Rəşid Vəkil — Bir az da dərdləşək Vurğun sayağı — Şeirlər

Rəşid Vəkil

Bir az da dərdləşək Vurğun sayağı

 

Kişi də görmüşəm, qadın da vallah,

Analı, atalı, bavalı, gərgin.

Nə ömür yaşayır, nə gün, dildə ah,

Gəzir müqəvvatək havalı, gərgin…

 

Adam var ay ellər, gülər bənizi,

Gəl, min ah izi var bircə səsində.

Adam var, ürəkdə qəmin dənizi,

Min çiçək nazlanar pəncərəsində…

 

Eh, nələr görmədi, kor olmuş gösüm?

Dumanmı görmədi, qarmı görmədi?

Kiməsə birtəhər gəlməsin sözüm,

Tikanmı görmədi, xarmı görmədi?…

 

Dayan ey oxucum, sözün dayağı,

Havalar istidi, xəyallar soyuq,

Bir az da dərdləşək Vurğun sayağı,

Ürək alovludu, qəlb oyuq-oyuq…

 

Vaxt olub, olmayıb fikir, qayğılar,

Dəlitək çıxmışıq hündürə, zilə.

Vaxt olub, nə danım, o saf duyğular,

Gəlib burnumuzdan hey gilə-gilə…

 

Azaldı, tükəndi, yox oldu güvən,

Doldu boş qarınlar, könül dolmadı.

Çox oldu sevilən, çox oldu sevən,

Biri mənim kimi aşiq olmadı…

 

Kim bilir ki nədən, qəm sini-sini,

Ürəyə yol aldı, doldu, neylədi?

Bu beş-on misranın müəllifini,

Nə üçün yandırıb Vəkil eylədi?…

 

Anama, atama, qardaş-bacıma,

Vətənə, elə, o yurda vuruldum.

Naşılar həsədlə baxdı tacıma,

O gün ki dədəm Bozqurda vuruldum…

 

Hərə əlinə bir qələm götürdü,

Yazdı, pozdu, getdi, gəldi, oxudu.

Mənim şeirlərim az ömür sürdü,

İtdi, batdı, gəl ki ətir qoxudu…

 

Həmnən həmə dedim, bayaqkı kimi,

Sındı belimdə çox yava, ağladım.

Günəş əhsən dedi, tutdu him-cimi,

Dəmnən dəmə dedi hava, ağladım…

 

Söndü çox şeirimin çırağı, söndü,

Heyif, a sinəmdə bəslənən şeir.

Dərd oldu ağıya, zəhərə döndü,

Gizlicə kiməsə səslənən şeir…

 

Bilən bilir, könül qırmadım, ancaq,

Qırıldı bəlkə də, sözümdən biri.

Keçsə də əlli il, baxışı sancaq…

Qaçmadı di gəl ki gözümdən biri…

 

Mənim fikirlərim…

 

Mənim fikirlərim, sazda tel kimi,

Sızlar, gərək gözüm nəmli-yaş ola.

Əsər başım üstdən, qara yel kimi,

Nə bilim, gərək bir baş da baş ola…

 

Mənim fikirlərim, havalı-səmə…

Gah uşaq yaşımdan eşqə tələsdim.

Ağıl da qalmadı, nə nur, sən demə,

Zülmətdən ötəri məşqə tələsdim…

 

Mənim fikirlərim, buludlar kimi,

Dolur, haradansa çağlayıb yağır,

Biri qapqaradı, biri qar kimi,

Biri xeyli dikbaş, o biri fağır…

 

Mənim fikirlərim, yetişmir göyə,

Bir təhər yol tapır, çopur torpağa,

Vaxtında bir yerə yazılmır deyə,

Musa Yaqub demiş, hopur torpağa…

 

Mənim fikirlərim, gah eşidilməz,

Gedib çata bilməz duyan qulağa.

Gah da nədəndisə, Tanrı da bilməz,

Quru səhralarda dönər bulağa…

 

Mənim fikirlərim, gah gəbə oda,

Yandırar qəlbimi, görən nədəndi?

Gah da gəbə suya, ah sular…o da,

Sel olub dağıdar bərəni, bəndi.

 

Mənim fikirlərim, dağlar aşmamış,

Axır ac beynimə… yenə daşmışam.

Çox olub, birindən uzaqlaşmamış,

Beşiylə, onuyla qucaqlaşmışam.

 

İzlə yaralım, izlə

(V. Səmədoğlu sayağı)

 

Könüldən yaralını,

İzlə yaralım, izlə.

Yarından aralını,

İzlə aralım, izlə.

İzlə yaralım, izlə.

 

Duy arabir, iraqdan,

O məhrumu, çıraqdan,

Bax, beləcə, qıraqdan

İzlə maralım, izlə.

İzlə yaralım, izlə.

 

O saralan şəkili

saxla, a naz çəkili,

Unutma bu Vəkili,

İzlə saralım, izlə.

İzlə yaralım, izlə,

İzlə maralım, izlə.

 

Salamlar olsun

 

Salam, salam, salam, burdan o kəndə,

O nurlu pirimə salamlar olsun.

Hərəsi bir alim, ləhcəsi qəndə,

Ölümə, dirimə salamlar olsun…

 

Orda günəş olur bir tikə qordan,

Ov çıxmaq istəmir düşdüyü tordan,

Gedirəm, ay ellər, bax elə burdan,

O qəbir yerimə salamlar olsun …

 

Vəkiləm istərəm, könlümə yazdan,

Yarıdım, min şükür, oğuldan, qızdan,

Yüz bir qəzəlim var, hər saf ağızdan,

Min bir şeirimə salamlar olsun.

 

 

Qiymət