Biri var imiş, biri yox imiş, bir həyat ağacı var imiş. Yer üzündəki bu yeganə həyat ağacı da məhz bizim Məlikməmmədin atasının bağında imiş. Bu bağda həmin ağac günorta çiçək açarmış, gecələr çiçəyini tökərmiş, səhər tezdən bar verərmiş. Bu ağacın barından kim yesə, ölümsüz olarmış. Ağacın şirəsindən hər hansısa yaraya çəksən, anında sağalarmış. O, bütün aləmi bir-birinə bağlayan kökləriylə cəhənnəmi, gövdəsiylə yer üzünü, budaqları ilə cənnəti qucaqlayan qüvvətdə bir ağac imiş. Bizim bu ağac da sərin yağışlı bir yaz gecəsində, dünyanın mərkəzi nöqtəsində, Padşahın bağında budaqlanmağa qərar veribmiş.
Padşah hər gün sübh tezdən oyanmaq üçün telefonunda saatı qurarmış ki, gedib bu həyat ağacının barından dərib yesin. Çünki gün ki dan yerini sökdü, bu ağacda niyəsə bar qalmırmış. Nə hacətsə, bu telefon da heç cür zəng çalmazmış. Padşah yuxudan günorta oyanıb ağacın barından dadmağa gedərmiş. Hər gün ağacın barından məhrum olan Padşah, kor peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda Padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi dedi:
— Çağırmışdın, papa?
Atası dedi:
— Belə də iş olar? Mən padşah ola-ola bağımdakı ağacın meyvəsinə həsrət qalam, heç ondan yeməyəm… Gəl bu telefona bax gör niyə səhərlər zəng çalmır ki, gedim bağımdakı ağacın barından yeyim.
Oğul dedi:
— Əşi, papa, söndür-yandır düzələcək də. Nə çətin iş var burada?
Oğlan atasının telefonunu söndürüb yandırır və yenidən zəngli saatı qurur. Səhəri gün olur, telefon yenə zəng çalmır. Həyat ağacının məyvələri yenə necəsə yoxa çıxır. Telefonun problemini həll edə bilməyən Padşah, bu dəfə ortancıl oğlunu öz yanına çağırıb deyir:
— Ay oğul, al bu telefona bax, gör niyə səhərlər zəng çalmır ki, ayılım öz halalca ağacımın barından yeyə bilim.
Telefonu əlinə alan ortancıl oğul bir az telefonda gəzişdikdən sonra qərar verir ki, onun bu funksiyası artıq işləmir və telefonu dəyişmək lazımdır.
Padşah, oğlu ilə gedib təptəzə «Iphone 16 Pro Max» alıb gəlirlər. Bu dəfə ortancıl oğul şübhəsiz inanır ki, telefonda heç bir problem olmayacaq.
Yenə gecədən zəngli saatı qurub yatırlar və səhər açılır. Amma bu səhər də telefonun o şirin zəngi çalınmadan açılır.
Bu xəbərləri eşitcək kiçik oğul əsəbləşir. Evin kiçik oğlu olduğu üçün bütün həyatını az qala kompüterin/telefonun önündə keçirən də Məlikməmməd olur. Buna görə də onun fikrincə atası birinci məhz onu çağırmalı idi. Əsəblərini cilovlayıb atasının hüzuruna gedir və deyir;
— Papa, ver telefonuna heç olmasa bir dəfə də mən baxım.
Atası deyir:
— Səndən böyük qardaşların telefonu düzəldəcəyik dedikləri halda heç nə edə bilmədilər. Sən indi telefonla nə edəcəksən?
Məlikməmməd əl çəkməyib atasından təvəqqe eləyir ki, ona izn versin. Atası çar-naçar izn verir. Məlikməmməd atasından telefonu qapıb tez otağına gəlir. Kompüterdə telefonun əməliyyat sisteminə qoşulub daxilindəkiləri incələməyə başlayır. Bir neçə saat sonra fərqinə varır ki, əvvəlki telefonu da yeni telefonu da kimsə hackləyərək zəngli saatın çalınmasına izn vermir.
“Bizim diyarlarda bu səviyyədə hackerlik bacaran, bu səviyyədə texnologiyaya sahib kimsə var idi görəsən?”
Məlikməmməd elə bunları fikirləşirdi, çox keçmədi ki, hackerin yerini də aşkar etməyi bacardı. Amma telefon necə hacklənmişdisə, onu yalnız hacklənən yerdən düzəltmək olardı.
Məlikməmməd sevincək atasının yanına gedib, problemin həll yolunu tapdığını söylədi və əlavə etdi:
— Ay papa, izn ver tapdığım ünvana gedib hackerin yazdığı kodu məhv edim.
Çox keçmədi, Padşah razı oldu. Məlikməmmədə bir qədər də Nvidia videocard verib o biri qardaşlarını da ona qoşdu və yola saldı.
— Quyu
Az gedib, üz gedib, dərə, təpə, düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, kimdisə özünə yetərincə güvənli və təhlükəsiz, heç kəsin tapa bilməyəcəyi bir şərait qurub. Quyunun ağzında da bir şifrə var. Üzərində də tapmaca yazılıb. Tapmacada belə yazırdı:
Həyat, Kainat və hər şeyə aid sonuncu sualın cavabı nədir?
Qardaşlar artıq başa düşür ki, quyuya daxil olmağın tək yolu bu tapmacanın cavabını tapmaqdan keçir.
Tapmacanı oxuyan ortancıl qardaş sevincək baxışları ilə qardaşlarına baxaraq deyir:
Bu qədər asan olacağını düşünmürdüm.
Onunla eyni fikirdə olan böyük qardaş əlavə edir:
— Düz deyirsən, deyəsən, təhlükəsizlik tədbirlərinə düşündüyümüz qədər diqqət ayırmayıblar.
Məlikməmməd isə heç danışmırdı. Böyük qardaş bu dəfə ona baxaraq dedi:
— Yəqin ki, cavabı sən də bilirsən…
Məlikməmməd çaşqın və özündən əmin görünməyə çalışan baxışlarla:
— Əlbətt…. Yox bilmirəm, mənə də deyin artıq. Nədən danışırsınız?
Böyük qardaş və ortancıl qardaş Məlikməmmədə baş bulayaraq cavabı şifrənin yerinə özlərindən əmin bir şəkildə qurmağa başladılar.
Amma bu dəfə gözləmədikləri bir şeylə qarşılaşdılar. Anlaya bilmirdilər. Çünki cavabı daxil edəndən sonra quyunun ağzı açılmadı və üstəlik şifrənin yazıldığı ekranda onların son 1 cəhdi qaldığı yazıldı.
Bu dəfə sevincək baxışların yerini təəccüb dolu və xəyal qırıqlığına uğramış baxışlar almışdı.
Cavab olaraq “42” ədədini yazdıqlarına baxmayaraq sistemə “42” ədədini girdikdə qapı açılmırdı.
Heç nə danışa bilməyən Məlikməmməd nəhayət ki, dilləndi.
— Cavabın 42 olduğundan əminsiz?
Böyük qardaş alçaldıcı səs tonu ilə:
— 100%! Arada kompüterdən başını qaldırıb kitab oxusan sən də bilərdin.
Məlikməmməd:
— Kompüter?- Deyib sistemin qarşısına keçdi. Ağlına nəhayət ki, məntiqli cavab gəlmişdi!
Ortancıl qardaş:
— Bax ha! Son cəhdimiz qalıb. Sonra papaşa maşınlarımızı alacaq bizdən.
Bu dəfə Məlikməmməd özündən əmin şəkildə şifrəni girməyə başladı.
— “101010”
Cavab dəyişməmişdi. Yenə də 42 idi amma bu dəfə binary (ikilik) kod sistemində.
Şifrəni girər-girməz quyudan tüstülər çıxdı və budur! Quyunun qapağı açıldı! İndi isə sıra quyuya girməkdə idi. Yenə böyük qardaş qabağa yeriyib dedi:
– Gərək məni sallayasınız.
Dedilər:
– Yaxşı.
O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamışdılar ki, bərk çığırdı:
– Yandım, yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib dedi:
– Məni quyuya sallayın, mənim ağrı tolerantım daha yüksəkdir.
Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar.
Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan səs gəldi:
– Ay yandım, çəkin!
Yenə çəkdilər.
Axırda növbə Məlikməmmədə yetişdi. Məlikməmməd qabağa yeriyib dedi:
– Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı:
– Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Aşağı enən kimi gur neon işıqları altında, uca göydələnlərin arasında, texnologiyanın və xaosun höküm sürdüyü bir diyarda özünü tapdı. Gözləri qamaşdı. Hər yerdə rəngli işıqlar və robotlar var idi. Hacker cyberpunk quyuda yaşayırmış sən demə. Burada yaşayan insanlar da inkşaf etmiş texnologiyanın kölgəsində həyatlarını yaşayan kiber məxluqlar idi.
Məlikməmməd özünü itirməyib, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var. Belindən kəndiri açıb başladı yolla getməyə. Az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içində də bir qapı var, bu qapını açdı, ayrı bir otağa girdi. Gördü bu bir ayrı otağın içində də bir qapı var, bu qapını açdı, bir ayrı otağa girdi. Onun da qapısını açdı… Belə-belə Məlikməmməd yeddinci qapını açdı, burada neon işıqlarla bəzədilmiş, hər cür avadanlıq quraşdırılmış, əsrarəngiz bir otaq var idi.
1-ci otaq, 1-ci div
Otağın içində də elə bir nazənin dayanıb ki, yemə-içmə, bu gözələ tamaşa elə. Məlum oldu ki, bu qız, gözləri, digər orqanları cyber üzvlərlə təchiz olunmuş, praktiki zəkasıyla həyatda qalmağı bacarmış bir hacker imiş. Cyberpunk dünyanın divi üçün gecələr işləyib, yüksək güvənlikli şirkətlərin sisteminə sızır və sirlərini ortaya çıxarırdı. İşlərin qızğın vaxtında da Məlikməmməd gəlmişdi.
Bu nazəninin həbs olunduğu yerdən azad ola bilməsi üçün “Malbolge” programlaşdırma dilində kod yazılmalı idi. Amma bizim qızın o kodu yazacaq təcrübəsi yox idi. Bir tərəfdən də komfort zonasından çıxmaq istəyib-istəmədiyini bilmirdi. Çünki nə də olmasa, div üçün işləyir, özünü idarə edə biləcək qədər qazanırdı. Bunları öyrəncək Məlikməmməd qızı razı salır və tez kompüterin qarşısına keçir. Həmin kodu yazmağın yollarını axtarmağa başlayır. Məlikməmməd uşaqlıqdan bu işin içində idi deyə kodlaşdırmanı ovcunun içi kimi bilirdi. Həm də onun olduğu diyarda əlində bu cür imkanlar yox idi. Ona görə də ekstra həvəslə bu işə girişmişdi.
Bir neçə saat sonra qızın da yönləndirməsiylə kodlama, deyəsən, bitmişdi. Birdən həmin anda otağın tavanından bir boşqab peyda oldu və div o boşqabdan simulasiya olunaraq otağın içinə yavaş-yavaş şüalanmağa başladı. Məlikməmmədin içinə xof düşmüşdü. Bu kodlarla divi daha da gücləndirmiş ola biləcəyini də düşünürdü ki, div birdən 40.000 CPU parçaya ayrılıb hər tərəfə səpələndi.
Məlikməmmədlə qız birlikdə çox sevinirdilər. Qız, nəhayət, komfort zonasından çıxaraq divdən xilas olmuşdu və yenidən həyata atılmağa özündə güc tapmışdı ki, Məlikməmmədə deməli olduğu bir mövzu yadına düşdü. 2-ci otaq… Ona 2-ci otağın varlığından bəhs etməyə başladı.
Amma eyni zamanda Məlikməmməd də işini hələ bitirməmişdi. Padşah onu bir iş həll etməyə göndərmişdi.O, atasının telefonunun zəngli saatının hackini qırmalı olduğunu unutmamışdı. Buna görə də Məlikməmməd kompüterin qarşısına yenidən keçib 40 gün, 40 gecə kod yazdı. Xoşbəxtlikdən 40-cı günün sonunda zəngli saat problemi də həll olmuşdu artıq!
2-ci otaq, 2-ci div
Daha sonra Məlikməmməd ikinci otağa keçir və burada da bir qız görür. Qız başında xüsusi naqillərlə birlikdə, şüşə vannada, mavi rəngdə mayenin içində, gözləri yumulu vəziyyətdə, üzü göyə baxacaq şəkildə uzadılmışdı. Amma otaqda bu vanna və qızdan başqa heç nə yox idi. Sən demə, illərdir ki, həmin qız otağa və yuxular dünyasına bu otaqdakı div tərəfindən həbs olunmuşdu. 1-ci otaqdakı qız Məlikməmmədə vəziyyəti başa salır. Məlikməmmədin isə eləməli olduğu tək şey qızın yuxusuna girib həmin yuxudan onu xilas etmək olacaqdı.
Yuxularda isə nə baş verdiyini, nə olduğunu heç kəs bilmirdi. Buna görə də tək bir şərt var idi. Qızın olduğu mayedən Məlikməmmədin gözlərinə çəkib yuxuya getmək. Məlikməmməd belə də etdi. Əlini qızın uzandığı mayeyə salıb barmaqları ilə həmin mayeni gözlərinə çəkməyə başladı. Elə həmin andaca gözləri ağırlaşdı və bu dəfə gözlərini açanda özünü qaranlıq bir meşədə tapdı.
Məlikməmməd yavaş-yavaş irəliləyərkən öz kölgələrinin onun ətrafında rəqs etdiyini hiss edirdi. Bu qədər işıq qaranlıq ikən hardan gəlirdi? Ağaclar da öz kölgələrini uzadaraq müəmmalı şəkildə insanabənzər siluetlər yaradırdılar. Əzəməti ilə tanınan ağaclar yuxular aləminin dərinliklərində görünməyən bir təhlükədən xəbər verirdi. Uzaqdan gurultu səsi eşidilirdi. Duman sanki məxluqların varlığına işarə edirdi, lakin onların nə olduğu aydın deyildi. Havada dərin səssizlik hökm sürürdü; quşlar oxumur, külək sakitcə əsirdi. Birdən hər tərəf ağardı, Məlikməmməd qışqıra, danışa bilmədi, hətta heç nə də hiss etmirdi. Nə bir qorxu, nə bir kədər, nə də hisslərin ən real olanı, ağrını belə!
Daha sonra hər tərəf qapqara rəngə büründü. Həmin an Məlikməmmədin ürəyi getdikcə ağzından çıxacaq şəkildə döyünürdü. Ürəyi boynundan keçən damarlarında o qədər sürətli döyündü ki, gicgahı da tərpəndi. Onun ağlına birdən dərindən nəfəs almaq gəldi. Dərin nəfəs almasıyla birlikdə ürəyi dayandı. Elə həmin anda da əlindən bir qız tutdu və qaçması üçün qışqırdı:
— Tez ol qaç! İndi gəlib ikimizi də o birilər kimi yeyəcək!!
Kim yeyəcək? Kimi yeyiblər? Nə baş verirdi? Məlikməmməd heç nəyi başa düşə bilmirdi. Beyni dumanlı şəkildə qaçmağa davam edirdilər. Nəhayət gizlənməyə bir dərə tapdılar.
Budur! Uzaqdan nəhəng varlıq görünürdü. Əlində də nəsə yeyirdi. Bu varlığın uzun ağ saçları və uzun qolları var idi, yaşlı adama oxşayırdı, üzündə isə çaşqın dəliliklə dolu ifadə var idi, deyəsən, insan idi. Amma bəzi üzvləri yox idi. İnsanlığını itirmişdi sanki. Yediyi də insana bənzəyirdi. Məlikməmmədin gördüyü bu tükürpədici mənzərə ona bütünlükdə Qoyanın “uşaqlarını yeyən Saturn” əsərini xatırladırdı.
Özüdür ki, var! Məlikməmməd nə baş verdiyini xatırlamasa da, gördüyü mənzərəni, əsəri yaxşı tanıyırdı. Yuxuda onlar Fransisko Qoyanın məhz “uşaqlarını yeyən Saturn” əsərinə həbs olmuşdular. Bir iqtidar mübarizəsinə görə bu qeyri-insaniliyi edib uşaqlarını yeyən adam başqasına nələr etməzdi?!
Nəhayət, bu varlıq əlindəkini yerə atır. Bununsa tək səbəbi var idi. Onun Məlikməmmədi və yanındakı qızı görməsi…
Məlikməmməd yerdən əlinə böyük bir daş götürüb qaçmağa başladı. Çünki kəhanəti tamamlamaq və Saturna daş yedizdirmək lazım idi. Onlar olduğu yerdən götürüldülər. Arxalarınca da Saturn. Çox nəhəng olduğundan Məlikməmmədi bir əli ilə qavrayıb götürdü. Məlikməmməd isə vaxt itirmədən Saturnun boğazına əlindəki nəhəng daşı atdı. Daş Saturnun boğazına keçər-keçməz yerin cazibə qüvvəsi artıq onları cəzb etmir deyə havaya qalxdılar.
Məlikməmməd ayaqlarına baxdı və gördü ki, o artıq insan deyil. Yaşıl otların içindən süzülüb torpağa qarışırdı, torpaqdan sovrulub suya döndü, o qədər azad birşeyə çevrildi ki, fiziki olaraq nəyə çevrildiyinə belə məna verə bilmirdi. Amma çevrildiyi şey şirin nəfəs kimi sərin, yağış qədər yumşaq idi. Son olaraq tutduğu həmin o şirin nəfəsi də verib yuxudan nəfəs-nəfəsə ayıldılar. 2-ci otaqdakı qız və Məlikməmməd artıq xilas olmuşdular!
Amma hələ heç nə bitməmişdi.
3-cü div, 3-cü otaq
Artıq geriyə tək otaq qalırdı. O otaqda da Məlikməmməd özünü nəyin necə gözlədiyini bilmirdi. Hər 2 qızla gəlib bu üçüncü otağın qapısını açdılar. Açar-açmaz qara rəngli bir maye və onun qurduğu krallığı ilə qarşılaşdılar. Otaqdan gələn qoxudan da bu varlığın neft olduğu bəlli idi.
Amma gördükləri neft insanlarla öz arasında emosional bağ yaradıb onları öz təsiri altına salırdı. Bu emosional bağı isə o məhz öz ikonik qoxusu vasitəsilə qururdu. Qoxu feromentləri ilə molekullarla olsa belə, insanların beyinlərinə onların burnundan sızaraq daxil olub, orada saxta xatirələr yaradırdı. Bütün bunların isə bir səbəbi var idi… Dünyanı ələ keçirmək!
Məlikməmməd və qızlar, onu uzaqdan gördülər. Neftin bir forması yox idi. O, hər xatirə üçün formadan formaya keçə bilirdi.
Şüurlu neft isə onların ömür boyu rastlaya biləcəkləri ən təhlükləli şey idi. Həm də nəzərə alsaq ki, bu şüur, neftin məhz ən ağır fraksiyası-mazutdan yaranıb…
Neftin hiyləgərcə yaratdığı bu xatirələrin saxta olduğunu necə bilə bilərdilər? Əlbəttə ki, onun insanlarla yalnız xoş xatirələrdən danışmasından. Həyat təkcə xoş xatirələrdən ibarət deyildi. Və ya kim olursa-olsun onunla bağlı xatırladıqlarımız təkcə xoş xatirələr deyil.
Amma təəssüf ki, bütün bu xoş xatirələrə aldanan bir nəfər də var idi.
Bu, 3-cü otağa həbs olmuş, insanların bildiklərini, neftin ram etmə yollarını Neftə öyrətməsi üçün istifadə olunan qız idi. O, bu qızı, vaxtilə uşaq olanda xatırladığı və gerçək olub-olmadığını bilmədiyi bir saxta xatirə ilə aldatmışdı.
Nefti isə ram etməyin tək yolu var idi! Onu emala göndərmək. Yalnız o zaman Neft şüuruna çevrilən, onu dünyanı məhv etməyə sürükləyən mazutu itirəcək və mənfi xassələrindən qurtulacaqdı. Ona görə də Neftin otağında bir şüşə qabda, onun emalı qurğusu var idi. Bunun səbəbi isə, Neftin öz emal prosesinin hər detalını öyrənib həmin emaldan xilas ola bilmək idi. 3-cü otaqdakı “Divin” canı həmin o şüşə qabdakı emal qurğusunda idi. Amma hələ ki, çox şey öyrənə bilməmişdi. Emala göndərilsə ondan xilas olub-olmayacağı sual altında idi.
Bizim həbs olunmuş qız isə hər şeydən xəbərsiz böyük ürək açıqlığı ilə yalançı xatirələrə aldanaraq neftə onun emal prosesini öyrədirdi. Həm də dünya üçün böyük problemlər yaradacağını bilməyərək.
Onun gözlərini kimsə açmalı idi. Məlikməmməd? Qız heç tanımadığı Məlikməmmədə inanacaqdı yoxsa xoş xatirələr yaşadığını “xatırladığı” Neftə?
3-cü otaqdakı qızdan fərqli olaraq nə Məlikməmməd, nə də digər otaqlardan olan qızlar nefti necə ram etməli olduqlarını bilmirdilər. Ona görə onların bu qızı və dünyanı xilas edə bilib-bilməyəcəkləri sual altında idi.
Birdən 2-ci otaqdan olan, yuxular dünyasından təzəcə xilas olmuş qız bir təkliflə dilləndi:
— Məndə bir şey var! Yuxular dünyasında günlərin birində qoca bir qarı mənə bu paxlavanı vermişdi. Bu paxlava qarının dediyinə görə, kamillik paxlavasıdır. Kim ürəyində bilmək istədiyi bir mövzunu tutsa, bu paxlavanı yeyəndən sonra həmin mövzuda ən kamil olarmış.
Qız bunları dedikdən sonra elə qərar verdilər ki, paxlavanı da qız özü yesin. 1-ci otaqdan olan qız və Məlikməmməd isə Nefti tutub o qurğuya salsınlar. Amma onlar bir-birinə söz verdilər ki, Neftin danışdığı heç bir xoş və saxta xatirəyə inanmayacaqlar.
İşə qoyuldular. Artıq beyinlərinə qoxu nüfus etməyə başlamışdı. Bu qoxunun təsirindən yaranan yalançı xatirələrin dumanlarından fərqinə varırlar ki, sən demə bu xatirələrdə qeyri-real, insanların eləmədiyi şeylər də var. Bu yalançı xatirələr, eynilə AI-in yaratdığı 6-7 barmaqlı insan vizualları, qəribə şəkildə spaghetti yeyən Will Smith videosu kimi təəssürat yaradır insan beynində.
Amma ehtiyatlı davranmalı idilər. Hər an aldana bilərdilər.
Plan belə idi:
Məlikməmməd neftin başını qatacaq, 1-ci otaqdan olan qız isə Nefti bir qaba toplayıb emal üçün olan neft emalı qurğusuna tökəcəkdi.
Məlikməmməd Neftlə üz-üzə gələn kimi, Neft qurbanının öz ayağına gəldiyi üçün xeyli sevindi və dedi:
— Ooo, dostum xoş gəlmisən! Çoxdandı yoxsan?! Son dəfə sevgilinlə soyuq qış günündə bir kafeyə girəndə çatmışdım yardımınıza, yadındadı yəqin? Çox soyuq idi xatırlayırsansa, iki fincan da Neft sifariş etdiniz. Sayəmdə içər-içməz də içiniz isinmişdi. Nə yaxşı gəlmisən, xoş gəlmisən!
Məlikməmməd bilmədi ki, Neftin içinin isitməsi üçün içməsi daha az inandırıcıdı, yoxsa sevgilisinin olması? Artıq iki saxta xatirə var idi… Ona görə də tez özünü toparlayıb, özünü inanırmış kimi göstərdi. Məlikməmmədin inandığını görən Neft, vəziyyətdən istifadə edərək ona bura gəlibsə, artıq onun da neftə borcu olduğu və onunla burda yaşamalı olduğu barədə danışmağa, hipnoz etməyə başlayırdı ki, elə həmin andaca əlindəki yığıcı aparatla 1-ci otağın qızı gəlib Nefti tez aparata sovurmağa başladı. Amma təəssüf ki, bu o qədər də rahat olmadı, otaqdakı 3-cü qız bunu kənardan görüb öz “dostu” Nefti xilas etmək üçün tez sovurma aparatının qabağını kəsdi.
Bunları görən Məlikməmməd fikirləşdi:
— Nə yaşayır bu qız? Stokholm sindiromu?
Məlikməmməd 3-cü otaqdakı qızı saxladı. Amma bir tərəfdən də qızın bu cür autistik hərəkətləri xoşuna gəlirdi.
Bunu görən neft, qoxusunu 1-ci otaqdan olan qızın burnundan molekullarla daxil edərək beyninə sızmağa və onun üçün özüylə əlaqəli xoş və saxta xatirələr qurmağa başladı.
“Yadındadı əzizim, kitabxanada mənim lampamın işığı ilə kitabları cıraraq yeyirdin?”
1-ci qız hipnoz olacaqdı ki, birdən ağlına kitabların yeyilmədiyi, oxunulduğu gəldi.
Neftin insanların dünyasından çox xəbəri yox idi və mövcud olan-olmayan hər şeyi xatirələrə sığdırırdı. Ona görə də daha bir uğursuz xatirə ilə hər şeyi məhv etmişdi. Qız isə özünü toplayıb Nefti sovurmağa davam etdi.
Nəhayət Nefti, Məlikməmməd və digər 2 qız şüşədəki “neft emalı aparatı”na doldurdular. Artıq tək edilməli olan şey neftin emalı və onun şüuru halını almış mazutun təmizlənməsi idi. Bununla isə 2-ci otaqdakı qız məşğul olacaqdı. Axı artıq o bu mövzuda kamillik paxlavası sayəsində kamillik zirvəsinə çatmışdı.
Nəhayət, 3-cü qız da xilas olur və Məlikməmmədgillə birlikdə yola qoyulurlar.
Bütün məxluqları birlikdə zərərsiz hala gətirəndən sonra Məlikməmməd və qızlar bu diyarlara düşdükləri quyunun tərkinə tərəf gəldilər. Yol boyu isə Məlikməmməd 3-cü otaqdakı qıza olub-bitənləri danışaraq söhbətləşirlər. Məlikməmməd fərqinə varır ki, qız gözəl olduğu qədər maraqlı düşüncəyə də sahibdir.
İndi isə artıq quyudan çıxmaq lazım idi. Birinci otaqdakı qız, onlara Divin cibindən 3 ədəd «şəkərbura» adlı şirniyyat oğurladığını deyir. O şirniyyatlarda bədənin şüalanması üçün beyindəki neyronları aldadan maddələr var idi. Onlar 4 nəfər idilər. Şəkərburaların sayı isə 3 idi. Məlikməmməd isə centlmen kimi davranarıb, qızlara şəkərburaları onların yeməsi və xilas olması üçün israr edir, həm də özünün quyuda qalmasını gözə alaraq.
Bunu görcək 3-cü qız Məlikməmmədə nəsə deməyə başlayır:
— Biz burdan gedəndən sonra bura iki gəmi gələcək. Onlardan biri səni yeraltı dünyaya aparacaq, digəri isə yerüstü dünyaya.
Bunlardan Kifara (musiqi aləti) formasına olan səni yeraltı dünyaya, kamança (musiqi aləti) formasında olan isə səni yerüstü dünyaya aparacaq. Sən Kamança formalı gəmiyə minib bizim yanımıza gələ bilərsən.
Məlikməmməd bunlara qulaq asandan sonra oturub gözləməyə başladı. Çox keçməmişdi ki, bu iki gəmi gəldi. Məlikməmməd Kamança formasında olan gəmiyə minməyə yaxınlaşmışdı ki, qeybdən səs gəlməyə başladı
— Hey, oğlan! Eşidirsən?
Məlikməmməd:
— Nə? Kimdir danışan?
Qeybdən gələn səs lap aydın eşidilməyə başladı:
— Nə fərqi var kimdir? Sən mənə de ki, aşiqin yolunu getməyi düşünürsən, yoxsa hekayənin davamını yazmaq istəyirsən? Bilirsən də, o gəmiyə minsən, artıq hər şey bitəcək. Dillərə dastan hekayən olmayacaq əlində.
Məlikməmməd qarşılaşdığı hadisələrin sehrinin fərqində idi. Bütün bunların bitməsini istəyirdi? Geriyə 2 yol qalırdı ya artıq öz diyarına qayıtmaq, ya da qeybdən gələn səsi dinləmək. Qeybdən gələn bu səsin dedikləri niyəsə onun beyninə batmışdı. Çox ilhamlandırmışdı onu hekayəsinin davamını yazmağa.
Məlikməmməd bir seçim elədi. Bir aşiqin yox, bir yazarın, yaradıcının seçimini. Çox düşünmədən Kamança gəminin yanından uzaqlaşıb digər — Kifara formalı olan gəmiyə mindi. Kifara gəmi onu yeraltı, qaranlıq dünyaya apardı.
Yeraltı dünyaya çatar-çatmaz onu Hades qarşıladı.
Hades:
— Bir nəfər yarımçıq qoyduğu işi tamamlamaq üçün, deməli, səni tapıb.
Məlikməmməd heç nə başa düşmədi. Hansı işi kim tamamlamalı idi? Başa düşmürdü. Ona görə də Hadesə cavab olaraq belə dedi:
— Hansı yarımçıq iş? Kimin işi? Mənə yerüstü dünyaya çıxmaq lazımdır.
Hades:
— Orfeyi deyirəm.
Məlikməmməd:
— Orfey kimdir?
Hades:
— Eh, cavan oğlan, açıb bir kitab oxusan, 2 filmə baxsan bilərdin Orfey kimdir.
İkinci dəfədir kitab oxumadığına, film izləmədiyinə görə bullinq olunan Məlikməmməd, bu kimi mövzuların, sadəcə, onun maraq dairəsində olmadığını vurğulayaraq yerüstü dünyaya çıxmaq üçün başqa yol axtarmağa gedirdi ki, Hades onu geri qaytardı və eləməli olduğu tək şeyin arxasında baxmamalı olduğunu söylədi.
Pilləkanlarla yuxarı çıxanda arxasına baxmamalı idi. Məlikməmməd bu qədər asan tapşırıqla qarşılaşacağını gözləmirdi. Pilləkanlarla çıxmağa başladı. Lakin çox keçməmişdi ki, arxasında addımlar eşitməyə başladı. Nə baş verirdi? Yerüstü dünyaya onunla birlikdə kim gəlirdi? Bəlkə, Hades ona hansısa Divi qoşub yerüstü dünyaya göndərəcəkdi? Bəlkə, bu onların sonunu gətirəcəkdi? Bəlkə, Yer kürəsini məhv edəcək bir şey idi nə idisə? Deyəsən, tapşırıq göründüyü qədər asan deyildi. Maraq, həyəcan onu boğmağa başlamışdı. Addımlardan da bunun nəyin adımmları olduğunu başa düşə bilmirdi. Nə olur olsun arxasına baxmamalı idi.
Budur! Son addımlar və onlar artıq yer üzündədirlər! Hələ də arxasına baxmağa qorxan Məlikməmməd:
— Hey, kimsən, nəsənsə gəl, keç qabağıma görüm səni!
Elə bu anda Məlikməmmədin önündə Simurq quşu və bayaq onu yeraltı dünyaya aparan Kifara formalı gəmi peyda oldu. Simurq və Kifara qucaqlaşdılar. Məlikməmmədə isə çoxlu təşəkkür edirlər. Sən demə, Kifara formalı gəmi, Orfey adlı musiqiçi, Simurq isə bir zamanlar Evridika adlı onun ilham pərisi olmuş sevgilisi olub. Min illər ayrı düşsələr də, Məlikməmməd onları qovuşdurmuşdu. Görünür ki, Kifaranın manipulasiyası işə yaramışdı.
İndi kömək etmək sırası Simurq və Kifarada idi.
Məlikməmmədə dünyanın mərkəzinə getmək lazım idi, Padşahın bağına, öz evinə. Yeni dostları ilə qovuşmağı və atasına problemi həll etdiyini deməyi səbrsizliklə gözləyirdi. Ona görə də Simurq da, Məlikməmməd də Kifara formalı gəmiyə minib gedirlər dünyanın düz mərkəzinə.
Məlikməmməd uzaqdan qaraltı görür, deyəsən, onlar həmin qızlar və qardaşları idi.
Bu anda başına bir alma düşür və gözlərini açır.
Gözlərini açanda artıq günorta olduğunu, əlindən isə çoxlu qan axdığını görür.
Deyəsən, o, divi gözləyəndə əlini çox dərin kəsmişdi…