DARIXSAN
Darıxsan…
Çağır məni yanına,
Özüm gələmməsəm,
xəyalımı göndərim.
Xəyalımla birlikdə,
Əllərimi göndərim.
Bəlkə sığal çəkəsən,
Tellərimi göndərim.
Bacarsam…
Bəlkə bir gün,
Əllərimlə, tellərimlə,
xəyalımla birgə,
Durub yanına gələm.
Axı özüm də sənə,
Sənin qədər həsrətəm.
Mən darıxım, sən də darıx,
Məhəbbət yollarında həmişə varıq.
Hərəmiz bir yanda,
Yolumuz ayrı, hara baxarıq?!
Yenə darıxırsan, bunu bilirəm,
Gecə yuxularına tez-tez gəlirəm.
Vaxt tapsan sən də gəl,
Mənim yuxuma,
Görüşək, dərdləşək.
Yuxularımız görüş yerimiz olsun,
Uçulmayacaq, dağılmayacaq,
Evimiz olsun.
Darıxma, bəri gəl.
Birlikdə darıxaq,
Birgə üzülək.
Başqa anlamı yox,
Küskün ömrümüzə bir yerdə gülək.
PAYIZIN YANINDA
Mərhum şairə rəfiqəm Fərqanə Mehdiyevaya…
Mən də düşünürdüm harda görüşək,
Asanca yanıma gələ biləsən.
Sarı yarpaqlardan sarı çiçəktək,
Dərib, dəstələyib telə düzəsən.
Gözümün kökü də payız yarpağı,
Sarala-sarala baxa yoluna,
Oynaşan damlalar tufan qabağı,
Bircə himə bənddi, axa yoluna.
Üşütsə sərt külək, acı ruzigar,
Qəlbimdə yerin var gizləyim səni,
Elə dardı cahan, başqa haram var,
Payızın yanında gözləyim səni.
QALDI
Ömrümün yazında sevmişdim səni,
Niyə vüsalımız payıza qaldı?!
Yaşadıq, yorulduq, çoxumuz getdi,
Səadət payımız bir aza qaldı.
Səninlə adımız daim qoşaydı…
Məhəbbət ölmədi, ümid yaşadı,
Bahar çoxdan ötüb üzü qışadı,
Hissimiz, duyğumuz güdaza qaldı.
Sən — bitməyən həsrət, mənsə — bağrı dağ,
İlləri günlərə neçə sığdıraq?!
Allaha üz tutaq, göyü çağıraq,
Ruhumuz pərişan namaza qaldı.
İncimə, Natəvan, küsmə qədərə,
Nə zaman dözmədin dərdə, kədərə,
Yükləmə qəlbinə, tökül dəftərə,
Düzülsün sətirə söz, saza qaldı.
YENƏ BU PAYIZ…
Yenə bu payız…
Yenə yağışlar yağır,
Yenə yarpaqlar düşür,
Yenə quşlar üşüyür.
Üşüyərək keçdiyim küçələr də üşüyür.
Yenə buludlar qara,
Günəş qorxacaq olub.
Elə arzum, xəyalım
isti bir Ocaq olub.
Yenə bu payız…
Köçmüsən ömrümdən durnalar kimi,
Durnalar qayıdar, sən qayıtmazsan.
Yenə də əllərim qoynumda qalar.
Biganə baxışın, acı külək tək,
Gəzib üz-gözümdə saçımı yolar.
Yenə bu payız…
Birdən qəribsəyib ilk bahar üçün,
Bəlkə qayıtmağa vaxtın olacaq,
Onda çiçəkləmiş budaq yeinə,
Bağında qurumuş xəzəl olacaq.
Yenə bu payız…
Yenə yağışlar yağır,
Yenə yarpaqlar düşür,
Yenə quşlar üşüyür,
Üşüyərək keçdiyim, küçələr də üşüyür.
KÜSƏN ŞEİRİM
Şeir yaza bilmirəm,
Təbim məndən küsübdü.
Dərdim, sərim az imiş,
O da məni üzübdü.
Misralar pərən-pərən,
Qələmim qaçaq düşüb
Vərəqlərim saralıb,
Ömrümdən yarpaq düşüb.
Şeir yaza bilmirəm,
Qəlbimə duman gəlib.
Nə pay verim sevincdən,
Kədərdən uman gəlib.
Yazı gözləyim gərək,
Duyğularım gül açsın.
İlham pərim kəpənək,
Gül üstə qanad çalsın.
Bəlkə bir gün dönərəm,
Xəyalımda “o yaz” mən,
Şeir yaza bilmirəm,
Hələ qışam, ayaz mən.