O VAXTDAN 9 İL KEÇDİ – Əli Bəy Azəri

Əli Bəy Azəri

Zəngilansız “Qızıl Zəngilan”ın zəngilanlı dövrünə uğurlar diləyi ilə

Onda hələ Zəngilan da Dağlıq Qarabağ və ətraf rayonlar kimi erməni işğalında inləyirdi. Əli qələm tutan zəngilanlılar doğma diyarı yazı nümunələrində təsvir edir, beləcə, yaddaşlarda yaşadaraq gələcəyə ötürmək üçün çalışırdılar. Ortada bir pərakəndəlik vardı. Hər kəs öz auditoriyasına uyğun hərəkət edirdi.

Təşəbbüs Tarverdi Abbasovdan gəldi. Adam ömrünün böyük bir hissəsini məktəblərdə keçirmişdi, təhsilə sərf etmişdi. Riyaziyyat müəllimi işləmişdi, problemlərin həllini dəqiq cizgiləməkdə mahir idi. Bilirdi ki, pərakəndəlik yaxşı nəticə verməz. Zəngilan haqqında bütün məlumatları bir mənbəyə toplamaq gərəkdi. Bu ideyanın üzərində illərlə çalışdı. Hər addımda müəyyən maneələrlə üzləşdi.

Nəhayət, fikrini dost-tanışa açıqladı, ətrafında həmfikirlər topladı. 2014-cü ilin noyabr ayında dörd nəfər (Tarverdi Abbasov, Alı Rəhimoğlu, Mütəllim Həsənov və mən) bir araya gələrək qərar verdik: qeydiyyatdan keçənə kimi “Qızıl Zəngilan”ı Almanax formatında çap etdirək. Beləliklə, çox qısa zamanda zəngilanlı qələm əhlinə üz tutaraq müəyyən materiallar topladıq, mətnləri kompüterə yığdırdıq, dönə-dönə oxuyub redaktə, korrektəsini edib çapa hazırladıq. Dekabr ayında “Qızıl Zəngilan”ın ilk nömrəsi işıq üzü gördü.

Aylar keçdi, sıralarımız genişləndi. Səsimizə səs verib qoşulanlar çoxaldı. “Qızıl Zəngilan” növbəti il üç aydan bir olmaqla dörd dəfə çapdan çıxdı. Zəngilanın məktəblərinə, idarələrinə, hətta evlərə ayaq açdı, oxucuların doğma dərgisinə çevrildi. Qısa vaxt ərzində nüfuz və rəğbət qazandı.

Yeni qoşulanlar arasında Möhübbət Qurbanov da vardı. Dərginin nəşrinə xüsusi sevgi ilə yanaşaraq doğmalıq nümayiş etdirən Möhübbət Qurbanov qısa zaman ərzində öz nüfuzundan istifadə edərək “Qızıl Zəngilan”ın hüquqi məsələlərini də həll etdi. Çox keçmədi ki, dərgi öz adı ilə jurnal kimi fəaliyyətini davam etdirdi.

İlk beş nömrə mənim redaktorluğumla çıxmışdı. Sonrakı nömrələr isə Möhübbət Qurbanovun redaktorluğu ilə nəşrini davam etdirdi.

Bu illər ərzində “Qızıl Zəngilan” seçiminə sadiq qaldı. İşğalda olan doğma diyar haqqında silsilə materiallar çap olundu. Eyni zamanda ölkənin müxtəlif bölgələrinə səpələnərək orda-burda fəaliyyət göstərən zəngilanlıların həyat tərzindən yazılar yazıldı. Ağsaqqallardan müsahibələr götürüldü. Digər zəngilanlı qələm sahiblərinin düşüncələrinin məhsulları jurnalın səhifələrinə ayaq açdı. Şairlərin şeirləri, yazıçıların hekayələri, romanlarından parçalar, ədəbi tənqidçilərin resenziyaları, kitablar haqqında rəy-məqalələri jurnalın səhifəsini bəzədi. Bir sözlə, jurnal öz missiyasını ləyaqətlə yerinə yetirməyə başladı, Zəngilanın yeni arxivinə çevrildi.

Ölkədə ildırımsürətli 44 günlük (27 sentyabr – 10 noyabr) Vətən müharibəsi baş verdi. 20 oktyabr 2020-ci ildə şanlı ordumuzun sayəsində Zəngilan rayonu erməni işğalından azad olundu. Ölkə başçısının sərəncamı ilə indi hər il 20 oktyabr – Zəngilan şəhər günü kimi qeyd olunur. Digər bölgələrdə olduğu kimi Zəngilanda da böyük qayıdışa ciddi hazırlıq işləri görülür. Böyük Qayıdış ilk olaraq Zəngilandan başlayıb. Ağıllı kənd pilot layihəsi əsasında işğaldan azad olunmuş rayonlar arasında ilk dəfə Zəngilan rayonunda Ağalı kəndi bərpa olundu və sakinlər doğma yurda köçürüldülər. İndi orda hər bir infrastruktur fəaliyyət göstərir. Zəngilan şəhərində tikinti işləri həyata keçirilir. Aeroport, slektrik yarımstansiyası tikilib, fəaliyyət göstərir. Konqres mərkəzi tikilib istifadəyə verilib. Ərik, nar, qoz bağları salınıb. Ərik bağının məhsulu artıq bazara çıxarılıb. İlk ədəbi hadisə baş verib – dekabrın birində Ağalı kənd tam orta məktəbində Zəngilanın Ağalı kəndindən olan, Sumqayıtda yaşayıb yazıb-yaradan şair Elvin Əlizadənin şeirlər kitabının təqdimatı keçirilib.

Bu gün jurnal nəşrini uğurla davam etdirir. Bütün dövrlərdə jurnalın texniki işlərini, nəfis tərtibatını Dönməz Abbasov yerinə yetirib. “Qızıl Zəngilan”ın bir jurnal kimi cəmiyyətə təqdim olunmasında onun əməyi əvəzsizdir.

Beləliklə, Zəngilanda böyük quruculuq-tikinti işləri gedir. İndi “Qızıl Zəngilan”çılar qarşısında daha mühüm bir vəzifə durur. Rayondan kənarda yaşayan zəngilanlıların həyat tərzi ilə yanaşı həm də Zəngilanda həyata keçirilən hadisələri qələmə almaq gərəkdir. Deməli, zəngilansız “Qızıl Zəngilan”ın zəngilanlı dövrünə keçid başlayıb.

“Qızıl Zəngilan”ı doqquz yaşı tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, atdığı hər bir addımı təqdirəlayiq hal sayır və bütün işlərində yalnız uğurlar arzulayıram.

Əli BƏY AZƏRİ, Azərbaycan Yazıçılar Birliyinin üzvü