Beş-altı il bundan qabaq Slavyan Universitetinin yaradıcılıq fakültəsində nəsr üzrə məşğələlər aparırdım. Tələbələrlə həftədə bir dəfə görüşürdük, hər dəfəsində onlara biri Azərbaycan, o biri dünya ədəbiyyatından olmaqla iki hekayə oxumağı tapşırırdım, növbəti görüşdə hekayələri müzakirəyə çıxarıb təhlil eləyirdik.
Həftələrin birində tələbələrə xarici ədəbiyyatdan Qabriel Qarsia Markesin dilimizə mərhum Natiq Səfərovun çevirdiyi “Dünyanın ən gözəl ölüsü” hekayəsini oxumağı tapşırdım. Adətən tapşırıq kimi verdiyim yazıları özüm də yenidən oxuyub, yaddaşımı təzələmək üçün həmin yazılar haqqında deyilmiş fikirlərə, yazılmış məqalələrə ötəri də olsa nəzər salırdım. Bu dəfə kitabları, interneti eşələyəndə bildiyim dillərdə Markesin hekayəsi barədə heç nə tapmadım. Özümün də daşlaşmış bir fikrim yoxuydu. Dərsə tələsə-tələsə yol boyu tələbələrə nə deyəcəyimi, hekayəni hayana, hansı yönə yozmalı olduğumu düşünürdüm.
Auditoriyaya girəndə onlara ilk sualım bu oldu: “O hansı ölünün xatirəsidir ki, dünyanın az qala yarısının həyatını dəyişib, yüz milyonlarca insanın taleyinə bu gün də sərəncam verir?..”
Oxuyanlar bilirlər, “Dünyanın ən gözəl ölüsü” hekayəsində Qəraib dənizi körfəzindəki kiçik balıqçı qəsəbəsində baş verən qəribə bir əhvalat nağıl olunur. Günlərin bir günü dənizin dalğaları nəhəng kişi cəsədini vurub sahilə çıxarır. Əvvəlcə uşaqlar bu bədheybət oyuncaqla oynamağa başlayırlar, sonra böyüklər xəbər tutub ağırlaşmış meyiti çətinliklə də olsa yaxınlıqdakı bir evə aparırlar. Qadınlar cəsədi cildən, yosundan, mərcandan arıtlayanda məlum olur ki, mərhum sağlığında çox gözəl, yaraşıqlı, zabitəli bir kişiymiş. Hamısı bir könüldən min könülə ölüyə aşiq olur. Ona bazburutuna yaraşan ad da qoyurlar. Qonşu kəndlərə, qəsəbələrə hay düşür, gəlinlər, qızlar əldə gül-çiçək dəstəsi Estebanın ziyarətinə gəlirlər, onun ölüsünə heyran qalırlar. Ən boy-buxunlu kişilərin belə şalvarı, köynəyi cəsədin əyninə gəlmir, ən iri ayaqqabılar onun barmağının ucunda qalır.
Qadınlar bu meyitin fonunda olduqca fərsiz, miskin görünən ərlərindən üz döndərirlər. Estebana şalvar-köynək tikib onu geyindirirlər, saçını darayırlar, saqqalını qırxırlar, dırnaqlarını tuturlar, ona ağı deyib bəzək vururlar. Qəsəbə əhli, qonşu kəndlərin camaatı sağlığında tanımadığı, üzünü görmədiyi bir ölüyə təmtəraqlı dəfn mərasimi keçirir. Onu o dünyaya yetim kimi göndərməyə qıymayıb Estebana öz aralarından ata-ana, bacı-qardaş, qohum-əqrəba seçirlər, bu yolla adamlar hamılıqla qohumlaşıb doğmalaşırlar.
Ölünün xatirəsi kiçik taxta daxmalardan ibarət cansıxıcı qəsəbədə yaşayanların həyatını kökündən dəyişir. Evlər al-əlvan boyanır, sıldırım boz yamaclarda gül-çiçək əkilir. Hekayənin sonuna yaxın müəllif yazır: “Onlar bir şeyi yaxşı bilirdilər – indən belə qapıları enli, tavanları hündür, döşəmələri möhkəm olmalıdır ki, Estebanla bağlı xatirələr istədiyi yeri rahat gəzə bilsin”.
Qərəz, auditoriyaya ünvanladığım suala özüm cavab verəsi oldum.
Az qala günə-gün yazılmış qədim Roma tarixində İsa Məsihin gerçək varlığına, onun real şəxsiyyət olduğuna dair bir cümlə belə yoxdur. İsa peyğəmbərin yalnız İncil müəlliflərinin yaratdığı obrazı var. Bu obraz indi xristian dünyası adlandırdığımız nəhəng bir aləmin, bir az da geniş götürsək, cəmi bəşərin həyatını dəyişməyə yetib.
Mən, əlbəttə, İsa Məsihin real tarixi şəxsiyyət olmadığı iddiasında deyiləm, əksinə, buna möhkəm inanıram. Ancaq biz onun gerçək bioqrafiyasını bilmirik, peyğəmbərin əslində necə bir insan olduğu haqda əlimizdə səhih bilik yoxdur (hərçənd dörd İncildə bunları təxmin eləmək üçün yetərincə material var). Onun həyatı, şəxsiyyəti ətrafında yüz illər boyu əfsanələr dolaşıb, bu gün də dolaşmaqdadır. Şübhə eləmirəm ki, İsa Məsih İncildə göstərildiyindən xeyli fərqli insan olub, bu məsələ barədə danışanda xristianların müqəddəs saydığı kitabların peyğəmbərin ölümündən on illər sonra yazılmağa başlandığını da nəzərdən qaçırmaq olmaz. Bir qəhrəmanın, ya müqəddəsin həyatı zaman keçdikcə əfsanə haləsinə bürünür, mifləşir.
Bir sözlə, iki min il bundan qabaq uzaq Yerusəlimdə çarmıxa çəkilmiş bir ölünün xatirəsi bu gün Qərb sivilizasiyasına aid elədiyimiz ən azı üç qitənin taleyini dəyişib, bir-birini didən Avropa xalqlarının bir inanc çətiri altında yeni həyata – mənəvi prinsipləri prioritet elan eləyən həyata başlamasına təkan verib.
Əlbəttə, mən Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsini yazanda məhz belə bir mesaj çatdırmaq niyyəti güddüyünə o qədər də əmin deyiləm, ancaq bu yozumun da yaşamaq haqqı olduğunu düşünürəm…
İsa Məsihdən fərqli olaraq Həzrət Əli real bioqrafiyası olan tarixi şəxsiyyətdir, islam peyğəmbərinin ailə üzvü, xəlifələrin dördüncüsü olub, doğum-ölüm tarixləri səhihdir. Bununla belə dördüncü rəşidi xəlifəsi Əli ibn Əbutaliblə milyon-milyon müsəlmanın şüuruna, qəlbinə dərin kök atmış Həzrət Əli obrazını eyniləşdirmək olmaz. Əlini başqa xəlifələrdən, qalan islam müqəddəslərindən güclü eləyən bəlkə onun tarixi varlığı da yox, onun əfsanələşmiş obrazıdır. Əlbəttə, soruşula bilər ki, niyə bir başqasının yox, məhz onun bunca parlaq surəti könüllərə həkk olunub. Görünür, bundan ötrü obrazın eynən bir heykəl kimi real, münbit tarixi-bioqrafik baza üzərində ucaldılması vacib şərtdir, əks halda mənəvi abidə öz pyedestalı üstündə çox duruş gətirməz.
Dördüncü xəlifənin adını aşağı-yuxarı bütün müsəlmanlar hörmətlə ansalar da, onu başqalarından seçdirən bu hörmət-ehtiram yox, ürfan əhlinin yaratdığı, bütləşdirdiyi, Tanrının təcəllası kimi qələmə verib səcdəsinə durduğu Həzrət Əli obrazıdır. Bu obraz islam aləmində yüz illər boyu yüz minlərlə Əli aşiqinin, sufinin, mistikin mənəvi qida mənbəyinə, yüz minlərlə təsəvvüf yolçusunun beyninə, ürəyinə yol göstərən, səmt verən mayaka çevrilib. Ona görə də bu cür obrazların tərcümeyi-halında tarixi səhihlik axtarmaq hansısa bədii surətin arxivdə sənədlərini axtarmaq qədər havayı zəhmətdir. Obraz insanların təhtəlşüurunda özünə yer tapıbsa, arxetipə çevrilibsə, bunun özü artıq pozulmaz gerçəklik, ən böyük, ən dərin reallıqdır.
Koroğlunun surəti də eynən beləcə – tarixdə bu adda bir xalq qəhrəmanı olubsa da, o qəhrəmanla aşıqların, dastançıların yaratdığı ilahi Koroğlu obrazının yerlə göy qədər fərqi var. Mənim bir yaxın qohumum həmişə Koroğlunun döyüşün qızğın çağında sazı sinəsinə basıb oxumasına lağ eləyir, istəyir sübuta yetirsin ki, həyatda belə bir şey ola bilməz. Qırx ildir mən o doğmamı inandıra bilmirəm ki, həyatda baş verməsə də, dastanda belə hallar ola bilər, üstəlik el yaddaşının dibinə çökmüş Koroğlu da həyatdakı o gerçək Koroğlu yox, dastandakı bu yalan Koroğludur.
Şərq-müsəlman aləmində Leyli, Məcnun, Fərhad, İsgəndər, Molla Nəsrəddin kimi surətlər necə simvollaşıbsa, Qərb-xristian dünyasında da Don Kixot, Don Juan, Hamlet, Faust, Baron Münhauzen kimi obrazlar o sayaq kollektiv təhtəlşüurda yuva qurub, arxetipləşib. Bundan sonra bu adları heç kim yapışdığı yerdən qopara bilməz. Obraz əfsanə deyil, ən real güc, ən bariz gerçəklikdir. On min illər boyunca yer üzündən milyardlarla insan keçib-gedib, mütləq əksəriyyəti də dünyada bir iz qoymayıb. Bir parlaq obrazın varlığı onların varlığından qat-qat dəyərlidir (hərçənd bunu deyəndə mən o parlaq obraza can verən bir dahini ərsəyə gətirmək üçün bir milyon sadə insanın çəkdiyi zəhmətə qəlbimdə sonsuz hörmət-ehtiram duyuram). Obraz hətta öz müəllifindən də güclü, ondan da qüdrətlidir. Şekspirin varlığı ətrafında mübahisələr səngiməsə də, Hamletin varlığına bir kimsə şəkk eləmir; türklər, yəhudilər, polyaklar publisist Dostoyevskinin fikirlərini, slavyanofil Dostoyevskinin şəxsiyyətini haqlı olaraq bəyənməsələr də, onun ədəbi qəhrəmanlarını uca tuturlar, onun əsərlərini öz dillərinə çevirib yayırlar, onun romanları əsasında filmlər çəkir, tamaşalar qoyurlar.
Dünya obrazlarla idarə olunur. Parlaq obraz yarandığı gündən reallığa çevrilir, necə deyərlər, həyata vəsiqə qalır. Doğulur, fəqət ölmür. Servantesin sümükləri də çürüyüb, ancaq Don Kixot bircə yaş da qocalmayıb. Bu dünyada Madam Bovari adlı bir qadının yaşamadığını təsəvvür eləmək artıq çoxdan mümkün deyil. Tolstoyun hələ öz sağlığında qatarın altına atdığı Anna Karenina yazıçının arvadından fərqli olaraq bu gün də diridir, bundan sonra da diri qalacaq. Jan Valjanın bəşər övladına təsiri Hüqodan, Raskolnikovun təsiri Dostoyevskidən çoxdur. “Sakit Don”u Şoloxovun yazmadığına bəlkə nə vaxtsa inanaram, ancaq Qriqori Melexovun yaşamadığına məni heç kim inandıra bilməz. Üzeyir Hacıbəylinin yaratdığı Məşədi İbad obrazı artıq çoxdan yaradanının inhisarından çıxıb el malına, ümummilli arxetipə çevrilib, bu gün biz o kişinin varlığına ən azı Üzeyir bəyin varlığına inandığımız qədər inanırıq.
Obrazlar həyatımızı şəkilləndirir, gerçəklik fantaziyadan yaranır. İnsan öz doğmaca xəyallarından törəmiş varlıqlara pərəstiş eləyir, onlardan nicat umur, onlara bənzəmək istəyir. Bəşərin təhtəlşüurunda hökmranlıq eləyən, insanlığın taleyinə sərəncam verən ən ali obraz Tanrıdır.
Ömrümüz obrazların hökmü altında keçir. Xoş o kəsin halına ki, onu qaranlıq şeytani obrazlar yox, işıqlı ilahi surətlər yedəyində aparır.