Qardaşlığa qurban beləmi olmaıdır — Xaliq Məmmədov

Fikirlər Xatirələr

Hərdən mətbuatda, sosial səhifələrdə dilimizin kənar təsirdən qorunub saxlanması barədə yazılar çıxır ortaya.(S. Baycan; M. Əlil; Əli bəy; Priyev …) Deyirsən, şükür, hələ ki, dilimizi müdafiə edənlər var, dilimiz yaşayacaq. Ancaq, maraqlı bir meyil, fikir (tendensiya) müşahidə olunur: dilin təmizliyini qorumağa çağırış edən avtomatla «cəsus» statusu alır. Ən çox «ad qazanan» S. Baycandır. O gah, «ruset şpionu» gah, «qərbin adamı», ən çox da, «türkün düşməni»dir. Nədən dilimizi müstəqil dil kimi türk dilinin təcavüzündən qorumağa çalışanı türkün düşməni saymaq olar? Axı, heç kim türk xalqını tənqid etmir, qardaş xalq olduğunu inkar etmir! Yalnız dilin müdafiəsindən gedir söhbət. Necə ki, tüğyan edən yalana, rüşvətə, qohumbazlığa görə yuxarıları tənqid edənə o dəqiqə «Azərbaycanın düşməni» damğasını vururlar.
Azərbaycan dili türk dilləri qrupundadır və öz ləyaqətli yeri var. Dilimizi işlətmə üsuluna görə iki hissəyə aid etmək olar: klassik kitab dili, çox şaxəli folklor danışıq dili. Bu bölümün istər birincisi, istər, ikincisi ən yüksək zənginliyə malikdir. İstənilən fikri incə, poetik, fəlsəfi yolla vermək çox asandır.
Vaxt olub, erməni şair və aşıqları poeziyalarını məhz, azərbaycan dilində yaradıblar. Çünki dilimizin incəliyi, fikri verə bilmək imkanı ən yüksək səviyyədədir, həm də, dilimiz böyük bir ərazidə — Qafqazda, Orta Asiyada anlaşılan dildir.
150 il qabaq, rus şərqjünaslığının korifeylərindən sayılan böyük alim, filosof Mirzə M. Kazımbəy rus imperatoruna müraciət edərək, dilimizin vacibliyin sübut etmiş, Zaqafqaziyanın yeganə ümumi xalq dilı sayılan Azərbaycan dilini Qazan Universitetində tədris olunmağına müvəffəq olmuşdur. Bu 1850-ci illərdə olmuşdur! (30 mln azərbaycanlı adı daşıyan bu günkü İran yada düşür…)
Mirzə Məhəmmədəli Kazımbəy öz kiçik qardaşı Əbdülsəttarla birlikdə Azərbaycan dilinin proqramını hazırlayıb Rusiyada tədris olunan Şərq dillərindən biri olmaqla, onu daimi siyahıya daxil etmək kimi tarixi iş görmüşdür.
Prussiyalı (alman) alim, iqtisadçı və yazıçı baron Avqust fon Haksthauzen 1843-cü ildə Azərbaycanı səyahət edərək yazıb ki, Azərbaycan dili ümumi ünsiyyət dili (Qafqaz və Orta Asiya), həm də dünyanın bu hissəsinin ticarət dilidir.
Azərbaycan xalq ədəbiyyatını gözəl bilən, «Aşıq Qərib» dastanı əsasında «Aşıq Qərib» povestini yazmış rus şairi M.Y Lermontov Azərbaycan dilinin yayilma sahələri barədə deyib “… mən bir çox dağlar aşdım, Şuşa, Quba,Şhamaxı şəhərlərində oldum …azərbaycanca öyrənməyə başladım. Həmin dil burada və ümumiyyətlə, Asiyada Fransız Dilinin Avropada olduğu qədər zəruri bir dildir”.
Alman şairi F. Bodenştedin fikirlyari də maraqlıdır. F.Bodenşted yazır: “Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün Azyarbaycan dilini bilmək kifayatdir»
Az. dili öz təbiətinə görə çox yumşaq (elastik) dildir. Gözəl Ana dilimiz asanlıqla zərif uslublu formalara düşmə bacarığı ilə fəxr edə bilər. Belə xüsusiyyətlər forması ilə az-az dillər öyünə bilər.
Yəni, dilimizin istənilən həssaslığı, istənilən fikrin zərifliyini təbiətin yaratdığı qədər təbii ifadə etmək bacarığı var. Yaxşı, əgər gözəl dilimizin fikrimizi olduğu kimi, ən gözəl təbiiliklə, incəliklə anlatmaq, ortaya qoymaq imkanı varsa, osmanlıların dil fonduna müraciət etmək nəyə lazımdır?
Dilə başqa sözlərin müdaxiləsi olur və olacaq. Ancaq bircə halda: dildə lazım olan fikri izah etməyə imkan olmayanda, sözə ehtiyac olanda. Elmi-texniki tərəqqinin vüsət aldığı dövrdə elmi terminlərin müdaxiləsi labüddür. Amma, «gedirəm»i «gediyoram»la əvəz etməyin diaqnozu başqadır…
Бu türkü yamsılamaq xəstəliyi, dilimizə qarşı aparılan genosidə keçib. Hətta, xalq kimi fərdilik, tarixən keçdiyi özünəməxsus yol, çoxlu dialekt və şivə müxtəlifliyi ilə zəngin dil müstəqilliyi inkar edilir. Böyük qardaş tapmaq yaxşı işdir, amma, öz fərdiliyini saxla, öz üstünlüyünü, özünü «kiçik» sayaraq qurban vermə.
Hələ türküyamsılama prosesi yarı yoldadır. 15-20 il keçsin, əgər bu «kiçik qardaş» xəstəliyini dayandıran olmasa, dilimizin müstəqilliyi, min illər qazandığı üstünlüyü, bəlkə də varlığı böyük təhlükə ilə üzləşəcək.
Niyə iki qardaş xalqın biri, bəlkə də ən qədim tarixlisi, öz dilini qurban verməlidir?