Plaqiat 21-ci əsr ədəbiyyatının bəlasıdır. İstər şeirdə, istər prozada. Qalın-qalın “romanlar” çıxardırlar ortaya. Hər fəsli bir kitabdan oğurlanıb, Bakı əvəzinə- Şəki yaz, Əli əvəzinə Vəli yaz, alma əvəzinə armud, oğurlanan oriqinalda qəhrəman başından yaralanıb – sən ayağından yarala, vəssalam! Hə, bir iki dənə də əcaib-qəraib söz, ad-filan fikirləş. Hazır, apar ver çapa. Sonra da bas-bağla: roman yazdın…
***
Qəşəm müəllim mübahisəyə səbəb oxşar şeirlər olduğunu statusunda (feys) belə izah edir: “…bu, heca şeirlərinin yaxın qohumluğunun bəlasıdır. … hecada da, o qədər yaxınlıq var ki, şeirlər bir — birinin ərazısınə girir, bir — birini yamsalayır.” “…Pəncərəni, qapını açmaq lazımdır” .
Razılaşmaq qeyri-mümkündür. “Heca şeirləri” deyəndə, yəqin heca vəzni nəzərdə tutulur.
Sanki söhbət şeirdən-poeziyadan yox, …nə isə, başqa şeydən gedir. Min illərin sınağından çıxan, “heca şeiri”- dilimizin heca “meydanı”, öz adları ilə şərq dünyasının, şərq poeziyasının zirvəsində dayanan dünya çəkisi olan şairlərimizə bəs eylədi, indi feysbukda şeir yazmağa darısqallıq edir.
Azərbaycan ədəbiyyatını, milli poeziyamızı fərqləndirən, gözəlləşdirən ən birinci amil şeirimizin quruluşunda üç şərtin: qafiyə, ölçü, bölgünün olmasıdır. Qafiyə, ölçü, bölgü isə, öz növbəsində, şeiri nəsrdən fərqləndirən faktlardır. Heca-ölçü şeirin hansı vəzndə olduğunu deyir.
Azərbaycan dili böyüklükdə “heca meydanı” necə darısqal ola bilər, həm də son 30 ildə! Nə baş verib son otuz ildə ki, min illərə bəs edən “heca şeiri” indi darısqaldır, kənara çıxmaq lazımdır?
O adları çəkilən şairləri oxumamışam və heç bir fikir demirəm. Amma, müəyyən mənada oxşar yazılrın olmağı həmişə sübut deyil köçürməyə. Klassiklərimizdə yüzlərlə eyni rədifli şeirlər var, bir-birinə nəzirə var, oxşar mənalar verən şeirlər var, amma, köçürmə deyil. İstənilən sənətkar, şeirdən anlayışı olan, köçürməni o dəqiqə görür və başa düşür ki, köçürmədir.
Şerimizdə vüsət alan bəlanın biri də «sərbəst şeir» adıyla yazılanlardır. «Sərbəst şeir» adıyla nağılda mübtədanın yerini xəbərlə dəyişib deyirlər, ala, şeir yazdım. Şeir yazmaq çətin olanda çıxış yolu «sərbəst şeirdir», vəssalam.
Qaldı ki, plaqiat 21-ci əsr ədəbiyyatının bəlasıdır. İstər şeirdə, istər prozada. Qalın-qalın “romanlar” çıxardırlar ortaya. Hər fəsli bir kitabdan oğurlanıb, Bakı əvəzinə- Şəki yaz, Əli əvəzinə Vəli yaz, alma əvəzinə armud, oğurlanan oriqinalda qəhrəman başından yaralanıb – sən ayağından yarala, vəssalam! Hə, bir iki dənə də əcaib-qəraib söz, ad-filan fikirləş. Hazır, apar ver çapa. Sonra da bas-bağla: roman yazdın. Heç tirajı da açıq demirsən, 100 dənə, 500 dənə!
İndi nəzarət yox, baxan yox, qorxu yox. …Digər tərəfdən oxuyan da yoxdu onsuz da. Yüz dəfə təriflə, yoxdu oxuyan. Xətir üçün kitab alanlar da oxuyan deyillər.
Əvvəllər kitab yazıblar ki, satıb dolansınlar. SSRİ-dən qabaq yazıçılar indiki tək öz hesablarına çap olunurdular və satıb pul alırdılar. İndi kitab yazırlar ki, 1000 azn xərc çəkib desin ki, mən yazıçıyam, 5 kitabım var. Nə olsun, nə qazanırsan “yazıçılıq edirəm” deməklə? Oxunulmayan kitabı niyə yazırsan, niyə 1000 manatına ailənə 25 kilo super yağ almırsan, qarışdırılmış yağ alırsan 15 manata? Yazmasan olmursa, yaz, payla saytlara. Həm pulsuzdur, səndən pul almırlar, həm də, kitabdan fərqli olaraq, saytlara girən olur. Hamının smartfonu var, xəstəxanada, mehmanxanada, qatarda, maşınla sərnişin tək gedəndə hamı açır smartfonu. Heç kim kitab alıb gəzdirmir özüylə.