BEYDEMİR.RU sizlərə Nobel mükafatçısı Rabindranat Taqorun maraqlı hekayələrindən birini təqdim edir
Qulluğa Ulapur kəndində poçtmeyster işləməklə başlamışdı. Düzdü, kənd çox balaca idi, amma kəndin yaxınlığında rəng fabriki olduğu üçün sahibkar çalışıb fabrikin nəzdində poçt idarəsi açdırmışdı.
Bizim poçtmeysterimiz əslən kəlkətəli idi, bu ucqar kənddə o özünü sudan çıxarılmış balıq kimi hiss edirdi. Onun kontoru dörd tərəfini qalın kolluq basmış gölün kənarında, damı küləşlə örtülmüş qaranlıq daxmada idi. O, tək dolanırdı, çünki fabrik fəhlələrinin, demək olar ki, boş vaxtı olmurdu, bir də ki, onlara qoşulmaq əməlli-başlı adama əl verməzdi. Bizim kəlkətəli dost tapmağı bacaran adam deyildi. Yad məclislərdə o gah lovğalıq edər, gah da utancaq olardı. Bu qayda ilə poçtmeysterin nə dostları vardı, nə də tanışları, üstəlik də, işi az idi.
Bəzən o, şeir yazmağa girişərdi, bu şeirlərdə demək istəyirdi ki, adam səhərdən axşama kimi yarpaqların pıçıltısına qulaq asanda, göydəki buludlara tamaşa edəndə həyat ona xoş görünür. Lakin təkcə o bir allah bilir ki, əgər gecənin birində ərəb nağıllarındakı qüvvələrdən biri bütün yaşıllıqları və ağacları daş döşənmiş küçələrə, göydəki ağappaq buludların qabağını tutan cərgə-cərgə daş evlərə çevirsəydi, yazıq poçtmeyster nə qədər sevinərdi.
Poçtmeysterin maaşı az idi. Buna görə də yeməyini özü hazırlamağa məcbur idi, hələ o, bu kənddən olan yetim, yazıq bir qız da saxlayırdı, qız ona qulluq edirdi. Qızcığazın adı Roton idi, onun on iki-on üç yaşı vardı, lakin ərə gedə biləcəyinə heç bir ümid yeri yox idi.
Axşamlar, kənd daxmalarının üstündən tüstü qalxanda, cürbə-cür həşaratlar kol dibində cırıldayanda, uzaq kənddən olan sərxoş vişnuitlər nağara çala-çala, ucadan mahnı oxuyanda və yarpaqların xışıltısının seyrinə dalmış tənha şairin bədəninə üşütmə düşəndə, poçtmeyster daxmanın küncündəki zəif çırağı yandırır və qızı çağırırdı:
— Roton!
Qız qapının dalında oturub, bu çağırışı gözləyirdi; ancaq çağırılanda içəri birdən-birə girməzdi.
Qız soruşardı:
— Babu, sən məni çağırdın?
— Nə iş görürsən?
— Ocağı qalamaq istəyirdim.
Poçtmeyster deyərdi:
— Ocağı sonra qalayarsan, hələ gəl, mənim qəlyanımı yandır.
Poçtmeyster qəlyanı qızın əlindən alıb soruşardı:
— Bura bax, Roton, anan yadına gəlir?
Bu barədə uzun-uzadı söhbət eləmək olardı. Bəzi şeylər qızın yadında qalmışdı, bəzi şeylər isə yox. Atası onu anasından çox istəyərdi, qız bunu bilirdi, ancaq atası yadında yaxşı qalmamışdı. O, həmişə işdən gec qayıdardı. Qızın xatirində belə axşamlardan yalnız bir neçəsi qalmışdı. Bu söhbət düşəndə Roton poçtmeysterin ayaq tərəfində, yerdə oturardı. Qız kiçik qardaşını xatırlayardı, bir dəfə də lap çoxdan, dumanlı bir gün o, qardaşı ilə körpünün qırağında balıq tutmaq oyunu oynayırdı. Tilovu ağacdan qoparılmış bir çubuqdan qayırmışdılar. Bu cür əhəmiyyətsiz hadisələr qızın xatirində həyatının ən ağır dəqiqələrindən yaxşı qalmışdı. Başları söhbətə elə qızışardı ki, gecə yarı olardı, daha poçtmeyster şam hazırlamağa tənbəllik edərdi. Bu zaman Roton tez ocaq qalayar, bir neçə kökə bişirərdi, səhərdən qalmış sousla bu kökələr onların ikisinə də bəs eləyərdi.
Ancaq bəzən də axşamlar poçtmeyster daxmanın bir küncündə oturub doğma evlərini, balaca qardaşını, anasını, didisini — onu burada, bu qürbət yerdə taleləri narahat edən, həyəcanlandıran adamları xatırlayardı. Bu fikirlər onun yaxasından əl çəkmək bilmirdi, lakin fabrikdə dərdini danışa biləcəyi bir adam yox idi, odur ki, poçtmeyster ürəyindəkiləri qətiyyən utanmadan, bu nadan qıza danışırdı, axırı iş o yerə çatdı ki, qız onun qohum-qardaşlarına, onları çoxdan tanıyırmış kimi, ana, didi, dada deməyə başladı. Bir də ki, əslində, Roton öz kiçik qəlbində artıq bu adamların surətlərini yaratmışdı.
Bir gün poçtmeyster bekar idi. Buludlar dağılmışdı, göyün üstü ayazımışdı, xəfif, isti, xoş meh əsirdi; qızmar günəşin şüalarına qərq olmuş şehli otların və bitkilərin ətri yorğun torpağın nəfəsini andırır və sanki adamın bədənini yandırırdı. Bir zəhlətökən quş səhərdən axşama kimi elə hey qəmli-qəmli, yeknəsəq tərzdə dünyadan şikayətlənirdi. Bu gün poçtmeysterin işi yox idi, o sanki bütün varlığı ilə yağışın yuyub təmizlədiyi hamar yarpaqların xışıltısına qulaq kəsilmiş, gur yağışın dağıtdığı, günəşin işığına qərq olmuş bulud parçalarının seyrinə dalmışdı. Poçtmeyster buludlara baxır və fikirləşirdi:
“Kaş indi yanımda bircə nəfər yaxın adamım olaydı! Bağrıma basa biləcəyim bir istəkli adam olaydı…” Cavan oğlana elə gəlirdi ki, bu gün susmaq bilməyən quşlar məhz bunu oxuyurdular, ins-cins gözə dəyməyən kölgəli günorta çağı ağacların yarpaqları bu barədə pıçıldaşırdılar… Əlbəttə, heç kim güman eləməz ki, səhərdən axşama kimi işsiz keçən bir gündə, bürkülü, sakit günorta çağında balaca kənddə işləyən, az maaş alan poçtmeysterin ağlına belə fikirlər gələr.
Poçtmeyster dərindən köks ötürdü və qızı səslədi:
— Roton!
Qızcığaz meyvə ağacının altında oturub yetşməmiş meyvələrdən yeyirdi. Səsi eşitdi, daxmaya tərəf yüyürdü. Yüyürməkdən təngnəfəs halda soruşdu:
— Dada, sən məni çağırdın?
Poçtmeyster dedi:
— Mən istəyirəm ki, sənə bir az yazıb-oxumaq öyrədim.
O, günlərlə qıza əlifba öyrədirdi. Bir neçə gündən sonra qız hərfləri birləşdirib oxumağı öyrəndi.
Srabon ayında yağış elə yağırdı ki, elə bil, heç bu ay kəsilməyəcəkdi. Arxları, xəndəkləri, çalaları su basmışdı. Gecə-gündüz şırhaşır leysan tökür, qurbağalar quruldaşırdı. Kəndin küçələrindən keçmək mümkün deyildi, adamlar bazara qayıqlarda gedirdilər.
Belə günlərdən birində, obaşdan bərk yağış yağan vaxt Roton qapının dalında bir xeyli oturub, poçtmeysterin onu çağırmasını gözlədi. Ancaq qız əvvəllər olduğu kimi tanış səsi eşitməyib, səhifələri qaralmış kitabını götürdü və yavaşca otağa girdi. O, poçtmeysteri çarpayıda uzanmış gördü. Qız cavan oğlanın dincəldiyini fikirləşdi. O dönüb yavaşca daxmadan çıxmaq istəyirdi ki, birdən çağırıldığını eşitdi:
— Roton!
Qız tez qanrılıb soruşdu:
— Dada, yatmısan?
— Mən, deyəsən, xəstələnmişəm, bir əlini başıma vur, — deyə poçtmeyster zəif səslə cavab verdi.
Onun təklikdən və havaların pisliyindən üzülmüş canı qayğı istəyirdi. Xatırlayırdı ki, bir vaxt qızdırmadan od kimi yananda alnına zərif, balıqqulağı qolbaqlar dolanmış əllər toxunurdu. O, həmin sevimli qayğıkeş qadınların, anasının, bacısının burada, bu qaranlıq otaqda, onun yanında olduğunu fikirləşmək istəyirdi… Sürgünün qəribə arzusu yerinə yetdi! Roton artıq əvvəlki balaca qız deyildi, o, cavan oğlana analıq etdi. Qız həkim çağırdı, xəstəyə vaxtlı-vaxtında dərman verdi, gecələr səhərə kimi xəstənin yanını kəsdirdi, xörəyi özü bişirdi, özü də gündə yüz dəfə soruşurdu:
— Dada, deyəsən, bir az yaxşısan, eləmi?
Nəhayət, xəstəlikdən zəifləmiş poçtmeyster yataqdan qalxdı.
O, özlüyündə belə qərara gəldi: “Yox, hər nə cür olsa da, buradan getmək lazımdır”. Kəlkətəyə ərizə göndərib başqa yerə köçürülməsini xahiş etdi, səbəb kimi isə buraların havasının pis olmasını gətirdi.
Roton daha xəstəyə qulluq eləmirdi. Yenə qapının dalına, həmişəki yerinə keçmişdi. Ancaq poçtmeyster daha onu əvvəlki kimi çağırmırdı. Hərdənbir qız sakitcə içəri baxır və onun ya stulun üstündə oturub, laqeyd-laqeyd göyə baxdığını, ya da çarpayıda uzandığını görürdü. Roton poçtmeysterin onu çağırıb-çağırmadığını bilmək üçün diqqətlə içəri qulaq verdiyi vaxt, cavan oğlan səbirsizliklə ərizəsinin cavabını gözləyirdi. Qız qapının dalında oturub dönə-dönə dərslərini oxuyurdu: qorxurdu ki, qəfil içəri çağırılanda öyrəndiklərinin hamısını unutmuş olar.
Bir həftə belə keçdi. Nəhayət, bir axşam onu çağırdılar. Roton ürəyi əsə-əsə tez otağa girib soruşdu:
— Dada, sən məni çağırdın?
Poçtmeyster dedi:
— Roton, sabah gedirəm.
— Hara, dada?
— Evimizə.
— Bəs nə vaxt qayıdacaqsan?
— Bir də buraya qayıtmayacağam.
Roton daha heç bir şey soruşmadı. Hər şeyi ona poçtmeyster özü danışdı: o, başqa yerə köçürülməsinə dair ərizə yazdığını da, rədd cavabı aldığını da danışdı, buna görə indi işdən çıxıb evlərinə gedirdi. Onlar xeyli vaxt danışmadılar. Lampa pis yanırdı, yağış evin deşik-deşik damından içəri tökülür, döşəməyə qoyulmuş saxsı qabı dınqıldadırdı.
Bir qədər keçəndən sonra Roton yavaş-yavaş yerindən qalxdı və çörək bişirmək üçün mətbəxə getdi. Ancaq bu dəfə işi əvvəllər olduğu kimi yaxşı getmirdi. Onun beynində min cür fikir dolaşırdı. Şam yeməyindən sonra qız gözlənilmədən soruşdu:
— Dada, məni də özünlə aparacaqsanmı?
Poçtmeyster güldü:
— Bu, mümkün olan işdirmi?
Cavan oğlan qıza onu nə üçün aparmaq istəmədiyinin səbəbini izah etməyi lazım bilmədi; amma poçtmeysterin istehzalı “Bu, mümkün olan işdirmi?” sözləri səhərə kimi Rotonun qulaqlarında cingildədi.
Ertəsi gün poçtmeyster yatağından qalxanda gördü ki, əl-üzünü yumaq üçün su hazırlanmışdır. O, Kəlkətə adəti ilə, içəridə yuyunurdu. Qız ondan nə vaxt yola düşəcəyini soruşmağa ürək eləmirdi, buna görə də, hər şeyi qabaqcadan hazırlamaq üçün gecə su daşımışdı. Poçtmeyster əl-üzünü yuyub, Rotonu çağırdı. Qız sakitcə otağa girdi və ağasına dinməzcə baxa-baxa onun nə buyuracağını gözlədi.
— Roton, — deyə cavan oğlan dilləndi, — mən yerimə gələn adama tapşıracağam ki, səndən muğayat olsun. Sən heç bir şey sarıdan narahat olma.
Heç bir şübhə yoxdur ki, o, bu sözləri təmiz ürəklə, xoş niyyətlə dedi, ancaq qadınların qəlbindən kim baş çıxarar? Ağası onu tez-tez danlayırdı, qız buna cınqırını da çıxarmadan dözürdü, ancaq bu xoş sözlərə dözə bilmədi.
— Yox, yox, mənim barəmdə heç kimə heç bir şey deməyin! Mən burada qalmaq istəmirəm, — deyə qız hönkür-hönkür ağladı.
Poçtmeyster heç bir zaman Rotonu belə həyəcanlı görməmişdi, ona görə də qızın bu hala düşməsi onu təəccübləndirdi.
Nəhayət, təzə poçtmeyster gəldi, cavan oğlan işləri ona təhvil verib yola düşməyə hazırlaşdı. Yola çıxmazdan qabaq o, qızı yanına cağırdı:
— Roton, mən sənə heç bir vaxt, heç bir şeylə kömək edə bilmərəm. Mənim indi sənə verəcəyim, sənə yalnız bir neçə günlüyə çatar…
O, cibindən maaşını çıxartdı, yalnız yol xərcini götürüb, qalanını qıza uzatdı, lakin Roton onun qabağında diz çökdü, onun ayaqlarını qucaqlayıb:
— Dada, yalvarıram, mənə heç bir şey, heç bir şey lazım deyil. Heç kim mənim qayğıma qalmasın, — dedi və hönkürə-hönkürə qaçıb getdi.
Poçtmeyster dərindən ah cəkdi; torbasını qoluna keçirtdi, çətirini götürdü, göy və ağ xətlərlə bəzənmiş alabəzək çamadanını hambalın başına qoyub, ağır-ağır qayığa tərəf getdi.
Elə ki, qayıq sahildən tərpəndi və yağışdan qabarmış çayın dalğaları, yerin tərkindən çıxan göz yaşları kimi qaynamağa başladı, cavan oğlanın qəlbini kəskin bir ağrı bürüdü. Sadə kəndli qızının iztirabdan dəyişmiş sifəti onun gözünün qabağından getmirdi, sanki bütün dünyanın kədəri bu üzdə cəmləşmişdi. Bir anlığa poçtmeysterin qəlbində çox güclü bir arzu oyandı: qayıdıb kimsəsiz, heç kimin yadına düşməyən bu yetim qızı özü ilə aparmaq istədi. Lakin bu zaman yağış başladı, külək yelkənləri şişirtdi və qayıq sürətlə üzdü. Tezliklə kənddən xeyli uzaqlaşdılar, çayın sahilindəki qəbiristanlıq göründü. İti axan çayın seyrinə dalmış daş ürəkli poçtmeyster əsl həqiqəti anladı: dünyada nə qədər görüşlər, nə qədər ölüm var. Qayıtmağın nə mənası? Dünyada heç kim heç kimin deyil.
Ancaq Roton fəlsəfə ilə təsəlli tapa bilmirdi. O ağlaya-ağlaya poçt kontorunun dörd tərəfinə dolanırdı. Qızın qəlbində hələ də zəif bir ümid vardı, ona elə gəlirdi ki, dada qayıdacaqdır, buna görə də evdən heç cür uzaqlaşa bilmirdi.
İnsan ürəyi çox yumşaq olur, o yanıldığını etiraf etmək istəmir, məntiqin qanunlarına çətinliklə tabe olur, samballı dəlillərlə hesablaşmaq istəmir, boş ümidi zorla saxlamağa çalışır. Lakin bir vaxt həmin bu ümid qəlbimizi viran qoyub, ürəyimizi külə döndərir, bizi tərk edir. Şüur qayıdır, lakin indi ürək qorxur ki, yenidən yanıla bilər.