Səfər Boluslu — Ölüm xəbər almır yaşı, zamanı

Səfər Boluslu

Gül

 

Həyatda bir dəfə yaşayan könül,

Doğulanda ağla, can keçəndə gül.

Aldığın hər nəfəs ömürdən gedir,

Hər dəfə ürəkdən qan keçəndə gül.

 

Yaşama sevməsən, ya, sevilməsən,

Vüsaldan danışma, hicran görməsən,

Vaxtında gəncliyə qiymət verməsən,

Qırx beşdən yuxarı san keçəndə gül.

 

Ucuz yola salma cavanlığı, gəl,

Qayıtmaz axtarsan əlində məşəl.

Səninlə yanaşı doğulub əcəl,

Ölüm məlakəsi yan keçəndə gül.

 

Ölüm xəbər almır yaşı — zamanı,

Onun nə rəhmi var, nə də vicdanı.

Saxlaya bilməzsən hər ötən anı,

İndiki belədir: an keçəndə gül.

 

Apar, dost, yanina apar Səfəri,

Ağlama dayanmaz ömür məhvəri.

Qənimət deyilmi ömür günləri,

Qəmli keçəndə gül, şən keçəndə gül…

 

SƏHƏR — SƏHƏR

 

Könlümdən keçəni düz deyim sənə,

İstərdim ki, doğa ay səhər- səhər.

Mən səni günəşə bənzətməmişəm,

Ay kimi şölə saç, ay səhər — səhər.

 

Ələsgər demişkən, a mina gərdən,

Xumar yerişinə heyran çöl-çəmən.

Gəlsən, bir çixasan eyvana hərdən,

Qoy sənə vurulsun, ay səhər — səhər.

 

Verdiyin əzabi, canan, özün yaz,

Niyə ismətıidir belə üzün, yaz.

Səfərə bir daha varmı sözün, yaz,

Yazmasan dərdimi say, səhər — səhər…