Səməd bəy Mehmandarov — 16 oktyabr generalın doğulduğu gündür

Səməd bəy Mehmandarov

Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli xadim, artilleriya generalı Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəranda anadan olmuşdur.

 

Əslən şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə artilleriya generalı rütbəsi verilmişdir.

1898-ci ildə podpolkovnik  Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində İxetuan üsyanının yatırılmasında S.Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli «Müqəddəs Vladimir» ordeni, habelə üs­tündə «Qəhrəmancasına fərq­lənməyə görə» sözləri yazılmış qızıl qılınc almışdır.

1904-cü ildə rus-yapon müharibəsi başlayanda S.Mehmandarovun qırx səkkiz yaşı vardı. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. S.Mehmandarovun ən təhlükəli döyüşlərdəki cəsurluğunun şahidi olan Əliağa Şıxlinski də bu barədə yazılarında qeyd etmişdir.

Birinci Dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı, yeddinci Şərqi Sibir artilleriya briqadasının komandanı təyin edildi, az sonra ona daha məsul vəzifə tapşırıldı. Üçüncü Sibir ordusunun korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd bəyi general-leytenant rütbəsilə təltif etdilər. I Dünya müharibəsi illərində general Mehmandarov bir neçə uğurlu hərbi əməliyyatı yerinə yetirən istedadlı sərkərdə kimi ad-san qazanmışdı. 1914-cü il sentyabrın on beşində keçirilən Lodz əməliyyatında general Mehmandarov xüsusi şöhrət qazandı. Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova  artilleriya generalı rütbəsi verildi. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edildi.

1917-ci ilin əvvəlində Rusiyanın bütün, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi. 1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cumhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edildi. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də öz təsdiqini tapdı və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edildi. Qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olmuşdu. Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılmışdı.

1918-ci il noyabrın 17-də Müttəfiq Dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etdi. Bununla əlaqədar nazirlik Gəncəyə köçürüldü və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərdi. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların iş kefiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində bir dinamiklik yaratdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açıldı. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başladı.

1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

Ordu quruculuğunun milli zəmində qurulması və aparılması məqsədilə Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Vətənə sədaqət andı içmələrini vacib saydı, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş verdi, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etdi, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqlədi, Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş verdi. Mehmandarov Hərbi Nazirlikdəki fəaliyyətinin ilk günlərindən qoşunlardakı vəziyyətlə tanışlıq məqsədilə hərbi hissələrdə olmuşdur. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olundu.

Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri idi. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişlənən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazdı.

Aprel işğalı və sonrakı həyatı

Sovet işğalından sonra Mehmandarov vəzifəsindən istefa verdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə.Şıxlinski ilə birlikdə həbs etdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas oldu və Ə.Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qaldı. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928 illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmişdir. S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.

1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi. Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olmuşdur. 12 fevral 1931-ci ildə Bakıda vəfat edib, Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdir.