Cavanşir Qənbər, şeirlər

Qorxusundan

 

Həyamdan utanıram, baxıb saça-saqqala,

Ağa — qara demirəm tellərin qorxusundan.

Yaş da o yaş deyil ki, səni sevirəm deyəm,

Eybimə kor olmuşam illərin qorxusundan.

 

Görürsən ki, arada ayağım yoldan səkir,

Ruhum göyə uçanda cismimi torpaq çəkir.

Saçımda dən üyüdür, başımda kotan əkir,

İndi papaq qoyuram yellərin qorxusundan.

 

Alan -verən Tanrıdır, o ağlımı almasın,

Yüz yerdə könlüm qalsın, təki gözüm qalmasın.

Dostum,  Allah adamı dilə-dişə salmasın,

Dilimi dinc qoymuşam, dillərin qorxusundan.

 

İnsanı qızıl kimi, arayıram seçirəm.

Bir ünvan axtarıram, min qapıdan keçirəm.

Milyon yolla düşünüb, min ölçüb, bir biçirəm,

Hər kəsə dost demirəm, ellərin qorxusundan.

 

Ürəyim dilimdədi, kimisə aldatmıram,

Ara tünlük olanda malı-mala qatmıram.

Dilliyə dil vermirəm, şərə əl uzatmıram,

O göylərə uzanan əllərin qorxusundan.