MİR CƏFƏR BAĞIROV kim olub – həqiqət axtarışı

Tarix

Beydemir.ru saytı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “MİR CƏFƏR BAĞIROV — SİYASİ PORTRET” adlı əsərini hissə-hissə yerləşdirməyi qərara alıb.  Qeyd edək ki, yaşadığı dövrü kimi, özü də – yaşayış tərzi, fəaliyyəti çox mübahisəli olan  Mir Cəfər Bağırov barədə yazılmış bu araşdırmanı  Vətəndən uzaqlarda yaşayan və tariximizlə həmişə maraqlanan soydaşlarımızın arzularına əsasən yerləşdiririk. Beydemir.ru SİZİNLƏDİR, əziz mühacir qardaş və bacılar!

Müəllif barədə: Adıgözəl Məmmədov Azərbaycan Dövlət  Tibb Universitetində təhsil alıb. Ehtiyatda olan zabitdir. Adıgözəl Məmmədov bir neçə əsərin müəllifidir: “Siyasi liderlərin psixoloji portretləri”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Chas «iks» perevorota : M.D. Bagirova i L.P. Berii”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Qəddafinin psixoloji portreti”, “Baş tutmamış çevriliş”, “Qafqaz  rəhbərlərinin psixoloji portreti”, “Slav-Türk-Ari birliyinin geostrateji imperativləri”

 

MİR CƏFƏR MİR ABBAS OĞLU BAĞIROV.

…   M.C.Bağırov 17 sentyabr 1896-cı ildə Quba qəzasında anadan olmuşdur. Atası Mirabbas kasıb həyat tərzi sürmüş, anası Yaxşıxanım zadəgan nəslindən olmuşdur. (Bunu arxivdəki sənəddə görmək olar: F1; S. 122. iş 107, səh.13) M.C.Bağırovun ata tərəfdən babası Dərbənddəndir…

M.C.Bağırov 12 yaşına qədər müsəlman ruhani məktəbində təhsil alır. O, bu məktəbdə dini qanunlar, fars ədəbiyyatı, Nizami və Füzulinin yaradıcılığı ilə yaxından tanış olur. 1907-ci ildə valideynləri onu dünyəvi elmlər tədris olunan Quba orta məktəbinə göndərir. Oranı bitirdikdən sonra, 1913-cü ildə Quba orta-ali məktəbində təhsilini davam etdirir. Ailəsinin maddi imkansızlığı ucbatından təhsilini yarımçıq qoymaq təhlükəsi yaranır. Mir Cəfərin istedadını görən müəllim heyəti tədris ocağının vəsaiti hesabına onu Petrovskidə (Mahacqala) pedoqoji təhsilini davam etdirməsinə kömək göstərirlər.

1915-ci il fevralın 10-da Mir Cəfər Bağırov Petrovskidə təhsilini başa vurur və Quba qəzasının Xudat stansiyasında yeni açılmış ibtidai məktəbə direktor təyin olunur. Burada yeni məktəbi formalaşdırandan sonra Quba qəzasının, ləzgilərin daha çox yaşadığı Nəcəfkənd məktəbinə göndərilir. M.C.Bağırov ləzgi dilini gözəl bildiyindən tezliklə burada yerli kənd uşaqlarını təhsilə cəlb edir. Artıq burada onun siyasi məsələlərlə, o cümlədən, sosialist təşkilatları və onların proqramları ilə ilkin tanışlığı başlayır. 1916-cı ilin payızında onu Quba qəzasının ikiillik Yəhudi ibtidai məktəbinə keçirirlər. Bu andan Mir Cəfər Bağırovun həyatının keşməkeşli dövrü başlayır. Rusiyada 1917-ci il fevral inqilabından sonra onun namizədliyi Qubadakı Penza drujinasının əsgərləri tərəfindən Quba qəzasının İcraiyyə Komitəsinə irəli sürülür və o seçilir. İcraiyyə Komitəsində fəaliyyəti zamanı o dövrün siyasi palitrasını özündə əks etdirən qüvvələrlə ilk dəfə tanış olur (F 1. S. № 405 iş 107).

M.C.Bağırov rus dilini gözəl bilirdi və qabiliyyəti, fitri istedadı ilə yaşıdlarından fərqlənirdi. Fəhmi, diribaşlığı ilə siyasi hadisələrdən düzgün bəhrələnən M.C.Bağırov tezliklə Quba qəzasının sayılıb-seçilən şəxslərindən biri olan Əli bəy Zizikskinin diqqətini özünə cəlb edir…

M.C.Bağırov 1917-ci ilin mart ayında Ə.Zizikski ilə əlaqəyə girərək, Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr formalaşdırır. Bizə təqdim olunan tərcümeyi-halda isə bu dövrdə Bağırovun “Uçağan” dəstəsi yaratdığı göstərilir. Guya M.C.Bağırov Ə.Zizikskinin dağıtdığı rus və yəhudi kəndlərinin gənclərindən ibarət “Uçağan” silahlı dəstəsini yaradır və bu gənclərin əksəriyyəti fevral inqilabından sonra rus-alman cəbhə xəttindən geri qayıdan əsgərlərdən ibarət olub. Tərcümeyi-halda guya M.C.Bağırovun dilindən belə yazılır: “Uçağan dəstəsinin üzvləri Quba bəyləri tərəfindən evləri dağıdılmış yəhudi, rus və keçmiş cinayətkar müsəlmanlardan təşkil olunmuşdu”. Özünüzə sual verin: Mir Cəfər o qədər sadəlövh idimi ki, cinayətkarlardan cəmlənmiş bir dəstəyə rəhbərlik etdiyini tərcümeyi-halında qeyd etsin? Sözsüz ki, bu, cəfəngiyyatdır! Düzdür, tərcümeyi-halda o da göstərilir ki, bu dəstə bəylərə, mülkədarlara qarşı mübarizə aparırdı. Ancaq 1956-cı idə M.C.

Bağırov məhkəmədə qeyd edir ki, düzdür, mənim rəhbərlik etdiyim silahlı dəstə var idi, amma bu dəstə soyğunçuluqla məşğul olmayıb, hətta bəylərə qarşı da vuruşmayıb (“M.C.Bağırovun məhkəməsi” kitabından).

Əslində isə 1918-ci ilin qanlı mart hadisələri zamanı erməni Hamazapsın Azərbaycanın şimalına doğru hərəkət edən quldur dəstələrindən yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qruplarına Ə.Zizikski və M.C.Bağırov başçılıq edirdi.

Tərcümeyi-halda qeyd olunur ki, M.C.Bağırov satqınlıq nəticəsində Ə.Zizikskinin əlinə keçir və Əbu-Səttar adlı şəxsin vasitəsilə əsirlikdən qaçır. Əslində mülkədar Əli bəy Zizikskinin başçılıq etdiyi, M.C.Bağırovun da daxil olduğu silahlı dəstənin 1918-ci ildə Milli Hökumət qurulana qədər Daşnaksütunun liderlərindən olan Hamazapsın müsəlmanlara qarşı törətdiyi soyqırımın qarşısını almaqda böyük xidmətləri olmuşdur.

Artıq mart ayında daşnakların Şamaxıda törətdiyi qırğının qarşısını almaq üçün Əli bəy Zizikski silahlı dəstəsini Şamaxıya istiqamətləndirir. Qubada kiçik bir dəstə ilə M.C.Bağırov qalır. Bax elə bu tarixdən Mir Cəfər Bağırovun bolşeviklərlə açıq əlaqəsi başlayır. Ola bilsin ki, bu addım düşünülmüş şəkildə, Əli bəylə razılaşdırılıb atılmışdı. Çünki o, Qırmızı Ordunun Bakıdakı nümayəndəsi Georgi Strua ilə əlaqəyə girərək, Quba qəzasında onlara qarşı çıxacaq qüvvə olmadığını və hakimiyyətin M.C.Bağırovun timsalında bolşeviklərə meylli şəxslərin əlində cəmləşdiyini bildirir. Bu addımla M.C.Bağırov Qırmızı Ordunu Qubaya dəvət etmək, Şamaxıdan Qubaya istiqamət almış Hamazapsın dəstəsinin törədə biləcəyi qırğınların qarşısını almaq istəyirdi. Bununla da bolşeviklərin Hamazapsla birləşməsinin qarşısı alınırdı.

Bu danışıqlardan sonra Qubada İnqilab Komissarlığının rəhbəri Gelovani təyin edilir. Gelovaninin gəlişindən bir müddət sonra, 1918-ci il mayın 1-də Bakıdan Notovas Oqanesovun başçılığı ilə silahlı drujina Qubaya gəlir. Bu ərəfədə Əli bəy Zizikskinin və Hacınskinin silahlı qüvvələri Şamaxıdan geri çəkilib, bir müddət Dərbənddə qalır və qüvvə toplayır. Mayın 3-də onların silahlı dəstələri Qubaya doğru hərəkət edirlər.

Komissarların Petrovskidən (Mahaçqaladan) köməyə çağırdıqları silahlı dəstələr üç günlük döyüşdən sonra məğlub olaraq Qubanı tərk edirlər. Çox güman ki, düşmənin planından və mövqeyindən xəbərdar olmaq üçün Əli bəy Mir Cəfərə qırmızı dəstələrlə bir yerdə Qubanı tərk etməyi tapşırır. Çıxan dəstələr Dərbəndə tərəf istiqamətlənir və bu zaman Şimali Qafqazdan qayıdan qırmızı komissar Naniyşvilinin eşelonu ilə qarşılaşırlar.

Qırmızılar belə qərara gəlir ki, Bakıya hərəkət edib, qüvvələri səfərbərliyə alıb, yenidən Qubaya hücum etsinlər. Lakin bolşeviklərin silahlı qüvvələri Bakıya qayıdarkən Dəvəçidə milli qüvvələr tərəfindən gülləbarana məruz qalır. Bu vaxt Hamazapsın başçılığı ilə Bakı tərəfdən hərəkət edən 4 eşelon silahlı daşnak dəstəsi Dəvəçidə Naniyaşvilinin qüvvələri ilə birləşir.

Hamazaps Şaumyanın göstərişi ilə Qubaya hərəkət etdiyini bildirir. Bu vaxt M.C.Bağırov Naniyaşvili tərəfindən bolşeviklərin Hamazapsın silahlı qüvvələrində nümayəndəsi təyin olunur.

Bütün bunlara baxmayaraq, M.C.Bağırov Hamazapsı yaxşı tanıdığına görə bolşeviklərin bu dəstədə nümayəndəsi olmaqdan imtina edir. Yaxşı ki, Sovet hökuməti qurulduqdan sonra daşnaklara münasibət mənfi olub.

Məhz buna görə tərcümeyi-halı saxtalaşdıran Moskva emissarları M.C. Bağırovun həyatının bu hissəsini olduğu kimi saxlayıblar.

Onu da nəzərə almaq lazımdır ki, Leninin 1918-ci il iyul 29- da S.Q.Şaumyana göndərdiyi teleqrama qədər daşnaklarla bolşeviklər siyasi hakimiyyət uğrunda mübarizədə eyni mövqedən çıxış edirdilər.

M.C.Bağırov Hamazapsın törətdiyi vəhşiliklər, müsəlmanlara qarşı həyata keçirdiyi soyqırım barədə tərcümeyi-halının saxtalaşdırılmamış hissəsində geniş məlumat verir. O, hətta daşnakların vəhşiliyi zamanı əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin qətlə yetirildiyini də qələmə alır. Bu vəhşiliklərə dözə bilməyən Mir Cəfər erməni quldur dəstəsinin soyğunçuluğu, qətlləri barədə Bakıya teleqram göndərir. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli nümayəndəsi Leon Qauberidzə Qubaya gəlir. Burada o, Mir Cəfəri təxribatda günahlandıraraq həbs etdirir. Qubanın inqilab komissarı yoldaş Çurayev təyin edilir. Nəzarət altında olan Mir Cəfər yenidən Stepan Şaumyanın adına məktub yazır. Bu məktubun da xeyri olmur.

Haşiyə: Elə bil M.C.Bağırov Quba qəzasında türklərə qarşı aparılan soyqırımda Şaumyanın özündən şübhələnməyə başlayır.

1938-ci ildə “Krasnıy arxiv” jurnalının 4-5-ci sayında 1918- ci ilin 29 iyulunda V.İ.Leninin S.Q.Şaumyana göndərdiyi teleqram çap olunur. Teleqram aşağıdakı məzmundadır: 29 iyul 1918-ci ildə S.Q.Şaumyana göndərilən TELEQRAM Həştərxan Bakıya, Şaumyan üçün Daşnakların Sovetlərin V qurultayının və mərkəzi Sovet hakimiyyətinin qərarlarına qarşı istənilən hərəkəti üsyan, yaxud xəyanət kimi qiymətləndiriləcək. Ordu qüvvələri göndərməklə bağlı tədbir görərik, amma söz verə bilmərik.

İlk dəfə 1938-ci ildə “Qırmızı arxiv”dəki (№ 4-5) əlyazmadan jurnalda çap olunmuşdur. Göndərilən teleqramı təhlil edərkən başa düşmək olur ki, Azərbaycan bolşevikləri Şaumyanın cinayətkar əməlləri barədə, onun daşnaklara mənəvi liderlik etdiyini təsdiqləyən sübutlarla Lenin qarşısında dəfələrlə çıxış etmişlər. Görünür, Leninin bu teleqramının sərt məzmunda olması Şaumyanı daşnaklarla siyasi-mənəvi yaxınlıqdan çəkindirmək məqsədi daşımışdır.

M.C.Bağırovun həbsxana həyatı Əli bəy Zizikski və Həmidulla Əfəndinin silahlı dəstələri Qubanı azad edənə qədər davam edir. Onlar M.C.Bağırovu həbsdən buraxırlar və onu yenidən kəşfiyyat üçün Bakıya, bolşeviklərin sərəncamına göndərirlər.

Lakin M.C.Bağırov sonralar tərcümeyi-halında bu hadisəni bolşevik mənafeyinə uyğun təsvir edirdi: “Bakıdan gəlmiş qırmızı qvardiyanın təlimatçıları R.Rubiridze və Kavtoridze Alyoşa Qusarda yerləşən Ə.Zizikski ilə danışıqlar apararaq, Qubanı tərk etmək barədə razılığa gəlirlər.

Qubaya yeni təyin olunmuş komissar Qoberidze bu vaxt Bakıda idi. Həbsdə olduğum zaman bu danışıqlardan xəbər tutduğum üçün, Ə.Zizikskinin və Həmdulla Əfəndinin əlinə düşməmək üçün, Qoberidzenin icazəsi olmadan, Qubada həbsxanadan qaçıb, Bakıya gəlirəm”.

Bakıya gələn Mir Cəfər bolşeviklərlə məsləhətləşmələrdən sonra yoldaş Petrovun dəstəsinə yazılır.

Mayın 28-də şanlı Türk Ordusunun köməyi ilə Gəncədə Azərbaycan Demokratik Respublikası yaranır. ADR yarandıqdan sonra Ə.Zizikski Bağırovu özünə köməkçi götürmək üçün Müsavat hökumətinin Daxili işlər nazirinə məktub göndərir.

Amma sonradan onun kəşfiyyatda qalması daha vacib sayılır.

Mir Cəfər Petrovun dəstəsi ilə Bakını tərk edərək Həştərxana gəlir. O, burada Rusiya Kommunist bolşeviklər Partiyasına qəbul olur.

Onu da qeyd etmək istəyirəm ki, artıq 1918-1919-cu illərdə Bağırov ADR-in xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi (A.M.). O, Həştərxanda səfərbərlik aparan bolşeviklərin silahlı qüvvələrinin vəziyyəti barədə Bakını məlumatlandırırdı. Bir faktı da nəzərdən qaçırmaq olmaz ki, həmin dövrdə Həştərxanda N. Nərimanovla M.C.Bağırovun ilk görüşü baş tutur. Görünür o, artıq Həştərxanda Nəriman həkimin nəsihətlərindən başa düşür ki, Azərbaycanda bolşevik hakimiyyəti bərqərar olacaq.

Gələcəkdə Azərbaycanın milli maraqlarını təmsil etmək üçün yerli kadrların formalaşdırılması Nəriman Nərimanovun önəm verdiyi vacib amillərdən idi. Ona görə 1919-cu ilin əvvəllərində Həştərxan Müsəlman Təşkilatlarının qərarı ilə Bağırovun namizədliyi müsəlman alayının hərbi komissarı vəzifəsinə irəli sürülür. Bu alaya başçılıq etdikdən sonra o, Həştərxanda mart üsyanının yatırılmasında iştirak edir. 1919-cu ilin avqustunda XI qırmızı ordunun Hərbi Şurasının qərarı ilə M.C.Bağırov əvvəlcə Həştərxan atıcı briqadasının, sonra III briqadanın və 34-cü diviziyanın hərbi komissarı seçilir. Oktyabrın sonunda isə yenidən Həştərxana qayıdaraq, xüsusi təyinatlı dəstənin təşkilində iştirak edir.

Kojankovun başçılığı altında bu dəstə Krasnoyarskda bir aylıq əməliyyat nəticəsində general Tolstoyun və yasovul Oveçnikovun silahlı qruplaşmalarını darmadağın edir. Sonra bu xüsusi təyinatlı dəstə Şimali Qafqazdakı Gizilyər məntəqəsində yerləşdirilir. M.C.Bağırovun tərcümeyi-halında 1919-cu ildəki hərbi-siyasi fəaliyyəti zamanı iki dəfə xəstələnərək məzuniyyətə çıxdığı göstərilir. 1919-cu ilin iyulunda və dekabrın sonunda.

Yaxşı ki, bu fakt tərcümeyi-halı saxtalaşdıran “peşəkarların” gözündən yayınıb. Görünür, Bağırov bu müddət ərzində gizli yolla Bakıya gələrək Həştərxanda və Şimali Qafqazda qırmızı ordunun mövqeləri və Azərbaycana qarşı hazırlanan hücum planı barədə məlumatları müsavatçılara çatdırır. Ola bilsin ki, Bakıya səfəri zamanı ADR rəhbərliyinə N.Nərimanovun məsləhətlərini də çatdırır. Çünki, M.C.Bağırov tərcümeyi-halında göstərir ki, Gizilyərdə xəstələndikdən sonra müalicəsini bitirməmiş Həştərxana geri çağırılır və Azərbaycan kommunist təşkilatında – “Hümmət”də siyasi fəaliyyətə başlayır.

Artıq 1920-ci ilin aprelində Bağırov şimaldan Azərbaycana daxil olan bir qrup silahlı qüvvə ilə Qubaya qayıdır və iki gündən sonra Bakıya gələrək, Azərbaycan K(b)P MK-nın növbəti təyinatını gözləyir. O, D.Bünyadzadə ilə Qarabağa göndərilir və sonra İnqilabi Şuranın həmin bölgədə Azərbaycan ordusunun Qırmızı hissələrinin təşkili üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Partiya xətti ilə Vilayət Hərbi Şurasının sədr müavini, eyni zamanda, vilayət komitəsi rəyasət heyətinin sədr müavini seçilir. 1920-ci ilin payızında Qarabağda kəndli üsyanları yatırıldıqdan sonra Bağırov II atıcı briqadanın komandiri təyin edilir. Çox keçmir ki, bu briqada Bakıya köçürülür və Azərbaycan diviziyasına birləşdirilir. M.C.Bağırov diviziya hərbi komissarının köməkçisi təyin edilir. Daha sonra o, XI qızıl ordunun tribunal şöbəsinin sədri və ordu tribunalının üzvü seçilir. Böyük ehtimalla bu təyinatda N.Nərimanovun böyük rolu olmuşdur. XI qızıl ordu əsgərlərinin Azərbaycandakı özbaşınalığına son qoymaq üçün yerli kadrın hərbi tribunalın üzvü seçilməsi milli maraqlardan irəli gəlirdi. 1921-ci ilin fevral ayında Azərbaycan K(b)P MK-nın və Qafqaz Cəbhəsi Hərbi Şurasının xahişinə əsasən, M.C.Bağırov Azərbaycan Xalq Komissarları Şurasının sərəncamına göndərilir. O, əvvəlcə Azərbaycan Fövqəladə Komissiyasının sədri, iki aydan sonra isə əlavə vəzifə kimi, Xalq Daxili İşlər Komissarı, Quldurlarla Mübarizə Mərkəzi üçlüyünün sədri təyin edilir. Beləliklə, M.C.Bağırov eyni vaxtda dörd vəzifəni icra edir. Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra Mir Cəfər Bağırovun ən böyük işi Azərbaycanda milli ordu hissələrinin yaradılması kimi mühüm vəzifə üzərində çalışması olur. 1921-ci ilin fevralında Xalq Daxili İşlər Komissarlığının Baş Siyasi İdarəsinə rəhbər təyin olunan M.C.Bağırov on ilə yaxın bu sahədə fəaliyyət göstərir. Mir Cəfər Bağırov bu vəzifəyə sədr təyin olunanda cəmi 25 yaşı vardı və o, bununla yanaşı, Xalq Daxili İşlər Komissarı, Xalq Yollar Komissarlığının müvəkkili, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrini də icra edirdi.

Siyasi partiyalar və ictimai hərəkatlar Dövlət Arxivində tədqiqat apararkən M.C.Bağırovun şəxsi işlərində onun ailə tərkibi haqqında heç bir sənədə rast gəlmədik. Ancaq bizim, eləcə də tədqiqatçı-jurnalist Teyyub Qurbanın apardığı tədqiqatlar nəticəsində məlum oldu ki, Bakının yuxarı hissəsində, Badamdara gedən yolun sağındakı beynəlmiləl qəbiristanlıqda yan-yana üç məzar var: ana, oğul və əmiqızı. Mir Cəfər Bağırovun həyat yoldaşının məzarı sadəliyi ilə nəzəri cəlb edir. Məzarın üzərinə adi başdaşı qoyulub, yeganə fərq ondadır ki, baş daşının üstündəki qeydlər əski əlifba ilə yazılıb. Bu yazıda doqquz il birgə yaşadığı həyat yoldaşı ilə bağlı Mir Cəfər Bağırovun xatirəsi yaşamaqdadır: “Rahat yat, sevgili həyat yoldaşım…”. Yazıdan bəlli olur ki, Mariya Alekseyevna Bağırova 1894-cü il iyul ayının 7-də anadan olub və 1926-cı il martın 1-də dünyasını dəyişib. Mariya xanım otuz iki yaşına çatmamış amansız xəstəlikdən vəfat edib.

Birinci nikahdan Mir Cəfərin Mir Cahangir adlı oğlu dünyaya gəlir. Anasını erkən itirən Cahangir bibilərinin himayəsində böyümüşdür. Uzun müddətdən sonra ikinci dəfə ailə quran M.C.Bağırovun ikinci həyat yoldaşı Yevgeniya Mixaylovnadan Cen adlı oğlu dünyaya gəlir…

ARDI VAR.