NƏZMƏ ÇƏKİB NƏĞMƏ KİMİ — Əli Bəy Azəri

Əli Bəy Azəri

Həqiqət Şamillinin “Ömrümə nəğmə payım” adlı şeirlər kitabı haqqında düşüncələr

 

Qarşımda bir qalaq şeir nümunələrindən ibarət bir kitab var. Onların arasında klassik üslubda yazılanlar da, müasir postmodernist üslubunda işlənənlər də çoxdur. Şeirləri vərəqlədikcə müəllifin imzası gözümə sataşır. Ha xatırlamağa çalışıram, yadıma sala bilmirəm. Bəzi misralar zorla məni özünə çəkir, “oxu məni” deyir. Lakin Şərq üslubuna xas olan yanaşmaya görə əvvəlcə müəllifi müəyyənləşdirməyə çalışıram. Müəllif Həqiqət Şamillidir.

Son iyirmi ildə ədəbi prosesləri izləyən bir adam kimi qəti əminliyimi bildirirəm; bu imzanı ilk dəfədir görürəm. Nə sosial şəbəkələrdə rast gəlmişəm, nə də ədəbi dərgilərdə. Odur ki, şeirləri vərəqləməkdə davam edirəm.

Həqiqət Şamilli səliqəli şairdir; nəzm nümunələrini də qruplaşdırıb. Vətənpərvərlik, ailə-məişət məsələləri, sevgi-məhəbbət şeirləri və bayatılar olmaqla ayrılmış şeirlərin hər birinin altında yazılma tarixi də göstərilib. Düzdür, buna çox şair bir o qədər də əhəmiyyət vermir, əsər hər zaman gündəmdə olmalıdır, deyir. Qloballaşan dünyada sürətlə dəyişən informasiya bədii ədəbiyyatı kölgəyə sala bilməsə də geridə qoyub. Dağlıq Qarabağın işğalda olduğu dövrdə yazılmış şeirləri necə cırıb atmaq olar? Axı bu bizim tariximizin bir parçasıdır. Acı da olsa bizim nəslin taleyinə yazılan tarixi hadisələri ədəbi nümunələrdə yaşatmayan şair, yazıçı ola bilərmi? Əsla!

Hər zaman baş mövzumuz Vətən olub. Bütün şairlər yurd yerlərini vəsf ediblər, vətənin şərəfinə şeirlər qoşublar. Həqiqət Şamilli də bayrağımıza, vətənimizə, adbaad tanıdığı igidlərə, Ali Baş Komandana, Şuşa fatehlərinə, şəhidlərə, onları böyüdən və gəlişini qürurla qarşılayan analara, başını dik tutan qazilərə şeirlər həsr edib. Bu şeirlərdə Cavanşirin, Babəkin, qoç Koroğlunun da adı fəxrlə çəkilir, qədim Azərbaycan dövlətləri sıralanır. Bu da birinci növbədə onu deməyə əsas verir ki, müəllif vətənimizi yaxşı tanıyır, ətraflı məlumatlıdır. Odur ki, şeirləri yavan deyil, qabarıqdı, könül ovsunlayır, dilə asan yatır. Belə şeirlərindən bir bəndə diqqət yetirək:

 

Məmmədəmin söylədi bu bayraq enən deyil,

Bu ocağın istisi heç zaman sönən deyil.

Oğuz yurdu yaşasın qoy elimiz var olsun,

Azərbaycan hər zaman dünya durduqca dursun.

 

Azərbaycanın, xüsusən də torpaqlarımızın azad olunmasında ölümü ilə olsa da baş rollardan birini tutan Milli Qəhrəman Polad Həşimovun şərəfinə, 20 Yanvar qırğınına, Xocalı soyqırımına həsr olunmuş şeirlər də təsirlidir. Orda elə misralar var ki, adamın tüklərini biz-biz edir. Həqiqət Şamilli bu hissləri yaşayıb qələmə alıb. Yaşamasaydı, hiss etməsəydi necə belə təsirli təsvir edə bilərdi?

Şeirlər sırasında “Bayatılar” da var. Postmodernist şeir klassik üslubu nə qədər sıxışdırsa da bu üslubu qoruyan tək-tək baba-nənə şairlər hələ qələmi yerə qoymayıb. Nəzmin çox çətin və mən qeyd edərdim ki, olduqca çətin olan bu növündə hər şair qələm işlədə bilməz. “Rübai”lər kimi “Bayatı”lar da şairdən az sözlə böyük məna kəsb etmək bacarığı tələb edir. Özünə, istedadına arxayın olmayan heç bir şair qələmini bu iki növ nəzm nümunələrində sınamağa çalışmaz.

 

Əzizinəm, danışmaz,

Namərd düz söz danışmaz.

İgid sözü bir olar,

Gündə min söz danışmaz.

***

Dağı bürüdü duman,

Qış çatıbdır, ay aman.

Könlünü qış almasın,

Təki xoş olsun zaman.

 

Bu iki bayatıya diqqət yetirək. Birincisi xalq folklorundan bizə məlum olan üslubda yazılıb. Yəni, “Əzizim, əzizinəm” başladığı kimi başlayır. Di gəl ki, mövzuya baxın, məna yükünə diqqət yetirin. Mərd-namərd mövzusu qədimdə də olub, indi də var. Bu gün dilinə düz söz gətirən çox az adam tapmaq mümkündür. Həqiqət Şamilli zamanımızın tələb etdiyi bayatını yaradıb. Adamları ayıq-sayıq olmağa, sövdələşmələrdə sərvaxtlığa səsləyib. İkinci növ bayatı da zamanla səsləşir, eyni zamanda müxtəlif çalarları özündə ehtiva edir. Yığcam tərzdə ifadə bacarığı hər bir şairin üstünlüyüdür.

Şeirlər rəvan dildə yazılıb, asan oxunur və qavranılır. Hətta nəğmə kimi də səslənir. Daha çox el dilinə yaxındır. Hamının gördüyü, eşitdiyi fikirlərdir. Bəlkə də, elə bu üzdən adama tanış görünür. İlk anda adama elə gəlir ki, bu şeirləri nə vaxtsa oxuyub, amma daha diqqətlə baxanda ilk dəfə gördüyün qənaətində qalırsan.

Bir məqam da var ki, ədalət naminə bunu mütləq deməliyəm. Şeirlər çağdaş ədəbi proseslərdə fəallıq göstərən şairlərin əsərləri ilə müqaisədə zəifdir, hətta deyərdim ki, lap zəiflərinə də rast gəlmək olur. Şeirlərin zəifliyinin müəllifin istedadı, savadı, dünyagörüşü ilə heç bir əlaqəsi yoxdur. Həqiqət Şamillinin ədəbi proseslərdə iştirak etmədiyi dərhal özünü büruzə verir. Xanım-şairə poeziya məclislərinə getmir, şeir yarışmalarına, müzakirələrinə qoşulmur. Yazdıqları, sadəcə, onun gördüklərini, eşitdiklərini şeir dili ilə ifadə etməsidir. O, uşağına layla çalırmış kimi, nəvəsinə nağıl danışırmış kimi ətrafında baş verənləri nəzmə çəkib cəmiyyətə çatdırmaq missiyası ilə yüklənib. Bu yükü dəyanətlə çəkdiyi şeirlərində öz əksini tapıb. Şairlərin missiyası zamanın yükünü çəkməkdir. Hesab etmək olar ki, Həqiqət Şamillidə bu alınıb. Bir ana, bir bacı, bir xala, bir bibi kimi ətrafında baş verənlərə biganə qalmayan xanım şairə bütün bunları dilə gətirib. Onun poeziyasının əsasını təşkil edən kövrək notlar üzərində köklənmiş nəzm nümunələri adama nəğmə təsiri bağışlayır. Pafos, övkəlik, yüksək ritm onun xarakterində olmadığı kimi şeirlərindən də ildırım çaxmasını, vulkan püskürməsini; bir sözlə, yüksək professionallıq gözləmək yersizdir.

Həqiqət Şamilli müxtəlif illərdə yazdığı şeirlərini bir yerə toplayıb kitab şəklində nəşr etdirmək və yaradıcılıq nümunələrini cəmiyyətə göstərmək niyyətindədir. Onun belə bir cəsarətli addım atması alqışa layiqdir. “Avesta”dan üzübəri bütün mükəmməl deyimlər kitablaşıb, arxivləşib, qorunub, gələcək nəsilə çatdırılıb. Ümidvarıq ki, xanım şairənin bu addımı cəmiyyətdə rəğbətlə qarşılanacaqdır.

 

Əli BƏY AZƏRİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü