Hacı Ağa oğlu Mirzə Əli Möcüz 29 mart 1873-cü ildə Güney Azərbaycanın Şəbistər (Şəbüstər) şəhərində dünyaya göz açmış – 25 sentyabr 1934-cü ildə Xorasan bölgəsinin Şahrud şəhərində vəfat etmişdir.
Sizə mən neynəmişəm
Başıma zülf qoyub saqqalı qırxdırmamışam
Xalqdan rüşvət alıb kisəmi doldurmamışam
Cəddizin vəqf suyun mülkümə açdırmamışam
Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?…
Küfrümə hükm elədiz hansı günahilə mənim?
Cürmümü sabit edin bircə guvahilə mənim
Nə talaq ilə işim var, nə nikahilə mənim
Qızızı hazır edib məclisə dindirməmişəm
Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?…
Mən filan kəs deyiləm siğəmə irad edəsən
Get, kəbin kəsmə diyə, üstümə fəryad edəsən
Yıxasan xalqın evin öz evin abad edəsən
Mən hələ heç kəsin qəlbini sındırmamışam
Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?…
Ay əmi, çək qılıcın eylə mürəbbayə hücum
Şirbirincə, xamaya həm qara dolmaya hücum
Bicəhət eyləmə çox Möcüz-i şeydayə hücum
Mən məyər ildə beş-on yol sizi güldürməmişəm
Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?
AXTARIR
Dilbəra! Bu rind genə bir yağlı qurban axtarır,
Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır.
Vaizə ərz eyləyim bihudə zəhmət çəkməsin,
Çoxdu meydani-səxavət, gər müsəlman axtarır.
Bu pərişan qız mühübbü şahi-mərdandır, əmu,
İrzü namusu eşikdə, bir tikə nan axtarır.
Bilmirəm sirri nədir Parisə getmir bu məriz,
Dərdinə gəh Xamnədə, gəh Sisdə dərman axtarır.
Binəvanın gözlərin mili-təəssüb kur edib
Mətləül-şəms cəhldə abi-heyvan axtarır.
Aləmi pürnur edib nuri-qəmər, yəlləl-əcəb,
Nuri şəm ilə bu nadan mahi-taban axtarır.
Qoy yerə səccadəni, al başuvi, bir yana qaç,
Kafər əldə qanlı xəncər əhli-Quran axtarır.
Pirəzənlər karidir təsbih ilə cəng eyləmək,
Al ələ dəhtiri, düşmən mərdi-meydan axtarır.
«Lovhəşəllah», «maşəallah», «afərin», «səd afərin!»-
Şiənin qarnın doyurmur; musyo Vartan axtarır.
Mülhüdün dəhr ilə yoxdur kari ki, qanın tökə,
Xalisən-muxlis mühübbü şahi-mərdan axtarır.