İdi suda
Molladan soruşurlar:
— Molla, rus dilində bilirsən?
Molla cavab verir:
— Bəli.
— Rusca «bura gəl», necə deyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necə deyirlər?
Molla gülüb, deyir:
— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».
***
Əncir nübarı
Mollanın həyətində bir əncir ağacı var imiş. Günlərin birində ağac çox gözəl bar verir. Molla fikirləşir ki, əncirdən padşaha nübar aparsın.
Səhər tezdən qalxır, əncirdən bir qab dərib, kamal-səliqə ilə padşaha aparır.
Fərraşlar Mollanı içəri buraxmırlar. Ənciri özləri alıb aparırlar.
Molla sarayın qarşısında əyləşib gözləməkdə olsun, bu tərəfdən də bir dəstə fərraş bir neçə dustaq gətirir. Qapıda dustaqları təhvil verəndə görür ki, biri əskikdir. Demə, fərraşların kahallığından yolda dustaqların biri əkilibmiş. Üzlərinə söz gəlməsin deyə fərraşlar qapıda oturmuş Mollanı da tutub dustaq adına təhvil verirlər. Yazıq Molla nə qədər qışqırır, yalvarırsa bir şey çıxmır. Kişini döy-sındır aparıb qatırlar zindana. Əncirin mükafatı zindan olur.
Günlər keçir, həftələr dolanır, aylar başa çatır. Molla qalır zindanda. Günlərin birində, necə olursa, Teymur Ləng zindana gəlir. Mollanın nə üçün tutulmuş olduğunu soruşur. Molla əhvalatı danışır. Teymur əmr eləyir ki, Mollanı azad eləsinlər. Sonra soruşur:
-Sənin əncirin də mənim xoşuma gəlmişdi. De görüm məndən nə istəyirsən?
Molla deyir:
– Qibleyi- aləm mən o əncir üçün sizdən o qədər görmüşəm ki, daha başqa mükafat istəməyə üzüm gəlmir. Xahiş eləyirəm, əmr eləyəsiniz mənə bircə dənə iti balta versinlər.
Teymur soruşur:
– Baltanı nə eləyirsən?
Molla deyir:
Heç zad. Əlimdən bircə bu gəlir ki, o əncir ağacını dibindən kəsim.
***
Dalı bundan da pis gələcək
Molla Nəsrəddinin Teymur Lənglə birinci görüşünü müxtəlif şəkillərdə danışırlar. Bunlardan biri də belədir:
Teymur Mollanın haqqında çox eşidibmiş. Özünün ondan daha ağıllı, daha hazırcavab olduğunu öz əyanlarına göstərmək üçün bir gün Mollanı yanına çağırtdırır.
Mollanı saraya gətirirlər. Teymur qəsdən onu uzun müddət qapıda gğzlətdikdən sonra qəbul edir.
Molla da Teymuru hələ heç görməmiş imiş. Onun çolaq olduğunu da bilmirmiş. İçəriyə girib görür ki, Teymur bir qıçını da qabağa uzadıb oturub. O da gəlib Teymurun qabağında əyləşir, bir qıçını da onun kimi qabağa uzadır. Mollanın bu hərəkəti Teymura yaman toxunur. Elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. Fikrində tutur ki, Mollanı təhqir eləsin. Bir az ordan-burdan danışandan sonra deyir:
– Mən sənin haqqında çox eşitmişəm. Elə bilirdim ki, sən doğrudan da ağıllı bir adamsan. amma səhərdən söhbət eləyə-eləyə ha fikir verirəm, tapa bilmirəm ki, məsələn uzunqulaq bir eşşəklə sənin aranda nə təfavüt var?
Molla heç özünü pozamadan deyir:
– Siz haqlısınız, qibleyi- aləm. Bu saat doğrudan da uzunqulaq bir eşşəklə mənim aramda çox böyük məsafə yoxdur.
Sonra Teymurla öz arasındakı məsafəni göstərib əlavə eləyir:
– Olsa-olsa, bu saat eşşəklə mənim aramda ikicə arşınlıq bir məsafə var.
Teymur qıpqırmızı qızarır. Ancaq heç bir söz deyə bilmir. Əmr eləyir xörək gətirirlər. Bir az yedikdən sonra Teymur ağzını Mollanın lap burnunun qabağında tutub bərkdən gəyirir. Molla başını qaldırıb, Teymurun bu ədəbsizliyinə heyran-heyran baxır. Teymur sevinir ki, Mollanı üstələyib. Tez deyir:
– Nuşcan de, Molla! Bizim yerlərdə gəyirmək doymaq əlamətidir.
Molla ona “nuşcan” deyir, sonra ağzını xörəklə doldurub, qəsdən Teymurun üzünə bərkdən səbr gətirir. Teymurun üz-gözü tüpürcək altında qalır. Qəzəblə qalxır ayağa ki:
– Sən nə ədəbsiz adamsan!
Molla əhvalını pozmadan deyir:
– “Allaha şükür” de, qibleyi- aləm! Bizim yerlərdə səbr gətirəndə qulaq asanlar “Allaha şükür” deyərlər. Əgər sən də Allahına şükür eləməsən, dalı bundan da pis gələcək.
***
Xurcun
Bir gün, bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.
***
Qazı evdədir
Şəhər qazısının Molladan çox acığı gəlirdi. Bir gün bir məsələdən ötrü Molla qazının yanına getməyə məcbur olur. evinin qabağına çatanda qazının pəncərədən baxıb çəkildiyini görür. Molla qapını döyür. Qazının nökəri qapıya gəlib, xəbər alır:
– Kimi istəyirsən?
Molla deyir:
– Qazını görəcəyəm.
Nökər deyir:
– Ağam evdə yoxdur, bazara gedib.
Molla deyir:
– Qayıdanda ağana deyinən ki, bazara gedəndə bir də başını yadından çıxarıb pəncərədə qoymasın. yoxsa xalq elə bilər ki, evdədir.