Hələ yaşamağa dəyər bir az da
Meşə cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bəhrələnibdir.
Necə gözəl olub təbiət, Allah —
Quru kötüklər də pöhrələnibdir!
Gəzmək istəyirəm dünyanı yazda —
Hardasa, hardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.
Təkliyi keçmişə ötürməliyəm,
Ömrümə bir yoldaş gətirməliyəm, —
Bacım arzudadı,
Anam murazda.
Hardasa, hardasa məni sevən var,
Hələ yaşamağa dəyər bir az da.
Yollar eniş-yoxuş,
Bələn-bələndi,
Yollar
Min ildir ki, gedib-gələndi,
Təzəydi, köhnəydi,
nəydi, bilmədim,
Talada cığırlar qafiyələndi…
Bu gün Bethoveni çaldılar sazda,
Hardasa, hardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.
Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünür ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da
Dünyanın işini nə bilmək olar,
Hələ yaşamağa dəyər bir az da.
Qoymayın dünyanı adiləşməyə
Elə ürəklər də zirvələr kimi
Qalsın o əvvəlki parlaqlığında.
Böyük məhəbbətin çəkin yükünü,
Araya tikanlı sözlər girməsin.
İşıqlı arzular solmasın deyə
Evlənən gününün səhəri günü —
Qoymayın dünyanı adiləşməyə.
«İşıqda kölgə var, kölgədə — işıq»,
Dağ düzdən ucadır, sevinc — kədərdən.
Ay günün nuruyla tapar yaraşıq,
Şəfəqlə ayrılar axşam səhərdən.
İki sevən qəlbin yaxınlığından
Sevinc sıxlığından, işıqlığından
Qəm macal tapmasın yada düşməyə,-
Qoymayın dünyanı adiləşməyə.
Əriyər buzları məhəbbətin də
Tutaş kirpiklərin sıx ormanları
Dönər öpülməmiş bir küt çeşməyə.
Yaşayın arzular səltənətində,
Qaldırın məhəbbət həyəcanları
Qoymayın dünyanı adiləşməyə.