Bu gün siyasətin girmədiyi, öz təsiri altına salmadığı heç nə qalmayıb. O cümlədən, ədəbiyyat da. Dünyada tanınan bir termin var: “literary policy” — ədəbiyyat siyasəti. Bu hökumətin hegamonluq etdiyi siyasətin bir hissəsidir, özü də, mərkəzdəki hissələrdən biri. Dövründən və yuxarıların qarşısında duran problemlərin ölçüsündən asılı olaraq, bu “literary policy” güclənərək, hər addımda özünü göstərə də bilər, müəyyən müddətdə, bilərəkdən “ehtiyat oyunçu” rolunda da ola bilər. Elə ki, oyun qızışdı, ehtiyatda olanları əlavə qüvvətək, buraxırlar qabağa.
Filosof, yazıçı, publisit-tənqidçi A. Qertsen “ədəbiyyat siyasəti”ni bir az xırdalayaraq, qeyd edib ki, parlamenti zəif olan ölkədə ədəbiyyat çox funksiyaları götürür öz üstünə. Güman ki, bu tezisi sübut etməyə ehtiyac yoxdur.
Ədəbiyyat siyasətinin əsas sifarişçisi — müştərisi siyasi hakimiyyətdir, dövlətdir. Bu aksiomadır. İcraçı rolunda isə, aydındır ki, ədəbiyyat, yaxud ədəbiyyatı bu və digər formada təmsil edən şəxslər gedir.
Ədəbiyyat siyasəti ilə “siyasi ədəbiyyat”ı qarışdırmaq düzgün deyil. 1-ci dövlət siyasi həyatının bir qoludur, 2-ci isə — s. ədəb.- bu qolun tərkibində gedir.
İndi isə keçək parlament seçkilərinə və bu seçkilərdə ədəbiyyat siyasətinin (“literary policy”) yenidən ortaya atılması faktoruna.
Əlbətdə, “ədəbiyyat siyasətə qarışmır” ifadəsi geniş yayılıb. Ancaq, təkrarlayaq ki, ədəbiyyatdan kənarda siyasət yoxdur. Siyasət ədəbiyyatın mərkəzindədir və əksinə, ədəbiyyat- öz aktivliyi ilə fərqli hallarda olsa da — siyasətin içindədir.
***
Dünyada və Azərbaycanda baş verən qlobal hadisələrə; ədalətsiz müharibələrə, süni taktonik hadisələrə ictimaiyyət kimi ədəbiyyat da susur, göz yumur. İş o yerə çatıb ki, siyasilər ədəbiyyatı idarə edirlər, istiqamətləndirirlər. Loru dildə desək, barmağına dolayıb fırladırlar.
İyul-avqust aylarında gündəmin baş mövzusu Azərbaycanda Parlament seçkiləri hesab olunur. Seçkilərdə bir neçə imza sahibini – şairi namizəd qismində ortaya atıb oynadırıar. Özü də elələrini seçiblər ki… Bəli. Bu, həqiqətən belədir.
Azərbaycan müstəqillik qazanandan bəri Parlament seçkilərində şair faktoruna rast gəlmişik. Azman siyasətçi Heydər Əliyevin Prezidentlik dövründə Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Musa Yaqub, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub kimi nisbətən tanıtdırılmış şairlər Parlamentə buraxıldı. Onda hələ dövlət qürumları möhkəmləndirilməmişdi. Xalq arasında nüfuz sahibi olan adıçəkilən şairlərin xidmətindən istifadə etmək, yararlanmaq vacib idi. Sonralar onlara açıq olan parlament qapıları qəflətən bağlandı. “Gedin, şeirinizi, poemanızı yazın. Şair hara, dövlət idarəçiliyi hara?”dedilər.
İndi yenidən şairlərə müraciət nədən xəbər verir? Doğrudanmı dövlətin şairlərin xidmətinə ehtiyacı yaranıb? Hakimiyyətdəkiləri tərifləyən bu qədər şoumen, artist, yaltaq sürüsü formalaşdığı bir dövrdə az tanınan, çox da şöhrətli olmayan şairlərin meydana çıxarılıb oynadılmasına nə ehtiyac duyuldu? Özü də birbaşa hakimiyyət tərəfindən yox, siyasi partiyalar tərəfindən… Düzdür, hakim partiya YAP da onların marafonuna qoşulub, hətta kəndlərdə həmin şairlərin görüşlərini təşkil edirlər.
Ötən əsrin doxsanlarında ərsəyə gətirilmiş “Bəxt üzüyü” filmindəki Moşu vasitəsiylə cəmiyyətdə şair obrazı gözdən salındı. O vaxtdan bir qərinə keçib.
Görəsən, hələ də adını dirçəldə bilməyən Azərbaycan şairini növbəti dəfə bambılı gününə salmaq məqsədyönlü şəkildə planlaşdırmayıb ki?
Hər şey ola bilər.
Əli bəy Azəri