DOSTLARIM
Bilirəm inciyib çoxları məndən,
Bir məclisdən kənar qalan dostlarım.
Sizi ürəyimdə gizli apardım,
Hər zaman yanımda olan dostlarım.
Leysan yağışında üzüm yuyuldu,
Könüldən könülə eyham duyuldu.
Dağları gəzdikcə canım oyuldu,
Yoxuydu dilimdə yalan, dostlarım.
Ruh verdi görüncə aşıq havası,
Şairlərin bəhsi, şeir davası.
Kaş, bunu görəydi hamı, qadası,
Sanki düşüb sözə talan, dostlarım.
Cecənin Ay nuru ləzzət kəlməsi,
Sübh tezdən quşların həzin nəğməsi.
Şairlərin Gədəbəyə gəlməsi —
İstəklər olubdu kalan, dostlarım.
Bunu da bur qismət kimi gəl, yazaq,
Gur yansın hər evdə qalanan ocaq.
Ay Polad, hələ gör nələr olacaq,
Qəlbimə mehrini salan dostlarım.
20.06.2024
ADAM
Boyat olar yaddan gəlsə yeməyin,
Evində şor-çörəyini ye, adam.
Göstərişlə həcc də qəbul olunmaz,
Çalış öz sözünü üzə de, adam.
Qar səpələr dəvə şıllaq atanda,
Ulaq getməz yolu lilə batanda.
İnsan xoşbəxt olar haqqa çatanda,
İçini odlayıb yanma hey, adam.
Pulun çox olanda çoxalar «dostlar»,
Nə gördün, qarşında hələ nələr var.
Ay Polad, dünyadan yaxşı ad apar,
Ağlını itirmə, içib mey, adam.
14.06.2024
AĞLAYIRDI
Güzarım düşmüşdü xəzan baxçaya,
Gülsüz qalan bülbül qan ağlayırdı.
Dövran bəddi, yoxsa bağban naşıydı,
Toxunduqca canda can ağlayırdı.
Dili yoxdu deyə dərdini tağlar,
Başından quruyur nə vaxtdı bağlar.
Bizdən qisas alır elə bil dağlar,
Binəsiz qalan hər yan ağlayırdı.
Həsrət atəşində yanan a bülbül,
Səbr eylə — yenidən açar çiçək, gül.
Polad odsuz yanıb çoxdan olub kül,
Qəfəsdə qalan ad-san ağlayırdı.
14.06.2024
HƏVƏSİNDƏYƏM
Yenə neyə dönüb yaralı könlüm,
Solubdu baxçada çiçəyim, gülüm.
Xudam, könlümü aç, bircə yol gülüm,
Heç bilmirəm nəyin həvəsindəyəm.
Dağlarda bir məğrur qaya olaydım,
Torpaqda əbədi yatıb qalaydım.
Nə bir saralaydım, nə də solaydım,
Heç bilmirəm nəyin həvəsindəyəm.
Çay kimi köpürüb coşdum-çağladım,
Sonsuz arzulardan dəstə bağladım.
Sarılıb bir eşqə sinə dağladım,
Heç bilmirəm nəyin həvəsindəyəm.
Qarışıq düşübdü gecəm, gündüzüm,
Hamı üzə durur, yumşaqdı üzüm.
Məni öldürəcək nəm görən gözüm,
Heç bilmirəm nəyin həvəsindəyəm.
Bağlı qalsın yara gedən yollar da,
Yuxumda qalıbdı ipək qollar da.
Avara qalmışam bu dolaylarda,
Heç bilmirəm nəyin həvəsindəyəm.
Axtarıram, amma bilmirəm nəyi,
Neynirdin yaradıb Poladtək səyi.
Hökm edir nökəri, xanıyla bəyi,
Heç bilmirəm nəyin həvəsindəyəm.
13.06.2024
Polad İbrahim oğlu Məmmədov, AYB-nin üzvü