MÜBARİZ HÜSEYN — Düzmü sandın sən özünü, a dünya (şeirlər)

Ədəbiyyat

Mübariz Hüseyn müasir Azərbaycan ədəbiyyatının məhsuldar şairlərindən biridir. Şairin son ayda qələmindən süzülərək poeziyaya çevrilən əsərlərindən bir neçəsini hüzurunuza çıxardırıq. Gözəl bənzətmələri, ibarəli ifadələri ilə könül oxşayan nümunələr rəvandır, axıcıdır, dildə nəğmə kimi səslənir. Buyurun, sevə-sevə oxuyun.

 

SULAR BELƏ DƏNİZİNƏ QAYIDIR

 

Bahar gəlir, qara torpaq oyanıb,

Qışa deyir, yır-yığış et əlin çək.

Çəmənliklər əlvan rəngə boyanıb,

Təbiətin gülüşüdür gül-çiçək.

 

Qara deyil — qarı gördük ağ, bəyaz

Ey ad verən! Nədən qoydun bu adı?

Qışda mehi adlandlrdıq biz ayaz

Könül açıb, yazda bizi qınadı.

 

Qəmli sükut sədd, bəndini yıxaraq

Canlı aləm, pərvaz edib göz açır.

İntizarın zülmətindən çıxaraq

Məhəbbət də ürəklərə nur saçır.

 

Yurda dönür, kim ayrılıb elindən,

Bahar çağı qovuşanlar ayıdır.

Donub qalan dağda, soyuq əlindən

Sular belə dənizinə qayıdır.

 

DÜZMÜ SANDIN, SƏN ÖZÜNÜ, A DÜNYA

 

Zülmət getdi, gəlmədi xoş sabahı

Söylə nəydi, bəxtsiz canlar günahı?

Görməməkçün ərşə çıxan dərd, ahı

Nədən yumdun, aç gözünü, a dünya?

Düzmü sandın sən özünü, a dünya?

 

Gedənləri yarı yolda əylədin,

Yaxşılığa doğru kimə neylədin?

Gizli — gizli qəlblərə bəxş eylədin

Qəm, kədərin hər üzünü, a dünya,

Düzmü sandın sən özünü, a dünya?

 

Xoş arzular ümid ilə çağlayır,

Coşan qəsdin sinələri dağlayır.

Qara duman gözlərimi bağlayır

Görmək olmur yol, izini, a dünya?

Düzmü sandın sən özünü, a dünya?

 

Dəyişməyən qanunları, yox sanma,

Ey Mübariz, qərar budur usanma.

Saxladığın sirrin gizli müəmma

Bəyan eylə aç sözünü, a dünya?

Düzmü sandın sən özünü, a dünya?

 

CAN GEDƏNDƏ

 

Hər səhv işin alında bir izi var,

Haqq tələsər günahları yumağa.

Saf olaydı ömrümüzdə namus, ar

Dönməyəydi bəxtdə qara yamağa.

 

Qüruruna, sən ey ləkə düşən kəs!

İllər boyu təmizləmək çətindi.

Səddi varmı, əgər elə çıxsa səs?

Adı hər an qoruyanlar mətindi.

 

Gələn anın özündən də bac alar,

Düşüncəylə ömrü yola salanlar.

El içində ad çıxarıb ucalar

Şücaəti mərd ürəkdən alanlar.

 

Ey Mübariz, bir vaxt ömür solacaq,

Qəfil gedən uçur, yolda sürünmür.

Hər xoş əməl, bil, əbədi qalacaq

Düşünmə ki, can gedəndə görünmür.

 

BU GEDİŞ

 

Sadiqdir sandığım, vurduğu zərbə,

Sağalmaz yaraya aparır məni.

Sözgüləşdirənlə girmirəm hərbə,

Taleyim oraya aparır məni.

 

Namərdin atdığı oxdan qaçıram.

Qəlbində qüruru yoxdan qaçıram.

İkiüzlülərdən çoxdan qaçıram

Bu gediş haraya aparır məni?

 

Vüsal barı verər sevinc əkdiyi,

Özgənin qəmidir mərdin çəkdiyi.

Bəlkə də insanlıq qurub tikdiyi

Möhtəşəm saraya aparır məni.

 

Əməli salehdir başa tac olan.

Mübariz, comərd ol, gəzsin ac olan.

Bəlkə də yardıma ehtiyac olan

Bir bəxti qaraya aparır məni.

 

DEYİL

 

Ayağa ilişib yer dəyişən daş,

Kökü yerdə bitən qayadan deyil.

Aldanıb namərdə desən də sirdaş,

Ah-zarın, hissini oyadan deyil.

 

Ona yol göstərən fikri, ağılsa

Mərd oğul cəm eylər yurdu dağılsa.

Əgər ətrafına çor-çöp yığılsa

Bil ki, yel gətirib, tayadan deyil.

 

Ağbirçək eşidib, ahılı dinlər

İnsanlıq saldığı yolla gedənlər.

Yurdundan gen qaçıb fərar edənlər

Güzarı xoş olsa qayıdan deyil.

 

Mübariz, qəlbinə biri sancsa ox,

Şərəf gəzmə onda, gördün qürur yox.

Kökünü düşünüb məhəl qoyma çox

O, süni yaranıb mayadan deyil.

 

GÖRÜNÜR

 

Becərən kimsənin, əməyi əlbət,

Məhsulu bol olan tağdan görünür.

Bülbülü özünə çəkən məhəbbət

Gülzara bənzəyən bağdan görünür.

 

Yanaqları lalə dağlar göyçəyi,

Bizə əyan edir doğru, gerçəyi.

Yamacların əlvan gülü, çiçəyi,

Nehrə çalxalayan yağdan görünür.

 

Ağrı bəxş eyləyər, məyus baxmağı,

Kədər adət edib canlar yıxmağı.

Günəşin zülmətdən üzə çıxmağı

Qaməti vüqarlı dağdan görünür.

 

Qəlbindən kədəri silən təbəssüm,

Yarın simasında gülən təbəssüm,

Mübariz, üzünə gələn təbəssüm

Sevdaya düşdüyün çağdan görünür.

 

MƏNİ ÇOX ÇƏKİRSƏN SINAĞA, DÜNYA.

 

Sahilsiz ümmana düşüb üzürəm,

Ürəkdə acınlar səfi düzürım.

Bircə ömür verdin, çətin dözürəm,

Hökmün qoymur məhəl, qınağa dünya,

Məni çox çəkirsən sınağa dünya.

 

Göz açan gözünü, bağladıb gedir,

Ağlayıb gələnlər, ağladıb gedir.

Hər köçən, sinələr dağladıb gedir,

Dönürəm evimdə qonağa dünya,

Məni çox çəkirsən sınağa dünya.

 

Zamanın dərd yükü qədd, qamət əyir,

Görünməz qəm oxu sinəyə dəyir.

Mövsüm yağışına hamı nur deyir

İstədin, aramsız yaş yağa dünya,

Məni çox çəkirsən sınağa dünya.

 

Mübariz, taleyin yorğun görünür,

Necə süst düşməsin, can ki, sürünür?

Gələn sevinclərim soldan görünür

Yolumu salırsan sən sağa dünya

Məni çox çəkirsən sınağa dünya.

Nədən, çox çəkirsən sınağa dünya?

 

TƏBƏSSÜMÜN BİR ANI

 

Talem idi, qeyb olanın naçarı,

Soraq edib gəzdim diyar, ölkədə.

Sevda adlı çarəsiz dərd açarı,

O gözlərin içindədir bəlkə də.

 

Səbr edənə bağlı bəxt də açılır,

Sevinc üçün sevgi necə özəlmiş.

Rəvan etdim hardan şəfəq saçılır,

O bərq edən axtardığım gözəlmiş.

 

Seyr edirdi çəmənzarda o göyçək,

Seçilmirdi təbiətin gülündən.

Əyildim ki, ona dərim tər çiçək —

Bilməyərək yapışmışam əlindən.

 

Dedim: — Ey yar, üzülməsin, sev — gedən,

Dedi: — Qəlbim yaşamağa yerindi.

İllər boyu xəyal verən sevgidən

Təbəssümün bircə anı şirindi.