Ailədə xəyanət… Sağlam ailədə, məhəbbətin, qarşılıqlı hörmətin şah olduğu ailədə xəyanət ola bilməz. Bəs, xəyanət olubsa nə etmək? Qisas, yoxsa … Ramiz İsmayılın gözəl hekayəsi bu suala cavab verir.
Paltar seçməyə ehtiyac yox idi. Aldığı paltarların hamısı deyildiyi kimi seçmə “brend” mallardandı. Şifonerin qapısını açıb əlinə keçəni götürə bilərdi. Nədənsə şəhərdən geyinib gəldiyi paltarı seçdi, bədənnüma güzgünün qabağında durub eninə-uzununa baxdı, saçlarını sığallayıb bir də bədəninin qurşaqdan aşağısına nəzər yetirdi. Dönüb o biri tərəfindən baxdı: yaxşı idi. Bəzək əşyalarını boyun-boğazına, qulağına, qoluna taxıb ətirləndi. Yenidən güzgünün qabağına keçdi. Bu dəfə eynəklə baxdı. “Hə-ə, əclaf, indi baxarsan”, pıçıldayırmış kimi öz-özünə danışıb otağına keçdi. Əl çantasını götürüb içinə baxdı. Portmanatı çantasında idi, pulu olduğunu bilirdi, miqdarını bilmirdi. Portmanatı açıb baxdı, rahat oldu: kifayət qədər pul var idi. Saymağa ehtiyac duymadı. “Daha nə qaldı?” öz-özünə danışa-danışa var-gəl eləməyə başladı. Nəhayət, “getdik” deyib evdən çıxdı.
“Birinci qarşıma çıxan maşına minəcəyəm. İstər “CİP” olsun, istər “Mercedes”, istər “Moskviç”, istər “Zapı”, lap elə traktor olsun! Nə olur-olsun, birinci maşına minəcəyəm. Allah eləyə bəxtimdən bir düz-əməlli maşın, bir düz-əməlli də adam çıxa”.
Magistral yola çatmağa xeyli qalmışdı. Bir “06” markalı “Jiquli” keçib getdi. Əl eləsə də sürücü görməyəcəkdi. “Bunun qisməti deyilmiş” deyə fikrindən keçirdi. Yola yaxınlaşırdı. Yaxşı ki, getdiyi yolda heç kimə rast gəlmədi. Rast gəlsəydi mütləq soruşacaqdılar: “Leyla xanım, nə əcəb qapıda iki maşın ola-ola siz piyada gedirsiniz?”
Magistral yola çatdı. Uzaqdan bir yük maşını gəlirdi. Camaatın “paxotka” adlandırdıqları bu maşın hələ xeyli uzaqda idi. Belə maşına minməyi özünə rəva bilməzdi. “Nə ola arxadan düz-əməlli bir minik maşını gələ bunu keçə”, deyə düşündü. Tərs kimi ayrı maşın görünmürdü. “Paxotka” yaxınlaşırdı. Neyləsin? Axı söz verib “birinci qarşısına çıxan maşını saxladacaq”. Tərəddüdlə əlini qaldırdı: “nə ola saxlamaya!”
Maşın yeddi-səkkiz addım aralıda dayandı. O, maşına tərəf gəlməyə başladı. Bu vaxt sürücü də maşını geri sürdü. “Bərabərləşib” dayandılar.
Sürücü hələ uzaqdan xanımı görmüşdü. Onun maşınına minəcəyini ağlına da gətirmirdi. Sadəcə ona baxmağın xatirinə maşının sürətini azaltmışdı. Geyimindən-geçimindən kənd adamına oxşamırdı. Qadına on-on beş metr qalmış maşının sürətini lap azaltdı: “onlardandı yəqin”, fikrindən keçirdi. Saxlasam, görəsən minərmi? Cəhənnəm, bu günkü qazancımı da buna verərdim! Elə bu anda qadın əlini qaldırdı. Sürücü çaşıb qalmışdı. Görəsən, gözüm məni aldatmır ki? Əyləci basıb maşını saxladı. Güzgüdən geriyə baxdı, qadın maşına tərəf gəlirdi. Sürücünü həyəcandan tər basdı. İnana bilmirdi: doğrudanmı bər-bəzəkli bir xanım onun bu “dranqletinə minəcək? Bəlkə nəsə soruşacaq?
Qadın maşına çatanacan sürücü əyilib qapını açdı. Qadın qapıdan tutub:
-Şəhərə gedirsiniz? — dedi.
-Bəli, xanım, buyurun.
-Məni də apararsınız?
-Əyləşin, xanım! Nökərinizi də apararam. Buyurun, xahiş edirəm.
Xanım ayağını kabinanın üzəngisinə qoyub maşına otura-otura “köpəyoğlunun dilinə bax” deyə fikrindən keçirdi. “Tülüngüdür, bütün şoferlər kimi”. Sonra da fikrinə düzəliş verdi: “bütün kişilər kimi”.
Maşın yerindən tərpəndi. Heç yüz, yüz iyirmi metr getməmişdilər, bir ağ rəngli “CİP” onları “abqon” elədi.
“Mənim bəxtimə bax! Heç iki dəqiqə keçməyib. Nə olardı bir az tez gələrdi. Bu yük maşınında atıla-atıla gedəcəyəm. Mənim də qəribə ağılsızlığım var: Söz vermişdim qarşıma çıxan ilk maşına minəcəyəm. Prinsipə bax! Bu axmaq inadkarlığa bax! Haqq olur mənə! Bu üst-başından kir-pasaq yağan, bədənindən qıcqırmış tər iyi gələn biri ilə, üstəgəl yük maşınında. Görəsən, maşında nə aparır? Cəhənnəmə nə aparır, aparsın. Bircə bir münasib yerə tez çatsaydıq!”
Sürücünü isə kabinaya yayılan, indiyə qədər rast gəlmədiyi ətir məst eləmişdi. Ömründə birinci dəfə idi belə bir qadınla yol yoldaşı olmaq, yanaşı oturmaq ona qismət olmuşdu. “Tərtəmiz geyinib, özü də necə paltar! Bər-bəzəyi adamı heyran edir. Oturuşu-duruşu, geyim-kecimi adi adamlardakı kimi deyil. Kimdirsə, ya böyük adamın arvadıdı, ya da özü vəzifə sahibidir! Bəs bu nə deməkdir? Mənim bu cındır maşınıma niyə minibdir? Özündən soruşum? Nə təhər soruşum? Bəs bu ucqar qəsəbədə nə gəzir? Yəqin kimsə dünəndən, srağagündən gətirib bura! Gecəni keyfə baxıblar. Görünür ağıllı adamdır, camaat görməmiş yola salıb. Yəqin yaxşı da pul qazanır. Yoxsa bu cür əndazəli geyinə bilməz! Bəxtəvər bununla yaşayan kişinin başına! “Xalx xanım xatın… biz də dədəmizin gorunu” sürücünün işlətdiyi bu məşhur fikri ifadə eləmək mümkün deyil. “Cəhd eləyim görəsən? Əgər doğrudan da “onlardan”sa puluna minnət! Girişəcəm, nə olur, olar!”
-Xanım, sizdən bir söz soruşmaq olar?
-Sür, sür, maşınını sür!
Qadın onun fikrindən keçənləri sanki duymuşdu. Gah “siz”lə, gah “sən”lə danışırdılar.
Sürücü özünü “yığışdırdı”.
-Bağışlayın, xanım, fikrinizə qara-qura gəlməsin! Demək istəyirəm…
-Nə demək istədiyini bilirəm, sür gedək.
-Demək istəyirəm ki, sizin kimi bir xanıma belə maşında getmək yaraşmır.
-Xoşuna gəlmirəmsə, düşüm, ayrı maşınla gedərəm.
-Nə danışırsınız, xanım. Ömrümdə mənə belə xoşbəxtlik nəsib olmamışdı.
“Aha, hərif yavaş-yavaş ucunu qoymaq istəyir. Bir azdan eşqnamə oxumağa başlayacaq. Maraqlıdı, görəsən şofer tayfasının “bişirmə” metodu necədir?
-Hansı xoşbəxtlikdən danışırsan?
-Sizinlə birlikdə yol getməkdən!
-Yaman bədii dildə danışırsan! Təhsilin-zadın varmı?
“Aha, yəqin aktrisadır”.
-Üstümüzü unlu görüb adımızı dəyirmançı qoymayın, xanım! Mən ali təhsilli mühəndisəm. Sadəcə iş tapa bilmədiyimdən şoferlik eləməyə məcburam.
-Dolanışığın var?
-Birtəhər! Yük olanda aparıram, sahibinə çatdırıb haqqımı alıram. Qayıdanbaş da ya qismət!
-Demək günün bu yollarda keçir!
-Hə, neyləyim? Ailəmi dolandırmalıyam.
“Bəli, bu adi sürücünün düşüncəsi, o da….”
-Arvadın işləmir?
-Yox, iş nə gəzir? Hərdən-birdən şirniyyat bişirib satır. Belə şeylər əlindən gəlir.
-Qoçaq arvadın var.
-Bizim də alnımıza belə yazılıb.
-Alın yazısına inanırsınız?
-Nə bilim, vallah. Heç bilmirəm inanım, yoxsa inanmayım. Hər şey Allahın əlindədirsə bu qədər qəribəliklər nə üçündür?
-Hansı qəribəliklər?
-Belə də-ə! Birinin var-dövləti başından aşır, itinə də qulluqçu tutur, kabab yedizdirir, nə bilim arvadını kurortlarda gəzdirir, məşuqə saxlayır. Birini də quru çörəyə möhtac qoyur. Bu alın yazısıdırmı, Allahın işidirmi?
“Yox, bu çox “dərinə” getdi. Görünür çətinliklə, ehtiyac içində yaşayırlar…”
-Sizcə xoşbəxt görünənlərin hamısı xoşbəxtdirmi?
Qadın astadan soruşdusa da sürücü cavab vermədi. İndi o da öz aləmində idi: “bu nə qəribə adamdır. Bu cür təm-təraqın, cəh-calalın, daş-qaşın içində yaşayan bir adam nədənsə narazı ola bilər? Görünür…”
Sürücü nə qədər fikirləşdisə, nə demək istədiyini bir məntiqi sonluğa yönəldə bilmədi. Əvvəlki pis niyyətindən də əl çəkmək istədi. Bir qədər fikrini cəmləşdirib sözə başlamaq istədiyi anda qadın onu qabaqladı:
-Bu yollarda elə bir münasib yer varmı, səhər yeməyi yeyərdik?!
-Var, yollar yeməkxanalarla doludur. Perevalda yaxşı ev qaymağı verirlər. Yeməkxanalar da nə qədər desən.
-Lap yaxşı. Ən yaxşılarından birində saxlayarsınız! Amma həm xəlvəti yer olsun, həm də tərtəmiz. Yaxşı olar ki, orada otel də olsun!
Sürücü narahat oldu: otel, xəlvət yer, yaxşı yemək, içmək. Bunun altından mən çıxa biləcəyəmmi? On-onbeş dəqiqəlik keyfdən ötrü bir aylıq qazancımı bunamı verməliyəm?
Sürücünün pərişan olması qadının gözündən yayınmadı.
-Narahat oldun deyəsən?
Sürücü özünü gülümsəməyə məcbur elədi:
-Niyə ki? Heç bir narahatlıq yoxdur.
“Qoy bir az həyəcan keçirsin! Bayaqdan mənimlə yol getməkdən bəxtiyarlıq duyduğunu qırıldadırdı. Elə bilir bir-iki bəlağətli cümlə deməklə hər şey bitmiş olur”.
Uzaqdan cəlb eləyən iri bir lövhədə “Güllü tala” yazılmış, doğrudan da çox mənzərəli və gözəl yerdə sürücü maşını saxladı. Ağacdan asılmış quzu cəmdəyi, kənarda hind toyuqları, çolpalar olan yerlər görünürdü. İlk gözə çarpan isə iri bir qəfəsdə saxlanılan quşların şahı qartal idi.
Qadın ilk olaraq burada otelin olub-olmadığı ilə maraqlandı. Məlum oldu ki, otel yoxdur.
-Bəs yeməyə nəyiniz var? — Qadın ağ aşpaz paltarında ona yaxınlaşan oğlandan soruşdu.
-Xanım, səhər-səhər yeməyə əla, təzə qaymağımız var, isti təndir çörəyi və yuxa ilə pendir, süzmə, nehrə yağı ilə bal, istəsəniz beçə, yaxud çöl quşlarından qızartma eləyə bilərik. Səhər-səhər kabab meyliniz çəkirsə quzumuz, hinduşkamız var.
-Yaxşı, hələlik qaymaqla təndir çörəyi, yağ-bal gətirin. Çöl quşlarından iki ədəd qızardın. İki kilo quzu qabırğasından kabab. — Qadın dönüb sürücüyə baxdı, — Hinduşka kababı istəyirsən?
Sürücü çiynini çəkdi:
-Necə istəyirsiniz!
Sürücünün halının necə dəyişdiyini qadın hiss eləmişdi.
-Ayrı nə istəyirsən de, çəkinmə, — o, yeməkxana işçilərinə: — Arağınız da varmı? — dedi.
-Bəli, xanım! Yaxşı Ruset arağımız var. Məsləhətdi. İstəsəniz meyvə arağı da təklif eləyə bilərik. Zoğaldandı.
-Hansından istəyirsən?
-Xanım, mən ruldayam, içə bilmərəm.
-İçə bilib-bilmədiyini soruşmuram, hansından istədiyini soruşuram.
-Nə bilim, vallah…
-Hərəsindən yarım şüşə qoyun.
-Xanım, siz əyləşin, bir azdan hər şey hazır olacaq.
Yeməkxana işçiləri məəttəl qalmışdılar: “paxotka” maşın, üz-gözündən məzlumluq yağan şofer… tovuz quşu kimi bəzənmiş xanım, bu qədər sifariş…
Cılız, cavan bir oğlan təkəbbürlə onların yanına gəldi. Görünür bu yeməkxananın sahibi idi. Özünü mədəni göstərməyə çalışsa da yol qırağında işləyən yeməkxana sahibi səviyyəsindən yuxarı qalxa bilmədi.
-Qulluğunuzda olaq, xanım.
-Biz artıq sifariş vermişik.
-Mən buranın sahibiyəm. Nə iradınız olsa, deyə bilərsiniz!
-Olsa, deyərik!
Oğlan qadını “gözü ilə yeyərək” aralandı. Sürücü onun dalınca gedib qadın eşitsin deyə ucadan dedi:
-Qardaş, burada o… sürücü elə elədi ki, onun ayaqyolu axtardığı bəlli oldu. Göz eləyib oğlanı da qırağa çəkdi: — Qardaş, mən bu qədər haqq-hesabın altından çıxa bilməyəcəyəm. Maşınımın nömrəsini götür, onsuz da iki gündən bir bu yoldan keçirəm. Pulum çatmasa, məni onun yanında utandırma!
-Kimdi ki, bu?
-Tanımıram, yolda minib!
-Belə de! Yaxşı arxayın ol. “Quşdu” yəqin!
Ofisiant verilən sifarişləri stolun üstünə düzməyə başladı. Qadın çiçəklərdən çay dəmləməyi tapşırdı. Sürücü qayıtdı.
-Kabablar hazır olana qədər bunlarla mədəmizi aldadaq, — qadın dedi.
Sürücü stolun üstünə düzülən yeməkləri görəndə verəcəyi pulu ürəyində hesabladı: bu “şotun” altından necə çıxacağam. Nə “paza keçdim deyə öz-özünə fikirləşirdi. “Bu yeməkləri” mədəaldatmaq hesab eləyirsə, sonrası nə olacaq?
Qadın sürücünün narahatlığını başa düşmüşdü. “bədbəxt insan, indi ürək-köbəyini yeyir. Zəhəri bəlkə də bu yeməklərdən iştahlı yeyərdi”.
Sifariş verdikləri kabablar da hazır oldu. Qadın bu yeməkləri səliqə ilə bir yerə yığıb qablaşdırmağı xahiş elədi. Hesabın nə qədər olduğunu soruşub portmanatını çıxartdı. Sürücü pulları görəndə gözləri böyüdü. Yalandan əlini ciblərinə salıb haqq-hesabı guya özü verəcəyinə cəhd göstərdi. Qadın bilirdi ki, sürücünün bu hesabı verməyə nə həvəsi, nə ürəyi, nə də pulu var. Ona görə də əli ilə işarə eləyib “sənlik deyil” dedi.
Yeməkxana sahibi ədalı-ədalı ona yaxınlaşdı:
-Qonağımız olun!
-Hesabı deyin, zəhmət olmasa.
-Yüz yetmiş iki manat.
Qadın iki dənə yüzlük çıxardıb ona uzatdı:
-“Zdaç” lazım deyil! — Yaxşı xidmət üçün təşəkkürünü bildirdi.
Sürücüyə “Yolçu yolda gərək” deyib maşına tərəf getdi. Yeməkxana sahibi pulun qalığını qaytarmaq istəsə də qadın “halalınız olsun” deyib maşına oturdu.
-Sür, harda beş ulduz otel varsa, orda saxlayarsan.
Sürücü bu yollardan çox gəlib-gedirdi. Yeddimərtəbəli otelin yanında saxladı.
-Bura beş ulduzlu oteldir.
-Gedək otelə.
Sürücü az qalırdı desin: “tələsirəm, mən gedim”. Lakin maraq onu bürümüşdü. “Görək sonrası nə olur? Yəqin işimizi oteldə görmək üçün burda dayanıb”. O, ümid və həyəcanla düşündü. Daha o pul, haqq-hesab barədə fikirləşmirdi.
-Yeməkləri də götür, gəl.
Sürücü yeməkləri də götürüb qadının arxasınca otelə getdi.
Qadın tək otaqlı nömrə sifariş verdi. Otaq çox yaraşıqlı və tər-təmiz idi. Qadın sürücüyə:
-Get, üz-başını taraş elətdir, gəl. — dedi
Yarım saatdan sonra sürücü gəldi.
-İndi gir hamama yuyun!
Sürücü vanna otağına keçdi. Yuyunub yenə kirli paltar geyinəcəyini düşünüb qayıtdı.
-Xanım, gedim təmiz alt paltarı alım, gəlim.
-Hə, yaxşı fikirdi. Mən uzanıb dincəlirəm. Yuyunub gələrsən.
Sürücü otaqdan çıxdı. “Neyləyim, bəlkə çıxım aradan. Yox, bu da kişilikdən deyil”. Sonra da öz-özünə gülüb nifrətlə dedi: “kişiyə bax də-ə!”
Sürücü vanna otağında yuyuna-yuyuna düşünürdü: “Uje razıdı. Ömrümdə görmədiyim ləzzəti görəcəm. Bircə bu zəhrimar məni “padvadit” eləməsin. Bu cür yeməklər yemişəm. Hələ kabablar durur. Belə yeməkdən sonra gərək mən pələngə dönəm, dəmir gəmirəm. Araq öz qüdrətini göstərməlidir, həyəcanımı boğmalıdı. Görəsən, o da içəcək? Ay Allah, sənə qurban, mənə güc-qüvvət ver. Bu qadının yanında kişi kimi biabır olmayım. Onsuz da kasıb bir adam kimi xəcalət olmuşam”.
O, hamamdan çıxıb otağa gələndə qadın artıq süfrəni bəzəmişdi.
-Hə-ə, çıxdın, həmişə təmizlikdə!
Sürücü onun bu sözündən lap ürəkləndi. Qadını qucaqlayıb öpməyə cəhd göstərdi.
-Dayan, həddini aşma! Otur, yaxşı ye, iç!
-Təzə yemişik ki!
-Yenə ye! Zoğal arağı içəcəksən, yoxsa Ruset arağı?
-Xanım, mən içə bilmərəm, qorxuram. İlişsəm “pravamı” əlimdən alarlar, əlli-ayaqlı gedərəm.
-Qorxma, mənim yanımda sənə heç kim dəyə bilməz!
-Siz həmişə mənim yanımda olası deyilsiniz ki?!
-Dedim qorxma.
Sürücü “ölmək ölməkdi, xırıldamaq nə deməkdi”, deyib yeməyə girişdi. Özünü abırlı aparmağa çalışırdı. Yeyəndə də görməmişlik eləmirdi. Arağın ağzını açdı. Zoğal arağı içəcəkdi. Qadının üzünə baxdı. Qadın başının işarəsi ilə “süz” dedi. Stəkanları “döyüşdürdülər”. Sürücü “sizin sağlığınıza” deyib arağı başına çəkdi: “cəsarət üçün vurmaq lazımdır”. Qadın stəkanı yerə qoydu.
-Siz içmirsiniz?
Səncə mən araq içməliyəm?
-Qəribədir. Elə bildim içəcəksiniz. Özünüz içmirsiniz, amma təklif edirsiniz ki, mən içim!
İkinci qədəhdən sonra sürücü yenə hövsələsizlik elədi. Durub onu qucaqlamaq və yatağa tərəf aparmaq istədi. Qadın sərt səslə “otur, yeməyini ye”, dedi. Sonra arağın ağzını bağlayıb qırağa qoydu:
-Doyunca ye! Araq bəsindi. Araq içməyi bacarmırsan.
-Mən sizi başa düşə bilmədim. Bütün bu oyun nə idi? Elə zənn edirdim ki, biz bu gün bir unudulmaz vaxt keçirəcəyik. Bütün hərəkətlərindən bu görünürdü. İndi isə…
-Düz deyirsən, sən bu gününü heç vaxt unutmayacaqsan! Mənim belə bir fikrim var idi. Ancaq indi fikrimi dəyişdim. Səhərdən götür-qoy eləyirəm. Belə qərara gəldim ki, bizim aramızda sizin fikirləşdiyiniz şey ola bilməz.
-Niyə, bəyənmədiz məni?
-Məsələ bəyənməkdə deyil. Səhər-səhər məni götürdüyün yerdən azca aralıda bizim villamız var. Biz boş vaxtlarımızda burada dincəlirik. Yayda çox vaxt burada yaşayırıq. İki uşağım var. Yoldaşım prokuror işləyir.
“Prokuror” sözünü eşidəndə sürücünün rəngi dəyişdi. Yerində qurcalanmağa başladı.
-Qorxma, otur! Çoxdan bilirdim ki, o, sürücüsünün arvadı ilə gəzir. Yadında saxla, qadın ərinin xəyanət elədiyini birinci dəfədən bilir. Uzaqbaşı, ikinci dəfədən! Kişilər isə qadınların xəyanətini yüz ilə də bilməz! Bizim hissiyyatımız çox güclüdür. Mən onun xəyanətini sübut eləyə bilmirdim. Daha doğrusu, boynuna almaq istəmirdi. Etiraf edirəm, o qadın məndən gözəldi. Amma bu xəyanətə haqq qazandıra bilməz. O, sürücüsünün arvadı ilə gəzdiyinə görə mən də sürücü ilə görüşüb intiqam almaq istədim. Özünə dedim: qarşıma çıxan birinci sürücüyə təslim olub sənin papağını yerə soxacağam. Ona görə də səhər tezdən yola çıxmışdım. Sənə rast gəldim “Güllü tala”dı nədi, orda o yeməkxana siçovullarının oğraş baxışlarını görəndən sonra hirsim soyudu. Sən ayaqyoluna gedəndə o qalstuklu cüllüt mənə görüşməyi təklif edəndə lap sakitləşdim. Yəqin elədim ki, siz kişilər hamınız bir bezin qırağısınız. Elə sən özün. Səhərdən qıvrıla-qıvrıla qalmısan. Moment gözləyirsən. Arvadın çörək dalınca çıxdığını zənn eləyir. Evdə balaların səni gözləyir. Sənsə tanımadığın bir qadınla keyfə baxmaq üçün dəridən-qabıqdan çıxırsan. Bəlkə mən də o sən deyən qadınlardan olaydım. Olan-qalanını xərcləyəcəkdin. Evə, uşaqlarının yanına nə üzlə qayıdacaqdın? Mənim ərimin pulunu balta kəsmir. Atamın hesabına o şan-şöhrətə, daha doğrusu, vəzifəyə çatıb. Atamın üzünə o necə baxacaq? Uşaqlarıma demərəm. Qoy atalarına nifrət eləməsinlər. Bu ikimizin problemidir.
Bakıda üç yerdə evimiz var. Uşaqlarımın ikisinin də evi, maşını, bir sözlə tam təmin olunmuşuq. Cah-cəlal içində yaşayırıq. Bütün bunlar — bu var-dövlət, bu cəh-cəlal mənim ləyaqətimdən, şəxsiyyətimdən, mənliyimdən qiymətli ola bilməz. Elə bunu fikirləşib qarşıma çıxan ilk sürücü ilə olub, ərimdən intiqam almaq fikrimdən daşındım. İndi sən də sarsaq fikirlərə düşmə! Bir namərd kişidən ötrü mən bədənimi murdarlayıb namusumu ləkələmərəm. Ən azından balalarımın, valideynlərimin xatirinə. Sənə son sözüm: çalış ailəni qoru! Unutma, xəyanət eləyərsən, xəyanət görərsən. Bu yeməkləri də götür qoy maşınına, bir az da xərclik verəcəyəm. Arvadın elə bilər qazancındır.
Qadın portmanatını çıxardıb sürücüyə bir dəstə pul uzatdı.
-Götür, halallığını verirəm.
-Xanım, sizin pullarınız bizə lazım deyil. Öz halal zəhmətimizlə dolanmışıq, bundan sonra da belə yaşayacağıq. Bu gün çəkdiyiniz xərci də ödəyərəm, — sürücü bunu deyib cibindəki pulları stolun üstünə qoydu. — Mən getdim, salamat qalın.
-Dayan, qanacağın olsun! Bu nə hörmətsizlikdir? — Qadının amiranə səsi onu dayanmağa məcbur elədi. – Bütün sifarişləri mən vermişəm, xərci də mən çəkməliyəm. Yekəxanalıq eləmə! Sür get, dalınca gəlirəm. Bir yerdə ilişsən, xilas eləyəcəm, qorxma. Amma bu günkü əhvalatı ağzından qacırtsan… səni nə gözlədiyini özün fikirləş!
Qadın oteldən çıxıb həyətdə dayanan bir taksiyə əyləşdi.
-Sür o maşının dalınca, — deyib bir az əvvəl tərpənən “paxotka” maşını göstərdi.
Mənzil başına qədər onu izlədi.
Yolda o maşını saxlayan olmadı.
Hekayə «Xəzan» jurnalından götürülüb.