Dəyməz heç
Bir əsər bitməmiş, düzüldü nöqtə,
Çalışmağa-vuruşmağa dəyməz heç.
Fələyin işinə, yazılan bəxtə,
Daha gecdir, qarışmağa dəyməz heç…
Heçnəymiş həyatda sevgisiz ad-san,
Elə bil, özünü yandıran odsan.
O, sənə özgədir, sən ona yadsan,
Qismətinlə, yarışmağa dəyməz heç.
Bəs eylər buludtək boşalmaq-dolmaq,
Acı xəyalların qeydinə qalmaq.
Bu sənsiz illərlə nə düşmən olmaq,
Nə dost olub, barışmağa dəyməz heç.
Sevgisiz bir ömür hədərdir, hədər,
Dumantək başından çəkilməz kədər,
Kim necə yaşadı, bu günə qədər?
Xəbər alıb, soruşmağa dəyməz heç.
Məhərrəm, yolçusu oldun düz yolun,
İndi yorğunusan sanki yüz yolun.
Onun sənsiz yolu, sənin öz yolun,
İnnən belə görüşməyə dəyməz heç…
Yüz il gözləyərdim
Sənsiz, hər nemətdən könlüm — gözüm tox,
Daha fərq qoymuram bala, zəhərə!
Sənsiz fəsillər də çox dəyişib, çox,
Axşam yağan qar da, qalmır səhərə…
Sənli yuxuları necə yozmayım?
Yuxuma gələndə gəlib, susursan…
Bəzən düşünürəm: yazım, yazmayım?
Sənə yazdığımı bilib, susursan.
Zülmət gecələri yola salsam da,
Saralmış şəklinə baxıb, hər axşam
Min sual önündə aciz qalsam da,
Sənin yoxluğunla barışmamışam!
Hər gün yadlaşırıq! Yad var, qohum var,
Eşidən nə deyər, bilən nə deyər!
Ümidlərlə dolu bir sabahım var-
Yamanca qorxuram, qəlbinə dəyər.
Yel kimi ötsə də hər ayım, ilim,
Mən ki yaşamadım yaş yığmaq üçün!
Yüz il gözləməyə razıyam, gülüm,
Bircə gün, səninlə yaşamaq üçün!..
Sənsizliklə barışmıram
Fələk qoydu gözlərimi,
Bu yollarda qala — qala
Əvəzində verdi qəmi,
Səni məndən ala — ala.
Səndən mənə nə qalacaq —
Gecikmiş məktublar, ancaq!
Biçsən, sevincim bir qucaq,
Yığsan, dərdim tala — tala.
Qışa bənzər sənsiz bahar,
Ayrılıqdan zülüm nə var?
Bir vaxt getdiyimiz yollar,
Çuxur — çuxur, çala — çala…
Hey səbrimə “döz!” — demişəm,
Ümid itib — gözləmişəm,
Ağrıları gizləmişəm,
Ürəyimə sala — sala.
Məhərrəməm, aram — aram,
Sızıldayır köhnə yaram!
Sənsizliklə barışmıram,
Ya qismət! Nə ola, ola!..