Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır. Əsər demək olar ki, bütün qitələrdə təkrar-təkrar nəşr edilmişdir. İndiyədək roman 18 dilə tərcümə olunmuş, 50-dən artıq ölkədə işıq üzü görmüşdür.
İYİRMİBİRİNCİ FƏSİL
İnsanların sifətində xoşbəxtliklə qorxu bir-birinə qarışmışdı. Küçələrin başı üstündən anlaqsız yazılarla alqırmızı, köndələn şüarlar asılmışdı. Bazar arvadları künc-bucaqda dayanıb Amerika hinduları və Afrika buşmenlərinə azadlıq tələb edirdi. Döyüş cəbhəsi geriyə axın almışdı. Böyük knyaz yoxa çıxmışdı, cındırlaşmış əsgərlər sürüsü də küçələrdə veyillənirdi. Gecələr güllə atılırdı, gündüz də kütlə dükanları qarət edirdi.
Nino atlasın üstünə əyildi.
— Dinc bir məmləkət axtarıram, — dedi və barmaqları əlvan sınır xətlərinin üstü ilə sürüşdü.
— Bəlkə Moskva. Yaxud Peterburq, — lağla dilləndim. Çi- yinlərini çəkdi. Barmaqları Norveçin üstündə dayandı.
— Doğrudan da dinc bir ölkə, — dedim, — amma ora necə gedək?
— Gedilməz, — Nino köksünü ötürdü. — Bəs Amerika?
— Sualtı qayıqlar, — çılğınlıqla dilləndim.
— Hindistan, İspaniya, Çin, Yaponiya?
— Ya müharibə, ya da o yerlərə gedib-çıxılmaz.
— Əli xan, siçan tələsindəyik.
— Axır ki bildin, Nino. Qaçmaq mənasızdır. Fikirləşməliyik ki, şəhərimizin ağlını başına necə yığaq, ən azı türklər gələnə qədər.
— Neynirdim özümə qəhrəman ər seçib! — Atmacalı dedi. — Şüarlara, çağırışlara və nitqlərə məndə bir ikrah var. Belə getsə, İrana, əminin yanına qaçacam.
— Belə gedə bilməz, — deyib evdən çıxdım.
İslam Xeyriyyə Cəmiyyətinin salonunda iclas gedirdi. Bir vaxtlar ata evimizdə tez-tez xalqın gələcəyi qayğısına qalan qeyrətli kişilər burda iştirak etmirdi. Zalı sağlam əzələli cavanlar doldurmuşdu. Qapıda İlyas bəyə rast gəldim. O da, Mehmet Haydar da müharibədən qayıtmışdılar. Çarın taxt-tacdan çəkilməsi onları verdikləri anddan azad etmişdi və indi şəhərdəydilər, günəşdən qaralmış, məğrur və güclü. Müharibə onlara düşmüşdü. Başqa bir aləmi görüb- gəlmiş və bu aləmin əksini həmişəlik ürəklərində gəzdirən insanlara bənzəyirdilər.
— Əli xan, — İlyas bəy dilləndi, — hərəkət etməliyik. Düşmən şəhərin qapısını kəsdirib.
— Elədir, müdafiə olunmalıyıq.
— Yox, hücuma keçməliyik.
O, kürsüyə qalxıb ucadan və komandir tonunda danışdı:
— Müsəlmanlar! Şəhərimizin vəziyyətini bir daha izah etmək istəyirəm. İnqilab başlayandan cəbhə pərən-pərən olub. Hər təmayüldən olan rus fərariləri əlisilahlı və qarət hərisliyi ilə Bakı ətrafında məskunlaşıb. Şəhərdə vur-tut bircə müsəlman hərbi qurumu var. O bizik, «Bəhşi Diviziyamın könüllüləri. Ruslardan zəifik, həm say etibarilə, həm də silah sarıdan. Şəhərimizdəki ikinci döyüş vahidi ermənilərin millətçi partiyası «Daşnaksutyun»un hərbi birliyidir. Həmin partiyanın rəhbərləri Styopa Lalay və Andronik bizimlə ittifaqa girib. Onlar şəhərin erməni sakinlərindən ibarət qoşun düzəldirlər ki, həmin qoşun da Ermənistanı qorumaq üçün ora getməli olacaq. Biz həmin qoşunun yaranması, eləcə də onun Ermənistana yola düşməsi planına razılığımızı vermişik. Bunun üçün ermənilər bizimlə birlikdə ruslara ultimatum göndərir. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir daha şəhərimizə göndərilməsin. Ruslar təklifimizi rədd etsələr, onda ermənilərlə birlikdə öz tələblərimizi hərbi yolla həyata keçirmək imkanında olacağıq. Müsəlmanlar, «Bəhşi Diviziya»nın sıralarına daxil olun, silaha sarılın. Düşmən qapımızı kəsdirib.
Mən qulaq asırdım. Dava və qan iyi gəlirdi. Bir neçə gün idi ki, qışlanın həyətində pulemyotla rəftarı məşq edir dim. İndi isə bu yeni bilgim xeyirli tətbiqini tapmalıydı. Mehmet Haydar yanımda dayanıb patrondaşı ilə oynayırdı. Ona doğru əyildim.
— İclasdan sonra İlyasla bizə gəl. Seyid Mustafa da orda olacaq. Vəziyyəti müzakirə edərək.
Başı ilə razılığını bildirdi. Evə getdim. Nino ev xanımlarına layiq çay tədarükü gördü. Dostlar gəlib-çıxdı. Silahlı idilər, hətta Seyidin yaşıl kəmərindən də xəncər asılmışdı. İçimizdə qəribə bir səssizlik vardı. Şəhər savaş ərəfəsində cansıxıcı və yad idi. İnsanlar hələ də öz işlərinin dalınca gedir və küçələrdə dolaşırdı. Ancaq onların
cəhdlərində nəsə bir qeyri-adilik, kabusanəlik vardı, sanki gündəlik çabalarının yaxın gələcəkdəki mənasızlığı sümüklərinə danmışdı.
— Yetərincə silahınız varmı? — İlyas bəy soruşdu.
— Beş tüfəng, səkkiz tapança, bir pulemyot və patron. Bundan başqa qadın və uşaqlar üçün zirzəmi.
Nino birdən başını qaldırdı.
— Mən zirzəmiyə gedən deyiləm, — qətiyyətlə dilləndi, — evimi mən də müdafiə edəcəm. — Səsində sərtlik və çılğınlıq vardı. Başını aşağı saldı. Səsi bu dəfə də boğuq çıxdı:
— Aman Allah, küçələrimiz döyüş meydanına, teatr da baş qərargahın iqamətgahına çevriləcək. Tezliklə Nikolay küçəsindən keçmək Çinə getməkdən çətin olacaq. Çariça Tamar liseyinə düşmək üçün adam ya dünya görüşünü dəyişməli, ya da bir orduya qalib gəlməli olacaq. Artıq sizi əl- dəsilah üzüüstə Qubernator bağı ilə sürünən görürəm və əvvəllər Əli xanın mənimlə görüşdüyü hovuzun yanında pulemyot qurulacaq. Əcaib bir şəhərdə yaşayırıq.
— Davaya gəlib-çıxmaz, — İlyas dilləndi. — Ruslar ultima- tumumuzu qəbul edərlər.
Mehmet Haydar xısın-xısın güldü:
— Deməyi unutdum. Bura gələrkən yolda Əsədulla ilə rastlaşdım. Dedi ki, ruslar rədd cavabı verib. Tələb edirlər ki, silahlarımızı təhvil verək.
— Bu, dava deməkdir, — İlyas dilləndi, — biz və erməni müttəfiqlərimiz üçün.
Nino susurdu. Üzünü pəncərəyə çevirmişdi. Seyid Mustafa çalmasını düzəltdi.
— Allah, allah, — dedi, — mən cəbhədə olmamışam. Əli xan kimi ağıllı deyiləm. Amma şəriətə bələdliyim var. Müsəlmanların davada kafirlərin sadiqliyinə umud bəsləmələri yaxşı deyil. Şəriət belə buyurur, həyat özü də belə tələb edir. Erməni dəstələrinə kim başçılıq edir? Styopa Lalay! Onu yaxşı tanıyırsız. 1905-ci ildə müsəlmanlar onun ata- anasını öldürüb. İnanmıram, bunu unutmuş olsurt. Ümumiyyətlə inanmıram ki, ermənilər bizdən ötrü ruslara qarşı vuruşsunlar. Əslində bu ruslar kimlərdir axı? Lüt-üryan insan yığını, anarxistlər, quldurlar. Başçılarının adı Stepan Şaumyandır və o da ermənidir. Erməni anarxisti ilə erməni millətçisi daha tez birləşəcək, nəinki müsəlman millətçisi ilə erməni millətçisi. Qanın sirri belədir. Bunlar qarışıqlığa gətirib-çıxaracaq, Quranın buyruğu belədir.
— Seyid, — Nino dilləndi, — qandan başqa ağıl da var. Ruslar qalib gəlsələr, nə Lalayın, nə də Andronikin atı işləyəcək.
Mehmet Haydarı birdən gülmək tutdu.
— Bağışlayın, dostlar, — dedi, — mən yalnız onu düşünürdüm ki, birdən biz qalib gəlsək, ermənilərin halı necə olacaq. Türklər Ermənistana yerisələr, biz onların torpağını qoruya bilməyəcəyik axı. İlyas bəy bərk hirsləndi:
— Belə şeyi nə düşünərlər, nə də dilə gətirərlər. Erməni məsələsi çox sadə həll olunur: Lalayın topladığı batalyonlar Ermənistana gedir. Əsgərlərlə bərabər onların ailələri də. Bir ildən sonra Bakıda bir dənə də erməni qalmır. Onların öz ölkələri, bizim də öz ölkəmiz olur. Sadəcə oluruq iki qonşu xalq.
— İlyas bəy, — dedim, — Seyid haqlıdır. Sən qanın sirrini unudursan. Ata-anası müsəlmanlar tərəfindən öldürülən Lalay qanın borcunu unutmuş olsaydı, əclaf olardı.
— Ya ad siyasətçi, Əli xan, xalqının qanının xatirinə öz qanının tələbini buxovlayan insan. Ağıllı olarsa, bizə sığınar. Onun öz mənafeyi və bizim xalqın mənafeyi xatirinə.
Gecə düşənə qədər mübahisə etdik. Sonra Nino dilləndi:
— Nə olursuz-olun, istər siyasətçi, istər insan, istərdim ki, bir həftədən sonra yenidən burda olasınız. Bir əzanızı da itirmədən. Çünki şəhərdə döyüş gedəsi olarsa…
Sözünü bitirmədi.
Gecə yanımda uzanmışdı və yatmırdı. Ağzı yüngülcə açılmışdı, dodaqlarında nəmlik vardı. Pəncərədən çölə baxıb susurdu. Mən onu qucdum. Üzünü mənə çevirib astadan dedi:
— Sən də döyüşəcən, Əli xan?
— Əlbəttə, Nino.
— Hə, — dedi, — əlbəttə.
Birdən sifətimdən yapışıb sinəsinə sıxdı. Gözlərini geniş açıb dinmədən məni öpdü. Çılğın bir iztirab onu çulğa- mışdı. Mənə qısıldı, lal-dinməz, doyumsuz həvəs, ölüm qorxusu və fədalıqla dopdolu üz-gözü sanki başqa bir aləmə tuşlanmışdı, yalnız özünün yol tapdığı bir aləmə. Birdən arxasıüstə yıxıldı, başımı gözləri önündə tutub güclə eşidiləcək bir səslə dedi:
— Uşağın adını Əli qoyacam.
Yenidən susdu, dumanlı baxışını pəncərəyə çevirərək.
Qədim minbər ölgün ay işığında şimşiş, əzəmətlə göylərə baş qaldırırdı. Qala divarlarının kölgəsi qaranlıq və hədəli idi. Uzaqlardan dəmir xırçıltısının səsi gəlirdi. Kimsə xəncər ovxarlayırdı və bu, vəd kimi səslənirdi. Sonra telefon zəng çaldı. Ayağa qalxıb qaranlıqda dəvdənə-dəvdənə yeridim. Qulaqcıqda İlyas bəyin səsi eşidildi:
— Ermənilər ruslarla ittifaqa girib. Onlar müsəlmanların tərki- silah olmasını tələb edir. Sabah günorta saat üçə qədər. Təbii ki, biz də rədd edirik. Sən qala divarındakı pulemyota baxacaqsan, Sisianaşvili alaqapısından solda. Sənə otuz adam da göndərəcəm. Hər şeyi alaqapının müdafiəsinə hazırla.
Dəstəyi yerinə qoydum. Nino çarpayıda oturub gözünü mənə zilləmişdi. Xəncəri götürüb tiyəsini yoxladım.
— Nə olub, Əli xan?
— Düşmən qala divarlarının önündə dayanıb, Nino.
Geyinib nökərləri çağırdım. Gəldilər, enlikürək, güclü
və pələ-pütür. Hərəsinə bir tüfəng verdim. Sonra atamın yanına getdim. Güzgünün qabağında dayanmışdı və nökər onun çərkəzi arxalığını silovlayırdı.
— Sənin yerin hardadır, Əli xan?
— Sisianaşvili alaqapısının yanında.
— Çox yaxşı. Mən Xeyriyyə Cəmiyyətinin salonunda olacam, qərargahda. — Xəncəri cingildədi və bığını dartışdırdı. — Cəsarətli ol, Əli. Düşmən gərək qala divarını aşmasın. Alaqapının önündəki meydanı tutsalar, onları pulemyot atəşinə tut. Əsədulla kəndlərdən adam toplayıb Nikolay küçəsi ilə düşmənə arxadan hücum edəcək. — Tapançanı kəmərinə taxıb yorğun-yorğun göz vurdu. — Saat səkkizdə axırıncı gəmi İrana yola düşür. Gərək mütləq Nino da getsin. Ruslar qalib gəlsələr, bütün qadınların namusuna toxunacaqlar.
Otağıma getdim. Nino telefonla danışırdı.
— Yox, ana, — eşitdim, — burda qalıram. Təhlükə yoxdur axı. Minnətdaram, ata, fikir eləmə, yetərincə azuqə ehtiyatımız var. Bəli, təşəkkürlər. Ancaq indi məni rahat buraxın. Gəlməyəcəm, yox, bir də yox.
Bu, qışqırtı kimi səsləndi. Nino dəstəyi asdı.
— Haqlısan, Nino, — dedim, — ata-ananın yanında təhlükəsiz olmayacaq. Saat səkkizdə gəmi İrana yola düşür. Şeylərini yığışdır. Sifəti qıpqırmızı qızardı.
— Məni qovursan, Əli xan?
Ninonu heç vaxt belə qızaran görməmişdim.
— Tehranda sənə qorxu olmaz, Nino. Düşmən qalib gəlsə, bütün qadınların namusuna sataşacaqlar.
Başını qaldırıb israrla dedi:
— Mənim namusuma sataşmazlar, mənim yox. Qayğı- lanma, Əli.
— İrana get, Nino, hələ vaxt var.
— Boşla, — ciddi dedi. — Əli, yaman qorxuram. Düşməndən, savaşdan, bizi gözləyən qorxunc şeylərin hamısından. Amma yenə də burda qalıram. Doğrudur, sənə kömək edə bilməyəcəm. Amma səninlə birəm. Qalıram və qurtardıq.
Sözündən dönmədi. Gözlərindən öpdüm və qürur duydum. Yaxşı qadın idi, mənə etiraz etsə də. Evdən çıxdım.
Səhər toranlaşırdı. Havada toz vardı. Qala divarına qalxdım. Nökərlərim əllərində tüfəng diş-diş daşların arxasına uzanmışdılar. İlyas bəyin göndərdiyi otuz kişi insansız duma meydanını ayıq-sayıq göz altında saxlayırdı. Bu qonursifət, bığlı insanlar yerə çöküb uzanmışdılar, susaraq, acıqlı. Pulemyot rus burnuna oxşayırdı, dimdik və enli. Ətrafı ölüm sükutu bürümüşdü. İlişgiçilər hərdən divar boyu tələsirdi. Qısa xəbərlər gətirirdilər. Ruhanilər və ağsaq- qallar hardasa danışıqlar aparır və son anda barış möcüzəsi yaratmaq istəyirdilər.
Gün çıxdı. Havadan tökülən qaynarlıq daşlara hopurdu. Mən evimizə nəzər saldım. Nino damda oturmuşdu. Üzü günəşə doğru. Günortaüstü qala divarının yanına gəldi. Yemək gətirmişdi və maraqla pulemyota baxırdı. Mən onu evə göndərənə qədər susub kölgədə oturdu.
Saat bir oldu. Seyid Mustafa minbərdən azan verdi, gileyli, təntənəli. Sonra yanımıza gəldi, tüfəngini arxasınca pəndəm-pəndəm sürütləyərək.
Quranı kəmərinə keçirmişdi. Mən qala divarının qarşısındakı Duma meydanına baxdım. Gözümə toz və meydanla qaçan, qorxu içində belini bükmüş bir neçə insan sataşdı. Çadralı qadın meydanda oynayan uşaqlarını söyüb təngildəyə-təngildəyə onların arxasınca qaçırdı.
Bir, iki, üç. Ratuşanın zəngi hədə ilə sakitliyi pozdu. Elə həmin an, sanki bu zəng səsləri müəmmalı şəkildə başqa aləmə bir qapı açmışdı, şəhər kənarından gələn ilk atəşlər…
İYİRMİİKİNCİ FƏSİL
Gecə aysız idi. Yelkənli qayıq Xəzər dənizinin həzin dalğalarında üzürdü. Hərdən kiçik su ləpələri qayığa çırpılırdı. Qara yelkən gecənin qaranlığında nəhəng bir quşun gərilmiş qanadlarına bənzəyirdi.
Mən qayığın yaş döşəməsində uzanmışdım, qoyun dərisinə bükülərək. Milliyyətcə təkin olan, enlisifət, saqqalsız qayıqçı laqeyd- laqeyd ulduzlara baxırdı. Başımı qaldırdım.
— Seyid Mustafa?.. — Soruşdum.
Çopur Seyid mənə doğru əyildi. Qırmızıdaşlı təsbeh barmaqlarının arasında fırlanırdı… Sanki bu çevik əl qan damlaları ilə oynayırdı.
— Rahatca uzan, Əli xan, burdayam, — dedi. Gözlərində yaş gilələri gördüm, qalxıb oturdum.
— Mehmet Haydar öldü, — dedim, — cəsədini Nikolay küçəsində gördüm. Qulaqları və burnu kəsilib götürülmüşdü.
Seyid üzünü mənə çevirdi.
— Ruslar Bayıldan gəlib dəniz kənarındakı parkı tutdular. Sən onları Duma meydanından süpürüb atdın.
— Hə, — xatırladım, — sonra da Əsədulla gəlib hücum əmri verdi. Biz nizə və xəncərlərlə öndə gedirdik. Sən «Yasin» surəsini oxuyurdun.
— Bəs sən? Sən düşmənin qanını içirdin. Bilirsən, Haşım tinində kim dayanmışdı? Naxararyanların köpək sürüsü. Hamısı cəhənnəmə vasil oldu.
— Vasil oldu, — təkrarladım, — Haşım evinin üstünə altı pulemyot qoymuşdum. Bütün ətraf ovçumuzun içindəydi…
Seyid Mustafa alnını ovuşdurdu. Sifətinə sanki kül ələnmişdi:
Pulemyot bütün günü şaqqıldadı. Kimsə dedi ki, sən ölmüsən. Nino bunu eşitdi, amma səsini də çıxarmadı. Zirzəmiyə getmək istəmədi. Otaqda oturub susurdu. Pulemyotlar şaqqıldayırdı. Nino birdən əlləri ilə üzünü örtüb fəryad qopardı: «İstəmirəm, daha istəmirəm». Pulemyotlar hələ də şaqqıldayırdı. Axşam saat səkkizə kimi. Sonra patron qurtardı. Amma düşmən bunu bilmirdi. Elə bilirdi, kələkdir. Musa Nağı da öldü. Lalay onu boğdu…
Səsimi çıxarmırdım. Qızılqum səhrasından olan təkin ulduzlara baxırdı. Əlvan ipək kaftanı həzin küləkdə yellənirdi.
Seyid dilləndi:
— Eşitdim ki, sən Sisianaşvili alaqapısında əlbəyaxa döyüşdə olmusan. Özüm görməmişəm, çünki mən qala divarının o biri ucundaydım.
— Olmuşam əlbəyaxa döyüşdə. Dəri pencəkli birisi vardı. Onu xəncərlə yortdum, gəbərdi. Əmim qızı Aişə də ölüb.
Suyun üzü hamar idi. Qayıqdan qətran iyi gəlirdi. Yanından keçib getdiyimiz Qızılqum səhrasının sahili kimi qayığımız da adsız idi. Seyid çox astadan danışırdı:
— Bizim məscid camaatı, biz kəfən geydik. Sonra xəncərləri götürüb düşmənin üstünə atıldıq. Demək olar, hamı həlak oldu. Amma Allah-taala məni diri saxladı. İlyas bəy də sağdır. Bağda gizlənir. Sizin evi yaman talan etdilər! Bir dənə də olsun xalça, mebel, qab-qacaq qalmadı. Yalnız çılpaq divarlar.
Gözlərimi yumdum. İçimdə ağrıdan başqa heç nə yox idi. Cəsəddolu arabalar və gecəyarısı Bibi-Heybətin neftdən doymuş sahilində əlində bağlama tutan Nino gözlərim önündən çəkilmirdi. Sonra kişi qayığı ilə sahilə yan aldı. Qəsrin işıqları Nargin adasından göründü. Gecəyə qərq olmuş şəhər qaranlıqda yox oldu. Qapqara neft buruqları adama qorxulu gözətçilər kimi baxırdı…
İndi qoyun dərisinə bürünərək oturmuşdum burda və küt bir ağrı sinəmi dağıdırdı. Qalxdım. Nino kiçik örtüyün altında uzanmışdı. Sifəti sallanmışdı və solğun idi. Soyumuş əlini ovcuma aldım və barmaqlarının yüngülcə titrədiyini hiss etdim.
Atam arxamızda qayıqçının yanında oturmuşdu. Kəsik- kəsik cümlələr eşidirdim:
-… Dediyiniz düzdür ki, Cərco vadisində gerçəkdən də gözlərin rəngini dəyişə bilirlər?
— Bəli, xan. Yer üzündə bu işi bacaran bircə yer var, Cərco vadisi. Övliyalardan biri peyğəmbərlik edib ki…
— Nino, — dedim, — atam Cərco vadisinin möcüzəsindən söhbət salıb. Bu dünyanı sinirmək üçün adam gərək belə olsun.
— Dözmürəm, — Nino dedi, — dözmürəm, Əli xan, küçənin tozu qandan qıpqırmızı olmuşdu.
Üzünü əlləri ilə örtmüşdü və səssizcə ağlayırdı. Çiyinləri titrəyirdi… Mən onun yanında oturub böyük qala divarının qarşısındakı meydanı, Mehmet Haydarın Nikolay küçəsində uzanıb qalmış cəsədini və birdən-birə qıpqırmızı rəngə boyanmış qara dərili arxalığı düşünürdüm.
Həyatda qalmaq ağrılı olmuşdu. Atamın səsi uzaqlardan gəlirdi:
— Çələkən adasında ilanlar var, deyirsən?
— Bəli, xan, həddən artıq uzun, zəhərli ilanlar. Amma heç bir insan gözü onları görməyib. Yalnız Mərv vadisindən olan övliya bir dəfə danışırmış ki…
Daha dözə bilmədim. Sükan tərəfə gedib dedim:
— Ata, Asiya ölüb, dostlarımız həlak olub və biz qovqunlaşmışıq. Allahın bizə qəzəbi tutub, sən də Çələkən ada- sındakı ilanlardan danışırsan.
Atamın üz-gözündə bir əza da tərpənmədi. Kiçik dor ağacına söykənib bir uzun-uzadı mənə baxdı:
— Asiya ölməyib. Yalnız onun sınırları dəyişib. Həmişəlik. Bakı indi Avropadır. Bu da təsadüfi deyil. Daha Bakıda asiyalı qalmayıb.
— Ata, mən düz üç gün pulemyotla, nizə və xəncərlə Asiyamızı qorudum.
— İgid adamsan, Əli xan. Amma igidlik nədir? Avropalılar da igiddir. Sən və səninlə birlikdə döyüşənlərin hamısı, sizlər daha asiyalı deyilsiz. Mənim Avropaya kinim yoxdur. Etinasızlığım var. Sən isə ona nifrət edirsən, çünki Avropanın bir parçasını özündə daşıyırsan. Rus məktəbinə getmisən, latın dilini bilirsən, avropalı arvadın var. Özünü asiyalı sayırsan? Axı qalib gəlsəydin, Avropanı Bakıya sən özün gətirəcəkdin, özün də istəmədən. Fərqi yoxdur, yeni avtomobil yollarını və fabrikləri biz, yoxsa ruslar qurub-yaradır. Başqa cür alınmadı. Qana susayaraq çoxlu düşmən öldürməklə adam uzun müddət yaxşı asiyalı ola bilməz.
— Bəs nə vaxt ola bilər?
— Sən yarıavropalısan, Əli xan, ona görə də belə soruşursan. Bunu sənə izah etməyin mənası yoxdur, çünki sənə yalnız görünən şeylər təsir edir. Sənin çöhrən yerə yönəlidir. Ona görə də məğlubiyyət qəlbini sıxır, ona görə də ağrını büruzə verirsən.
Atam susdu. Baxışlarındakı tutqunluq çəkilmədi. Bakıdakı və İrandakı yaşlı adamların hamısı kimi onun da gerçək aləmdən başqa ikinci bir aləmi vardı ki, o da bu aləmə çəkilə bilirdi və orda əlçatmaz olurdu. Dostlarını dəfn edib eyni zamanda qayıqçı ilə Cərco vadisinin möcüzələri barədə söhbət etməyi mümkünləşdirən oüzdəki dincliyin həmin aləmini duydum. Onun qapısını döydüm, ancaq içəriyə giriş tapmadım. Ağrılı gerçəkliyə həddən artıq çox qapan- mışdım.
Mən özüm daha asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma, deyəsən, hamı bilirdi. Qəribləşmişdim və Asiyanın xəyal dünyasında yenidən doğmalaşmaqdan ötrü darıxırdım.
Qayıqda dayanıb suyun tutqun aynasına baxırdım. Mehmet Haydar ölü, Aişə ölü, evimiz viranə. Mən isə kiçik yelkənli qayıqda şah məmləkətinə, İranın azman dincliyinə yol almışam.
Nino birdən yanımda dayandı.
— İran, — deyib gözlərini yerə dikdi, — neyləyəcəyik orada?
— Dincələcəyik.
— Hə, dincələcəyik. Yatmaq istəyirəm, Əli xan, bir ay, ya da bir il. Yaşıl yarpaqlı bir bağda yatmaq. Amma gərək güllə-zad atılmasın.
— Onda ürəyincə olan bir ölkəyə gedirsən. İran min ildir ki, yatır və orda nadir hallarda güllə atılır.
Göyərtəyə qayıtdıq. Nino o saat yuxuya getdi. Mən uzun zaman ayıq qaldım və Seyidin siluetini və barmaqları arasındakı qan damlalarını gördüm. O, namaz qılırdı. Görünənin o üzündəki gizli aləmə o da bələd idi. İran doğmaqda olan günəşin arxasında yerləşirdi. Qayığın döşəməsində əyləşib quru balıq yeyəndə və su içəndə onun nəfəsi bizi vurdu. Təkin xalqının çılğın kişisi atamla söhbət edir və etinasızlıqla mənə baxırdı, sanki mən adi bir əşya idim.
Dördüncü günün axşamı üfüqdə sarı bir zolaq göründü. Buluda bənzəyirdi, amma İran idi. Zolaq genişləndi. Gözümə lehmə daxmalar və sadə liman qurğuları dəydi: Ənzəli — şahın limanı. Çürümüş taxta limanda lövbər atdıq. Əynində sürtük, başında quzu dərisindən papaq olan bir kişi bizə yaxınlaşdı. Alnındakı yalmanını qabartmış Gümüşü Şir və Doğan Günəş göz oxşayırdı. Arxasınca ayaqyalın və cır-cındır içində iki liman polisi ayaqlarını sürüyürdü. Kişi iri, dəyirmi gözlərini bizə dikib dedi:
— Uşaq dünyaya göz açarkən günəşin ilk şüalarını salamladığı kimi, mən də sizi salamlayıram, nəcib qonaqlar.
— Biz Şirvanşirlərik, — atam dilləndi.
— Şahın zümrüd qapısı həmişə üzünə açıq olan şah səl- tənətinin böyük aslanı Əsəd əs-Səltənət öz damarlarında sizin qanınızın olması xoşbəxtliyinə nəsibdirmi?
— O mənim qardaşımdır.
Qayıqdan endik. Anbarın yanında kişi bir də dilləndi:
— Əsəd əs-Səltənət gəlişinizi hiss etmişdi. Göndərdiyi maşın şirdən güclü, maraldan iti, qartaldan gözəl və qayadan tikilmiş qəsrdən təhlükəsizdir.
Tini burulduq: şinləri yamanmış sınıq-salxaq, köhnə bir «Ford» küçənin qırağında tövşüyürdü. Mindik. Maşın əsim-əsim əsdi. Sürücü okean gəmisinin kapitanı kimi gözünü uzaqlara zilləmişdi. Aradan düz yarım saat keçdi və maşın hərəkətə gəldi. Biz Rəşt üzərindən Tehrana yollandıq.
İYİRMİÜÇÜNCÜ FƏSİL
Ənzəli, Rəşt, yollar və kəndlər, səhranın nəfəsinə bürünmüş. Hərdən üfüqdə Abi-Yəzid, şeytan suyu, fars fata morqanası görünüb çəkilir. Rəşt yolu çay yatağından keçir. Çay özü quruyub, dibi qayalıqdır. İran çaylarında su olmur, yalnız adda-budda ilişib-qalan kölməçə və lehmələr. Quru sahildən qayalar baş qaldırır və azman kölgələrini ətrafa salır. Onlar qədim dövrün əjdahalarına bənzəyir, yekəqarın, məmnun və mürgülü. Uzaqdan karvanın zınqırov səsi gəlir. Maşın gedişini yavaşıdır. Dəvələr sıldırımlı dağ yamacı ilə addımlayır. Ondə əliçubuqlu sarvan. Qara libaslı insanlar onun arxasınca gəlir. Dəvələr gərgin, güclə addımlayır. Boğazlarında xırda zınqırovlar cingildəyir. İnsanların sağ və sol çiynindən uzunsov, qara xurcunlar sallanır. İsfahan parçaları? Gilan yunu? Maşın dayanır. Dəvələrin belinə cəsədlər sarınıb. Yüz, ikiyüz cəsəd, qara parçalara bükülü. Karvan öz yükünü səhra və dağlardan, duzlu steplerin ağımtıl qaynadığından, yaşıl vadilərdən, böyük dənizlərdən yan ötərək daşıyıb aparır. Xeyli uzaqda, qərb tərəfdə, türk sınırlarında dəvələr yerə çökəcək. Qırmızıfəs məmurlar cəsədləri əlləşdirəcək və karvan yenidən yoluna davam edəcək, müqəddəs Kərbalanın qübbələrinə çatana qədər. Karvan şəhid Hüseynin məzarı yanında dayanacaq. Ustuflu əllər cəsədləri qəbirə qoyacaq ki, ulu mələyin sur düdüyü onları yuxudan oyadana qədər Kərbala qumunda dinclik tapsınlar.
Qarşılarında baş əyirik. Əllərimiz gözlərimizi örtür:
— Müqəddəsin qəbri başında bizim üçün də dua edin! — Ucadan deyirik və sarvan cavab verir:
— Duaya bizim də ehtiyacımız var.
Və karvan yoluna davam edir, Səhrayi-Kəbirin fäta morqanası Abi-Yezid kimi səssiz və kölgəli.
Rəştin küçələri ilə gedirik. Ağac və lehmədən tikilmiş evlər üfüqün qarşısına çəpər çəkir. Burdan ötən minilliyin qoxusu gəlir. Lehmə evləri və dar küçələri bir baxışa yığmaq olur. Küçələrin darlığı insanı kainat qarşısında qorxuya salır. Hər şey birrənglidir. Kül, ya da közərən kömür. Hər şey cılız və xırdadır, bəlkə də taleyə itaətdən. Yalnız qəfildən təkəmseyrək məscidlər peyda olur.
İnsanların qırxıq başlarında balqabağa bənzər dəyirmi papaq var. Sifətləri maskaya bənzəyir.
Hər yanda toz və çamır. Ona görə yox ki, fars olan kəs tozu, yaxud çamırı sevir. O hər şeyi necə var, eləcə də qəbul edir, çünki bilir ki, əvvəl-axır hər şey toza dönəcək. Kiçik bir çayxanada əylənirik. Otaq həşiş iyi verir. Çəpəki baxışlar Ninonu yalayıb keçir. Küncdə cındırından cin hür- kən, pırpızsaç, ağzıaçıq, dodaqlarından selik axan, əlində döymə mis cam tutmuş bir dərviş dayanmışdır. O hamıya baxır və heç kimi görmür, sanki qeybi dinləyərək işarə gözləyir. Ondan ətrafa dözülməz bir susqunluq yayılır. Birdən yerindən hoppanır, bayaqkı açıq ağzı ilə və qışqırır:
— Mən günəşin qərbdən çıxdığını görürəm! Camaat vahimələnir.
Valinin elçisi qapıda görünür:
— Çılpaq qadına görə əlahəzrətləri qarovul dəstəsi göndərib.
Çadrasız Ninonu nəzərdə tutur. Ninonun sifətində dəyişiklik hiss olunmur. O, fars dilini bilmir.
Gecəni valinin evində keçiririk. Səhər tezdən qarovul dəstəsi atları yəhərləyir. O bizi Tehrana qədər ötürür — sifətini örtməyən Ninonun çılpaqlığına və ölkədə dolaşan qaçaq-quldura görə.
Avtomobil çöllə ağır-ağır sürünür. Səksən, yetmiş, altmış kilometr. Yol ilan kimi qıvrılır. Tehranın şəhər darvazasının dörd qülləsi uzaqdakı Demavend dağının qarından aydın seçilir. Darvazanın kaşıları rəngbərəng, rənglər mülayim və yumşaqdır. Müdrik yazılı ərəb tağı iblisin qara gözləri kimi mənə tuşlanıb. İkrah doğuran ləlirtili dilənçilər, dərvişlər, səyyahlar al-əlvan cındırın içində böyük darvazanın altında toz içində uzanmışlar. Şumal, nazik barmaqlı əlləri bizə doğru uzanır. Onlar şah şəhəri Tehranın gözəlli- yini tərənnüm edir, səslərində həsrət və qəm var. Çoxlu qübbələri olan bu şəhərə onlar da haçansa böyük ümidlə gəlmişdilər. İndi isə toz-torpaq içindədirlər, özləri də toza- torpağa çevrilərək onları çölə atmış həmin səhər haqqında qəmli nəğmələr oxuyurlar.
Balaca avtomobil küçələrin qarmaqarışıqlığı içindən sürünüb Toplar meydanından, şah sarayının mirvari darvazası yanından keçir, sonra şəhər divarlarının çölü ilə enli küçədən Şimran məhəlləsinə çıxır.
Şimrandakı sarayın qapıları geniş açılmışdır. Qızılgül ətri üzümüzə vurur. Divarların mavi kaşılarından sərinlik və səmimilik yağır. Biz fəvvarənin yanından keçib bağla yeriyirik. Pərdə çəkilmiş qaranlıq otaq sərin çeşmə kimidir. Nino da, mən də özümüzü yumşaq balıncların üstünə atıb həmin an da sonsuz yuxuya dalırıq.
* * *
Yatırdıq, oyanırdıq, mürgüləyirdik, yuxular görürdük və yenidən yatmağa davam edirdik. Pəncərələrinə pərdə çəkilmiş sərin otaqda qalmaq gözəl idi. Alçaq divana və yerə saysız balınclar, həsir və yumşaq şeylər döşənmişdi. Yuxuda bülbülün cəhcəhini eşidirdik. Böyük, sakit evdə mürgüləmək nadir bir duyğu idi, bütün təhlükələrdən uzaq, Bakının külək döymüş qala divarından aralı. Saatlar keçirdi. Hərdən Nino köksünü ötürüb yuxunun məstliyində yerindən durur və başını sinəmin üstünə qoyurdu. Mən üzümü yumşaq balınclarda gizlədirdim ki, onlardan da fars hərəmxanasının şirintəhər ətri gəlirdi. Məni sonsuz bir pəndəmlik sarırdı. Saatlarla uzanıb qalır və əzab çəkirdim, çünki burnum gicişirdi və mən əlimi uzadıb onu qaşımağa ərinirdim. Axır ki, burnumun geyişməsi kəsirdi, mən də yuxuya gedirdim.
Bir kərə Nino qəfildən ayıldı, ayağa qalxıb dedi:
— Acından ölürəm, Əli xan.
Bağa getdik. Çiçəkli qızılgül kolları fəvvarəni dövrəyə almışdı. Sərv ağacları göyə yüksəlirdi. Lələkləri qövsi-quzeh kimi açılmış tovuz quşu hərəkətsiz dayanıb batmaqda olan günəşə baxırdı. Uzaqlarda Demavend dağının dümağ zirvəsi ucalırdı. Əlimi əlimə vurdum. Şişman sifətli xacə hövlnak özünü bizə yetirdi. Arxasınca ayağı dolaşa-dolaşa yaşlı bir qadın gəldi, qucağı xalı və mütəkkələrlə dolu. Sərv ağaclarından birinin kölgəsində oturduq. Xacə su və ləyən gətirib yerə sərilmiş xalçanın üstünü İran mətbəxinin ləzizləri ilə doldurdu.
— Pulemyot şaqqıltısını eşitməkdənsə, əllə yemək yaxşıdır, — deyib Nino sol əlini buğlanan düyünün içinə saldı. Xacənin sifəti qorxunc bir görkəm aldı və o, üzünü qırağa çevirdi. Mən Ninoya İranda düyünün necə yeyildiyini başa saldım: sağ əlin üç barmağı ilə. O, Bakını tərk etdiyimiz gündən bu yana birinci kərə güldü və məni
böyük bir dinclik sardı. Şahın sakit məmləkətində, Şimran sarayında, dindar şair və üləmaların məskənində olmaq gözəl idi.
Birdən Nino soruşdu:
— Əmin Əsəd əs-Səltənət və onun hərəmxanası harda qalır?
— Güman ki, şəhərdəki sarayında. Üç arvadı da yanında. Hərəmxananı deyirsən? Bütün bunların hamısı, bu bağ, bağa çıxan otaqların hamısı hərəmxanadır.
Nino güldü:
— Onda belə çıxır, məni hərəmxanaya salıblar. Elə belə də bilirdim.
Quruyub qaxaca dönmüş qoca bir kişi, ikinci xacə gəlib soruşdu ki, bizə bir şey oxuya bilərmi. İstəmədik. Üç cavan qız xalçanı yığışdırdı, bayaqkı yaşlı qadın xörəyin qalığını apardı, balaca bir oğlan uşağı tovuzquşunu yemləyirdi.
— Bu adamlar kimdir, Əli xan?
— Qulluqçular.
— Allahım, nə qədər qulluqçu var, görəsən?
Bunu mən də bilmirdim və xacəni çağırdım. O xeyli fikrə getdi, dodaqlarını lal-dinməz tərpədərək. Məlum oldu ki, hərəmxanada iyirmisəkkiz adam qulluq edir.
— Bəs neçə xanım olur burda?
— Neçəsini əmr etsən, xan. Hazırda yalnız bircəciyi, sənin yanında oturan. Amma yetərincə yerimiz var. Əsəd əs- Səltənət öz xanımları ilə şəhərdə qalır. Bu sənin hərəmxanandır. — Aşağı çöməlib qürurla davam etdi. — Adım Yahyaquludur. Sənin namusunun keşikçisiyəm, xan. Oxuyub- yazmağı və hesabı bilirəm. İdarəçilikdə və qadın məsələsində hər şeyin ustasıyam. Mənə etibar edə bilərsən. Görürəm ki, bu qadın naşıdır, amma lazımi rəftarın hamısını ona tədricən öyrədərəm. Haçan xəstələndiyini mənə de ki, yazıb götürüm. Əhvali-ruhiyyəsinin necəliyini dəyərləndirməyim üçün bunu bilməliyəm. Çünki onun hal pozğunluğu mütləq olmalıdır. Onu özüm çimizdirib qırxacam. Görürəm, hətta qoltuğunun altında da tükləri var. Təəssüflü haldır ki, qadının tərbiyəsinə bəzi ölkələrdə məhəl qoyulmur. Sabah dırnaqlarını qırmızıya boyayacam, yatmazdan qabaq da ağzına baxacam.
— Allahım, bu nəyə lazımdır ki?
— Dişləri saz olmayan qadınların ağzından iy gəlir. Dişlərinə baxmalıyam.
— Nə çərənləyir bu? — Nino soruşdu.
— Xidmətini bizə diş həkimi kimi təklif edir. Deyəsən, başdan- ayağa məzhəkəçidir. — Deyimim xeyli pərt səsləndi.
Üzümü xacəyə tutdum:
-Yahyaqulu, görürəm, mədəniyyət məsələlərindən başı çıxan təcrübəli adamsan… Amma bir şey var, arvadım boyludur, onu incitmək olmaz. Buna görə də gəl uşağı dünyaya gətirənə qədər tərbiyəni təxirə salaq.
Danışırdım və yanaqlarımın qızardığını hiss edirdim. Nino gerçəkdən də hamilə idi, buna baxmayaraq mən yalan danışmışdım.
— Sən alimsən, xan, — xacə dilləndi, — hamilə qadınlar keybəsər olur. Bir də ki, uşağın oğlan olmasına da əlac var. Amma, — sınayıcı nəzərlərlə Ninonun biçimli bədəninə baxdı, — məncə hələ bir-iki ay var.
Bayırdan, aynabənddən çoxlu sürütləmə səsi gəldi. Xacə və qadınlar sirli işarələr verdilər. Yahyaqulu çölə çıxdı və ciddiləşmiş sifətilə birazdan geri qayıtdı.
— Şərafətli xan, möhtərəm Məşədi Hafis Seyid Mustafanın sənə salamı var. Heç vaxt cəsarətim çatmazdı ki, xan, sənə hərəmxana sevincinin tən ortasında mane olum. Amma Seyid peyğəmbər nəslindən olan hörmətli bir insandır. Səni hərəmxananın kişilər bölümündə gözləyir.
«Seyid» sözünü eşidən kimi Nino başını qaldırdı.
— Seyid Mustafa? Qoy gəlsin, birgə çay içərik.
Şirvanşir ocağının hörməti ayaqlar altına atılmadı ona
görə ki, xacə rusca bilmirdi. Adamın heç ağlına da gəlməzdi ki, xan arvadı öz hərəmxanasında yad kişini qəbul etsin.
— Seyid içəri gələ bilməz. Bura hərəmxanadır.
— Belə de. Gülünc-gülünc adətlər. Onda onu bayırda qəbul edək.
— Qorxuram ki, Nino… necə deyim sənə … hər şey İranda biraz başqa cürdür. Məncə… Seyid kişi sayılır axı.
Ninonun gözləri heyrətdən böyüdü.
— Deyirsən, məni Dağıstana, sənin yanına aparmış Seyidə mən özümü göstərə bilmərəm?
— Qorxuram, Nino, ən azı ilk günlər.
— Yaxşı, — qəfil bir soyuqluqla dedi, — indi isə get.
Getdim və xıncımlanmışdım. Böyük kitabxanada oturub Seyid Mustafa ilə çay içirdim. O, Bakı kafirlərdən azad olana qədər Məşhədə, adlı-sanlı əmisinin yanına getmək istədiyindən danışırdı. Onu təqdir etdim. Qanacaqlı insan idi. Nino haqqında bir kəlmə də soruşmadı, heç adını da tutmadı. Birdən qapı açıldı:
— Axşamın xeyir, Seyid.
Ninonun səsində sakitlik, biraz da boğuqluq vardı. Mustafa dik atıldı. Çopur sifətində dəhşət işartıları göründü. Nino həsirin üstünə oturdu:
— Yenə çay versinlər, Seyid?
Bayırda saysız şapşaplar şaşqınlıqla ora-bura vurnuxdu. Şirvanşir nəslinin namusu dönülməz şəkildə tar-mar olmuşdu və Seyid düşdüyü dəhşətdən ayılana qədər dəqiqələr ötdü.
Nino gümrahlıqla gülümsədi:
— Mən pulemyotlardan qorxmamışam, heç sənin xacələrindən də qorxmayacam.
Biz beləcə şər qarışana qədər biryerdə qaldıq. Zira Seyid hər şeyin yerini bilən adam idi.
Yatağa getməzdən öncə xacə mütiliklə mənə yaxınlaşdı:
— Ağa, məni cəzalandırın. Gərək onu gözdən qoymayaydım. Amma kimin ağlına gələrdi ki, bu cür çılğındır, bu cür çılğın. Günah məndədir.
Onun koppuş sifəti büzüşmüşdü…
Sonu var.