Beydemir.ru saytı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “MİR CƏFƏR BAĞIROV – SİYASİ PORTRET” adlı əsərini hissə-hissə yerləşdirməyi qərara alıb. Növbəti hissə.
…Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarı S.F.Yemelyanov 17 dekabr 1945-ci il № 2189
Azərbaycan Demokrat Partiyası Parsabaddan Həmədana kimi ərazilərə nəzarət edirdi. M.C.Bağırovun tapşırığı ilə İran Kürdüstanının lideri Qazı Məhəmməd ona rəsmi olaraq müraciət etdi. Müraciətdən aydın olur ki, İran Kürdüstanının maraqları ilə bağlı qərarlar Demokrat Partiyası tərəfindən qəbul olunurdu. M.C.Bağırov buna müsbət yanaşmışdır. Buradan belə bir nəticəyə gəlirik ki, İran Kürdüstanı müəyyən muxtariyyət hüququna malik olmaqla Cənubi Azərbaycan ərazisinə aid idi.
M.C.Bağırovun tapşırığı ilə Təbrizə göndərilmiş incəsənət xadimləri və təşviqat qrupları Cənubi Azərbaycanda yaşayan xalqlar, o cümlədən, Azərbaycan türkləri ilə görüşür və onlarda milli özünüdərk şüuru formalaşdırırdılar. İran Azərbaycanında ilk dəfə olaraq milli dil haqqında qərar qəbul olunmuşdu (6 yanvar 1946-cı il). Qərarda deyilirdi: “Bu gündən Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir”.
1945-1946-cı illərdə Milli hökumətin fəaliyyəti dövründə M.C.Bağırovun köməyi ilə Cənubi Azərbaycanda azərbaycan dilində radio, Dövlət teatrı, Dövlət Universiteti və digər milli mədəniyyət ocaqları yaradılmışdır.
Əlbəttə, əks tərəf, yəni Tehran bütün bu hadisələri sakitcə izləmir, öz fəaliyyətinin konturlarını formalaşdırmağa çalışırdı.
Azərbaycan Milli Məclisinin açıldığı gün Tehranda baş nazir İ.Hakimi İran məclisində çıxış edərək demişdi ki, yığılmış problemlər haqqında SSRİ rəhbərliyi ilə danışıqlar aparmaq və onlarla ümumi dil tapmaq üçün Moskvaya gedəcək. O deyirdi: “Mən də böyük Azərbaycan xalqının oğluyam, bu diyarda anadan olmuş və böyümüşəm. Mən bu insanların İrana böyük sevgi bəslədiklərini bilirəm, öz qardaş və bacılarımın vətənpərvərliyinə böyük rəğbətlə yanaşıram”.
Hakiminin SSRİ-yə getməyə hazırlaşdığı bir vaxtda üç müttəfiq dövlətin – SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri Moskvada görüşürlər. 14 dekabr tarixində ABŞ-ın dövlət katibi D.Birns, bir gün sonra isə Böyük Britaniyanın xarici işlər naziri E.Bevin Moskvaya gəlir. Həmin gün “İzvestiya” qəzetində Azərbaycan milli hökumətinin yaradılması haqqında xəbər dərc olunur.
Üç böyük dövlətin Moskva toplantısında V.M.Molotov hər vəchlə İranla bağlı məsələnin müzakirəsindən yayınırdı. Amma dekabrın 18-də Böyük Britaniyanın xarici işlər naziri Bevin Molotova İranda baş verən siyasi proseslərlə bağlı fikir mübadiləsi aparmağı təklif edir. V.Molotov bu təklifə belə cavab verir: “İran Azərbaycanında baş verən xalq hərəkatına SSRİ qarışmır, müttəfiqlərin qoşunlarının İrandan çıxarılması məsələsini isə biz Potsdam və Londonda müzakirə etmişik”.
Dekabrın 14-də D.Birns və E.Bevin Stalinlə görüşürlər. Stalin Molotovun fikrini təsdiq edir və İran hökumətinin SSRİ-yə qarşı düşmən mövqeyində olduğunu bildirir.
Moskva görüşlərindən dörd gün sonra İran Moskvaya, Londona və Vaşinqtona etiraz Notası göndərərək bildirir ki, Azərbaycan haqqında məsələni BMT-nin sessiyasında qaldıracaq.
Hətta İranın baş naziri Hakimi bəyan edir ki, İran nə Azərbaycan hökumətini, nə də parlamentini tanımır. O bildirir ki, Sovet qoşunları İranı tərk edən kimi Azərbaycandakı xalq üsyanını silah gücünə yatıracaq.
Dekabrın 23-də İ.Stalin yenidən ABŞ-ın dövlət katibi D.Birnsi qəbul edir. Stalin bildirir ki, o, Cənubi Azərbaycan məsələsinin BMT-də müzakirəsinə etiraz etmir. O, hazırkı İran hökumətinin SSRİ-yə qarşı düşmən mövqeyində olduğunu bir daha vurğulayır.
Stalinin bu mövqeyindən sonra Vaşinqton və London Şahənşaha izah edirlər ki, Stalinin prinsipiallığını zəiflətmək üçün Hakimi kabineti istefaya getməlidir. Buna görə də, Qəvvam əs-Səltənə Hakiminin kabinetinə müxalifət görüntüsü yaradaraq, mətbuatda geniş təbliğata başlayır. Qəvam öz çıxışlarında “sovetpərəst” kimi görünməyə çalışır. Bu hadisələr zamanı M.C.Bağırov Ə.Yaqubov və S.Yemelyanov vasitəsilə demokratik liderlərlə əlaqə saxlayır və onlara belə bir sual verir: “Öz mövqelərinizi dəqiqləşdirin: siz Azərbaycanı müstəqil və ya muxtariyyət şəklində görmək istəyirsiniz? Əgər İrandan ayrılmaq istəyirsinizsə, onda dövlətiniz necə adlanacaq?”.
Dekabrın 24-də İ.Stalin Böyük Britaniyanın xarici işlər naziri E.Bevinlə görüşür. Bu görüşdə Stalin Türkiyəyə qarşı iddialarını səsləndirir. Türkiyəyə iddialar iki istiqamətdə idi. Birinci istiqamət – Stalin Türkiyənin Bosfor və Dardanel boğazlarına sahibliyinə etiraz edir. İkinci istiqamət – guya Türkiyənin şərq vilayətləri tarixən Ermənistan və Gürcüstana bağlı olduğu üçün o, həmin əraziləri geri istəyir.
Stalinin bu tələbləri ilə eyni vaxtda Ermənilər “Türkiyə Ermənistanı” adlı xəritə buraxırlar. Moskva “tədqiqatçıları” bu qərara gəlmişdilər ki, Qars və Ərdahan vilayətləri Erməni torpaqları, Trabzon və Qara dəniz sahilləri isə Gürcüstan torpaqlarıdır. Gürcüstan SSR xarici işlər naziri Q.İ.Kiknadze L.P.Beriyaya “Türkiyə ərazisində Gürcüstan torpaqları haqqında” məktub-məruzə ilə müraciət edir. Bu məruzədə göstərilirdi ki,Türkiyənin17.760 kvadrat kilometrlik ərazisi Gürcüstan SSR-ə, 13.190 kvadrat kilometrlik sahə isə Ermənistan SSR-ə məxsusdur.
1945-ci ilin sonlarında Sovet qoşunları Bolqarıstan – Türkiyə, Gürcüstan – Türkiyə, Ermənistan – Türkiyə sərhədlərində cəmləşir.
Şübhəsiz, M.C.Bağırov Stalində bu iddiaların haradan yarandığını çox yaxşı bilirdi. O, başa düşürdü ki, Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar. Stalin Moskvada müttəfiqlərlə görüşdən sonra anladı ki, SSRİ öz qoşunlarını İrandan çıxartmağa məcbur olacaq.
1946-cı ilin ilk günlərindən etibarən 1943-cü ildən İran ərazisində yerləşən ingilis qoşunlarının və azsaylı ABŞ qoşunlarının ölkədən çıxarılmasına başlanır. Moskva konfransı zamanı müttəfiq dövlətlər İngiltərə, ABŞ və SSRİ-dən ibarət Komissiyanın yaradılması məsələsini qoydular. İran Şahı Məhəmmədrza ABŞ-ın bu komissiyadakı üzvlüyünü yüksək qiymətləndirərək, bu dövləti İranın ərazi bütövlüyünün qarantı görmək istəyirdi.
Bu prosesləri əvvəlcədən görən Stalin Yaxın Şərqin SSRİ-nin təsir dairəsinə cəlb olunması üçün yeni yollar axtarırdı.
Görünür, bu axtarışlar zamanı Mikoyan erməni və gürcülərin Türkiyəyə qarşı “manşır kartını” Stalinin masası üzərinə qoymuşdu. Sonrakı məqsəd qədim türk torpaqlarını erməni və gürcü torpağı adlandırmaq, onları Sovet Ermənistanına və Sovet Gürcüstanına birləşdirmək idi. Moskvada belə hesab edirdilər ki, bu yolla İraqın şimalındakı Mosulun zəngin neft yataqlarına yaxınlaşmaq olar. M.C.Bağırov bu ssenarini dərindən başa düşərək, Təbrizdə işləyən Bakı “üçlüyünə” S.C.Pişəvəri ilə görüşmək niyyətində olduğunu bildirir. Həmin görüşdən sonra Cənubi Azərbaycanda baş verən hadisələrə nəzər yetirdikdə, onların hansı məsələləri müzakirə etdiyi aydın olur.
15 yanvar 1946-cı il tarixdə Azərbaycan hökumətinin başçısı S.C.Pişəvəri, Məclis sədri Şəbüstəri, hökumət sədrinin müavini S.Padeqan, maarif naziri M.Biriya və daxili işlər naziri S.Cavid Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında sənəd imzalayırlar (C.Həsənli. “Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan”). Sənəddə deyilirdi:
1. Bizim ölkəmiz Milli Demokratik Respublika adlanır.
2.Bu respublika həqiqi demokratiya əsasında yaranıb.
3.Yaxın günlərdə Müəssisələr Məclisi tərəfindən demokratik dəyərlərə söykənən əsas qanun (Konstitusiya) işlənib qəbul olunacaq.
4.Azərbaycan Milli Demokratik Respublikasının Konstitusiyasında söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı nəzərdə tutulur və müxtəlif din təmsilçiləri öz dinlərinə azad etiqad edə bilərlər.
5.Dövlət orqanlarını xalqa yaxınlaşdırmaq üçün bütün dövlət məmurlarının fəaliyyətinə xalq tərəfindən nəzarət olunacaq.
6.Azərbaycan Milli Demokratik Respublikası təşəbbüs göstərmək üçün şərait yaradır. İnsanların rifahını yüksəltmək üçün iqtisadi inkişafın yaxşılaşmasına zəmin yaradır.
7.Kəndlilərin rifahının yüksəldilməsi üçün dövlət torpaqları onların arasında bölüşdürüləcək.
8.İşsizliyin ləğv olunması üçün yeni sənaye müəssisələri tikiləcək.
9.Azərbaycan Milli Demokratik Respublikası insanların rifahını yaxşılaşdırmaq, ölkənin iqtisadi inkişafı üçün öz ərazisində faydalı qazıntıların çıxarılmasını təşkil etməli və bunun üçün geoloji tədqiqatlar və axtarışlar aparmalıdır.
10.Tehranın diktator rejimi ucbatından sivil dünyadan geridə qalmış Azərbaycanda elm, texnika və mədəniyyət inkişaf etdirilməlidir.
11.Coğrafi və etnoqrafik göstəricilər əsasında Milli Demokratik Respublika aşağıdakı şəhərləri əhatə edir: Təbriz, Ərdəbil, Urmiya, Miyandoab, Marağa, Salmas, Xoy, Mərənd, Miyana, Ənzəli, Maku, Əhər, Xosrovabad, Zəncan, Qəzvinvə Həmədan.
Xəritəyə əsasən, bizim ərazimiz 95 faiz azərbaycanlıların yaşadığı yerlərdir.
12.Təqdim olunmuş xəritədə Şimali Kürdüstan muxtariyyət şəklində Azərbaycan Milli Demokratik Respublikasının ərazisində yerləşir.
Bu sənəddən M.C.Bağırovun ərazi iddialarını neytrallaşdırmaq üçün Gürcüstan və Ermənistana qarşı hansı addımlar atdığı aydın görünür. M.C.Bağırovun ssenarisinə görə, hətta Sovet ordusu İrandan çıxarılsa belə, SSRİ-nin nəzarəti altında olan müstəqil Cənubi Azərbaycan dövləti və Şimali Kürdüstan Quzey Azərbaycan ərazisinə birləşdirilir və gələcəkdə bu, ölkənin sərhədlərini İraq sərhədinədək gətirib çıxarır. Bu isə, öz növbəsində, SSRİ-ni İraq kürdləri və azərbaycanlılardan (türkmənlərdən) ingilislərə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə etməklə, İraqın şimalında, Mosuldakı zəngin neft yataqlarına yaxınlaşdıracaqdı.
Aydındır ki, gürcü və ermənilərin türk torpaqlarına ərazi iddiaları Bağırov və Beriya tərəfindən dəfələrlə müzakirə olunmuşdu. Hətta yeni yaranmış Azərbaycan Demokratik Respublikası da onların müzakirə mövzusu olub. Şübhəsiz, L.Beriya M.
C.Bağırovun ssenarisini dəstəkləməli idi. Buna görə də gürcü və ermənilərin Türkiyəyə yönəlmiş və M.C.Bağırovun ssenarisinə daxil olmayan ərazi iddiaları L.Beriya tərəfindən müdafiə oluna bilməzdi. Və sözsüz ki, L.Beriyanın Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləməməsi Sovet rəhbərliyinin mövqeyində böyük rol oynadı.
Təsadüfi deyil ki, sonradan (1953-cü ildə) L.P.Beriya ADR (Almaniya Demokratik Respublikası) və AFR-i (Almaniya Federativ Respublikası) birləşdirməyi təklif edir və bu dövlətin əsası sanki Azərbaycan Demokratik Respublikasının prinsipləri üzərində qurulurdu. (1953-cü ilin yazında Stalinin ölümündən sonra Moskvada hakimiyyətin və sovet siyasətinin dəyişməsi uğrunda mübarizə başlayanda, Beriya ona tabe olan dövlət təhlükəsizlik aparatından, Malenkov, Xruşşov və Molotovdan gizli saxladığı layihənin həyata keçirilməsi üçün istifadə etməyə çalışır. Beriya ADR-də sosializmin qurulmasının Moskvaya on il ərzində təqribən 20 milyard dollara başa gələcəyindən çıxış edirdi. Belə vəziyyətdə Beriya hesab edirdi ki, bu ballastdan azad olmaq daha sərfəli variantdır. Danışıqlarda vasitəçi qismində iki fiqur nəzərdə tutulmuşdu. Birincisi, Qərbi Berlində yaşayan rus mənşəli alman aktrisası Olqa Çexova, digəri isə Berlində yaşayan və 1918-ci ilədək reyxstaqda polyak fraksiyasına rəhbərlik etmiş knyaz Yanuş Radvill idi. Knyaz tez-tez Gerinqlə birlikdə ova gedirdi. Müharibənin sonunda, sovet ordusu Şərqi Polşanı, o cümlədən, Radvillərin mülklərini tutduqda, onu həbs etmişdilər. Beriya Lubyankada knyazla iki dəfə söhbət aparmışdı).
İranda baş verən hadisələrə yenidən nəzər yetirdikdə başa düşülür ki, bu ərəfədə Moskva nə edəcəyini tam hesablaya bilmirdi.
Təsadüfi deyil ki, 1946-cı il yanvarın 22-də Kürdüstan respublikaçı demokratları İranın tərkibində Kürdüstan muxtariyyətinin yaradılmasını rəsmən elan etdilər.
Bu hadisələri təhlil edərək Yerevanda başa düşdülər ki, M.
C.Bağırovun məqsədinə çatmasına mane olmaq lazımdır. Ona görə də Ermənistan SSR xarici işlər xalq komissarı Karapetyan Moskvada ezamiyyətdə olarkən Azərbaycan SSR xarici işlər xalq komissarının müavini Ə.Əlizadə ilə görüşdə söhbət əsnasında demişdi: “Biz İranın cənubunda yaşayan ermənilərin Sovet Ermənistanına köçməsi üçün şərait yaradırıq. Amma qeyd etmək lazımdır ki, mühacirət zamanı erməni ailələrinin əksəriyyəti SSRİ sərhədini keçməyib, İranın şimalında yerləşdilər.
İranın şimalında artıq 120 min erməni yaşayır. Buna görə də biz erməni muxtariyyətinin yaradılmasını tələb edirik”.
Yanvarın sonunda Londonda BMT-nin növbəti sessiyası işə başlayır. Baş nazir Hakimi İran məclisinin nümayəndəsi S.Tağızadəyə sessiyada Sovet İttifaqının İranın daxili işlərinə müdaxilə etməsi məsələsini qaldırmağı tapşırır. Beləliklə, yanvarın 19-da S.Z.Tağızadə BMT-nin komissiyasına məktubla müraciət edir. Məktubda Sovet İttifaqı İranın daxili işlərinə qarışmaqda ittiham olunur. O zaman BMT-nin Təhlükəsizlik Şurası hələ tam formalaşmamışdı. Amma BMT Nizamnaməsinin 35-ci maddəsinin 1-ci bəndinə əsasən, İranın bu müraciəti etmək hüququ var idi. Baş nazir Hakimi başa düşürdü ki, bu müraciət Sovet rəhbərliyini əsəbiləşdirəcək və müraciət BMT-nin müzakirəsinə çıxarılmasa, Hakimi SSRİ ilə münasibətləri yaxşılaşdırmaq üçün öz istefası haqqında bəyanat verəcək.
Yanvarın 26-da İran Məclisində onun istefası qəbul olunur.
Yanvarın 27-də hökumətə rəhbərlik Qəvvam əs-Səltənəyə tapşırılır. İran məclisinin nümayəndəsi S.Tağızadənin müraciətindən sonra Sovet nümayəndə heyətinin rəhbəri A.Vışinski cavab məktubu ilə Təhlükəsizlik Şurasının nümayəndəsi Norian Meykinə müraciət edir. O, bu məktubda İranın iddialarının tam əsassız olduğunu göstərir.
Yanvarın 24-də Azərbaycan Milli hökumətinin başçısı S.C.
Pişəvəri də BMT-nin Rəyasət Heyətinə müraciət edir. Bu müraciətdə o, Azərbaycan xalqının “Atlantika Xartiyasına” əsasən öz müqəddəratını təyinetmə iradəsini ifadə edir.
Təhlükəsizlik Şurası yanvarın 28-30-da SSRİ və İranın müraciətlərini müzakirə edərək, bu iki ölkənin nümayəndələrinə öz aralarında danışmağı təklif edir. Təhlükəsizlik Şurası müqavilənin mətni ilə tanış olmaq hüququnu özündə saxlayır.
Əslində üç müttəfiq dövlətin İranla imzaladığı müqaviləyə əsasən xarici ordular 2 mart 1946-cı ilədək, yəni müharibə bitdikdən sonra altı aydan gec olmayaraq bu ölkənin ərazisini tərk etməli idi. İki Qərb ölkəsinin qoşunları vaxtında çıxarıldı. Ancaq Qırmızı Ordu hələ də İranda qalmaqda idi.
Etiraf etmək lazımdır ki, 1946-cı ildə sovet qoşunlarının yerləşdiyi İran Azərbaycanında Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli muxtariyyətin əldə olunması və Azərbaycan Demokrat Partiyasının yaradılması uğrunda silahlı mübarizəyə başlanıldı. Sovet qoşunlarının gizlədilməyən dəstəyi şəraitində əyalətdə şah rejimi devrildi və Azərbaycan Demokrat Partiyası elan olundu. Torpaq mülkədarlardan alınaraq kəndlilərə verildi. İran məktəbləri bağlanır, bunların yerinə Azərbaycan məktəbləri açılırdı. Radio verilişlərinin yalnız Azərbaycan dilində aparılmasına başlandı. Demokrat Partiyasının rəhbərləri nazir və millət vəkilləri kimi yüksək vəzifələr tutdular. Bir sözlə, siyasi çevriliş baş verdi.
Azərbaycan muxtariyyətini dəstəklədiyi nəzərə alınarsa, bəlli olar ki, Sovet İttifaqının rəhbərləri — İ.V. Stalin, L.P. Beriya və Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırovun məqsədi Cənubi Azərbaycanın İrandan qoparılması üçün siyasi aksiya hazırlamaq idi.
“Tudə” İran Xalq Partiyasının hədəfi İran Azərbaycanının muxtariyyət proqramı idi. İranda müxtəlif dairələr bu hərəkətləri ölkənin parçalanmasına aparan addım kimi qiymətləndirirdilər.
Tehranda İran Azərbaycanı probleminin Məclisdə iki həftəlik çox çətin şəraitdə keçən müzakirələrdən sonra yeni hökumət təşkil olundu. Ona sovet rəsmilərinin açıq şəkildə dəstəklədiyi təcrübəli siyasətçi Qəvvam əs-Səltənə başçılıq etdi.
Fevralın 18-də Məclisdə hökumət proqramı ilə çıxış edən Qəvvam bildirdi ki, o, Stalindən isti təbrik teleqramı alıb və cavab olaraq Moskvaya bildirib ki, İran nümayəndə heyətinin başında SSRİ ilə danışıqlara başlamağı arzulayır. Moskvanın razılığı elə həmin gün alındı. Qeyd etmək lazımdır ki, İranın əvvəlki baş naziri Hakimi dəfələrlə Moskvaya səfər etmək istəyini bəyan etsə də, o, dəvət olunmadı.
Məclis Qəvvamın niyyətlərini bəyəndi və ümid etdiyini bildirdi ki, həmin danışıqların nəticəsində Sovet qoşunları İran ərazisini tərk edəcək. Təcili olaraq üç nəfər Məclis üzvü, ticarət palatasının rəhbəri, dörd jurnalist, İranın Moskvadakı keçmiş səfiri, rus dilini yaxşı bilən Həmid Səyyah və XİN-dən bir nümayəndənin daxil olduğu on bir nəfərlik nümayəndə heyəti təşkil edildi.
1946-cı ilfevralın 19-da Qəvvam bu rəngarəng nümayəndə heyətinin başında Moskvaya yollandı.
Moskvaya səfəri ərəfəsində Qəvvam nümayişkaranə surətdə mühüm siyasi addım atdı: solçu qəzetlər və solçu siyasi təşkilatlarla bağlı mövcud olan əvvəlki qadağanı aradan qaldırdı. Xalq Partiyasının orqanı olan “Rəhbər” qəzetinin, eləcə də həmkarlar ittifaqları mərkəzi komitəsinin orqanları “Zəfər” və “Dad”ın fəaliyyəti bərpa olundu. Bilavasitə onun göstərişi ilə əvvəlki hökumətin qapatdığı İran Xalq Partiyası və Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin klubları yenidən açıldı. Qəvvam Moskvaya səfər öncəsi öz kabinetinə tapşırdı ki, o qayıdana qədər Məclisin müzakirəsinə heç bir məsələ çıxarmasın.
Moskvada Qəvvam Sovet qoşunlarının İrandan martın 2-dək, yəni Sovet İttifaqının beynəlxalq öhdəliklərə əməl edərək, yerinə yetirməli olduğu tarixədək çıxarılması məsələsini qaldırdı.
Ancaq bu günə qədər bəziləri belə hesab edirdi ki, 1946-cı ilin fevralında Moskvada Stalinlə görüşən İranın yeni baş naziri Qəvam-əs Səltənə danışıqlar zamanı Stalini aldadıb. Amma o vaxt hadisələr tam başqa məcrada inkişaf etmişdi. Birincisi, aldatmaq versiyası tam yalandır. İkincisi, bu görüşdən sonra İran nümayəndə heyəti (İran nümayəndə heyətinə daxil idi: D.Əmiri, Q.Səyyah, R.Şapaq, A.Nişapur, H.Pirvəzər, S.Əradi, D.Dörri, A.Ətasami) bir neçə həftə Moskvada müzakirə predmeti olan məsələ ilə bağlı incə detallarına qədər fikir mübadiləsi aparmış və heç bir razılıq əldə olunmamuşdı. Qəvvam əs-Səltənənin Kremldə Stalinlə danışıqları 1946-cı il fevralın 21-də bitmir, martın 4-də çox qısa (15 dəqiqə) bir görüş də olur. Martın 6-ı saat 20:30-da Stalin Kremldə M.C.Bağırovu qəbul edir.
Fefralın 21-də olan görüşdə Stalin Sovet qoşunlarının İranda qalmasına 1921-ci il müqaviləsi ilə haqq qazandırdı. Qəvvam cavab verdi ki, həmin müqavilə tamamilə başqa məna daşıyır. O, Sovet İttifaqının Azərbaycan məsələsinə verdiyi mənəvi dəstəyə toxundu. Stalin Qəvvama bildirir ki, söhbət milli məsələdən getdiyi üçün buna SSRİ-nin qarışmaq haqqı yoxdur və heç nə edə bilməz. Ərazi iddiaları ilə bağlı isə Stalin belə deyir: “Azərbaycan məsələsi – İranın daxili işidir. İranda boş yerə narahat olurlar, çünki azərbaycanlılar suverenlik yox, muxtariyyət tələb edirlər”. Qəvvam cavabında bildirir: “İran konstitusiyası muxtariyyətin tətbiqinə imkan vermir. Əgər Azərbaycana güzəştə gedilsə, digər əyalətlər də muxtariyyət tələb edəcəklər”.
Stalin qeyd edir ki, rəsmi Kremlin Sovet qoşunlarının İranda qalmasını tələb edən başqa maraqları da var.
“Başqa maraqlar” bir gün sonra Molotovla görüş zamanı ortaya çıxır. Yəni, Böyük Britaniyanın İranın cənub rayonlarında neft yataqlarının istismarı sahəsində əldə etdiyi güzəştlər kimi, Sovet İttifaqı da İranın şimalındakı neft yataqlarının birgə işlənilməsi üzrə güzəştlər almaq arzusundadır.
Qəvvam cavab verdi ki, ölkədə xarici qoşunlar qaldığı müddətdə Məclis neftlə bağlı danışıqların aparılmasını yasaqlayır.
Amma parlamentin səlahiyyət müddəti bir neçə gündən sonra bitir. Hazırda yeni parlamentə seçkilərin keçirilməsi üçün əlverişli şərait yaranıb. Beləliklə, ehtimal olunurdu ki, neft güzəştləri məsələsi hələ qapadılmayıb.
Molotov təkrar bildirir ki, “qoşunlar hələlik İrandan çıxarılmayacaq”.
Qəvvam Stalinlə söhbətini xatırladır ki, Stalin 1921-ci il müqaviləsinin altıncı bəndinə istinad elədi, lakin həmin bənddə İran tərəfindən deyil, üçüncü dövlət tərəfindən təhdiddən söhbət gedir. Onun ölkəsi Sovet İttifaqını təhdid etmir və edə də bilməz. Qəvvam qoşunların çıxarılmasını təklif elədi: “Əgər Sovet İttifaqı üçün hansısa təhlükə yaranarsa, onda sovet qoşunları yenidən İrana yeridilə bilər”1 .
Qəvvam əs-Səltənənin Stalin və Molotovla söhbətlərinə dair arxivlərin açılmasından sonra məlum olub ki, onların arasında həssas bir məsələ — İranda monarxiyanın ləğvi də müzakirə olunub. Özü də bu zaman Qəvvamın başçılıq etdiyi Respublika rejiminə Sovet İttifaqı tərəfindən mümkün dəstəkdən də danışılırdı. Stalin yeni İran hakimiyyətinə üstünlük verir və bunu özünün danışıqlardakı tərəfdaşına açıq şəkildə bəyan edirdi. Amma Qəvvam sövdələşməyə getmədi və sovet qoşunlarının İrandan mümkün qədər tez çıxarılması zərurətinin olmasında israr elədi.
Molotov Stalin üçün özünün Qəvvamla görüşləri haqqında böyük bir hesabat hazırlayır və orada göstərir ki, Qəvvam əvvəl Stalinlə söhbətində toxunulmuş İranda monarxiyanın devrilməsi ideyasından imtina elədi. Hesabatla tanış olan Stalin dərkənar yerinə sənədin küncündə bircə kəlmə yazır: “Əclaf!”. Bu, generalissimusun ümidlərini doğrultmamış İranın yeni baş naziri ilə bağlı yaşadığı xəyal qırıqlığının dəqiq göstəricisi idi.
Bu zaman məlum olur ki, Stalinin göstərişi ilə İran nümayəndə heyətinin Moskvadan çıxmasına imkan verilmir. Sovet məmurları iddia edirdi ki, nümayəndə heyəti pis hava şəraiti səbəbindən uça bilməz. Faktiki olaraq heyət “xalqlar atası”nın girovuna çevrilir. Aydın deyildi ki, səfəri hansı məqsədlə üç həftəyədək uzatdılar. Qəvvamın Sovet qoşunlarının martın 2-dək İrandan çıxarılması cəhdi uğurla nəticələnmədi. Martın 2-də o, hələ də Moskvada, Sovet qoşunları isə İranda idi. Elə bu vaxt Bakıdan İranın Bəndərşah limanına doğru hərbi gəminin yola düşdüyü barədə məlumat alınır.
Martın 5-də Qəvvam Molotova bu barədə nota təqdim edir və Sovet qoşunlarının İranın şimalında, Gilanda fəallaşmasından narahatlığını bildirir. Elə həmin gün İranın Vaşinqtondakı səfiri Hüseyn Əla Qəvvama məlumat verir ki, ABŞ rəhbərliyi Sovet qoşunlarının İrandan çıxarılması məsələsində onların mövqeyini dəstəkləyir.
Moskva danışıqları ümumilikdə uğursuz alınr: heç bir məsələ üzrə razılıq əldə olunmadı. Sovet İttifaqının müəyyən dəstəyi ilə İranın yeni baş naziri seçilmiş Qəvvam əs-Səltənə Tehrana əliboş qayıtmağa məcbur olur.
Ancaq rəsmi səfərin sonuncu günü ümid qığılcımı parlayır.
Qəvvamı Stalin özü ümidləndirir. Həmin gün İran nümayəndə heyətinin şərəfinə vida ziyafəti verilir. Mərasimdə Stalin, Molotov, Mikoyan və digər yüksək çinli rəhbərlər iştirak edirdi.
Burada Stalinlə şəxsi söhbət əsnasında Qəvvam ona Molotovla danışıqlarının nəticə vermədiyindən təəssüfləndiyini bildirir.
Stalin gülümsəyərək cavab verir: “İndi sən mənim vəziyyətimi yaxşı anlayırsan. Məni çox sərt adam hesab edirlər, amma Molotov bizim qrupda ən sərt adamdır. Əlbəttə, mən sizin aranızda vasitəçi olmağa çalışacağam. Əminəm ki, yeni səfirim Tehrana gələndə Sizə bir neçə şad xəbər gətirəcək”.
Ertəsi gün Qəvvam aparılan danışıqlara dair SSRİ-İran kommunikesini imzaladı.
Buna qədər, yəni 1946-cı il martın 2-də beynəlxalq münasibətlər tarixində mühüm bar hadisə baş verdi. Sovet İttifaqı beynəlxalq təəhhüdlərə uyğun olaraq öz silahlı qüvvələrini İrandan çıxarmalı olduğu gün SİTA bəyan edir ki, SSRİ qoşunları yalnız İranın şimal-şərq əyalətlərindən – Məşhəd, Şahrud və Semnandan çıxarılacaq, digər rayonlarda isə qoşunlar “vəziyyət tam aydınlaşana qədər” qalacaq. Bu bəyanat dünyada mənfi reaksiya doğurdu, ABŞ dövlət katibi prezident Trumenin tapşırığı ilə SSRİ-yə müvafiq nota göndərdi.
Böyük Britaniyanın eks-baş naziri U.Çörçill martın 5-də bunun səbəblərindən birinin İran Azərbaycanında cərəyan edən hadisələrin olduğunu göstərən nitqlə çıxış etdi. Bir çoxları həmin çıxışı “soyuq müharibə”nin başlanğıcı hesab edir. O, kommunist ekspansiyasına qarşı anqlosaks ittifaqını, yəni ilk növbədə ABŞ və Böyük Britaniyanı çıxarmağı təklif edirdi.
Qəvvam əs-Səltənə SSRİ rəhbərliyi ilə ehtiyatlı davranmağa üstünlük verərək, ABŞ-ın sərt mövqe nümayiş etdirməsinə baxmayaraq, yeni sovet səfiri Tehrana gələnə qədər sovet qoşunları məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağı məqsədəuyğun saymadı. Yəqin o, Stalinin Moskvada vida ziyafətində etdiyi eyhamı unutmamışdı.
Martın 11-də Qəvvam Tehranda İran Məclisində peyda olur.
Həmin gün 14-cü çağırış məclis deputatlarının səlahiyyət müddəti başa çatırdı. Bəzi deputatlar bu müddəti uzatmağa cəhd göstərdilər, amma Qəvvam buna yol vermədi. Bu minvalla o, parlamentin müdaxiləsi olmadan öz siyasətini yürütmək imkanı əldə etdi.
Martın 24-də təcrübəli İran diplomatı Hüseyn Əlanın BMTdə Sovet İttifaqının İran Azərbaycanı problemi üzrə mövqeyindən şikayətlə bağlı çıxışı nəzərdə tutulmuşdu.
Bu zaman SSRİ-nin yeni səfiri İ.Sadçikov Tehrana gəldi.
Martın 18-də Qəvvamla görüşən səfir sovet hökumətinin öz qoşunlarını tam şəkildə İrandan çıxarmaqla bağlı qərar qəbul etdiyini bildirir. Bu qərarın qəbulunda İran hökumətinin ikinci dəfə BMT-də Sovet İttifaqından şikayət etmək niyyətinin nə qədər rol oynadığı məlum deyil. Amma məlumdur ki, hələ bundan əvvəl sovet hökuməti tərəfindən ikinci bir sənəd hazırlanmışdı ki, İranın şimal rayonlarındakı neft yataqlarının birgə işlənməsi üzrə SSRİ-İran müştərək neft şirkətinin yaradılması məsələsinə dair sənəd elə həmin gün İ.Sadçikov tərəfindən Qəvvama təqdim olunmuşdu. Üçüncü sənəd Azərbaycan məsələsinə — yəni SSRİ-nin İranın daxili işlərinə qarışmamasına dair razılaşmaya aid idi. İndi imzalanmış sənədlər gələcək parlament tərəfindən təsdiqlənməli idi. Moskvada tezliklə neft güzəştlərinə dair razılaşmanın əldə ediləcəyinə ümid bəsləyirdilər. Səfir İ.Sadçikovun parlamentə seçkilərin tezləşdirilməsi imkanı ilə bağlı sualına cavabında Qəvvam dəfələrlə qeyd edir ki, “işğal olunmuş ölkədə” seçkilərin keçirilməsi mümkün deyil və ona görə də sovet qoşunlarının İrandan çıxarılması SSRİ-nin birinci dərəcəli vəzifəsidir.
İstənilən yolla öz məqsədinə çatmağa — sovet qoşunlarını ölkədən çıxarmağa can atan Qəvvam qeyri-adi bir addım atır. O, gizli şəkildə üləmaların (dini rəhbərlərin) başçısı ayətullah Bürucerdi ilə razılığa gəlir ki, İslam ruhaniləri “ölkə Qızıl Ordunun işğalı altında ikən” seçkilərin keçirilməməsi ilə bağlı çağırışlar etsinlər. Ayətullah Bürucerdi işi elə təşkil elədi ki, bütün yerli üləmalar ölkədə əcnəbi qoşunlar qaldığı müddətdə seçkilərin keçirilməməsi ilə bağlı tələblərini teleqrafla hökumətə çatdırdılar. Ruhanilərin etirazı ictimaiyyətin Sovet İttifaqı əleyhinə yeni cəbhəsinin yaranmasına yol açdı.
Sovet qoşunları 1946-cı ilin mayında tam şəkildə İran Azərbaycanından çıxarıldı.
Bu zaman Tehrandakı siyasi qüvvələr tənasübünə indiyədək hökumətin işində fəal iştirak etməyən gənc İran şahı Məhəmməd Rza da qoşuldu. Qərb dövlətlərinin nümayəndələri ilə qurulmuş dostluq münasibətləri sayəsində və heç də əsassız olmayaraq ABŞ-ın fəal dəstəyini hiss edən Məhəmməd Rza baş nazir Qəvvamı “ruslara güzəştə getməkdə” ittiham etdi və onun istefasını istədi. Qəvvam şahdan ona yeni hökumət formalaşdırmaq üçün imkan verilməsini xahiş etməli oldu. Şah bununla razılaşdı, lakin öz şərtlərini irəli sürdü: Qəvvam “Tudə” Partiyasının hökumətdəki üç üzvünü kənarlaşdırmalıdır; o, müavini Müzəffər Firuzu (Moskva ilə məxfi əlaqələrdə şübhəli bilinən) vəzifəsindən azad etməlidir; “Azərbaycan qiyamçıları” ilə danışıqlara son qoymalı, bu əyalətdə İranın suverenliyini bərpa etməlidir.
Qəvvam, təkcə birindən – Firuzun istefasından savayı şahın qalan tələbləri ilə razılaşdı. Bu şərtlərə o, hiyləgərliklə əməl elədi: Müzəffər Firuzu Moskvaya səfir təyin etdilər. Sonradan məlum oldu ki, bu qərar Qəvvama İran ordusunun “qiyamçı əyalətə” girəcəyi təqdirdə Moskvanın mövqeyinin necə olacağı ilə bağlı dəqiq məlumat almaq üçün lazım imiş. Moskvadan alınmış məlumatları təhlil edən Qəvvam ABŞ-ın İrandakı səfiri Alenlə söhbəti zamanı bəyan etmişdi: “Əgər Sovet İttifaqı İrandakı hədəflərinə çata bilsə, yəni – həm nefti, həm də Azərbaycanı alsa, o bunu edəcək. Amma, əgər Kreml bunlar arasında seçim etməli olsa, mən əminəm ki, Azərbaycanı qurban verəcək”.
Oktyabrın 19-da yeni hökumətin tərkibi elan edildi. Burada “Tudə” Partiyasından kimsə yox idi və Qəvvam baş nazir postundan savayı daha iki portfelə yiyələnmişdi. İndi o, həm Daxili işlər, həm də Xarici işlər naziri vəzifələrinə sahib idi.
Bu minvalla, şah sarayının və Qərb ölkələrinin təzyiqinə tabe olan Qəvvam öz siyasi kursunu nümayiş etdirdi. Təbii, bu yeni kurs Sovet İttifaqının İranın işlərinə qarışmasına mane olmaq üçün ingilislər və amerikalılarla özünəməxsus razılaşma idi. Britaniya səfiri kabinetdəki dəyişiklikləri “fars milli ruhunun hələ canlı olmasının əlaməti kimi” səciyyələndirdi.
Amerika səfiri isə bu addımı “İran tarixində dönüş məntəqəsi” adlandırdı. Eyni zamanda şah da Qəvvamın işlərindən razı qaldı. Sovet təhlükəsinə qarşı ABŞ və Böyük Britaniyanın dəstəyini qazanan və Moskvadakı yeni səfirin köməyi ilə qoşunların İran Azərbaycanına daxil olarkən Sovet İttifaqının heç bir ciddi qarşılıq vermək niyyətində olmadığını aydınlaşdıran Qəvvam daha da cəsarətləndi: şahın üçüncü şərtini də yerinə yetirmək lazımdı. Qarşıdakı Məclis seçkilərində qayda-qanunun təmin edilməsi bəhanəsi ilə İran ordusunu əyalətə yeritmək qərara alındı.
Dekabrın 4-də İran ordusu əvvəlki siyasi rejimi bərpa etmək üçün Azərbaycana daxil oldu. Bu zaman hakim Azərbaycan Demokrat Partiyasının rəhbərliyi Moskvadan müqavimət göstərməmək tapşırığı almışdı, sovet konsulluğu isə partiyanın rəhbərliyini əmin etməyə çalışırdı ki, şah hökuməti demokratlara qarşı repressiyalar tətbiq etməyəcək.
Dekabrın 11-də şah qoşunları Təbrizə girdi. Sovet Azərbaycanının partiya rəhbərləri tərəfindən Demokrat Partiyasının fəal üzvlərinə 48 saat ərzində məxsusi olaraq açıq saxlanmış sərhəddən keçərək Sovet Azərbaycanına qaçmaq təklif olundu. Digərləri öz talelərini bildikləri kimi həll etməli idilər.
Bütün bu müddətdə, 9 ay ərzində İranda parlament olmamışdı. 1947-ci ildə Məclisin növbəti sessiyası toplandığı zaman isə dünyada vəziyyət kökündən dəyişmişdi. “Soyuq müharibə” qızışmışdı, ABŞ vəd etmişdi ki, SSRİ bir daha öz qoşunlarını İrana yeritsə, bu ölkəyə hərbi yardım göstərəcək. 15-ci çağırış yeni seçilmiş parlament özünün növbəti toplantısında demək olar ki, yekdilliklə hər hansı xarici dövlətə hansısa neft güzəştlərinin verilməsi cəhdlərini rədd elədi.
Beləliklə, Qəvvam Stalinlə danışıqlarda İran üçün çox mühüm üç məsələni həll eləməyə müvəffəq oldu: sovet qoşunları İrandan çıxarıldı; Azərbaycan məsələsi qapadıldı; neft haqqındakı bənd unudulub getdi.
Sonda onu da qeyd etmək istərdik ki, Qəvvamınstrateji qələbəsi təsadüfi deyildi. Bu, o dövrün reallığından irəli gəlirdi.
ABŞ öz nüfuzunu gücləndirmək üçün Xirosima və Naqasakiyə atom bombası atmışdı, SSRİ-də atom bombasını hələ sınaqdan belə keçirməmişdilər. Bu məsələdə SSRİ ABŞ-dan geri qalırdı.
Buna görə Qəvvam Stalinə deyirdi: “İranın bu addımları London və Vaşinqtonla münasibətində arzuolunmaz olsa da, biz sizin istəyinizi həyata keçiririk”.
Həmin dövrdə SSRİ tərəfindən həyata keçirilən nüvə proqramı, həqiqətən də, ABŞ-dan geri qalırdı. Bu gerilikdən narahat olan Stalin hələ 1944-cü ildə L.P.Beriyaya həmin proqramın vəziyyətini yoxlamağı tapşırmışdı. L.P.Beriya bu layihəni tamamilə öz nəzarəti altına ala bilmiş və akademik İ.V.Kurçatova müraciət edilməsinə nail olmuşdu…
Ardı var