MALASEF…TƏƏSSÜF…
Xaçpərəstlər dərs oxuyub, əyirplan düzəltdilər,
Həcpərəstlər tərs oxuyub, əyri plan düzəltdilər.
Qərbli Albert daş qaldıran sivil kran icad etdi,
Şərqli Mamednən Abdulla bizə palan düzəltdilər.
Yaponiyada Sinq Qunk dayı robotları evləndirdi,
Sabirabadlı qardaşlar da ələm-yalan düzəltdilər.
Norveçlilər cocuğların elmə kamil etmədəykən,
Nardaranda cocuğlardan namaz qılan düzəltdilər.
Alman xalqı ədiblərin qollarında gəzdirdilər,
Şamaxıda ədiblərçün əqrəb-ilan düzəltdilər.
Moskvada torpaq üstən Qaqarin də göyə qalxdı,
Ərəblər də torpaq altda Cənnət-filan düzəltdilər.
Avropalı hər ağacı insan bilib hizmət yapdı,
İranlılar dar ağacın əcəb kalan düzəltdilər.
Şotland Uilyam əsarətdən çıxmaq üçün bərk kişnədi,
Türkiyədə kişnərtili Reyis-Qulan düzəltdilər…
EY QANLI FƏLƏK
Salam verdi, əleyk aldı,
Baxıb gördüm hələ kaldı.
Ələnməkçün ələk aldı,
Ömrü boyu ələnmədi.
Təsbeh keçirtdi qoluna,
Xurcun yüklədi dalına.
Zəvvarlandı həcc yoluna,
Haqq yoluna gələmmədi.
Allahı axtardı guya,
Gözlərin dikdi uzaya,
Bədbəxt oğlu bu dünyaya,
Neyçün gəlib, biləmmədi.
Məzluma dodaq büzürdü,
Zülmə dinməyib dözürdü.
Cahil kimi ömür sürdü,
Adam kimi öləmmədi…
PAXIL SEVGİLİM…
Öldürdü nazların, sən Tanrı bəsdir,
Ay canım, cilvədən nə bollaşmısan!
Qədəmin yavaşdı, bir az tələsdir,
Dünəndən mənimlə sağollaşmısan.
Tutduğum budağın açdı yarpağı,
Görüb gəlişimi güldü nar bağı.
Şəklinlə danışdım bu axşam çağı,
Sanki əfsanə tək nağıllaşmısan.
Kənardan qımışıb dərdimə baxdın,
Tacın məndə qalıb, hazırdı taxtın.
Var idi bir zaman divanə vaxtın,
Çox heyf zəndimə ağıllaşmısan.
Mirzə naşı olmaz eşqin dərsinə,
Şahidlik eyləsin o ləb, tər sinə.
Yüz busə verərdin şair mərcinə,
İndi bir busəyə paxıllaşmısan…
ÇƏTİN
Çörəyim daşdan çıxır, daşı da qaldırmaq çətin,
Eybi yox daş yeyərəm, cahili qandırmaq çətin.
Millətimçün yanaram, bir canım var alovlansın,
Bir çörək xatirinə milləti yandırmaq çətin.
Deyirlər nəynə gərək, kimlər qandı, kimlər yandı,
Bacarmam arkadaşım, yanandan yan durmaq çətin.
Öz əyrimi yonmaq üçün, özüm zəhmət çəkməliyəm,
Əyrilərim məndən küsər, özgəyə yondurmaq çətin.
Yaxşılarım, yamanlarım imzalanmış dəftərdədi,
Nə zamansa aşkarlanar, tarixi dondurmaq çətin.
Qərib Mirzə, mənəviyyat aclarıyla çox uğraşma,
Ölüncə acgöz qalacaq, acgözü doydurmaq çətin…
VERƏMMƏDİM
Kasıbın evində isti qazançun,
Bir qaynar od nədi, kül verəmmədim.
Xəsis varlıların alıb qazancın,
Yoxsula bir qəpik pul verəmmədim.
Dağların döşündən müftə gül dərdim,
Ahh, sevilən vaxtı nə bəxtəvərdim.
Sevdiyim dilbərə könlümü verdim,
Amma pulla alıb gül verəmmədim…
QALSIN ANDIRA
Elə qaynaram ki, yanmağım gəlir,
İsti bir söz lazım məni yandıra.
Boğulub qalmışam tüstüm yuksəlir,
Bir kibrit atın ki, alovlandıra…
Dəfn edin yeddi qat, onsuz da ölməm,
Qorxmayın, qayıdıb bir daha gəlməm.
Qandıra bilmədi qanmazı kəlməm,
Bəlkə yanıb gedəm, külüm qandıra.
Tamahım qalıbdı əcəl köçündə,
Bezdim yaşamaqdan tonqal içində
Diriykən kəfəni kəsin, biçin də,
Deyim mubarəkdi, qalsın andıra…
MƏN FAĞIR
Bülbül bağda saçın yolub,
Yolanda nolacağdı ki?
Gül gətirdim, dedin solub,
Solanda nolacağdı ki?
Qurtarmadın qınağından,
Bu qısqanclıq sınağından.
Bir cüt öpüş yanağından,
Alanda nolacağdı ki!
Gecə vaxtı qədəh düzdün,
İçəcəkdim dodaq büzdün,
Bir qurtumluq şərab süzdün,
Dolanda nolacağdı ki!
Gir qoynuma de tapmaca,
Qıfılbəndin Mirzə aça.
Üç gecəlik yanımdaca,
Qalanda nolacağdı ki…
MƏN
Hərdən öz ömrümə gülməyim gəlir,
Guya ki, insanam yaşayıram mən.
Ömrümə güldükcə ölməyim gəlir,
Heyf insan adın daşıyıram mən .
Arzumu tapdılar qar sularından,
Əriyib getmişdi arzularımdan.
Niyyətim üsyandır, arzularım qan,
Qan çıxmayan yeri qaşıyıram mən.
Cəhalət artdıqca gözüm yaş gəzir,
Bir dinim var idi, o da baş kəsir.
Qarşıda məzlumun yolun daş kəsir,
Daş qəlblilər qoymur, daşı yaram mən.
Allah bəndə borcun sayır ovcuna,
Özü də boylanmır bəndə borcuna.
Allahın borcunu yığın xurcuna,
Dərviş tək çiynimdə daşıyaram mən.
AY FANİ DÜNYA
Doğulanda ağzın yemək arayar,
Ana südü yaşatmaqçun yarayar.
Süd verdikcə saçlarını darayar,
Heç bilməzsən dünya şirin ya acı,
O vaxt sənə nə qardaş var, nə bacı.
Bir yaşında atanı da tanırsan,
Çünki o vaxt atan üçün Tanrısan.
Beş yaşında yavaş-yavaş qanırsan,
Burun nədi, ağız nədi, göz nədi,
İşığ nədi, ocağ nədi, köz nədi.
On yaşında həyat ilə sən anlaş,
Elm adlanan kitablara yaxınlaş,
Amaan, aman din adından uzaqlaş.
Cəhalətsiz ömür gözəl, gün gözəl,
Ondan sonra yol düzələr, sən düzəl.
On beşində yeyilməkçün bəhərlən,
İyirmidə şahə qalxıb kəhərlən.
Otuzunda övlad üçün yəhərlən,
Görəcəksən belindəki qulandı,
O qulan da beldən gələn balandı.
Qırxı keçdin, belin yağır olacaq,
Əlli yaşda yükün ağır olacaq.
Altımışda adın fağır olacaq,
Fələk səni dörd tərəfdən eşəcək,
Belindəki minənlər də düşəcək.
Yetmişində arzuların çoxalar,
Səksənində o arzular yox olar.
Doxsanında əcəl səni yaxalar,
İnsan oğlu öz ömrünün sınağı,
Bu dünyanın qonağısan, qonağı…