RÜBABƏ MURADOVA SALYANDA: SAÇLARI TOPUĞUNA DƏYİRDİ… – Mirzə Əlil

Rübabə Muradova

“Xeyrulla muəllim, mən sizə deyim ki, Rubabanın çox uzun saçları vardı”, — Sabir müəllim bunu deyib divandan qalxır, otağın ortasında uzun boyunu əyərək bir əlini topuğuna çatdırmaöa çalışırdı. “Vot, do syuda doxodili, ya vam toçno qovoryu”.

Beləcə azərbaycancadan ruscaya keçərək Sabir müəllim mənə uşaq vaxtı gördüyü Rübabə Muradovanı təsvir edirdi. Əgər Rübabənin Salyana İrandan 1946-cı ildə gəldiyini nəzərə alsaq, müğənni gözəlliyi, xüsusən topuğuna dəyn saçları ilə doqquz yaşlı Sabir Talışinskini sarsıtmışdı…

Rübabə Muradovanın Vikipediyadakı bioqrafiyası əməlli-başlı detektiv əhvalatdır. Rusca Vikipediyada yazılıb ki, Rübabə molla ailəsində anadan olub və 1946-cı ildə  Əlibayramlı şəhərinə gəlib. Azərbaycanca Vikipediya atası haqqında və ailənin Şimala haçan və hara gəldiyindən heç nə demir. Ancaq onun guya az müddətdə Sabirabad dövlət teatrında işlədiyi yazılıb.

1946-cı ildə Sabirabadda Dövlət teatrı olub?

Mənin müəllim yoldaşım Sabir Talışinski görkəmli veneroloq Rüstəm Talışinski və əməkdar göz həkimi Klavdiya Fleqontovna Şarovanın oğlu idi. 70-ci illərin əvvəllərindən mən bu ailəyə gedib-gəlirdim və doktor Şarova hər bazar günü məni gözləyir, getməyəndə danlayırdı… Doktor Şarova ilə dostluğumuz bu nadir insan ölənəcən davam elədi…

Həm doktor, həm də oğlu Rübabə Muradovanı Salyanda yaxşı xatırlayırdılar. Necə də xatırlamasınlar? Rübabənin atası göz xəstəxanasının baş həkimi olan doktor Şarovanın yanında feldşer işləmişdi ki, bu özü də bir mini-detektivdir. Sabir müəllim deyirdi ki, gənc Rübabə Salyan küçələrində əri ilə görünürdü, ərinin adı Boris, özü də blond idi…

İndi atasından. Rübabənin ailəsi Salyana gələndən sonra atası yerli məmurlara iş üçün müraciət edir və deyir ki, göz həkimidir, ancaq İrandan qaçanda sənədlərini götürə bilməyib. Doktor Şarovadan xahiş ediblər ki, kişini imtahan eləsin. Klavdiya Fleqontovna yoxlayanda görüb ki, bu adam gözə dərman tökməkdən başqa heç nə bilmir. Mühaciri incitməmək üçün ona xəstəxanada iş veriblər. Gözə dərman tökürmüş…

Doktor Şarovanın dediyinə görə, salyanlılar Xəlil kişiyə sataşırlarmış. “Öz aramızdır, sən yaxşı həkimsən, ya Şarova?” Xəlil kişi də dramatik pauzadan sonra deyirmiş: “ Şarova professordur, mən doxturam…”

Sabirabadda teatrın olmağı ağla batan deyil, ancaq müharibədən sonrakı illərdə Salyanda doğrudan da teatr olub. Əfsanəvi müğənnimiz Qulu Əsgərov sənət yoluna o teatrdan çıxıb. Bakılı aktyor Ələkbər Səfərli arvadı ilə Salyan teatrında işləməyə gəlib və həmişəlik orda qalıb. Rübabə Muradova da Salyan teatrında çalışıb – müddətini deyə bilmirəm.

Əlibayramlıda Rübabə Muradovanın qardaşı və kiçik bacısı olurdu – mən orda oxuyan vaxtlar. Müğənninin qardaşı çörək dükanında işləyirdi.

Rübabə Muradova ölümündən bir az əvvəl – dəqiq vaxtını, təəssüf ki, deyə bilmərəm – Salyanda olmuşdu. Onu doktor Şarovanın yaşadığı bina ilə qonşu ikimərtəbəyə qız toyuna gətirmişdilər. Toy axşam həyətdəki çadırda olmalıydı. Şənliyin başlanmağına bir neçə saat qalmış Rübabə xanım ona yemək çəkiləndə konyak istəyir. “Arxayın olun, içki mənə təsir eləmir”, — deyir. Bir də görürlər ki, müğənni elə oturduğu yerdə yuxuya gedib.Toy başlananacan nə qədər çalışırlarsa, ayılda bilmirlər. Tələsik bir oxuyan tapıb toyu yola verirlər…

Rübabə xanım, nəhayət, ayılanda üzrxahlıq edir. Toy sahibi ona danışdıqları qonorarın yarısını uzadıb deyir ki, sən toyda oxumamısan, bu yarısı bəsindir. Rübabə Muradova pulu alıb cırır və deyir ki, mən bu qədər pulaBakıda ayaqqabımı sildirirəm…

Bu, detektiv deyil, adi əhvalatdır. Həm də doğru əhvalatdır…