Hər bir qadın xəyalən qurduğu güllü-çiçəkli baharının o xoş anlarını qoca yaşlarında belə, hər zaman gözləməkdədir. Bəzən bir xoş söz də onun həyatını allı-güllü laləzara çevirə bilir, xüsusən də o sözü gözlədiyi kişidən, əziz-giramından eşidəndə. Hərdən də bunun əksi olur. Otuz il, qırx il, lap elə daha çox müddətdə bir yastığa baş qoyduğu ərindən könlündə bəslədiyi o xoş sözü eşitməyəndə, xəyalında qurduğu o xoş nəvazişi görməyəndə bir anın içində şahmar ilana dönür, könlünü oxşayan bir qucaq sevgi dünya boyda nifrətlə əvəzlənir. Onun üçün əziz olan insan bir göz qırpımında dünyanın ən pis, arzuolunmaz adamına çevrilir.
Ömrünün altmış beş ilini arxada qoyan Nazlı da bu gün beləydi, lap bahar buludu kimi dolmuşdu, bir himə bənddi ki, şimşək təki çaxsın, ildırımtək gurlayıb aləmi bir-birinə qatsın. Ərindən indiyə kimi görmədiyi hərəkətlər onu narahat etməyə başlamışdı. Düz qırx ildi onunla birlikdə yol gəlirdilər, qız-oğul dünyaya gətirmişdilər, böyüdüb oxutmuş, ailə qurmalarına köməklik göstərmişdilər; hər işdə dayaq durmuşdular. İndi, maşallah, övladlarının hərəsinin öz evi, öz ailəsi, öz işi vardı. Yaşlı vaxtlarında tez-tez olmasa da həftə səkkiz-mən doqquz nəvələrini gətirirdilər. Hər yerə qoşa gedib, qoşa gəlmişdilər. İndi iki il olardı ki, Nazlı təqaüdə çıxmışdı, Elxas isə yaşda ondan böyük olsa da hələ işləyirdi, çünki kişinin elmi dərəcəsi vardı, alimdi. Alimlər üçün qanunda təqaüd yaşı müəyyənləşmirdi, nə qədər ki, canın suludur, yəni potensialın var, işləyə bilərsən.
Bütün bu illər ərzində Nazlı ərini “ağır oturub batman gələn” biri kimi tanımışdı. İndi birdən-birə onda bu yorğalıq hardandı? İyirmi-iyirmi beş yaşlı cavan oğlanlar kimi qıvraqlaşması onu narahat edirdi. Qadın beyninə də min cür müəmmalar dolurdu. Onun da lap birincisi… yenə də qadın şübhələriydi. Kim idi onun ərini bu yaşında qıvraqlaşdırıb dingildədən? Maraq Nazlının beynini qurd kimi yeyirdi.
Səhərdən ütünü bəhanə eləyən Nazlının fikri-zikri ancaq ərinin hərəkətlərindəydi, azacıq kostyumun pencəyini ütüləyir, tez-tez də əl saxlayıb güzgünün qabağında “bəzənib-düzənən” ərinə göz qoyurdu.
Elxas boynunu sağa-sola əyərək tez-tez qalstukunu düzəldir, seçdiyi qalstukun geydiyi köynəyə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə çalışırdı. Odur ki, gah bu böyrü üstə durub güzgüdə özünə baxırdı, gah da o biri böyrü üstə çevrilirdi. Tez-tez də əlləri ilə saçını arxaya darayırdı, sanki dahilərdən, böyüklərdən kiməsə oxşatmaq istəyirdi özünü. Havayı deyildi, uzun ayrılıqdan sonra tələbə yoldaşları, onların arasında orta məktəb partasından yoldaşlıq elədikləri də vardı, onu yada salmış, dostlarından birinin oğlunun toyuna çağırmışdılar. “Pul yazdırmaq lazım deyil, eləcə sən gəl, görüşək”, demişdilər.
-Yaxşı, görək. – Axır ki, Nazlı özünü saxlaya bilməyib atmacasını atdı. – Az bəzən, qız, xanım görüşünə getmirsən ha…
-Nədi, paxıllığın tutur? Uşaqlarla bir neçə saat bir yerdə olacağıq. Gör neçə ildir bir-birimizi görmürük. Bir də adam qız, xanım görüşünə gedəndə yaxşı bəzənməlidir? Bəlkə elə qızlarımız da toyda olacaq, bizim qrupda cəmi on bir nəfər oğlan idik, qızlar bizdən çoxuydu.
-Uşaqlar e… – Nazlı sözünü bitirməyə ərinə imkan vermədi, ağzını büzüb ütüsünü sürtələdi. – Uşaqlara bir bax! Bu gün-sabah nəvələriniz ərə gedəcək, siz hələ də bir-birinizə “uşaqlar” deyirsiniz. Az qalır yaşınız yetmişi haqlasın e… Yetmiş yaşında da uşaq olar?
-Diqqətli ol, sən öz işini gör. Bax ha, yandırmayasan. Başın qarışar, pencəyi yandırarsan. Geyməyə başqa kostyumum yoxdur.
-Sənsən də…, “özünə kostyum al”, deməkdən dilimdə tük bitib. Sən isə köhnə kostyumunu geyib nimdaşını çıxartmayınca nə ondan əl çəkə bilirsən, nə də gedib özünə təzəsini alırsan.
-Ağzımı açdırma…, artıq pul oldu, gedib almadım?
-Pul niyə yoxdur? Artıq pulun olanda da tez qoyursan qırağa ki, kitabımı çıxaracam. Kitaba pul toplaya bilirsən, təzə kostyum almağa yox…
-Arvad, bu sən baş açası iş deyil. Sənin işin pencəyi ütüləyib mənə verməkdir.
…Nazlı ərinin qəribə hərəkətlərini hələ səhər tezdən müşahidə etməyə başlamışdı. Çayı qızdırıb yataq otağına qayıtdı ki, ərini yuxudan oyatsın. Baxdı ki, Elxas gülümsəyir və halından çox razıdı. Onu yuxudan dərhal oyatmadı Nazlı, dayanıb bir xeyli müşahidə apardı. Elxas yerində qurcalanır, gülümsəyir, yuxusunun ləzzətini çıxarırdı. Nazlının səbri çatmadı axıra kimi dayanıb baxmağa, paxıllığı, bəlkə də qısqanclığı tutdu ərinə. “Cavan, yeniyetmə oğlan deyil ki, yuxusunu qarışdırsın. Şeytanlar yoldan çıxarıb ona huri-mələk məclisi düzəltsinlər. Yaşlı adamdı, bu yaşda o, yuxuda nə görə bilər ki, halından belə meyxoşdu?”
-Elxas, qalx, dərsə gecikirsən!
Səs Elxasın başının üstündə ildırım kimi çaxdı, şaqqıldadı. Amma Elxas təmkinini pozmadı, belə şaqqıltılara artıq öyrəncəliydi. Elə həmin gülərüz sifətlə yuxudan oyandı, gözlərini açıb başının üstündə duran arvadına zillədi. Elə bil heç yuxuda deyil gerçəkdə görürmüş, nə idisə həmin yaşantıları. Yuxusunu qarışdıran da heç huri-mələklər deyil, dost-doğmaca arvadı Nazlı imiş.
-Nə olub?
-Heç nə. – Nazlı dodağını büzüb çiyinlərini çəkdi.
-Bəs onda nədi Ərəbzəngi kimi başımın üstünü kəsibsən? Qoymazsan bir havır gözümüzün acısını çıxaraq?
-Hmm… Gözümüzün acısını almağa bir bax! Allah bilir neçənci qat yuxunu yatırdın. Özü də, deyəsən, yenə yuxunu qarışdırmışdın.
-Yox, ay Nazlı, nə yuxunu qarışdırmaq. Bu dəfə əsl kef idi.
-Deyirəm də… Yenə də o universitetdəki laborantkalardan hansınısa xəyalına gətirmisən… – İstədi desin ki, qucaqlayıb özünə sıxmışdın, amma demədi, dilini sürütləyib saxladı.
-Sən də e.., ay Nazlı, elə öz xülyalarındasan. – Elxas da arif adamdı, arvadının nəyə him-cim elədiyini göydə tutdu. – Qadın ki, qadın. Siz heç vaxt düzəlməyəcəksiniz. Bir ayağım bu dünyadadı, bir ayağım gorda, sən hələ də məni gah müəllimələrdən hansınasa, gah da laborantkalara qısqanırsan. Heç ayıb deyil…?
-Deyirsən, düz danışmıram? Siz müəllimlər axı öyrənibsiniz hamını kəsib tökməyə, yalanını çıxarmağa. Karam, yoxsa koram? Heç eşitməmişəm, bir dənə də olsun kinoya baxmamışam, anadangəlmə əlimə bircə kitab alıb oxumamışam. Bilmirəm o universitetlərdə nələr baş verir?! Hələ heç tələbələri demirəm. Qiymət almaq üçün az qalırlar müəllimlərin kirpiklərini aralayıb gözlərinə girsinlər. – Nazlının gül ağzı açılmışdı, bir az da keçsəydi…
-Yaxşı, ay Nazlı, bəsdir daha. Mən nə hayda, sən nə hayda. Gül kimi yuxu görmüşdüm. Ovqatımı yenə təlx eylədin. İndi mən bu ovqatla auditoriya qarşısına necə çıxacam?
-Lap yaxşı. Həmişə necə çıxmısan, indi də elə çıxarsan. Müəllim deyilsən? Hamıya hər vəziyyətdən çıxmağı siz müəllimlər öyrətmir, bəs kim öyrədir? Müəllimi gecə yarısı şirin yuxudan oyatsalar da gərək sorğu-suala hazır ola. – Yorğanı dartıb ərinin üstündən qaldırdı. – Qalx, əl-üzünü yu, keç mətbəxə, yeməyin hazırdır.
-Bircə bu işinə əla!
-Qarnın olmasa bunu da deməzsən.
-Yox, canım, ciddi sözümdür. – Elxas yataqdan qalxıb Nazlını öpmək istədi, amma arvadı buna imkan vermədi, üzünü o tərəfə çevirib ərinin yaxasından itələdi.
-Minnətin olsun, aaz! – Elxas ağzını turşudub əynini geyinməyə başladı.
Əl-üzünü yuyub mətbəxə təzəcə keçmişdi ki, Nazlı gəldi. Qadın marağı onu rahat buraxmırdı.
-Səni dədiyin goru, danış görüm, yuxuda kimi görmüşdün? Cavan idi? Gözəl idi?
-Gəlib danışaram. İndi danışsam dərsə gecikə bilərəm.
-Yox e.., buraxmaram. Eləcə çörək yeyə-yeyə ucundan-qulağından danış. Görüm bu gecə səni hansı arvad yoldan çıxarıb.
-Bu gecə çox qəşəng bir yuxu gördüm. – Elxas bunu deyib ciddiləşdi. – Səni niyə bu qədər maraqlandırır mənim yuxularım?
-Başqa vaxt olsaydı, soruşmazdım. Amma deyirlər, səhər obaşdan görülən yuxular çin olur. Deyirəm birdən… Həm də bilmək istəyirəm görüm səni yoldan çıxaran o ləçər kimdir ki, yuxuda bu qədər xoşallanırdın?
-Gördüm ki, getmişəm qəbiristanlığa – Qurd qapısındakı qəbiristanlığa.
-İrağ olsun. Sənin qəbiristanlıqda nə işin var? Özü də Qurd qapısındakı qəbiristanlığa. Yenə Biləcəridəki köçkün qəbiristanlığına getsəydin, dərd yarıydı, deyərdik ki, ölənlərimizi yada salıb qəbirlərini ziyarətə getmisən.
-Sən də bir dayan görək. Qəbiristanlıqda kimi görsəm yaxşıdır?
-Mən nə bilim kimi görübsən.
-Azadı.
-Bizim bu Qəriblərdən olan Azadımı?
-Hə də. Orta məktəbi də bir yerdə oxumuşuq, institutu da. O, heç orta məktəbdə də yaxşı oxumurdu, institutu da birtəhər başa vurdu, demək olar ki, sürünə-sürünə.
-Azad qəbiristanlıqda nə edirdi? Olmaya rəhmətə gedəni olub, xəbər tutmamısan?
-Baahooo, desəm, inanmazsan. Azad qəbiristanlıqda sex açıb – mərmər sexi. Bəlkə iki milyonluq mərməri vardı.
-Doğrudan e.., Qurd qapısındakı qəbiristanlıq axı bahalı yerdir. Orda hələm-hələm adamlar ölüsünü dəfn edə bilmirlər.
-Hə, Nazlı, Azad məni görüb hal-əhval tutan kimi gileyləndi.
-Nə dedi?
-Dedi ki, müəllim, ta məşhur olandan sonra görünüb-eləmirsiniz. Sorağınızı ancaq televiziyadan, radiodan alırıq. Deyirdilər, indi də Almaniyada kitablarınızı çap edirlər, çox sevindik. Adam yazıçı olanda nə olar. Kitablarınızdan bir-ikisini də bizə göndərin, boş vaxtlarımızda oxuyaq. Azad elə bunu deyən kimi əl atdı cibinə. Nə qədər desəm də əl çəkmədi, bir qırmızı yüzlüyü zorla dürtdü cibimə, dedi, bu da kitabın şirinliyi.
-Sağ ol Azad.
-Nazlı, bu hələ harasıdır. Azadın yanında bir qaradıbırıq kişi vardı. Azad tanış elədi, dedi ki, Həmid kişidir, qəbiristanlığın müdiri. Özü də biz tərəflərdəndir, Qarabağlıdır, Xocavəndin Qaratorpaq kəndindən. O da məni tanıdı. Dedi, haqqınızda çox eşitmişəm. Uşaqlar elə hey sizin kitabları oxuyurlar. Təzə kitabınızdan birini də mənə göndərərsiniz, apararam uşaqlara. Həmid kişi də bunu deyib bir sarı əllilik dürtdü cibimə. Vallah, utandığımdan o pul kimi saraldım.
-Sağ olsunlar, mən heç bilməzdim ki, kitabların səni belə mərtəbəyə qaldırıb. Həm də qəbiristanlıq işçisi olasan, kitaba belə yüksək dəyər verəsən! – Nazlı başını buladı. – Hə, sonra nə oldu?
-Day nə olacaq? Maşını sürüb gəlirdim ki, yolda birisi sıxışdırdı, karıxdım. Sükanı yığışdıra bilmədim, buferi sürtdüm bardyura. Bir az əzildi, bir də boyası getdi. Cibimdə pul var idi deyə evə gəlmədim. Birbaş sürdüm Dərnəgülə. Orda böyük qaraj var. Canavar kimi uşaqlar işliyir orda. Bir saatın içində maşını söküb yığırlar. Maşını Qorxmaz adında bir dəmirçiyə göstərdim, başladı düzəltməyə. Əzilmiş yerlərin düzəltmişdi, kraskasını vurmaq istəyirdi ki…
-Belə tez?
-İndi kraskanı şotka ilə vurmurlar, sənin dezodarantın kimi fısqırdırlar, bildinmi?
-Mən nə bilim axı.
-Hə, Qorxmaz kraskanı vurmağa başlamışdı ki, Vidadi gəlib çıxdı.
-Hansı Vidadi?
-Aaz o parabeyini deyirəm də, bazarkomun oğlu, bizinən oxumurdu? Həmişə məndən köçürürdü, yenə də səhv eliyirdi.
-Hə, yadıma düşdü, sonra da bir müddət kənd məktəbində direktor işlədi. Ancaq səni heç vaxt unutmurdu, bayramlarda həmişə payını göndərirdi.
-Hələ bir deyirsən göndərməsin də? İnstitutu mənim hesabıma oxumuşdu.
-Sənin yox, bazarkom dədəsinin pulunun hesabına. Hə, nə isə, sözünü de.
-Görüşdük, hal-əhval tutduq. Soruşdum ki, sən burda nə eliyirsən, nə desə yaxşıdı? Dedi ki, mən bu qarajın müdiriyəm. İnanırsan, əlim qaldı ağzımda.
-Burda təəccüb eləməli nə var ki. Atası bazarkom olanın qarajı da olacaq, hələ deyirsən anbarı da.
-Nazlı, sən təsəvvür eləmirsən e.., bu qarajın ərazisi, bəlkə, bir hektardır. Qarajda yüzdən çox adam işləyir. Elektrik ayrı, motorist ayrı, dəmirçi ayrı, akkumulyatora baxan ayrı, təkər yamayan, yağ dəyişən, antifriz tökən, amortizator nizamlayan, nə bilim e.., maşına nə qulluq lazımdırsa, hamısı burda. Bir də bir diaqnostika aparatı qoyublar. Xəstəni müayinə edən kimi bunlar da maşını müayinə edib xarab yerini deyirlər. Yanasan, a texnika…
-Day, denən qaraj yox, hər şeyi olan bir qəsəbədir ki.
-Hə, bircə diskotekası çatışmır. O da axşam saat yeddidən sonra qarajı bağlamasalar ustalar kafedə onu da təşkil edərlər – böyük kafesi var qarajın.
-Sonra nə oldu? Vidadi necə yola saldı səni?
-Biləndə ki, maşını gətirmişəm, srazu ustaya gözünü necə ağartdısa, Qorxmaz dərhal işini bildi. Nə qədər elədimsə bircə manat da götürmədi. Sağ olsun Vidadi, məni qapıdan yola salanda əlini cibimə saldı. O dəqiqə bildim ki, pul qoyur cibimə. Duyuq düşdüyümü görüb ağzımı açmağa macal vermədi. “Təzə kitabın çıxan kimi birincisini götürüb gəlirsən, yoxsa eşitsəm ki, məndən qabaq başqasına aparıbsan, inciyərəm”, dedi. Darvazadan aralanan kimi baxdım ki, yüz manatdır. Sağ olsunlar, məni heç yaddan çıxarmayıblar.
-Elə bu? Bəs sonra nə oldu?
-Sonra sürdüm maşını peşə məktəbinin qabağına. Dedim, cibdə pul var ikən bir yaxşı bazarlıq eliyim. Axı peşə məktəbinin qabağında hər bazar günü kənd təsərrüfatı məhsullarının həftəbazarı təşkil olunur.
-Hə, heç xəbərim yox idi.
-Necə xəbərin yoxdu? Bu ki, yarım ildən çoxdur təşkil olunur.
-Deyirlər e.., ancaq bilmirdim ki, peşə məktəbinin də qabağında kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunur.
-Hə, elə maşını təzəcə salmışdım məktəbin qabağına, qırağa verib saxlamaq istəyirdim ki, gördüm pilləkəndə iki-üç nəfər durub siqaret çəkir. Maşını saxlayıb baxdım. Kimi görsəm yaxşıdır?
-Mən nə bilim kimi görmüsən? Özün de də…
-Aliki – Fəttah kişinin nəvəsin.
-Hə, tanıdım. Institutda oxuyanda bir dəfə də olsun atası arxasınca gəlmədi, elə həmişə babası gəlirdi.
-Bəs elə uşaqlıqdan babası saxlayıb onu. Metirkasın yazdıranda gedib kənd sovetinin yanına. Deyib uşağın adın Əli yaz. Kənd soveti də həm orta məktəbdə rus sektorunda oxuyubmuş, həm də əsgərlikdən təzə gəlibmiş. Yeri gəldi, gəlmədi, hamıyla yarırusca danışırmış. Götürüb uşağın adın Əli əvəzinə Ali yazıb. Fəttah kişi bir az hirslənib, ancaq hara çatasıydı onun hirsi, hikkəsi. Axırı razılaşıblar ki, adın sonuna bir “k” hərfi də əlavə etsinlər. Beləliklə, uşağın adı qalıb Alik.
-De, görüm, Alik qardaşdığın neylədi səninçün?
-Day neyləməliydi? Müavini Əjdərə tapşırdı ki, müəllimə bir yaxşı bazarlıq elə. Mənim heç xəbərim də olmadı. Biz Aliklə onun kabinetində çay içib durana kimi Əjdər müəllim baqajı ərzaqla doldurdu. Görüşüb ayrılanda Alik müəllim bir əlini kürəyimə vurub o biri əlini yavaşca saldı cibimə. “Alik, bu olmadı” deyib etiraz etmək istəyəndə sözümü kəsdi. “İnciyərəm, dedi. Eşitmişəm, təzə kitabın çapdadı, inşallah çıxan kimi götürüb gəlirsən. Həm məktəbdə tədbirini keçiririk, həm də… yuyuruq!”
-Bəs sonra nə oldu?
-Sonra nə olasıdır? İmkan verdin ki, nəsə də olsun. Ərəbzəngi kimi başımın üstünü kəsdirib qışqırdın. Elə qışqırdın ki, dost-tanış da yoxa çıxdı, bir anın içində pullar da uçub-getdi. Sən həmişə beləsən, elə həyatda da, yuxularda da.
Nazlı acı-acı gülümsündü.
-Heç bilirsənmi belə olanda Zöhrə qocam nə deyirdi?
-Nə deyirdi sənin o məktəb görməmiş qocan?
-Deyirdi ki, ac toyuq yuxuda darı görər.
…Elxas həmişəki kimi məktəbdən günortadan sonra qayıtdı. “İştaham yoxdur” deyə günorta yeməyindən imtina elədi. “İştahan yoxdur, yoxsa iştahanı qaqalarınla ley-peyə saxlayırsan?” deyə Nazlı atmacasın atıb soruşduqda bir az da hirsləndi.
-Tutaq ki, lap elədi. Sonra?
-Sonra da sənin can sağlığın. Deyirəm son vaxtlar belə birtəhər olmusan.
-Yəni nətəər?
-Demirsən ki, ay arvad, bizi toya çağırıblar. Geyin, dur düş yanıma. Gedək, bir az şənlənək.
-Nədii, könlünə toy düşüb?
-Niyə də düşməsin? Restorana aparmırsan, gəzməyə getmirik, ilboyu Bakıdan qırağa çıxmırıq. Nədi, mən adam deyiləm? Yoxsa, qorxursan ki, toyda səni pis göstərəm? Qızlarınız məni bəyənməyələr?
-Nazlı, Allah eşqinə, məni cin atına mindirmə.
-Sən heç cin atından düşmüsən ki? Mən səni tanıyandan, elə cin atının belindəsən.
-Nazlı, dedim axı, məni toy sahibi yox, uşaqlar dəvət edib. Pulumu da onlar yazdıracaq. Düz qırx ildir bir yerə yığışmırıq. Hamısının əli uzundur. Vəzifədədirlər, pulludurlar, imkanları hər yerə çatır. Beş kitabım hazırdır, pul dərdindən çapa göndərə bilmirəm. Deyirəm bəlkə, insafa gəldilər, kitabların çapına kömək elədilər. Yuxusunu da görmüşəm. Özün deyirsən ki, səhərə yaxın görülən yuxular çin olur.
-Nə deyirəm ki. Təki elə olsun!
Nazlı daha heç nə demədi. Vaxt gəlib çatdı, Elxasın kostyumunu ütüləyib geyindirdi və toya yola saldı.
-Allah ürəyincə versin. Təki sən deyən kimi olsun. Amma uşaqlara uyub cavanlığını yada salma.
-Yenə öz dediyindəsən e.., bu yaşda da məni qısqanırsan.
-Onu demirəm. Deyirəm ki, cavanlığını yadına salıb qaqalarının sağlığına çox içmə. Ürəyin xəstədir, dözməz.
-Noolub aaz, mənim ürəyimə. Lap on beş yaşlı yeniyetmənin ürəyi kimi döyünür.
Elxas kefi kök evdən çıxdı. Nazlı onun arxasınca bir diş qənd tulladı.
Toy “Yeganə” restoranındaydı. Ətrafda belə dəbdəbəli, möhtəşəm ikinci bir restoran yoxuydu. Deyirdilər, Dədə Mamedin restoranıdı. Elxas bunu elə-belə sözgəlişi eşitmişdi. Kimidi bu Dədə Mamed, nə iş yiyəsiydi, Elxas bilmirdi, heç maraqlanmamışdı da. Bir də nəyinə gərəkdi, beşdə alacağı yoxdu, üçdə verəcəyi. Toy sahibi də hər kimiydisə, Dədə Mamedin uzaq, ya yaxın qohumlarındandı. Çünki hər kəs burda toy sifariş eləməzdi.
İndi bunlar hardan düşdü Elxasın yadına. Son vaxtlar sponsor hesabına kitab çıxartmaq dəb halını almışdı. Kitab yazanlar axtarıb, arayıb varlı adamlar tapırdılar. Sonra da kitablarını onların hesabına çap elətdirirdilər. Giriş hissəsində də həmin haminin, sponsorun bütöv bir səhifə rəngli şəkilini verirdilər. Səhifənin arxasında da onun tərcümeyi halını yazırdılar. Guya ki, Hacı Zeynalabdin Tağıyevdən millətə miras qalan xeyirxahlıq missiyasını indi Filankəsov Bəsmənkəs Hətəmkəs oğlu çiyinlərində daşıyır. Necə ki, çiyinlərini qarşınızdakı kitabın ağır yükünün altına verib. Hardansa Elxasın da ağlına belə bir fikir gəldi. İndi müxtəlif vəzifələrdə olan tələbə yoldaşları nə kömək edərlər, edərlər. Əsası toy sahibi ilə tanış olub onun vasitəsilə Dədə Mamedə çıxmaqdır. Bu boyda dəbdəbəli restorana sahib olan adamın əlində bir kitab çap elətdirmək nədi ki?!
Restorana çatanda gözlərinə inanmadı. Bura doğrudan da, olduqca dəbdəbəli, möhtəşəm bir bina idi. Başında tacı da vardı. Restorandan daha çox malikanəyə, şah sarayına oxşayırdı. Çöldən sakit görünsə də içəridə insanlar qaynaşırdı. Elxas içəri keçib dazbaş, yekəpər, ortayaşlı birisi ilə qarşılaşdı. Boğazında qırmızı qalstuk və gözlərində bahalı eynək olduğundan toy sahibinin yaxın adamı zənn etdi. Salamlaşıb gözaydınlığı verdi. Müəllim yoldaşlarını soruşdu.
-Xoş gəlmisiniz, buyurun! – Qırmızı qalstuklu onu foyedən salona keçirdi. Hardasa lap arxa tərəfdən on dördüncü, ya on beşinci cərgəni göstərib:
-Müəllim, sizin uşaqlar ordadır, buyurun, keçin! – dedi.
Elxas sağa-sola baxmadan göstərilən masaya doğru irəlilədi. Guya baxsaydı nə olacaqdı, kimi tanıyacaqdı. Amma istəmədi baxsın, birdən kimsə tanıyardı. Durub görüşər, öz masalarında oturmağa dəvət edərdi. Niyə də olmasın, azdan-çoxdan tanınan yazıçılardandı. Kim istəməzdi tanınmış yazıçı ilə bir masada əyləşsin. Sonra da şəkil çəkdirsin. İnternetdə paylaşsın, dost-tanış arasında lovğalansın; baxın, bu mənəm, tanınmış yazıçı ilə birlikdə, toy masası arxasında.
Salonun yarısını keçmişdi ki, tələbə yoldaşlarının əyləşdiyi masanı lap aydınca gördü. Deyəsən, masa dolu idi, hər halda dolu görünürdü, masada qadın da vardı, ancaq kişilər çoxluq təşkil edirdilər. Bəli, tələbə yoldaşlarıydı, Elxas ilk baxışdan onları ayırd edə bilməsə də təxmini tanıdı. “Necə də qocalıblar, ilahi, bu qırx il nə tez gəlib keçdi. Yenicə bığ saxlayan şəvərək oğlanların indi başı dazlaşıb, sifətləri qat bağlayıb, qarınları necə də qabağa çıxıbdı. Çiyinlərini çəkib, tellərini yana ataraq naz satan nərmənəzik qızların görünüşündən əsər-əlamət qalmayıbdır” – bir anlıq Elxasın beynindən yalnız bu fikirlər keçdi. Baxdı ki, masanın qabağında dayanıb, birinci kiminlə görüşəcəyini, harda, kimin yanında oturacağını götür-qoy eləyir. Masanın baş tərəfində bir boş yer vardı, lakin keçib oturmazdan əvvəl hamıyla görüşmək lazımdı, on bir nəfər masa arxasından qalxıb onunla görüşməyəcəkdilər ki!
-Qızlar, salam! – İlk olaraq aşağı tərəfdə oturub ona tərəf baxan qızdan başladı.
-Əleykümə salam. – “Qız” bir az ciddi görkəm alıb cavab verdi, görünüşündən tanımadığı hiss olunurdu.
-Yasəmən deyilsən? Qara, uzunsaçlı qız? Məni tanımadın? – Elxas gülümsəyərək soruşdu.
-Hə, Yasəmənəm, amma o qara, uzunsaçlı qızdan əsər-əlamət qalmayıb, nəvə-nəticə sahibiyəm. Sizi kiməsə oxşadıram, amma ayırd edə bilmirəm. Doğrudan tanımadım. – “Qız”, daha doğrusu yaşlı qadın çiyinlərini çəkdi, o biri üç qadın da ona baxıb irişdilər.
Elxasa elə gəldi ki, heç “oğlanlar”, indi artıq kişiləşmiş tələbə yoldaşları da onu tanımayıblar, elə bu an, bu dəqiqə tanışlıq verməsə onu məsxərəyə qoyub gülüşəcəklər. Yaman güləyən qrup idi onların qrupu, adlarını çöpəgüləyən qoymuşdular, hər şeyə gülürdülər; fərqi yoxdu, barmağını yuxarı qaldır, ya yumruğunu, güləcəkdilər. Özü də gülmək var, gülmək var; bunlar lap qəşş eliyib gülənlərdəndi.
-Mənəm də Elxas İlyasov.
-Axı sənin bir adın da vardı.
-Hə. Elə kənddə də hamı məni Eyvaz kimi tanıyırdı.
-Ohooo, Eyvaz!
-Ay səni xoş gəlmisən, Xan Eyvaz!
-Bizim məclisimizi feyziyab elə, yoldaş İlyasov!
Hamısı bu sözə bənd imiş kimi yerbəyerdən səsləndilər.
Qucaqlaşma, görüşmə, öpüşmə anları bir-iki dəqiqə çəkdi. Elxas qrup yoldaşları olan qızlarla da əl tutub görüşdü. Sonra ona göstərilən yerdə əyləşdi.
-Götürün, görək. – Şadoğlan badəsini qaldırıb təklif sürdü. – Şərəfə. Qırx ildən sonra bir yerə yığışmağımızın, görüşməyimizin şərəfinə. Ə, ordan qızlara şampan süzün.
-Bəlkə tamadanın çıxışını gözləyək! – Elxas astadan dilləndi. – Axı o da nə isə sağlıq deyir. Biz də sağlığımızı onun sağlığına qoşaq.
-Sən onlara fikir vermə. Şərəfə!
Şadoğlan badəsini bir az da yuxarı qaldırıb irəli uzatdı. Taqqataraq toqquşdurdular və neçə ilin tamarzıları kimi başlarına çəkdilər. Mıshamıs masanı başına götürdü. Əl atıb masadan nələrsə götürüb ağızlarına təpişdirdilər, kimisi xiyar turşusu, kimisi alça, kimisi də təzə pomidoru eləcə bölmədən ovurduna basdı. Mısıltı marçıltı ilə əvəzləndi.
-Yeyin, için, kef eləyin. – Baloğlan özünü tarazlayıb ortalığa söz atdı. – Dünya beş günlükdür, onun da cəmi ikisi şənbə, bazara düşür.
-İndi nə deyirsən, bu yaxşıdır, yoxsa pisdir? – Qədimalı soruşdu.
-Baxır nəbzini hansı tərəfdən tutarsan? – Vüqar tez cavablandırdı. – Şənbədən tutarsan, iş günləri də ley-peylə keçər. Yox, istirahətini bazara saxlarsan, azara düşərsən.
-Nə azarına? – Bədrəddin təəccübünü gizlətmədi. – İstirahətdə nə azar?
-Birinci gün işə çıxmaq azarı boğazını üzər, qoymaz bir damcı da içəri keçsin.
-Yaxşı, Götürün. – Baloğlan badəsini qaldırdı. – Yaxşı deyil, tamada gözləyir.
Badələri qaldırdılar, toqquşdurdular və xor dərnəyində keçirilən məşqlər təki hamı bir nəfər kimi başına çəkdi. İçib yenidən süfrəyə girişdilər.
-Hə, Elxas, danış görək nə işlə məşğulsan? – Bədrəddin soruşdu.
-On ildən artıqdır ki, Şərq-Qərb universitetində müəllim işləyirəm. Bir də yaradıcılıqla məşğulam, yazıram.
-Hə, sən universitetdə oxuyanda da nə isə yazırdın. – Valeh əlavə etdi.
Elxas baxdı ki, tələbə yoldaşları onu yaxşı tanımırlar. Səhərdən kefləri durulurdu, indi yazmaq məsələsi ortaya atılan kimi burunları sallandı. Odur ki, söhbəti bir az dərinləşdirmək istədi.
-Məni heç oxuyursunuzmu?
-Hardan tapıb oxuyaq? Heç olmasa kitabın çıxıbmı?
Gözlənilməz sualdan Elxas duruxdu.
-Siz mənimlə məzələnirsiniz? Artıq mənim on iki kitabım çıxıb.
-Ət ağa haqqı xəbərimiz olmayıb.
-İki kitabım osmanlı türkcəsinə uyğunlaşdırılıb, böyük tirajla Türkiyədə çap olunub.
-Pah atonnan! – Əl-ələ vurdular. – Halal olsun!
-Bir kitabım alman dilinə tərcümə edilib Berlində çap olunub.
-Əla!
-Gürcü, rus, özbək dillərinə tərcümə olunanları demirəm, onlar özümüzünkülərdir, keçmiş Sovet ailə üzvlərimizdəndirlər.
-Bravo!
-Yaşasın!
-Halal olsun1
Tələbə yoldaşları onu alqışladılar, amma Elxas onların səsində bir sevinc duymadı, bir səmimiyyət hiss etmədi.
-Doğrudan mənim yazdıqlarımdan xəbəriniz olmayıb? – Elxas ciddiləşdi.
-Sənə “sən öl” demirəm, vallah xəbərimiz olmayıb. – Baloğlan hamının əvəzindən xəbər verdi.
-Axı sən nə yazırsan? – Şadoğlan elə maraqla soruşdu ki, Elxasın özündə də nə yazdıqlarına maraq oyandı.
-Necə nə yazırsan? – Elxas acı-acı gülümsədi. – Yazıçı nə yazar? Roman, povest, hekayələr…
-Həə…, belə de… Mən də deyirəm bəs…
-İndi mən ölkənin ən məşhur, ən məhsuldar beş yazıçısından biriyəm. Orta məktəb dərsliklərinə ən çox hekayəsi daxil edilmiş yeganə yazıçıyam. Sizin bundan da xəbəriniz yoxdur?
-Vallah, xəbərimiz yoxdur.
-Bəs siz məktəbdə necə dərs keçirsiniz? Keçdiyiniz dərsliklərə baxmırsınızmı? – Elxas bu yerdə lap hövsələdən çıxdı. – Mən bəziləri kimi təxəllüs də götürməmişəm. Familiyamı da dəyişməmişəm. Familiyamın sonluğuna zadə, lı, li də artırmamışam. Eləcə institutda oxuyanda necə Elxas İlyasov idimsə, eləcə də qalmışam. Odur ki, sizi başa düşə bilmirəm. Necə yəni siz şagirdlərə keçdiyiniz dərsliklərdə mənim on bir hekayəmdən birinə rast gəlməmisiniz?
-Ə kişi, birincisi, sənə deyirik rast gəlməmişik, deməli rast gəlməmişik. İndi dərsliklərə fikir verən kimdir. Hər il yeni dərslik yazırlar. Heç bilmirsən kim yazıb, necə yazıb. Gündə bir xoruz səsi eşitməmiş dərsliklər üzə çıxarırlar. Bunların hamısına baxmağa vaxt lazımdır. Bizdə də ona vaxt yoxdur. Indi hamı testlə məşğuldur. – Şadoğlan bəzi məsələləri açıqlamağa çalışdı.
-İkincisi, lap xəbərimiz olub, həə, noolsun? – Baloğlan əlindəki badəni toqquşdurmadan, sağlıq gözləmədən başına çəkdi, xiyar turşusunu ağzına basıb gəvələyə-gəvələyə sözünə davam etdi. – Sözünün mustafasını de.
-Daha sizə sözüm yoxdur. Mən səhv eləyib bura gəlmişəm. Sizinlə oturmağın, vaxt öldürməyin heç bir adı, mənası yoxdur. Həmişə toyda. – Elxas bunu deyib ayağa qalxdı və asta addımlarla masadan uzaqlaşdı.
-Elxas…
-Xan Eyvaz…
Arxadan səsləndilər… Qədimalı ayağa qalxıb onu saxlamaq istəsə də Valeh qolundan tutub aşağı oturtdu.
-Yox bir, böyük yazıçı olub, tanımamışıq. O boyda Səməd Vurğun vur-tut altı kitab yazıb. Heç onların adlarını yadda saxlaya bilmirik. İndi mindən çox kitab yazan var, biz nə bilək kim kimdir.
Elxas foyeyə çıxdı, ora adamla dolu idi. Toy təzə başlasa da burada iki-bir, üç-bir yığışıb söhbətləşir, çay içir, siqaret çəkirdilər. Müəllim yoldaşlarından kiminsə onun arxasınca gəlib geri qaytarmağa cəhd göstərəcəyindən ehtiyatlandı. Durub süpürləşməyəcək ki, ayıbdır, görənlər nə deyər. Sakitcə çıxmağın da mənası yox idi, toydan gedəndə kiməsə gözaydınlığı vermək gərəkdi. Bu heç yaxşı olmadı. Elxas çıxışa doğru ehmal-ehmal addımladıqca foyedəkilərin hamısını nəzərdən keçirdi, hərə öz kefindəydi, heç ona fikir verən də yox idi. “Necə də həvəslə gəlmişdim. İndi dilxor halda çıxıb gedirəm, amma ayaqlarım heç getmək istəmir. Elə bil bir maşın daş daşıtdırıblar”.
Elxas öz-özünə sakitcə danışa-danışa restorandan çıxdı. Binanın çölündə qapıçıdan başqa heç kim yox idi. Qəşəng geyimi vardı qapıçının – qusarlara, süvarilərə bənzədilmişdi. Heyif ki, at belində deyildi. Odur ki, dərhal aralaşmadı, elə qapının ağzında bir siqaret çıxarıb yandırdı. Birdən qapıçı da toy yiyələrindən olar, onda elə siqaret çəkməyə çıxmışam.
-Müəllim, siqaretinizdən birini olar? – Qapıçı dərhal bir siqaret istədi.
“Adına, sanına bax; Dədə Mamedin restoranı. Amma qapıçısının özünə siqaret almağa pulu yoxdur. Bəlkə də vərdişdəndir, belələri adətkar olurlar. İşə düşdük də. Əvvəlcə siqaret, sonra alışqan, sonra həftəbecər söhbət, dalınca tanışlıq, dalınca da bütöv avtobioqrafiyan, de gəlsin!” Hirs vurdu Elxasın təpəsinə, elə acıqlı-acıqlı da cavab verdi:
-Sən hardan bildin ki, mən müəlliməm? Alnıma yazılıb? – Dərhal cibindən bir siqaret çıxarıb ona uzatdı və dalınca da alışqanını çıxarıb yandırdı ki, söhbət uzanmasın, öz yolu ilə rahat çıxıb getsin.
-Təşəkkür edirəm, sağ olun. – Qapıçı siqaretini yandıran kimi təşəkkürünü bildirdi, düz iki dəfə təzim elədi, deyəsən mərifətli adama oxşayırdı. – Belə zənn etdim. İndiyə kimi zənnim məni hələ aldatmayıb.
Hərəsi bir-iki qüllab vurdu siqaretinə, aradakı sükutu yenə də qapıçı pozdu.
-Müəllim, niyə dilxorsunuz? Restorana toya gələrlər. Gələrlər ki, pul xərcləsinlər. Olmaya mənə verdiyiniz bu bir siqaretin fikrini çəkirsiniz?
-O nə sözdür ə.., sən mənə deyirsən? – Elxas bilmədi cibindəki siqaret paçkasını çıxardıb qapıçının başına çırpsın, yoxsa əlindəki siqaretin közünü onun gözünə soxsun, eləcə tərs-tərs süzüb özünü ələ almağa çalışdı. Bu gün onunku heç gətirmirdi, yuxusunu qarışdırmışdı, bir yandan. Evdə arvadı atmacasından qalmamışdı, burda da tələbə yoldaşları. İndi də qapıçının belə deməyi onu lap hövsələdən çıxartmışdı. – Vermək istəməsəydim, verməzdim də… Zorla cibimdən siqaret çıxartmayacaqdın ki…!
-Orası elədir, müəllim. Heç istəməyə də bilərdim. Elə siz deyən siqaret çəkən də deyiləm. Bunu sizə görə elədim. Gördüm dilxorsunuz, dedim bəlkə adama bir siqaret çəkib söhbət edək, yüngülləşəsiniz. Mənim də vaxtım getsin. Onsuz da sizli-sizsiz mənim işim gecə yarıyadək qapıda durmaqdır.
Elxasın hirsi bir az soyudu, özünə gəlməyə başladı. Baxdı ki, qapıçı heç də elə-belə adama, əldə-ayaqda itənə oxşamır. Heç tələbə yoldaşlarına da tay deyil, hər kimdisə yüklü adama oxşayır. Bəlkə də onunla söhbət etsə, bir az yüngülləşər, dilxorçuluğu keçib gedər.
-Axı biz heç tanış da deyilik. – Elxas müraciət etdi.
-Adın nə mənası var. Qapıçı elə qapıçıdır. Qapıçının adı nə olsa da heç bir əhəmiyyət daşımır.
-Niyə elə deyirsiniz? Mən öz adımla fəxr edirəm: Elxas İlyasov.
-Həə… tanıdım. Siz axı məşhur adamsınız. Ona görə də adınız necə olsa belə böyük əhəmiyyəti var. – Qapıçı razı-razı gülümsündü, elə bil əziz-giramını tapmışdı. – Mən sizi çoxdan tanıyıram, daha doğrusu adınızı eşitmişəm. Bəlkə də iyirmi ildən artıq olar.
-Hardan tanıyırsınız? Məni necə tanıdınız? – deyə Elxas maraqla soruşdu.
-Əsərlərinizi oxumuşam, siz məşhur yazıçısınız. Heç təsəvvürümə də gətirməzdim ki, nə vaxtsa sizinlə yan-yana durub siqaret çəkə-çəkə həmsöhbət olacağam. Bu mənim üçün böyük xoşbəxtlikdir.
-Şükürlər olsun sənə, ilahi! Məni də el arasında tanıyan birini urcahıma çıxartdın. – Elxas əvvəlcə üzünü göyə tutub əllərini qabağa uzadaraq dua etdi. Sonra yönünü qapıçıya tərəf çevirdi. – Mənim üçün çox maraqlıdır, zəhmət olmasa danışın, məni necə və haradan tanıdınız.
-Bilirsiniz?! – Qapıçı siqaretindən bir qullab vurub fikrə getdi, sümürüb ciyərinə udduğu tüstünü havaya buraxdı, ağzının, burnunun tüstüsü bir-birinə qarışdı. – Çətin illər idi. Hərki-hərkilik günü-gündən artmaqdaydı. Onda mən orta məktəbdə müəllim işləyirdim – tarix müəllimi. Milli pulumuz getdikcə elə sürətlə dəyərdən düşürdü ki, müəllim maaşına dolanmaq olmurdu. Mən də bəzi başqaları kimi günortadan sonra əlavə iş axtarmağa başladım. Bakıda mümkün deyildi, müəllim hara, fəhləlik hara, görərlər, tanıyarlar, ayıbdır. Əvvəlcə Sumqayıtda toplaşan fəhlələrin yanına getdim. Təsəvvür edirsinizmi, günorta Bakıda dərsdən çıxırsan, iki-üç peraşki yeyib mədəni aldadırsan, sonra da elektriçka ilə Sumqayıta, fəhləçilik eləməyə gedirsən ki, orada səni tanıyan olmaz. Bu minvalla günlər gəlib keçdi. İş olurdu da, olmurdu da. Elə bu vaxtlar olardı, yaz vaxtıydı. Nasosnuda, bağlar tərəfdə iki nəfərə bir həyətdə iş götürmüşdük, yer belləyirdik. Bir də gördük bir Kamaz kitab gətirdilər əraziyə. Deyəsən, boşaldıb yandırmaq istəyirdilər, ya da yarğan vardı, ora töküb üstünü torpaqlayacaqdılar. Söhbətlərindən belə başa düşdük ki, kimsə varlı bir adam kitab mağazasının yerini alıb restoran tikdirmək istəyir. Kitablar da nə kitablar – hamısı təptəzə, çoxunun hələ qatı açılmayıb. Görəndə hayıfım gəldi, yanıb cıbırığım çıxırdı. Özümü saxlaya bilməyib yaxınlaşdım. Xahiş etdim ki, o kitabları mənə hədiyyə etsinlər. Əvvəlcə gülüşdülər. “Fəhlə babasan, kitab sənin nəyinə gərəkdir” dedilər. Uzun sözün qısası, birtəhər dil tapıb razılığa gəldik. İki günlük qazancımı onlara yanacaqpulu verib kitabları aldım. Ondan sonra yaşadığım binanın zirzəmisində yer düzəldib kitab mağazası açdım. Nə başınızı ağrıdım, elə o vaxtlardan sizin kitablarınızla tanış oldum. Bir az xoşuma gəldi deyə sonralar təzə kitablarınız çıxan kimi alıb gətirirəm. Nə bilim, belə də…
-Deməli, kitablarım xoşunuza gəlib?
-O vaxtlar xoşuma gəlmişdi. İndi bir o qədər də yox…
-Necə, necəəə? – Elxas təəccübünü gizlətmədi.
-Əvvəllər oxumağa, ümumiyyətlə, yeni bir kitab tapmaq olmurdu. İndi o qədər sizin kimi kitab yazan ortaya çıxıb ki, bilmirsən kimi oxuyasan.
-Onların çoxu yazmağı məndən öyrənib. Düz deyirsən. Yazmağı məndən öyrənənlərin indi özləri də məni bəyənmirlər.
-Sizdən nə öyrənmək olar ki? – Qapıçı arsız-arsız irişdi. – Sizin özünüzə çoxlu öyrənmək lazımdır hələ.
-Başa düşmədim…
-Burda başa düşüləsi nə var ki? Mən bu iyirmi – iyirmi beş ildə on minlərlə kitab oxumuşam. Ona görə də belə arxayın-arxayın danışıram.
-Bu müddət ərzində bir belə kitab oxumaq mümkün deyil.
-Əsas məsələ də elə ondadır. İnsan hamı tərəfindən mümkünlüyü mümkün olmayan bir işi eləməlidir. Mən bunu edə bilirəm. Kitabı dəhşət dərəcədə sürətlə oxuyuram.
-Buyur, bir siqaret də götür. – Elxas siqaret paçkasını Qapıçıya uzatdı.
-Çox sağ olun, doydum.
-Hə, onda danış. Mənim kitablarımda nəyi tapa bilməmisən ki, xoşuna gəlməyiblər?
-Çox şeyi. Hətta adi şeylərə belə qorxa-qorxa yanaşırsınız, adam inanmaq istəmir yox, inana bilmir.
-Məsələn…
-Məsələn, yazırsınız ki, bir maşın daş daşıyan kimi yorğun idim. Amma cümləni hadisələrin gedişinə uyğunlaşdıra bilmirsiniz.
-Niyə uyğunlaşmır? Bizdən qabaqkılar da bunu yazıb.
-Xəbəriniz varmı ki, Viktor Hüqo bir ay səfillər arasında yaşayıb, sonra “Səfillər” romanını yazıb.
-Demək istəyirsən ki, mən bu cümləni yazmaq üçün gedib Karyer Qasımın daş karxanasında kubik daşımalıydım? Nizami Gəncədən kənara çıxmadan bütün dünyanın gərdişini təsvir edib.
-Axı o Nizamiydi. – Qapıçı şəhadət barmağı ilə yuxarını göstərdi. – Odur ki, dünyada ən yüksək zirvədədir. Min ildir ki, onun ayağı səviyyəsinə hələ heç kimin başı qalxmayıb.
-Biz də az oxumamışıq, az görməmişik. Həyat təcrübəmiz də zəif deyil.
-Yaxşı olar ki, tam dəqiq bildiyiniz, öz həyatınızda rast gəldiyiniz şeyləri yazasınız. Bu, bəlkə də, bir az maraqlı olardı.
-Sənin dediyindən belə çıxır ki, hər yazıçı məhdud bir sahəni yazmalıdır. Bəs onda başqa sahələr?
-Mən belə deməzdim. Yazıçı təkcə öz yaşam tərzində hər gün yeni-yeni sahələrlə rastlaşır. Dediyim odur ki, hazırlayacağın məhsul öz qazanında bişməlidir. Süfrəyə çiy yemək qoymaq yaramaz. Götürək sizin “Vaqon mühafizəçisi” kitabınızı. Ucardan çaxır vaqonunu götürüb gedirsən Rusiyaya. Yol boyu ancaq iyrəncliklərdən bəhs olunur. Nooldu, bunların içində bir dənə salamatı tapılmadı? Demirəm ki, kimisə ideallaşdırmaq gərəkdir, yox, olduğu kimi görünsə, yaxşıdır.
-Reallıq bundan ibarətdir…
-Siz dəmir yolu relslərinin qırağındakı ikinci, üçüncü evi görə bilməmisiniz. Adama da elə gəlir ki, Dərbənddən Vladivostokacan yolboyu yaşayanların hamısı oğraşdır, alkaşdır, fahişədir. Belə olmaz axı. Düzdür, vağzal uşaqları bir az vələduzna olurlar, day, bu dərəcədə yox. Onların arasında da yaxşıları o qədərdir ki…
-Yazmaq üçün nə təklif edərdin?
-Rəhmətliyin nəvəsi, indi hadisələr elə sürətlə cərəyan edir və yayılır ki, heç kimi heç nə ilə heyrətləndirmək olmaz.
-Yenə də…
-Indi insanların ruhlar dünyası ilə, yadplanetlilərlə əlaqəsindən yazırlar. Böyük bir Hind qoşununun Himalay dağındakı mağarasında bir naməlum bədheybət tərəfindən məğlubiyyətindən yazırlar. Siz də başlamısınız ki, dükançı polis rəisi ilə necə mübarizə aparır, sonda necə intiqam alır, alverçi türk mallarının poddelkalarını necə hazırladır, geydirmə malları orijinal adı ilə müştərilərinə necə sırıyır, nə bilim nə. Adi… primitiv… həyati nələrsə… Bunlarla heç hara getmək olmaz.
-Heç bilmirəm, sənə necə təşəkkürümü bildirim. İndiyə kimi heç bir məclisdə eşitmədiyim sözləri mənə deyirsən.
-Müəllim, inciməyin. Bunları elə-belə sözgəlişi dedim. Siz yaxşı yazıçısınız. Diliniz də şirindir, oxumaq olur. Adama ləzzət eliyir…
-Bilirsiniz, qapıçı qardaş, bir vaxtlar yazıçıların hörməti bambaşqaydı. Elçiliyə gedəndə ağsaqqal qismində yazıçı aparırdılar ki, boş qayıtmasınlar. Indi tamam başqa əyyamdır.
-Onu da özünüz eləmisiniz. Bu məsələ ötən əsrin doxsanıncı illərinə qədərdi. O vaxtlar əyyam dəyişməyə başladı və “Bəxt üzüyü” adlı kino çıxdı ortalığa. Moşu obrazı yaratmaqla ortaya çıxmaqda olan bütün yazıçı, şair nəslinin üstünü xətlədiniz. İndi şair, yazıçı deyəndə hamı göz önünə Moşunu gətirir. Belə cəmiyyətdən nə gözləyəsən, müəllim?
-Maraqlı söhbətlər edirsiniz. Al, bir siqaret də çək.
Elxas cibindən siqaret və alışqanı çıxardıb Qapıçıya uzatdı. Qapıçı paçkadan bir siqaret çıxarıb yandırdı, alışqanı geri qaytardı. Elxas alışqanı və siqaret qutusunu cibinə qoyub gözlərini Qapıçının ağzına zillədi ki, görsün daha nə deyir. Qapıçı ağzındakı siqareti sümürdü, sümürdü. Siqaretin közü yavaş-yavaş böyüməyə başladı. Köz böyüdü, böyüdü və Qapıçını görünməz etdi.
-Qapıçı qardaş, Qapıçı qardaş…
Elxas baxdı ki, Cavid parkındadır, başını da böyük bir plafona dirəyib, içindəki lampaya baxır.
-Bissimillah. Bissimillah. Mən bura hardan gəlib çıxdım? Məni bura kim gətirdi? Bəs qapıçı hara yoxa çıxdı? Biz ki, indicə söhbət edirdik, siqaret çəkirdik.
…Gecənin bir aləmində Nazlı ərinin bərk xorultusuna və sayıqlamasına yuxudan ayıldı. Elxas xor-xor xoruldayırdı. Xoruldayırdı yox e, traktorun matoruna qoşulmuş su nasosu kimi xorna çəkirdi. Yavaşca başından itələdi ki, xorultusu kəssin. Eyvaz dərhal yuxudan ayıldı.
-Səndən çıxmıyan iş, bu nə xorultudur salmısan? Özü də bərk sayaqlayırdın. Olmaya, yenə yuxunu huri-mələklərlə qarışdırmısan?
-Qapıçı necoldu? Hara yoxa çıxdı?
-A kişi, nə qapıçı? Nə vaxt gəlib yerinə girmisən, xəbərim olmayıb.
-Qapıçı da, qusar geyimli. İndicə burdaydı ki. Siqaret çəkirdik, söhbət edirdik.
-Yat. Yaxşısı budur yat.
-Hə. Hə. İndi yadıma düşdü. Gecə yuxuda gördüyüm Həmid kişiyə oxşayırdı, qəbiristanlığın müdiri Həmid. Hə, hə, oyudu, özüydü. Qapıçı elə həmin adamıydı. Bir o qədər söhbət etmişik, necə də tanımamışam.
-Yenə yuxunu qarışdırmısan. Qapıçı, qapıçı… – Nazlı üzünü o tərəfə çevirib yorğanı başına çəkdi.