyirdi. Hardasa səhərə yaxın olardı, saata baxmasam da təxmin etdim ki, beşi keçib.
Uzanıb gözləməkdən axır ki, bezdim. Səbrim tükənmək üzrəydi. Kiməsə hesabat verməli deyildim ki… Öz əməliyyatımdı, özüm qurmuşdum. Alınmadı, alınmadı da… Nə etməliydim? O qədər belə əməliyyatlar boşa çıxıb…
Nəhayət, son qərara gəlib özümə söz verdim. Minə qədər sayıram. Seymur gəldi, gəldi… gəlmədisə, pusqudan çıxıb zastavaya qayıdırıq. Nə olar, olar…
Təsəvvür edirsinizmi? İki yüzü təzəcə keçmişdim ki, qapalaq sakitcə açılıb örtüldü. Saymağı da, harda qalmışdım, onu da unutdum. Bu kim olar? Bəlkə zastavadan bizim dalımızca gəliblər? Bəlkə kimsə yuxarıdan məni axtarır? Telefonda kiməsə cavab verməliyəm?
Hiss edirdim ki, o, qapıya yaxınlaşır. Diqqətim həm qapıdaydı, həm də Əlixanovda. Əlixanov da tez-tez gah mənə baxırdı, gah da qapıya. Deyəsən, gözlərimdəki həyəcanı hiss etməkdəydi, yavaş-yavaş çarpayının altından çıxmağa hazırlaşırdı.
“Qonaq” qəfildən qapıda peyda oldu – div boydaydı, bədheybətə oxşayırdı. Bu, bəlkə də çarpayının altında uzanılı vəziyyətdə olduğumdan mənə belə görünürdü. Boyu, hardasa iki metrə yaxın olan “qonaq” lap Mazandaran pəhləvanının özüydü ki, üstümüzə atılmağa hazırlaşırdı. Çox güman ki, ikimiz onun öhdəsindən gələ bilməyəcəkdik. Silah işlətmək lazım gələcəkdi. Diqqətim qapıda olduğundan Əlixanova heç bir işarə verə bilmirdim.
O, bir neçə saniyə qapıda dayanıb içərini dinşədi. Nəfəs almasından bilmək olardı ki, içəridə siqaret çəkildiyini hiss edib. Boğuq siqaret tüstüsünə qarışmış nəm kif iyini aram-aram ciyərlərinə çəkirdi. Evdə adam olduğunu lap mağarasına qayıdan ayı kimi duymuşdu, buna zərrə qədər şübhəm yoxdu.
Ehmal addımlarla içəriyə girdi. Qapıda bir dəqiqəyə qədər dayandığı zaman gözləri içərinin alatoranlığına öyrəşmişdi. Düz mənə tərəf gəlirdi. Gözləyirdim ki, yaxınlaşsın, lap çarpayının yanına gəlsin. Ayağından çəkib yerə yıxacaqdım. Sonra da əllərini bağlayıb zastavaya aparacaqdıq. Orada danışdırmaq asan olacaqdı. Haradan gəlir, o tayda-bu tayda kimlərlə əlaqədədi, narkotik maddələri kimdən və necə alır, kimə ötürür… Kefim durulmağa başlamışdı. Bunları zastavada araşdıracaqdım…
Birdən Əlixanov çarpayının altından çıxıb şir kimi onun üstünə atıldı. “Qonaq” sanki bunu gözləyirmiş. Harasındansa çıxartdığı bıçaqla Əlixanovu vurub bayıra qaçdı. Əlixanov harasınısa tutub yerə yıxıldı.
-Off!!! – deyib inildədi, onun iniltisi ürəyimin başını sızıldatdı.
-Nooldu? – Sıçrayıb çarpayının altından çıxdım.
-Heeççç… Vurdu məni… Qolumdan. – Əlixanov dedi.
Bir an belə vaxt itirə bilməzdim, “qonaq” qaçıb aradan çıxacaqdı. Odur ki, Əlixanovun yaralanmasına qalıb yardım edə bilmədim, qaçanı tutmalıydım.
O, evdən çıxıb qapalağa tərəf yox, həyətin aşağısında vurulmuş ot tayası istiqamətində götürüldü. Təxmin etdiyim kimiydi.
Nailə arvadın həyətində diqqətimi çəkən ilk yer elə ot tayası olmuşdu. Orda nə desən gizlətmək olardı. Mən də fürsəti əldən verməyib hər ehtimala qarşı çavuş Nağıyevi ot tayasında gizlətmişdim. Bundan heç Əlixanovun da xəbəri yox idi.
“Qonaq” ot tayası istiqamətində qaçanda Nağıyev onu hədəfə aldı. Yaxınlaşanda gizləndiyi yerdən çıxıb onun üstünə cumdu və çatması ilə bir badalaq atdı. Bədheybət səndərlədi, az qaldı ki, yıxılsın, amma yıxılmadı. Cəld ot tayasının üstünə qalxıb həyətdən çölə tullandı.
Bir dəqiqə belə gözləmək olmazdı, arxasınca qaçmalıydım.
-Nağıyev… Əlixanov yaralıdır… Ona kömək elə… Zastavaya çatdır…
Qaça-qaça bircə bunları deyə bildim. Artıq məndə heç bir şübhə qalmamışdı. Bədheybət “qonaq”, çox güman ki, Seymur olacaqdı, olacaqdı yox, elə idi.
Seymur qaçır, mən isə arxasınca qovurdum. Hava xeyli işıqlaşmışdı. O, dənizə tərəf qaçırdı – dəniz isə hardasa iki kilometrlik məsafədəydi, əvvəlki yerindən içəriyə doğru xeyli çəkilmişdi.
Bir xeyli qaçmışdıq.
Seymur yavaş-yavaş qaçırdı, bəlkə də gözləyirdi ki, mən yaxınlaşım. Onun Əlixanov kimi hazırlıqlı çavuşu belə asan, özü də qaranlıqda, bir anın içində yaralaması məni ehtiyatlı olmağa vadar edirdi. Təkbaşına onun öhdəsindən gələ bilməyəcəkdim. Avtomatla vurmaq, hələ ki, heç ağlıma da gəlmirdi. Nə ad qoyub vurardım? Cinayətini isbat edə biləcəkdimmi? Onun üstündə bıçaq vardı, özü də insan qanına bulaşmışdı. Bu dəqiqə o, yaralı pələng kimiydi, ondan hər nə desən gözləmək olardı. Bəlkə tapançası da vardı. Yaxın məsafədən sərrast nişan alıb məni vura bilərdi. Odur ki, altmış-yetmiş metr məsafədən ardınca qaçmağıma davam edirdim.
Qəflətən o, dayandı.
-Gəl! – dedi. – Nə durmusan? Gəl, tut!
-Yerə uzan! – Özümü itirmədim, komanda verdim. – Təslim ol!
-Bircə onu görməyəcəksən…
Seymur bunu deyib götürüldü, İndi o, bayaqkından dəfələrlə sürətli qaçırdı. Mən də var qüvvəmlə qaçmağa çalışırdım. Dənizə lap az məsafə qalmışdı – iki, ya üç yüz metr olardı. Qamışlı bataqlıqların arası ilə qaçırdıq, onu gözdən qoymamağa çalışırdım. Bu bataqlıqlar dəniz çəkiləndən sonra əmələ gəlmişdi, gah gölməçə bataqlıq qamışla əhatə olunmuşdu, gah da qamışlar gölməçənin ortasında qalmışdı. Budur, lap dənizə yaxınlaşmaqdaydıq, altmış-yetmiş addımdan sonra gömgöy sudur. Elə bu an dənizdəki qayığı gördüm, o dəqiqə anladım ki, Seymuru gözləyir. Yoxsa Seymur niyə bura qaçıb gəlirdi ki? Başqa yerə də qaçıb gedə, orda gizlənə bilərdi. Qayıqda da bir adam oturmuşdu. Daha Seymuru buraxa bilməzdim, vurmaqla da olsa saxlamalıydım. Qayığa oturan kimi aradan çıxacaqdı, bir də heç vaxt onu tuta bilməyəcəkdim.
-Təslim olun! – Sanki nərə çəkib bağırdım və gözləmədən avtomatı işə saldım.
Güllələr sakit dəniz sahilini səsləndirdi, məni karıxdırdığı kimi qayıqçını da qorxutdu. Elə bu an mühərrik işə düşdü və qayıq sürətlə sahildən uzaqlaşdı. Dönüb baxdım ki, Seymur yoxdur.
Yox! O, qayığa çata bilmədi, buna yüz faiz əmindim. Qayıq onsuz getmişdi. Bəs onda Seymur hara yoxa çıxdı?
Elə bu vaxt sol tərəfdə daha iki qayıq göründü, sürətlə dayandığım yerin qabağına gəlirdilər. Diqqətlə baxdım, biri ayrılıb sahildən uzaqlaşmaqda olan qayığın arxasınca şütüyürdü, o biri isə mənə tərəf gəlirdi. Mənə tərəf gələn qayıq sahilin iki-üç metrliyində dayandı və qayıqdakılar düşüb sahilə çıxdılar. Dərhal tanıdım – onlar bizimkilər idi, Dəstə qərargahından gəlmişdilər. Xüsusi olaraq kəşfiyyatın rəisi mayor Fərmanovu tanıdım və cəld onu qarşılamağa qaçdım.
-Sən nə etdin? – O, məni dinləmədən məzəmət etməyə başladı. – Gül kimi əməliyyat qurmuşduq, naşılığınla onu pozdun. Biz onların ikisini də iş başında yaxalamalıydıq.
Heç nə demədim? Nə deməliydim ki? Əlimdə saz silah ola-ola ikisini də buraxmışdım, yoxa çıxmışdılar.
Mayor Fərmanovla gələn əsgərlər qamışlıqları axtarmağa başladılar. İndi yadıma düşdü ki, telefonu səssizlik rejiminə qoymuşdum. Cibimdən çıxardıb baxdım – səkkiz zəng cavabsız qalmışdı. Təcili gizir Həsənovu yığdım.
-Bəli, cənab baş leytenant!
Gizirin səsini eşidər-eşitməz komanda verdim:
-Zastavaya həyacan siqnalı ver. Sərhəd mühafizəsini gücləndir. Ehtiyat qrupu isə təcili bura göndər.
-Baş üstə!
-De, polis bölməsinə də xəbər versinlər.
Sözümü yekunlaşdırıb telefonu bağladım və səssizlik rejimindən çıxartdım.
On beş dəqiqədən sonra ehtiyat qrup gəlib çıxdı. Mayor Fərmanovla birlikdə geniş müstəvidə ətrafın axtarışını təşkil etdik.
Təxminən bir saatdan sonra rayon polis bölməsinin bir zabit və on iki nəfər polis çavuşu olmaqla əməliyyat qrupu gəlib çatdı. Onların gəlişi ilə qayıqda qaçmağa cəhd göstərən İran vətəndaşı da qayığı ilə bərabər tutulub gətirildi. Sərhəd pozucusu – İran vətəndaşı qısa sorğu-sual olundu. Qayıqda da heç nə yox idi, ya izləndiyini görüb dənizə boşaltmışdı, ya da Seymurla əvvəlcədən hardasa gizlətmişdilər.
-Babam, mən heç bir Seymur-zad tanımıram. – deyib dirəndi.
-Yaxşısı budur, xoşhaxoşluqla boynuna al. Yoxsa cəza tədbirlərinə əl atmalı olacağıq.
-Mən hər şeyi olduğu kimi deyirəm, zopa yemək istəmirəm. Mənə demişdilər ki, burda Cəfər adlı biri səni gözləyəcək. O taya çiyələk aparacaqdıq. Mən də gəlib burda gözlədim.
-Bəs niyə Seymuru görən kimi mühərriki işə salıb qaçdın?
-Mən heç kimi görmədim. Güllə səsi eşidib qaçdım.
-Malı hara boşaltmısınız?
-Babam, nə mal? Mən dedim axı, çiyələk aparacaqdıq. Gözlədim, Cəfər gəlib çıxmadı.
-Bu neçənci dəfəydi gəlirdin?
-Birinci.
-Gözünün içinə kimi yalan deyirsən. Ərazini birinci dəfədən belə dəqiq tanımaq olmaz.
Cəfər Nailə arvadın oğlanlarından birinin adı idi. Görünür, Seymur onun adına yazılmış sənədlərlə hərəkət edirmiş. Bir də pulun üstündə də “Cəfər” yazılmamışdımı? “Qoç igid dayısına oxşar” bir vaxtlar əbəs yerə belə deməmişdilər. Sən demə indi baş-ayaq olan dünyada hər şeyin dadı qaçıb, hər şey dəyişib. İndi dayılar bacıoğlanlarına oxşamağa çalışırlar.
Elə ki, İran vətəndaşı ilə sorğu-sual “yekunlaşdı”, onu polis işçilərinə təhvil verdik. İki nəfər polis çavuşu maşınla onu bölməyə apardı. Qalan polis zabiti və nəfərləri isə əməliyyat – axtarış işlərinə cəlb olundular.
İki saat ərzində hər yeri ələk-fələk elədik. Seymur tapılmadı, sanki yer yarılmışdı, yerə girmişdi. Özümü qınamağa başladım. Biz axı niyə siqaret çəkdik? Bilə-bilə ki, bu kənddə heç kim siqaret çəkmir, biz siqaret çəkib otağı tüstüyə hopdurduq. Seymur da siqaretin iyindən bildi ki, burada yad adam var, özü də nabələddir.
Seymur Əlixanovun sol qolundan, əzələ hissəsindən yaralamışdı. Yəqin ki, bıçağı ürəyinə sancmaq istəyirmiş, qoluna girib. Yaxşı ki, çavuş Nağıyev ordaydı. O, köməyə çatandan sonra qanaxmanı dayandırıblar. Zastavaya gələndən sonra feldşer tibbi yardım göstərib.
Nailə arvad əvvəlcə heç nə demək istəməsə də sonra hər şeyi boynuna alıb. Seymurun nə işlə məşğul olduğunu, narkotikləri haradan gətirdiklərini, kimlərə satdıqlarını, hətta harada gizlətdiklərini – hamısını bitdə-bitdə sadalayıb.
Bunları mən zastavadan köməyə gələn ehtiyat qrupun başçısı çavuşdan öyrəndim, o zastava baş çavuşunun köməkçisiydi deyə, çox vaxt zabitlərin, gizirin yanında, onlarla bir yerdə olurdu və mühüm məsələlərin həllində yaxından iştirak edirdi.
Dur! Deyəsən, mən nə isə tapdım. Nailə arvad Seymurun narkotik maddələri təxmin etdiyim kimi, həyətdəki ot tayasının altında yox, haradasa başqa yerdə, elə buralarda gizlətdiyini deyibmiş.
Bunları fikirləşməkdə ikən mayor Fərmanov məni yanına çağırdı.
-Sən Seymuru doğrudanmı buradək qovdun?
O, artıq mənim dediklərimə şübhəylə yanaşmağa başlayırdı. Başlayırdı yox, yanaşırdı. Başqa cür necə ola bilərdi?
“O, gəldi… Əlixanovu yaraladı… Nağıyevin badalağından səndərlədi… amma yıxılmadı… Ot tayasının üstünə çıxıb… həyətdən çölə tullandı… və dənizə tərəf qaçdı… Mən qovdum… Dənizə çatmağa az qalmış… qayıq gördüm… Güllə atıb təslim olmalarını tələb etdim… Qayıq uzaqlaşdı… o, isə yoxa çıxdı…”
Burada hansı şübhələnmələrdən söhbət gedə bilərdi? Bəlkə, yuxu görürmüşəm..?
Olub keçənləri bir daha xatırladım. Bu nə yuxu deyildi, nə də xülya… Bu, bir gerçəklik idi…
…Artıq günorta olmuşdu, hələ bir az o tərəfə də keçmişdi. Biz isə Seymurun izinə də düşə bilməmişdik. Axtarış altı saatdan çoxdu ki, davam edirdi. Nədənsə, mən çox arxayındım. Daxilimdə bir ümid çırağı şölə saçırdı. Sanki onu özüm gizlətmişdim, indicə gedib tapacaqdım. Amma harda gizlətmişdim, bax, onu yadıma sala bilmirdim.
Bu arada mayor Fərmanov toplanmaq əmri verdi, nahar vaxtı olsa da heç nə hazırlamamışdıq. Zastavada isə polisləri və Dəstə qərargahından gələnləri yedirdə bilməzdik, buna yuxarıdan əmr gəlməmişdi, mən də belə bir səlahiyyət sahibi deyildim.
Mayor Fərmanova yaxınlaşıb əsgərlər toplanana kimi beş yüz metr məsafədə yerləşən hündür sərhədçi qülləsinə gedib qayıdacağımı bildirdim və iti addımlarla həmin istiqamətdə yollandım. Təxminən yeddi-səkkiz dəqiqədən sonra artıq qüllənin yuxarısındaydım. Keşikçi əsgər hərtərəfli məruzə elədi. Sən demə, o, səhər növbəsində olub və bizi görürmüş. Nə fayda ki, günahkarın necə yoxa çıxdığını izləyə bilməyib.
Mən durbini ondan alıb ərazini müşahidə etməyə başladım. Kənddən necə aralaşmışdıq, hansı cığırla gəlmişdik, harada Seymur dayanıb məni gözləmişdi, harada mən qayığı görüb atəş açmışdım… bütün detalları indi durbinlə izləyə-izləyə “gəlirdim”. Bax, budur, burda, məhz bu yerdə Seymur yoxa çıxdı. Yerəmi girdi, göyəmi çəkdilər onu? Bu, bir an məsələsi idi. Seyrək qamışlıq su ilə əhatə olunurdu. Seymur uzağa qaça bilməzdi. Hardadırsa, buralarda gizlənib. Amma necə gizlənib, harda gizlənib?
Durbinlə seyrək qamışlığa və əhatə olunduğu gölməçəyə nəzər saldım. Hər şey qaydasında idi. Suda qurbağa, balıq tərpənişi də yoxdu ki, şübhələnəsən, eləcə lal durmuşdu. Bir-bir qamışları nəzərdən keçirdim. Xəzərin sərin mehi onları sığallayır, tərpədir, yırğalandırırdı.
Qamışlardan biri fərqliydi, o birilərdən balacaydı, elə bil ki, ortadan qırılmışdı. Bunu kim qırmış olar? Gölməçəyə kim girib ki, qamışı da qırsın? Ola bilər! Ovçulardan kimsə ördəkdən, qaşqaldaqdan vurub, o da gölməçəyə düşüb, ovu götürəndə qamışı qırıb.
Qamışı gözdən qoymurdum. Ürəyimə dammışdı ki, bu qamışda nə isə bir sirr var. Diqqətlə baxırdım. Bu nədir? Qamış qeyri-adi tərpənirdi, başqa qamışlar kimi Xəzərin mehindən xumarlanıb yırğalanmırdı. Bəlkə gödəkliyindən, qırıqlığındandı?
Durbini gözümdən aralayıb keşikçi əsgərə verdim.
-Al. O qamışlığa sən də bir diqqətlə bax. Gör nə görürsən?
Keşikçi əsgər durbini aldı.
-Elə mən də oradan şübhələnirəm. Amma bir qərara gəlib heç nə deyə bilmirdim. Siz qovduğunuz adam hardasa oralarda yoxa çıxdı.
Keşikçi əsgər bir xeyli durbinlə baxdı, baxdı…
-Cənab baş leytenant! Qamışların hamısı bir tərəfə yırğalanır, qırıq qamış da başqa tərəfə. Bu necə ola bilər?
-Səncə necə olmalıdır?
Keşikçi əsgər durbini gözündən aralayıb çiyinlərini çəkdi.
-O biri qamışlar uzundur, Xəzərin mehi onları sığallayıb gah dənizə çəkir, gah da meşəyə tərəf itələyir. Qırıq qamış isə…
Gülümsədim və keşikçi əsgərə göz vurdum, sanki hər şey qaydasındadır.
-Düz tapmısan, – dedim. – Diqqətli ol, bircə o qırıq qamışı gözdən qoyma.
Daha dayanıb gözləyə bilməzdim. Hər tərəfi axtarmışdıq, son ümid yeri olan qırıq qamışı da yoxlamalıydıq. Mənə elə gəlirdi ki, Seymur ordadı. Başqa cür ola bilməzdi. Qırıq qamışın ağzından ilğım qalxırdı. Sentyabr havasında bu çox cüzi də olsa hiss olunurdu.
Qüllədən enməyimlə gölməçəyə tərəf götürülməyim bir oldu. Gecəni yuxusuz qaldığımdan yorğun və əzgin idim. Ayaqlarım güclə məni çəkib aparırdı. Ora çatanda demək olar ki, hamı toplaşmışdı. Qaçaraq gəldiyimdəndi, yoxsa aralarında barəmdə nə söhbət olmuşdusa, mənə qəribə baxırdılar. Özümü mayor Fərmanovun bərabərinə çatdıranda tövşüyürdüm.
-Cənab mayor! – dedim. – O, burdadı, heç hara gedə bilməz.
Mayor Fərmanov qəzəbli-qəzəbli məni süzdü. Təmkinini pozmadan qolundakı saata baxdı – ikinin yarısıydı. Mən onun nə demək istədiyini anladım. Hardasa beş saatdan çox vaxt keçmişdi ki, biz onu axtarırdıq. Buralarda olsaydı, indiyədək üzə çıxmışdı, tapılmışdı. “Nə nağıl danışırsan?” Mayor Fərmanovun baxışlarından bunu oxudum.
Beş saatdan çox idi ki, o, sudaydı. Qamışla nəfəs alırdı. Bu da mənim nağılım, mənim qənaətim idi.
-Necə burdadı? Sən nə danışırsan? – Mayor Fərmanov təəccübünü gizlətmədi, bir az da əsəbi soruşdu.
Mən ona düşündüklərimi izah elədim. Əvvəlcə razılaşmaq istəmədi. İlk olaraq özümün suya girəcəyimi bildirdim və hərəkətə keçdim. Daha üç nəfər öz zastavamızdan olan əsgər mənə qoşuldu. Mayor Fərmanov daha heç nə demir, həyəcanla işin gedişatını gözləyir, sakitcə bizim hərəkətlərimizi izləyirdi.
O, indi bizə heç nə etməyəcəkdi, edə də bilməzdi. Sentyabr ayının suyu onun əhədini kəsmişdi, bəlkə də yarımcan olmuşdu. Suya ilk girdiyim kimi ilk olaraq da üzüb qırıq qamışın yanına çatdım. Qamış ətrafda olan qamışlardan bir az yoğun idi, elə bil bura qamışı deyildi, hardansa gətirilmişdi. Tutub özümə tərəf çəkdim. Qırıq qamış əlimdə qaldı, dartıb sudan çıxartdım, fikirləşdiyim qədər gödək deyildi. Bir an karıxıb qaldım, səhv etdiyimi düşündüm. “Yaxşı, bəs bu qırıq qamış niyə burdaydı? Bunu bura kim gətirib sancmışdı?”
-Cəld olun! Onu xilas edin, indicə boğulacaq!
Elə qışqırdım ki, əsgərlərin üçü də birdən suyun altına baş vurdu.
Bir neçə dəqiqədən sonra Seymuru sahilə çıxartdıq – o, huşsuz vəziyyətdə idi. Başıaşağı uzadıb ayaqlarını yuxarı qaldırdıq, mədəsinə dolmuş suyu boşaltdıqdan sonra ayıldı.
Xeyli rahatlandım. Kənara çəkilib bir siqaret yandırmaq istədim. Siqaret qutusu tamamilə islanmışdı. Əlimdə əzib onu suya tulladım. Bunu izləyən mayor Fərmanov mənə yaxınlaşdı, siqaret uzatdı.
-Al çək! – dedi. – Bir də paltarından su süzülür, sətəlcəm olarsan, get qurulan. – Əli ilə yaxınlıqdakı yılğın kollarını göstərdi, indi orda mənimlə suya girmiş əsgərlər paltarlarının suyunu sıxırdılar.
-Yox, istəmirəm. Bir daha siqaret çəkməyəcəyəm. Az qala siqaretin güdazına gedəcəkdim.
Bunu mən mayor Fərmanova demirdim, özüm-özümə söz verirdim.
-Yaxşı işinə görə çox sağ ol. Özbaşına əməliyyat hazırlayıb mərkəzin planına maneə yaratdığına görə töhmət elan edirəm!
Mayor Fərmanov ciddi görkəm alıb ikimizin eşidəcəyi tərzdə bunu dedi, məni sərt cəzalandırdı. Durub onun üzünə baxdım, nə deyəcəyimi bilmədim, heç o halda da deyildim.
-Gerisini komandana məruzə olunandan sonra biləcəksən. Görək, komandan nə qərar qəbul edəcək. İndi isə əsgərlərini də götür, get zastavaya.
Bir anlıq quruyub qaldım, elə bil beynim donmuşdu, nə isə çatışmırdı.
-Dayanın! – Çox ucadan səsləndim, heç özüm də bilmədim niyə belə qışqırdım. – Əməliyyat sona çatmayıb. İki bədheybət yaxalasaq da onların əməllərini ifşa edəcək maddi sübut tapılmayıb.
Bunu deyib gölməçəyə cumdum. Üzə-üzə bayaqkı yerə gəlib çatdım. Dərindən nəfəs alıb suyun dibinə getdim. Yanılmamışdım. Suyun dibində üç qara torba vardı. Çatmağımla birinin qulpundan yapışıb üzə çıxmağım bir oldu. Yox, hələ tam yorulmamışdım, canımda can vardı. Üzə-üzə qayıdıb sahilə çıxdım. Qara sellafon torba mənə tanış gəlirdi. Bu torbalardan son vaxtlar televizorda tez-tez göstərirdilər.
O biri torbalar da sudan çıxarılandan sonra mayor Fərmanov Seymurla birlikdə qara torbaları da götürüb gəldikləri qayıqla mərkəzə doğru yola düşdülər. Polislər də sağollaşıb gəldikləri maşınla geri qayıtdılar. Sahildə bir o İran vətəndaşının qayığı qaldı, bir də biz. Daha heç bir söz demədən əsgərləri də götürüb xidmət yerimizə – bizə doğma ev qədər əziz olan zastavamıza yollandım. Bizim üçün indi ordan isti guşə yox idi.
…Zabit kimi xidmət etdiyim üç ildə təltiflərim çox olmuşdu. Mayor Fərmanovun elan etdiyi “töhmət” isə birinci cəzam idi – ancaq, nədənsə bütün təltiflərdən şirin gəlirdi mənə…