«Nankinli Məsih» -hekayə- Akutagava Rünoske

Akutagava Rünoske

Əsər olur, oxuyursan – iştirakçıların düşüncələrinə qarışırsan, doğmalaşır əsərin ruhu, özün də hiss etmədən keçirsən əsərdəki məkana, dövrə. Canlı şahidə çevrilirsən. Kinolentlərin şüura verə bilmədiyi təsiri verir bəzi əsərlər. Qələmin gücü budur.

Sizə yapon ədəbiyyatından -Akutagava Ryunosuke- növbəti kiçik bir hekayə təqdim edirəm. Rus dilindən tərcümə etdim. Çalışdım, saxlayım yazıçının orijinallığını. Faciləi və qısa ömür yaşamış, yapon ədəbiyyatında birincilərdən olan yazıçının, öz əsərlərində insan mənəviyyatı, psixologiyası,  inam (Yaradana, Vicdana, İnsanlığa inam), sadəlik kimi anlayışları bu şəkildə dolğun verməyi adamı valeh edir.

Hansısa sünilik, saxtalıq olmayan canlı tablo. 5 – cə səhifədə böyük yaradıcılıq faktı, dünyanın özü qədər məna varlığı!

Hekayə əsasında kino da çəkilmişdir. Yaponiyada ən yüksək ədəbi mükafat R.Akutaqavanın adını daşıyır.

P.S. Bu gözəl yazıçının gözəl hekayəsini oxumaq, tərcümə etmək, oxuculara təqdim etmək mənə xoşdur.

 

 

Bir payız axşamı idi. Nankinin Sivanze küçəsindəki evdə köhnə masaya dirsəklənən solğun bənizli bir çinli qız oturmuş, darıxdırıcı bir görünüşlə bəzəkli nimçədəki qarpız tumlarını çırtladırdı.

Stolun üstünə güclə işıldayan lampa qoyulmuşdu. Lampanın işığı zəif olduğu üçün, qaranlığı əritmək əvəzinə, otağın kədərli görünüşünü daha da ağırlaşdırırdı. Küncdə, nə vaxtsa yapışdırılmış, indi isə qopub sallanan kağız örtüklü divarda tozlu pərdə asılmışdı. Pərdənin arxasında üstünə yun yorğan çəkilmiş qamış çarpayı yerləşmişdi. Stolun o biri tərəfində sanki lazımsızlığı ilə unudulmuş köhnə stul dayanmışdı. Nə qədər diqqətli baxsaq da, bu saydıqlarımızdan başqa, otaq üçün bəzək kimi xidmət edə biləcək əlavə heç bir şey görə bilməzdik.

Ancaq qız vaxtaşırı tum çırtlamağı dayandırır, aydın baxışlı gözlərini qaldıraraq qarşı divara diqqətlə baxırdı. O divarda, qızla üz-bəüz qarmaqdan kiçik bir tunc xaç asılmışdı. Xaçın üzərində yarı silinmiş, sadə barelyef qeyri-müəyyən bir kölgə kimi görünürdü. Diqqətlə baxdıqda, burada çarmıxa çəkilmiş Məsihi təsvir edildiyini görərdik.

Qız hər dəfə İsaya baxanda onun uzun kirpiklərinin arxasındakı kədər ifadəsi bir anlıq itir, əvəzində gözlərində sadəlövh bir ümid şüası yanırdı. Amma qız hər dəfə  belə baxışdan sonra dərhal ah çəkir, üstünə qara ipək kofta atdığı çiyinlərini yorğun-yorğun qabardar və yenə qarpız tumlarını çırtlamağa davam edərdi…

Bu qızın adı Sun Szin-xua idi. On beş yaşı olan Sun dolanışığını birtəhər təmin etmək üçün gecələr bu otaqda müştərilərini qəbul edərək fahişəliklə məşğul olurdu. Sivanzedəki çoxsaylı fahişələr arasında, şübhəsiz ki, onun görünüşünə bənzər bir çox qız var idi. Ancaq Szin-xua kimi yumşaq xasiyyətli başqa birinin tapılacağı çətin məsələ idi. O, dostlarından, başqa fahişə qadınlardan fərqli olaraq, hiyləgər deyildi, yalan və fırıldaqdan uzaq idi. Hər axşam onun tutqun otağına gələn qonaqları şən təbəssümü ilə qonaq edirdi. Əgər müştərinin ödənişi razılaşdırılandan çox olardısasa, ona yaxın yeganə insan olan atasını əlavə bir stəkanla sake ilə qonaq edə biləcəyinə sevinirdi.

Sunun bu fərqli davranışı, əlbəttə ki, onun xarakteri ilə izah olunurdu. Ancaq başqa bir səbəb də var idi: mərhum anasının uşaqlıqdan ona aşıladığı katolik inancına sadiq qalmışdı. Bunu divarda asılmış xaç sübut edirdi.

Yeri gəlmişkən, bu yazda,  Şanxay at yarışlarını izləmək və eyni zamanda heyran olduğu Cənubi Çinin mənzərələrini seyr etmək istəyən bir gənc yapon turisti bir gün Szin-xuanın otağında  gecələmişdi. Ağzında siqar, avropalı kostyumda, dizi üstündə oturmuş Szin-xuanın balaca bədənini kobudluqla qucaqlayanda, təsadüfən divarda xaçı görüb zəif çin dilində inamsızlıqla soruşdu:

— Sən guya xaçpərəstsən?

– Bəli, mən beş yaşımda vəftiz (xaç suyuna salınmaq- X.M.) olundum.

— Bu cür işlə məşğul olmaqla!?

Onun səsində istehza var idi. Lakin Szin-xua mavi-qara saçları olan balaca başını onun əlləri üstə qoyub, həmişə olduğu kimi, muncuq kimi kiçik dişlərini göstərən xoş bir təbəssümlə gülümsədi.

— Axı mən bu sənətlə məşğul olmasaydım, atam da, mən də, ikimiz də aclıqdan öləcəkdik.

— Atanız qocadır?

— Hə… ayaq üstə güclə dayanır.

— Bununla belə… Düşünmürsən ki, belə sənətlə məşğul olursan, cənnətə düşməyəcəksən?

— Xeyr. – Xaça qısaca nəzər salan Szin-xua fikirli halda dedi: — Düşünürəm ki, göydə olsa da, cənab  İsa özü yəqin ki, ürəyimdəkiləri anlayır. Əks halda, cənab İsanın  Yaojiakao stansiyasından olan polislə nə fərqi olardı?

Cavan yapon turisti gülümsəyərək, cibindən bir cüt nefrit sırğa çıxartdı, Szin-xuanın qulaqlarına taxdı.

-Mən bu sırğaları hədiyyə olaraq Yaponiyaya aparmağa almışdım. Bu gecənin xatirəsi tək, bağışlayıram sənə.

Szin-xua ilk müçtəri qəbul etdiyi gecədən bu günəcən öz inamında qalmışdı.  Amma, bədbəxtlik baş verdi. Bu hadisədən bir ay kecməmiş bu imanlı fahişənin bədənində bədxassəli sifilis yaraları əmələ gəldi. Dərdini dediyi peşə rəfiqələrindən biri, Çen, ağrıları azaltmaq üçün tiryək suyu içməyi məsləhət gördü. Sonra onun başqa bir fahişə dostu Mao Ying-chun, özünün istifadə etdiyi “gonglanwan” və “jialumi” həblərinin qalıqlarını ona gətirdi. Lakin Szin-xuanın deyilənləri etdiyinə, qapalı yaşamasına və qonaq qəbul etməməsinə baxmayaraq, nədənsə onun səhhəti heç də yaxşılaşmadı.

Və bir gün Ceng Şan-ca, Szin-xuaya baş çəkməyə gələrkən, tam əminliklə ona bu (açıqca mövhumata əsaslanan) müalicə üsulunu söylədi:

— Xəstəliyin sənə qonaqdan keçdiyi üçün onu sən də tez başqasına qaytar. İki-üç gündən sonra sağlam olacaqsan.

Szin-xua, tam ümüdsizlik içində, əlini yanağına söykəyib oturmuşdu. Çen Şan-canın sözləri onda bir qədər maraq doğurdu və o, qısaca soruşdu:

— Bu doğrudur?

— Bəli, doğrudur! Mənim bacım da sənin kimi idi, heç cür yaxşılaşa bilmirdi. Xəstəliyi müştəriyə ötürəndə dərhal sağaldı.

— Bəs müştəri?

-Yazıq müştəri! Xəstələndi.Deyirlər, hətta ondan sonra kor olub.

Şan-ça gedəndən sonra, tək qalan Szin-xua xaçın qarşısında diz çökdü və gözlərini çarmıxa çəkilmiş Məsihə qaldıraraq hərarətlə dua etməyə başladı.

— Ey göylərdəki çənab İsa! Ya Məsih! Atamı yedizdirmək üçün mən alçaq bir işlə məşğulam. Amma sənətim yalnız məni rüsvay edir və mən başqasına pislik etmirəm. Ona görə də düşünürəm ki, olduğum fahişə kimi ölsəm də, mütləq cənnətə gedəcəyəm. Amma indi bildim ki, sənətimi davam etdirmək üçün bircə yol var, xəstəliyi başqasına ötürməliyəm. Bu o deməkdir ki, aclıqdan ölməli olsam da, xəstəlik məndən keçəcək deyə, başqası ilə bir yataqda yatmamağa qərar verməliyəm. Yoxsa, öz xoşbəxtliyim üçün mənə heç bir pislik etməmiş insanı məhv edəcəm! Amma mən hələ də qadınam. Nə vaxtsa sınağa tab gətirə bilmərəm. Cənnətdəki Məsih! Xahiş edirəm məni qoru, mənə dözüm ver ki, məkrli düşüncələrdən uzaq olum! Səndən başqa kömək gözlədiyim kimsə yoxdur.

Bu qərarı verən Szin-xua, Şan-ça və Yinq-çun onu nə qədər razı salmağa çalışsalar da, artıq müştəri qəbul etmirdi. Bəzən onun daimi müştəriləri onu görməyə gələndə o, yalnız onlarla oturub siqaret çəkir, daha heç bir istəklərini yerinə yetirmirdi.

Müştərilərinə “-Dəhşətli xəstəliyim var. Mənimlə yatsan, o səni keçəcək» deyən Szin-xua, sərxoş bir qonaq hələ də onu zorla ələ keçirməyə çalışarkən xəstəliyinin sübutunu açıb göstərməkdən belə utanmırdı. Buna görə də, müştərilər tədricən ona baş çəkməyi dayandırdılar. Beləcə, həyat onun üçün günü-gündən çətinləşirdi.

Həmin axşam o masaya dirsəklənib oturmuşdu, hərəkətsiz, fikirli halda baxışları qabağa zillənmişdi. Müştərilərin ayağı buradan çoxdan kəsildiyini göstərən gecə tənhalığı yaxınlaşırdı. Budur, hər şey sakitləşdi, yalnız qulaqlarına hardansa gecə böcəklərinin səsi gəlirdi. Qızdırılmayan otaqda daş döşəmədən qalxan soyuq, su kimi əvvəlcə boz rəngli ipək ayaqqabılarına, sonra isə bu ayaqqabıların içində yerləşən zərif ayaqlarına hopurdu.

Szin-xua bir müddət fikirli şəkildə lampanın zəif işığına baxdı, sonra bir azca titrədi və yüngülcə əsnəməsini içəridə boğdu.

Demək olar ki, eyni anda birdən boyalı qapı təkanla açıldı və otağa tanımadığı bir əcnəbi girdi. Yəqin ki, qapı sürətlə taybatay açıldığı üçün, stolun üstündəki lampa qəfil yandı, qaranlıq otaq qəribə qırmızı, dumanlı işığa büründü. Təpədən dırnağa qədər bu qəribə işığa bürünən qonaq ağır-ağır geri çəkilərək, boyalı qapıya söykəndi, qapı dərhal taqqıltı ilə bağlandı.

Szin-xua qeyri-ixtiyari ayağa qalxıb heyrətlə bu tanış olmayan əcnəbiyə baxdı. Qonağın təxminən otuz beş yaşı var idi, günəşdən yanmış sifətli, saqqallı, iri gözlü, əynində qəhvəyi zolaqlı pencək və ona uyğun papaqlı bir kişi idi. Yalnız bir şey anlaşılmaz idi: o, şübhəsiz ki, əcnəbi olsa da, qəribə də olsa, xarici görünüşündən onun asiyalı, yoxsa avropalı olduğunu müəyyən etmək mümkün deyildi. Papaqının altından çıxan nizamsız qara saçları, dişlərində sönmüş qəlyanı olan bu kişi, girişdə dayanıb qapını bağlayanda onu təsadüfən yolunu azmış sərxoş adamla səhv salmaq olardı.

-Sizə nə lazımdır? – bir qədər qorxmuş Szin-xua masadan ayrılmadan az qala məzəmmətlə soruşdu. Qonaq çin dilini başa düşmədiyini bildirmək məqsədi ilə başını yellədi. Sonra qəlyanı ağzından çıxarıb hansısa anlaşılmaz əcnəbi söz dedi. Bu dəfə Szin-xua başını yelləmək məcburiyyətində qaldı və bu, çıraq işığında nefrit sırğaların parıldamasına səbəb oldu.

Onun çaşqınlıqla gözəl qaşlarını necə çatdığını görən qonaq birdən ucadan güldü, papağını kənara tullayıb, səndələyərək ona tərəf getdi. O, yorğun halda masanın o biri tərəfində duran stula çökdü.

Bu anda qonaq Szin-xuaya nədənsə yaxın, tanış görünürdü. Baxmayaraq ki, harada və nə vaxt gördüyünü xatırlaya bilmədi, düşündü ki, onu əvvəllər görübmüş. Qonaq razı halda nimçədən bir ovuc qarpız tumunu götürdü, amma çırtlamadı, yalnız Szin-xuaya diqqətlə baxdı və yenə qəribə jest edərək, xarici dildə danışdı. Szin-xuaya onun nitqinin mənasını başa düşmədi, amma qeyri-müəyyən olsa da, qonağın, onun otağında görülən işlər barədə bir fikri olduğunu təxmin etdi.

Çin dilini başa düşməyən əcnəbilərlə uzun gecələr keçirmək Szin-xua üçün qeyri-adi bir şey deyildi. O, yenidən oturdu və az qala adət halını almış mehriban təbəssümlə gülümsəyərək, qonağı üçün tamamilə anlaşılmaz zarafatlarla danışmağa başladı. Hər iki sözə bir şən gülüş əlavə edən qonaq sanki onu başa düşürdü. Qonaq bu şən gülüşlərlə yanaşı, əl-qol atır, əvvəlkindən daha sürətli jestlər edirdi.

Qonaqdan araq iyi gəlirdi, amma onun sərxoş qırmızı sifətindən əzəmətli kişilik nuru yağırdı, bu nur, sanki bu darıxdırıcı otağı çıraqban etmişdi. Hər halda, Szin-xuanın nəzərində o, indiyə qədər gördüyü bütün əcnəbilərdən daha gözəl idi, o cümlədən, Nankindən olan həmyerlilərindən də. Szin-xua, onunla əvvəllər haradasa görüşdüyü hissini unuda bilmirdi. Alnına yayılmış qara buruq saçlarına, daim şən və gülümsəyən gözlərinə, sir-sifətinə baxaraq, var gücü ilə bu üzü əvvəllər harada gördüyünü xatırlamağa çalışırdı.

Szin-xua bu barədə düşünərkən, əcnəbi gülümsəyən, şən sifətlə qəlyanını doldurdu, yandıraraq xoş qoxulu tüstü üfürdü. Sonra o, qəfildən yenə nəsə dedi, bu dəfə sakitcə güldü və iki barmağını qaldıraraq Szin-xuanın gözləri önünə tutdu, jestlə “iki” dedi. İki barmağın iki dollar demək olduğunu, əlbəttə ki, hamı bilirdi. Ancaq çoxdan müştəri qəbul etməyən Szin-xua yenə də gülümsəyərək imtina əlaməti olaraq başını iki dəfə silkələdi. Sonra qonaq cəsarətlə dirsəklərini masaya söykədi, lampanın zəif işığında yuxulu üzünü Szin-xuanın üzünə yaxınlaşdırdı və diqqətlə ona baxdı, sonra üç barmağını qaldırararq, gözlərini ona zillədi.

Hələ də dişində tum tutan Szin-xua   bir az qonaqdan aralandı. Onun  üzündə çaşqınlıq, utancaqlıq ifadə olunmuşdu. Qonaq yəqin fikirləşib ki, iki dollar azlıq etdi. Çin dilini başa düşmədiyi üçün ona imtinanın səbəbini izah etmək tamamilə mümkün deyildi. Ürəyində öz yelbeyinliyini lənətləyən Szin-xua soyuqqanlı şəkildə gözlərini yana çevirdi və qətiyyətlə başını yenidən buladı. Azacıq gülümsəyərək, bir az da tərəddüd etmiş kimi görünən əcnəbi dörd barmağını yuxarı qaldırıb, yenə də əcnəbi dildə nəsə dedi. Tamamilə çaşqın halda Cin-hua yanağını onun əlinə söykəsə də, gülümsəməyə belə gücü çatmadı. Lakin o anda qərara gəldi: hansı məbləği təklif etsə də, qonaq bundan bezənə qədər başını yelləyib imtina edəcək. Bu vaxt beş barmağın hamısı qonağın əlində açıldı, sanki havada görünməz bir şeyi tuturdu.

Sonra uzun müddət mimika və jestlərdən istifadə edərək söhbətə davam etdilər. Qonaq israrla bir-bir barmağını əlavə etməklə nəhayət on dolların başından keçməyə hazır olduğunu göstərdi. Lakin fahişə üçün çox böyük məbləğ olan on dollar belə, Szin-xuanın qərarını dəyişməkdə gücsüz oldu. Kreslodan qalxıb, masanın yanında dayandı və qonaq ona hər iki əlinin barmaqlarını göstərəndə dalbadal bir neçə dəfə başını buladı, hirslə ayağını yerə çırpdı. Elə həmin an divardan asılmış xaç nədənsə qarmaqdan çıxdı və yüngül bir cingilti ilə onun ayağının altındakı daş döşəməyə düşdü.

Szin-xua   özünü itirsə də, xaçı ehmalca yerdən qaldırdı, nəzərləri çarmıxa çəkilmiş İsaya düşdü. Quruyub qaldı! Qonağı haradan tanıdığını başa düşdü. Onun sifəti cənab İsanın üzünü xatırladırdı. Bu bürünc xaçı ipək koftalı sinəsinə sıxan Szin-xua   heyrət dolu baxışlarını qonağa zillədi. Qonağın içkili qırmızı sifəti hələ də parıldayırdı. O arabir qəlyanını tüstülədib, bic-bic gülümsəyirdi. Onun baxışları Szin-xuanın üz-gözünü, nefrit sırğalar asılmış qulaqlarını tumarlayırdı. Bir az sonra qonaq qəlyanı ağzından çıxardı və mənalı şəkildə başını əyərək gülən səslə nəsə dedi. Bu sözlər Szin-xuaya   mahir bir hipnozçunun pıçıltısı kimi təsir etdi. O, öz qərarını unutmuşdu? Əlləri ilə bürünc xaçı sığallayaraq, utancaqlıqla sirli əcnəbiyə yaxınlaşdı.

Qonaq cibini eşələdi, oradakı gümüşü cingildətdi, gülərək bir müddət Szin-xuaya baxdı. Amma birdən onun gözlərindəki təbəssüm isti parıldama ilə əvəz olundu, qonaq stulundan sıçrayaraq Szin-xuanı möhkəm qucaqladı, onu araq iyi verən pencəyinə sıxdı. Szin-xua, sanki huşunu itirmişdi, özünü idarə etmirdi. Yanaqları od tutub yanırdı. Heyranlıqla  qonağın  gözlərinə baxdı. Təbii ki, indi onun qonağına yoluxmaq qorxusundan özünü bu qəribə əcnəbiyə təslim vermək və ya onun öpüşündən qaçmaq barədə düşünməyə vaxtı yox idi. Dodaqlarını onun saqqallı ağzı ilə birləşdirən Szin-xua   yalnız bir şeyi bilirdi — onun sinəsi alovlu sevgi hissi ilə dolmuşdu, həyatında ilk dəfə anlaya bildiyi, bakirə sevgi hissi…

***

Bir neçə saat sonra, lampası artıq sönmüş soyuq bir otaqda çəyirtkələrin güclə eşidilən səsi çarpayıdan gələn iki nəfərin yuxulu nəfəsinə bir payız kədəri əlavə edirdi. Lakin bu an Szin-xuanın gördüyü yuxu çarpayının tozlu pərdəsini aşaraq, damdan yuxarı aylı, ulduzlu bir gecəyə qarışdı.

… Szin-xua qırmızı səndəl ağacından hazırlanmış stulda oturmuşdu və çubuqlardan istifadə edərək masadakı müxtəlif yeməklərdən yeyirdi. Qaranquş yuvası, köpək balığının üzgəcləri, bişmiş yumurta, hisə verilmiş sazan, qızardılmış donuz əti, dəniz xiyarı şorbası var idi — hamısını saya bilmək çətin olardı. Qabların hamısı tamamilə mavi lotoslar və qızıl simurq naxışları ilə bəzədilmişdi.

Onun arxasında, pərdə çəkilmiş bir pəncərə var idi, arxadan çay axırdı — aramsız su şırıltısı və damcıların sıçraması eşidilirdi. Szin-xuaya bu mənzərə tanış idi, uşaqlıqdan sevdiyi doğma Sinvay olduğu kimi var idi. Digər tərəfdən, Szin-xua bilirdi ki, şübhəsiz, o indi səmavi şəhərdə, Məsihin (cənab İsa) məkanındadır.

Szin-xua vaxtaşırı yemək çubuqlarını endirib ətrafa baxırdı. Lakin geniş otaqda yalnız əjdaha fiqurları həkk olunmuş sütunlar və yeməkdən qalxan buxarla örtülmüş iri xrizantemalar görünürdü. Ondan başqa burada heç bir canlı yox idi. Qabın biri boşalan kimi Szin-xuanın gözləri önündə haradansa, isti ətir yayan başqa yemək peyda olurdu. Birdən Szin-xuanın hələ toxunmağa vaxtı olmadığı qovrulmuş qırqovul qanadlarını çırpdı və şərabla dolu qabı yıxaraq tavana uçdu.

Bu zaman Szin-xua kiminsə arxadan səssizcə ona yaxınlaşdığını gördü. Ona görə də yemək çubuqlarını yerə qoymadan cəld ətrafa baxdı. Onun pəncərə olacağını düşündüyü yerdə, atlaz yorğanla örtülmüş səndəl ağacından hazırlanmış stulda əzəmətlə, dişlərində uzun tunc qəlyan tutan bir əcnəbi əyləşmişdi.

 

Szin-xua ilk baxışdan gördü ki, bu, gecə onun yanına gələn həmin adamdır. Yalnız bu əcnəbinin başının üstündə, bir şaku məsafəsində, havada üç günlük aya bənzər nazik işıqlı bir halqa asılmışdı.

Sonra birdən, Szin-xuanın qarşısında, sanki masanın içindən çıxmış böyük bir boşqabda dadlı ətirli yemək göründü. O, dərhal çubuqlarını uzadıb dadlı bir loxma götürmək istəyirdi, amma birdən arxasında oturan əcnəbini xatırladı, çiyninin üstündən baxıb utancaqlıqla dedi:

-Buyurun, siz də yaxın oturun!

-Yox, özün ye. Əgər bunu yesən, xəstəliyin bir gecədə səni tərk edəcək!

Üzündən nur yağan əcnəbi qəlyanını ağzından çıxarmadan sevgi dolu təbəssümlə gülümsədi.

-Demək, istəmirsiniz yemək!

-Mən çin mətbəxini xoşlamıram. …Deyəsən, məni tanımadın?! Cənab İsa çin yeməyi yemir. – Nankinli İsa bu sözləri deyərək, stuldan qalxdı, yaxınlaşıb Szin-xuanın yanağından öpdü.

…Szin-xua səmavi yuxusundan oyananda, bu dar otaqda artıq soyuq payız şəfəqi yayılırdı. Ancaq qayıqvari çarpayıda tozlu pərdə altında hələ də isti alatoranlıq hökm sürürdü. Bu yarımqaranlıqda Szin-xuanın gözləri hələ də bağlı idi, çənəsinə qədər solğun köhnə yun yorğanla bükülmüş üzü görünürdü. Solğun yanaqlarına, yəqin ki, gecə tərindən bir-birinə qarışaraq, boyaqlı saçları yapışmış, yarıaçıq dodaqlarının arasında düyü dənələrini xatırladan kiçik dişləri görünürdü.

Szin-xua yuxudan oyansa da, ruhu hələ də yuxusunun görüntüləri arasında dolaşırdı — xrizantemalar, sıçrayan su damlaları, qızardılmış qırqovullar, İsa Məsih… Amma amansız reallıq örtünün altında onun şüuruna hücum edirdi. Nəhayət, onun dünən sirli bir əcnəbi ilə bu qamış yatağında uzandığı yada düşdü. “Xəstəlik ona keçərsə, nə olar…”

Szin-xua dərhal bu fikrin ağırlığını hiss etdi, ona elə gəldi ki, bu gün onun üzünə baxa bilməyəcək. Ancaq əcnəbinin şirin təbəssümlü,  qaralmış üzünü görməmək onun üçün daha da çətin idi. Buna görə də bir az tərəddüd etdikdən sonra cəsarətlə gözlərini açdı, artıq tamamilə işıqlı olan çardağın altındakı çarpayıya baxdı. Ancaq onu təəccübləndirdi ki, otaqda təkdir, çarmıxa çəkilmiş Məsihə bənzər üzlü əcnəbi yox idi.

“Belə çıxır ki, mən bunu da xəyal etmişəm”. Szin-xua çirkli yorğanı atıb ayağa qalxdı. Sonra iki əli ilə gözlərini ovuşduraraq, asılmış pərdəni qaldırdı və hələ də yuxulu gözləri ilə otağa baxdı.

Otaqda, soyuq səhər havasında bütün əşyalar aydın seçilirdi. Köhnə stol, sönmüş lampa, stullar — biri yerdə uzanmışdı, digəri divara tərəf çevrilmişdi — hər şey dünənki kimi idi. Üstəlik, masanın üstündə, səpələnmiş qarpız toxumları arasında kiçik bir tunc xaç parıldayırdı. Qamaşan gözlərini qırpıb otağa baxan Szin-xua bir müddət əzilmiş çarpayıda oturdu və üşüyərək titrəsə də, yerindən tərpənmədi.

“Xeyr, bu, yuxu deyildi…” deyə Szin-xua pıçıldadı və əcnəbinin anlaşılmaz şəkildə yoxa çıxması haqqında fikirləşdi. Təbii ki, onun otaqdan sakitcə çıxdığını düşünmək olardı. Ancaq onu bu qədər ehtirasla sığallayanın ayrılıqda bir söz demədən getdiyinə inana bilmirdi — inanmaq onun üçün çox çətin idi. Bundan əlavə, o, müəmmalı əcnəbidən vəd etdiyi on dolları almağı unudub. «O, doğrudanmı getdi?»

Ürək ağrısı ilə yorğanın üstünə atılmış qara ipək koftasını geyinmək istədi. Amma birdən onun paltara uzadılmış əli dayandı və üzünü qaynar bir rəng bürüdü…, Bədənində baş verən möcüzə sayəsində bədxassəli sifilitik xoralar bir gecədə izsiz yox olmuşdular. «Deməli, Məsih idi!»

Özünü xatırlamadan az qala çarpayıdan yuvarlandı və dirilmiş Tanrı ilə söhbət edən Maqdalalı gözəl Məryəm kimi bir köynəklə soyuq daş döşəmədə diz çökərək hərarətli dualar etdi.

***

Növbəti ilin yazında bir axşam, hər dəfə bu yerlərə gələndə  Szin-xuaya baş çəkən tanış gənc, yapon turist yenə lampanın zəif işığında onunla üzbəüz masa arxasında oturmuşdu.

– Xaç hələ də asılıb? —  bir qədər istehzalı tonda sual etdi. Dərhal ciddiləşən Szin-xua ona bir gecə göydən enən Məsihin onu xəstəlikdən necə sağaltdığı barədə heyrətamiz bir hekayə danışdı.

Bu hekayəni dinləyən gənc yapon turist ürəyində fikirləşirdi: “Mən bu əcnəbini tanıyıram. Bu Yapon-Amerika metisidir. Məncə onun adı Corc Merridir. O, Reuters-dən tanıdığım müxbirə öyünüb ki, bir dəfə Nankində xristian bir fahişə ilə gecələyib və o, yuxuya gedəndə sakitcə qaçıb. Sonuncu dəfə Nankində olanda o, mənimlə eyni oteldə qalırdı, ona görə də onun siması hələ də yadımdadır. O, özünü ingilis qəzetinin müxbiri kimi göstərirdi, amma tamamilə ləyaqətsiz, pis adam idi. Sonra sifilisdən dəli olub… Belə çıxır ki, o, yəqin ki, bu qadından yoluxub. Və bu qadın hələ də o əxlaqsızı Məsih kimi qəbul edir! Mən onun gözlərini açım? Yoxsa susub onu qədim Qərb əfsanələrində olduğu kimi  yuxuda qoysam yaxçıdır?..”

Szin-xua söhbətini bitirdikdən sonra, yapon sanki özünə gəldi, kibrit çıxarıb ətirli siqar yandırdı. Və qəsdən maraqla baxaraq bir sual verdi:

— Belə de!.. Qəribədir. Və o vaxtdan bəri xəstələnməmisən?

«Xeyr, bir dəfə də olsun» deyə Szin-xua tərəddüd etmədən sevinclə cavab verdi və qarpız tumlarını çırtlamaqda davam etdi.

 

22 iyun 1920-ci il

Tərcümə Xaliq Məmmədovundur.

Qiymət