BİLMƏDİM
Bu gecə güzgüdə özümə baxdım,
Özümü tanıya bilmədim, Allah!
Bu ömür yolunda, sınaq yolunda,
Bəxtimi sınaya bilmədim, Allah!
Məni dar ayaqda qoyub getdilər,
Qeybə çəkildilər, gözdən itdilər,
İşimə yüz cürə hiylə etdilər,
Birini qınaya bilmədim, Allah!
Tale dolanbacı ruhumu yordu,
Qohumlar, doğmalar min yara vurdu,
Dərd yüküm dağların başında durdu,
Dərdimi sanaya bilmədim, Allah!
BİR DƏ BU DÜNYAYA GƏLMƏYƏCƏYƏM
Bu fani dünyada bilirəm ki, mən
Yenidən yaşayıb ölməyəcəyəm.
Bəşər günahını silirəm ki, mən
Bir də bu dünyaya gəlməyəcəyəm.
Sevgi çuvalında dərd daşımışam,
Yaramın kökünü hey qaşımışam.
Məncə kifayətdir, çox yaşamışam,
Bir də bu dünyaya gəlməyəcəyəm.
Bu dünya insana şirin olmadı,
Nə ata, nə ana şirin olmadı,
O boyda Mövlana şirin olmadı,
Bir də bu dünyaya gəlməyəcəyəm.
Əlçatmaz dağlarım yox oldu, öldü,
İçimdə çox sevgi boğuldu, öldü,
Çox arzu, çox istək doğuldu, öldü,
Bir də bu dünyaya gəlməyəcəyəm.
Fatehlər qılıncla qazdı dünyanı,
Şairlər qələmlə yazdı dünyanı,
Hər gələn bir cürə pozdu dünyanı,
Bir də bu dünyaya gəlməyəcəyəm.
Çox keçdim həsrətdən, dərddən, qoradan,
Yeganə ümidim oldu Yaradan.
Canımı qurtarıb getsəm buradan,
Bir də bu dünyaya gəlməyəcəyəm.
İMDAD
Oturmuşam mağarada,
Günəşimdir şam işığı.
Divardakı çapıq daşlar,
Otağımın yaraşığı.
Nə səs gəlir, nə küy gəlir,
Daş stulda oturmuşam.
Ömrümün hər saatını,
Qaranlıqda ötürmüşəm.
Nə yanıma gələnim var,
Nə halımı soran kəsim,
Gözüm görmür, dilim dinmir,
Boğazımda son nəfəsim.
Hardasan, ay atam-anam,
Hardasan, vəfalı bacım?
Tezcə gəlin, qardaşlarım,
Qoy tükənsin ağrı-acım.
Axırıncı şamdı, yanır,
O sönsə, mən sönəcəyəm.
Bircə saat geciksəniz,
Mən torpağa dönəcəyəm.
GÖRMÜŞƏM
Dinlə məni, məni sevən,
Yuxumda ah-vay görmüşəm.
İsti külək, sərin yağış,
Təzə çıxan Ay görmüşəm.
Biri dərd göndərib mənə,
Biri çiçək dərib mənə,
Biri həsrət verib mənə –
Hərədən bir pay görmüşəm.
Yel vurmağa bənizim yox,
Dərd yükümə tərəzim yox,
Yaxınım yox, əzizim yox,
Dost-tanışı zay görmüşəm.
Pərvanələr yanmır şama,
Səbuhi gəlmir ilhama,
Sinəmdən qan dama-dama,
Ox görmüşəm, yay görmüşəm.
QAPI
Bu qapını bağlayan kim,
Bu qapını açan kimdi?!
Zülmətə tuş olan kimdi?!
Zülmətə nur saçan kimdi?!
Bu qapının arxasında,
Hərəkətsiz qalan mənəm.
Gülüş hakim kəsiləndə,
Bulud kimi dolan mənəm.
Qapıları döyənim yox,
Qıfıl-açar pas bağlayır,
Zəng vuran da yoxdu mənə,
Telefon dərddən ağlayır.
Həsrət qaldım işıltıya,
Ömrümə nur saçılmadı.
Son nəfəsi yaxaladım,
Bu qapılar açılmadı…
YUXUMU YOZAN NƏNƏM
Su görmüşdüm yuxuda,
Nənəm yuxumu yozdu.
Dedi, a göyərçinim,
Su bahardı, su yazdı.
Qan görəndə yuxuda,
Nənəm gözümə baxdı.
Dedi ki, qan sevincdi,
Kiməsə qovuşmaqdı.
İlan gördüm yuxuda,
Nənəm yaman yoruldu.
Dedi, mənim bir dənəm,
İlan xeyirli yoldu.
Ölüm gördüm yuxuda,
Nənəmin gözü doldu.
İkicə gün keçməmiş,
Ruhsuz bir bədən oldu.
ƏHVAL
Hər tərifi şöhrət bildim,
Hər salamı hörmət bildim.
İçdiyimi şərbət bildim –
Dil yandıran zəhər oldu,
Əhvalım birtəhər oldu.
Bildiyimi sirr saxladım,
Gah sevindim, gah ağladım.
Səadətə bel bağladım —
Mənə qalan kədər oldu,
Əhvalım birtəhər oldu.
Güman etdim qalan izdir,
Söz verənin sözü sözdür.
At mindim ki, yolum düzdür —
At çevrilib yəhər oldu,
Əhvalım birtəhər oldu.
Əlsizlərə əl yetirdim,
Hər gün bir barmaq itirdim.
Zülmətə işıq gətirdim —
Çox gecikdim… səhər oldu,
Əhvalım birtəhər oldu.